Məhkəmə qərarları › İş №2(022)-331/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-331/2025

04.03.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-331/2025 04.03.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X2 məhkəmə-iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sərhəd mərzlərinin bərpası, torpaq sahəsinin hasarlanması işlərinə maneçilik hərəkətlərinin qadağan edilməsi tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: Biləsuvar rayonu, Bəydili kəndi ünvanında 0,2892 ha ölçüdə həyətyanı torpaq sahəsi, üzərində yaşayış evi olmaqla İddiaçı xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları dövlət reyestrində 6 nömrəli kitabın 15 nömrəli vərəqində qeydiyyata alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Cəlilabad 8 saylı ərazi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışında əks olunmuşdur. Cavabdeh Mədəd oğlu onunla qonşuluqda yaşayır. Onlar iddiaçının həyətinin bağ hissəsinin sonunda həmsərhəddirlər. İddiaçı qeyd edir ki, cavabdeh onunla sərhəddə evin kanalizasiya sularının axıdılması üçün kiçik bir quyu tikmişdir. Evində istifadə olunan qalıq sular hamısı ora axıdılır. Həmin quyu çirkli sularla dolduqda cavabdeh həmin çirkli suları onun həyətinin bağ hissəsinə vedrə ilə atır. Ətrafı çirkləndirir. Bu səbəbdən ora yaxın ağaclar bu kanalizasiya sularının hesabına yanıb sıradan çıxmışdır. Bu hərəkətlərinə görə dəfələrlə Cavabdeh irad bildirsə də o bu hərəkətlərini davam etdirmişdir. Bu barədə iddiaçı, kənd icra nümayəndəliyinə və bələdiyyəsinə müraciət etmiş, lakin cavabdeh onlarında göstərişlərinə əməl etmir. Hazırda onların arasında torpaq sahələrinin sərhədləri ilə bağlı mübahisə yarandığından o, mülkiyyətində olan torpaq sahəsinin cavabdehlə qonşu olduğu hissədə hasar çəkilməsi işlərini apara bilmir. Cavabdeh konkret olaraq illərdir onunla olan sərhədinin mərzini təxminən 1 (bir) metr enində olmaqla onunla sərhəd boyu istiqamətində olduğunu danır və bildirir ki, bu hissə ona məxsusdur. İddiaçının tələbi: İddiaçı xüsusi mülkiyyətində olan Biləsuvar rayonu, Bəydili kəndində yerləşən 0,2892 ha ölçüdə həyətyanı torpaq sahəsinin Cavabdeh torpaq sahəsi ilə aralarında olan sərhədin müəyyən edilməsi və müəyyən edilmiş sərhəd boyunca onunla aralarında hasar çəkilməsi işlərinə qarşı cavabdehin etmiş olduğu qanunsuz hərəkətlərin qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 26 fevral 2025-ci il tarixli iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, özünə məxsus olan həyətyanı torpaq sahəsini hasarladığını, onun tərəfindən heç bir maneəçilik yaradılmadığını qeyd etmiş və sərhəd mərzlərinin müəyyən edilməsi məqsədilə torpaq sahəsinin ölçülməsi üçün ekspertiza təyin edilməsini məhkəmədən xahiş etmişdir. 11 fevral və 04 mart 2026-cı il tarixli məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Biləsuvar Rayonu İcra Hakimiyyəti Başçısının Bəydili kənd inzibati ərazi üzrə nümayəndəliyinin 09 yanvar 2025-ci il il tarixli, 5-39-2/2-25/2025 saylı arayışından görünür ki, Mərdiyeva X1 rayonu, Bəydili kəndi, M.Hüseyn küçəsi, ev 10 ünvanında yaşayır. Azərbaycan Respublikası “Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Xidməti”nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın ********** nömrəli, 09 fevral 2013-cü il tarixli dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Biləsuvar rayonu, Bəydili kəndi ərazisində yerləşən 0.2892 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 30 dekabr 2025-ci il tarixli 3-21-3-44/2-10481/2025 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: Biləsuvar rayonu Bəydili kəndi ərazisində iddiaçı Mərdiyevä Simuzər Süleyman qızının **********55-10301 reyestr nömrəli Çıxarışın “Texniki Pasportunda sənəd üzrə göstərilmiş torpaq sahəsinin planına əsasən mülkiyyətində olan 0,29 ha həyətyanı torpaq sahəsinin faktiki istifadə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları rəyə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Sözügedən həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına dürüstləşmə işləri aparılıb, faktiki istifadə vəziyyətinin koordinatlarına uyğunlaşdırılandan sonra iddiaçı ilə cavabdeh arasında olan mübahisələndirilən hissə öz həllini tapmış olacaqdır. 07 yanvar 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun: 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 164.1-ci maddəsinin tələbinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərkətlərindən çəkinməlidir; 238.1-ci maddəsinin tələbinə görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 66-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən Dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 nömrəli Qərarının: 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququna əsasən əldə edə bilərlər. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ digər əmlaklar üzərində olduğu kimi, onların mütləq və müstəsna xarakter daşıyan sahiblik, istifadə və sərəncam səlahiyyətlərini nəzərdə tutur. Torpaq sahəsi üzərində istifadə hüququ dedikdə müvafiq qərar (müqavilə) əsasında yalnız torpaq vergisi ödəmək şərti ilə ondan daimi və ya müvəqqəti olaraq əvəzsiz istifadə etmək başa düşülür. “R.Ağalarovun şikayəti üzrə” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Qərarı: Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında olan mübahisə üzrə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Biləsuvar rayonu, Bəydili kəndi ərazisində yerləşən 0.2892 ha həyətyanı torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdır. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Biləsuvar rayonu, Bəydili kəndi ərazisində yerləşən 0,2892 ha ölçüdə həyətyanı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Bu hal iş materiallarında olan 09 fevral 2013-cü il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surəti ilə təsdiq olunur. Həmin çıxarışdan görünür ki, qeyd edilən torpaq sahəsi iddiaçının adına dövlət qeydiyyatına alınmışdır və bu torpaq sahəsi üzərində mülkiyyət hüququ ona məxsusdur. Bundan başqa, Biləsuvar Rayonu İcra Hakimiyyəti Başçısının Bəydili kənd inzibati ərazi üzrə nümayəndəliyinin 09 yanvar 2025-ci il tarixli arayışından görünür ki, iddiaçı Mərdiyeva X1 rayonu, Bəydili kəndi, M.Hüseyn küçəsi, ev 10 ünvanında yaşayır və həmin torpaq sahəsindən faktiki istifadə edir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 30 dekabr 2025-ci il tarixli 3-21-3-44/2- 10481/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin ölçüləri və döngə nöqtələrinin koordinatları yerquruluşu planında müəyyən edilmiş və həmin plan rəyə əlavə olunmuşdur. Həmin rəyə əsasən torpaq sahəsinin sərhədlərinin müəyyənləşdirilməsi üçün koordinatların dürüstləşdirilməsi mümkündür və bu halda tərəflər arasında mübahisə edilən hissənin yerləşməsi müəyyən edilə bilər. Beləliklə, məhkəmə işdə olan sübutların məcmusuna hüquqi qiymət verərək müəyyən edir ki, iddiaçıya məxsus torpaq sahəsi dövlət qeydiyyatından keçmiş daşınmaz əmlakdır və onun sərhədləri dövlət reyestri sənədləri və mütəxəssis rəyi əsasında müəyyən edilə bilər. Məhkəmə həmçinin nəzərə alır ki, Cavabdeh iddia tələbinə qarşı hər hansı yazılı sübut və sənəd təqdim etməmiş, yalnız iddia tələbi ilə razı olmadığını bildirmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə əsasən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Eyni zamanda, cavabdeh məhkəmənin sonrakı iclaslarında üzrlü səbəb göstərmədən iştirak etməmiş və iddiaçının göstərdiyi halları təkzib edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsinə və həmin sərhəd boyunca hasar çəkilməsinə cavabdeh tərəfindən maneələrin yaradılması iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə müdaxilə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar və iş materiallarında olan sənədlər iddia tələbinin əsaslı olduğunu təsdiq edir və cavabdehin həmin torpaq sahəsinin sərhədinin müəyyən edilməsinə və hasar çəkilməsi işlərinə maneçilik etməsi iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutları onların məcmusu üzrə qiymətləndirir. Hazırkı halda, iş üzrə araşdırılmış sübutlar iddiaçının tələbinin əsaslı olduğunu göstərir. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli, tərəflərin torpaq sahələri arasında sərhəd müəyyən edilməli və həmin sərhəd boyunca hasar çəkilməsi işlərinə cavabdeh tərəfindən maneçilik edilməsinə yol verilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “torpaq sahələri arasında sərhədin müəyyən edilməsi və həmin sərhəd boyunca hasar çəkilməsinə maneçilik edilməsinin qadağan edilməsi tələbi” barədə iddia ərizəsi təmin edilsin. Biləsuvar rayonu, Bəydili kəndində yerləşən, İddiaçı mülkiyyətində olan 0,2892 ha ölçüdə həyətyanı torpaq sahəsi ilə Cavabdeh torpaq sahəsi arasında sərhəd Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 30 dekabr 2025-ci il tarixli, 3-21-3-44/2-10481/2025 nömrəli mütəxəssis rəyinə və həmin rəyə əlavə edilmiş yerquruluşu planına uyğun olaraq müəyyən edilsin. Müəyyən edilmiş sərhəd boyunca iddiaçı tərəfindən hasar çəkilməsi işlərinə Cavabdeh tərəfindən maneçilik edilməsinə yol verilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar