Məhkəmə qərarları › İş №2(022)-326/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-326/2024

30.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-326/2024 30.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarma və qanunsuz tikililərin sökülməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Yaqubov (iddia ərizəsində Mirzəyev) Elman Nəcəf oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə onun mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsindən çıxarılması və onun tərəfindən inşa edilmiş özbaşına tikililərin Cavabdeh hesabına sökülməsi və 0,05 ha torpaq sahəsinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, keçmiş Puşkin rayon X8 Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli 07 saylı iclas protokolu və 66 saylı qərarına əsasən ona Biləsuvar şəhəri, Təyyarə meydanı adlanan ərazidən 0,05 ha ölçüdə həyətyanı torpaq sahəsi verilmişdir. Bu haqda Biləsuvar rayon Dövlət Arxivi tərəfindən verilmiş 3-48- 10RA/2- ***-**** saylı xx.xx.2023-cü il tarixli Arxiv arayışında göstərilmişdir ki, Puşkin rayon X8 Rəyasət heyətinin xx.xx.1992-ci il tarixli 07 saylı iclas protokolu və 66 saylı qərarına baxış keçirilmiş və məlum olmuşdur ki, Puşkin rayon X8 Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli 07 saylı iclas protokolu və 66 saylı qərarı ilə ona Təyyarə meydanı adlanan ərazidə 0,05 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Protokola əlavə edilmiş adlı siyahının 345-ci sıra sayında «İddiaçı 0,05 ha» göstərilməklə onun adı qeyd olunmuşdur. Qeyd olunan qərarla ona ayrılmış torpaq sahəsi faktiki ona verilmiş və bu haqda 23 aprel 1993-cü il tarixli akt tərtib edilmişdir.Həmin aktdan görünür ki, ayrılmış torpaq sahəsi şimal və cənub sərhədləri 25 metr, şərq və qərb sərhədləri 20 metr olmaqla ümumi sahəsi 0,05 ha təşkil edir. Aktda qonşuları cənub tərəfdə İ.Astanovun, qərb tərəfdə Z.Qasımovanın həyətləri ilə, şimal tərəfdə həmin vaxt boş həyət, şərq tərəfdə isə küçə olması qeyd olunmuşdur.O, faktiki olaraq qeyd olunan ünvanda yaşayır. Uzun müddət idi ki, həmin torpaq sahəsinə baxmağa belə getmirdi. Yaxın vaxtlarda həmin torpaq sahəsini daşla yenidən hasarlamaq məqsədi ilə ora getmiş və ona məxsus torpaq sahəsinin üzərində kiçik bir damın və tikintisi yarımçıq olan evin inşa edildiyini görmüşdür. O, orada kimin məskunlaşdığını öyrənmiş və cavabdehi çağıraraq həmin torpaq sahəsinin ona verildiyini demiş, daha sonra evə qayıdaraq sənədləri cavabdehə təqdim etmişdir. O, cavabdehdən bu torpaq sahəsinə hansı əsasla daxil olmasını və bu haqda sənədləri təqdim etməsini tələb etmişdir.Lakin cavabdeh zəbt etdiyi torpaq sahəsinə dair heç bir sənədi olmadan onlara verilməsi və onların orada tikinti işləri apardığını göstərmişdir. O, torpaq sahəsini tərk etməsini və tikililəri sökməsini tələb etmiş, lakin cavabdeh onun tələbini qəbul etməmiş və torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. O, bu haqda Biləsuvar bələdiyyəsinə şifahi olaraq müraciət etmiş, lakin həmin torpaq sahəsinin tərəflərindən cavabdehə verilmədiyi göstərilmişdir. Cavabdeh bu hərəkəti ilə qanunsuz olaraq onu əmlakından məhrum etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək cavabdeh Yaqubov (iddia ərizəsində Mirzəyev göstərilmişdir) Elman Nəcəf oğlunun ailə üzvləri ilə birlikdə onun mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsindən çıxarılması və onun tərəfindən inşa edilmiş özbaşına tikililərin Cavabdeh hesabına sökülməsi və 0,05 ha torpaq sahəsinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında iddianı qəbul etmədiyini, mübahisə olunan torpaq sahəsini İlham adlı şəxsdən aldığını və həmin torpaq sahəsində yaşayış evi tikməklə uzun illər ailə üzvləri ilə birlikdə fasiləsiz olaraq yaşadığını göstərdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür kiu, İddiaçı Biləsuvar şəhəri H.Əliyev küçəsi ev 14, mənzil 4-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar Rayon Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 3-48- 10RA/2-363-2023 saylı xx.xx.2023-cü il tarixli Arxiv arayışında göstərilmişdir ki, Biləsuvar rayon Dövlət Arxivində mühafizə olunan Puşkin rayon XDS Rəyasət heyətinin xx.xx.1992ci il tarixli 07 saylı iclas protokolu və 66 saylı qərarına baxış keçirildi. Baxış zamanı məlum oldu ki, XDS Rəyasət heyətinin xx.xx.1992-ci il tarixli 07 saylı iclas protokolu və 66 saylı qərarı ilə Təyyarə meydanı adlanan ərazidən 0,05 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Protokola əlavə edilmiş adlı siyahının 345-ci sıra sayında onun adı qeyd olunub, yəni “İddiaçı 0,05 ha”. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar Rayon Dövlət X2 adına verilmiş 3-48-10RA/2-24-2024 saylı xx.xx.2024-cü il tarixli Arxiv arayışında göstərilmişdir ki, “Biləsuvar rayon Dövlət Arxivində mühafizə olunan Puşkin rayon XDS Rəyasət heyətinin xx.xx.1992-ci il tarixli 07 saylı qərarına baxış keçirildi. Baxış zamanı məlum oldu ki, şəhərin Təyyarə meydanı adlanan ərazisindən yaşayış evi tikmək üçün Sizə XDS Rəyasət heyətinin xx.xx.1992-ci il tarixli 07 saylı qərarı ilə 0,05 sot həyətyanı torpaq sahəsi ayrılmışdır. Həyətyanı torpaq sahəsinin Sizə verilməsinə dair tərtib edilmiş adlı siyahının 155-ci sıra sayında Sizin adınız yəni X7 qeyd olunmuşdur”. Biləsuvar Rayon Məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli № 3-21-3- 44/2-3200/2024 saylı mütəxəssis rəyinin təqdim edilməsi barədə cavab məktubundan görünür ki, tikinti-texniki ekspertizası ilə əlaqədar “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin mühəndisləri X11 və X1 şəhəri L.Abdullayev küçəsində yerləşən sözügedən mübahisəli ərazidə olmuşlar. Tərəflərin iştirakı ilə mübahisələndirilən ərazidə ölçü işləri aparmışlar. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarına əsasən İddiaçı Puşkin rayon XDS Rəyasət heyətinin xx.xx.1992-ci il tarixli 07 nömrəli iclas protokolu və 66 saylı qərarı əsasında verilmiş 0,05 ha həyətyanı torpaq sahəsinin məkan göstəricilərini əks etdirən ’’Torpaq sahəsinin planı və ölçüsü” sənədi olmadığından sözügedən torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır.Bu səbəbdən xx.xx.2024 cü il tarixli 2-(022)- 326/2024 nömrəli qərardadda qoyulmuş sualları tərəflərindən cavablandırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları ilə onlarla bağlanan müqavilələrlə yaranır. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar Rayon Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 3-48-10RA/2- ***-**** saylı xx.xx.2023-cü il tarixli Arxiv arayışında Puşkin rayon XDS Rəyasət heyətinin xx.xx.1992-ci il tarixli 07 saylı iclas protokolu və 66 saylı qərarına baxış zamanı məlum olmuşdur ki, XDS Rəyasət heyətinin xx.xx.1992-ci il tarixli 07 saylı iclas protokolu və 66 saylı qərarı ilə Təyyarə meydanı adlanan ərazidən 0,05 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Protokola əlavə edilmiş adlı siyahının 345-ci sıra sayında İddiaçı qeyd edildiyi göstərilmişdir. İddiaçı həmin torpaq sahəsini əldə etməsinin qanuni əsası olaraq XDS Rəyasət heyətinin xx.xx.1992-ci il tarixli 07 saylı iclas protokolu və 66 saylı qərarına istinad etməklə həmin torpaq sahəsinin ona məxsus olduğunu, lakin cavabdehin heç bir əsas olmadan həmin torpaq sahəsində yaşayış evi tikməklə onun qanunla qorunan hüquqlarını pozduğunu göstərmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən:

1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. İş materiallarından görünür ki, İddiaçı Puşkin rayon XDS Rəyasət heyətinin xx.xx.1992-ci il tarixli 07 saylı iclas protokolu və 66 saylı qərarı ilə Təyyarə meydanı adlanan ərazidən 0,05 ha həyətyanı torpaq sahəsi ayrılarkən həmin torpaq sahəsinin sərhədləri yerquruluşu planı aparılmaqla xəritədə müəyyən edilməmişdir. Belə ki, həmin torpaq sahəsinin naturada hüdudları müəyyən edilərkən planı tərtib edilməklə ərazi hüdudları yerquruluşu qaydasında müəyyən edilməmişdir. Daha sonra iddiaçının ona məxsus olmasını iddia etdiyi torpaq sahəsinin iddiaçının adına müvafiq qeydyiyat aprılmaqla mülkiyyət hüququ əldə etməsi iş materialları ilə müəyyən olunmur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən:

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı ailə üzvləri ilə birlikdə onun mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsindən çıxarılması və onun tərəfindən inşa edilmiş özbaşına tikililərin Cavabdeh hesabına sökülməsi və 0,05 ha torpaq sahəsinin ona qaytarılması barədə iddiası əsassız olduğunan rədd olunmalıdır. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı ailə üzvləri ilə birlikdə onun mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsindən çıxarılması və onun tərəfindən inşa edilmiş özbaşına tikililərin Cavabdeh hesabına sökülməsi və 0,05 ha torpaq sahəsinin ona qaytarılması tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar