Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-408/2025 02.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X2 məhkəmə-iclas katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı cavabdeh Biləsuvar Su X1 İdarəsinə qarşı “işə bərpa” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsində bildirmişdir ki, 11 il 4 ay 3 gün 3 saylı Regional Sukanal İdarəsinin Biləsuvar sukanal sahəsinin istismarının təşkili və idarə edilməsinə nəzarət qrupunda sürücü vəzifəsində işləmişdir. 31 oktyabr 2024-cü il tarixdə işlədiyi 3 saylı Regional Sukanal İdarəsi rəhbərliyi onu dəvət edərək bildirdi ki, idarə ləğv edilir və X4 İstismar İdarəsinin tabeliyinə verilməklə iddiaçının ştatı ikxtisar olunur. Bununla bağlı 31 oktyabr 2024-cü il tarixli 601 saylı əmr verildi. İddiaçı hesab edir ki, həmin əmr qanunsuz və əsassızdır. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində göstərilən xüsusatlar üzrə izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Biləsuvar Su X1 idarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin, cavabdeh Biləsuvar Su X1 İdarəsinin rəisi Ədalət Babayev 04 fevral 2025-ci il tarixli 46 nömrəli məktubla məhkəməyə müraciət edərək göstərmişdir ki, Biləsuvar Su X1 İdarəsinin Əsasnaməsinin 1.1-ci bəndinin 2-ci abzasına əsasən hüquqi şəxs deyil. Qeyd olunanları nəzərə alaraq, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, daxil olmuş mülki iş materiallarını və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş mülki məhkəmə icraatı qaydasında məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki işə əlavə edilmiş Biləsuvar Su X1 İdarəsinin Əsasnaməsinin 1.1-ci bəndinin 2-ci abzasından görünür ki, həmin idarə “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tabeliyində X5 Xidməti” publik hüquqi şəxsinin strukturuna daxil olan hüquqi şəxs olmayan qurumdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 48-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir; 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur; 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər; 50.3-ci maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar; 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər; 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir; 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2024-cü il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər. Məhkəmə hesab edir ki, hüquq və azadlıqların müdafiəsinin ən mühüm elementi olan məhkəmə qarşısında iddiaçı və ya cavabdeh qismində iddia qaldırmaq və ya müdafiə olunmaq hüququnun realizəsi üçün, ilk növbədə, prosessual qaydalara dəqiq riayət olunması mütləqdir. Məhz bu məqsədlə Mülki Prosessual Məcəllə ilə qanunverici mülki məhkəmə icraatının ümumi qaydalarını, prinsip və şərtlərini təsbit etmiş, işdə iştirak edən şəxslərin, o cümlədən tərəflərin dairəsini və onlara qarşı irəli sürülmüş tələbləri, həmçinin hüquq və vəzifələrini müəyyən etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mövcud iddiaya mülki məhkəmə icraatı qaydasında məhkəmədə baxılması mümkün olmadığından, iş üzrə icraata xitam verilməli və iddiaçıya iddia tələbinin yönəldiyi hüquqi şəxs qismində cavabdeh “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tabeliyində X5 Xidməti” publik hüquqi şəxsinin müəyyən olunaraq məhkəmədə iddia qaldırmaq hüququ izah edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 261,262, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh Biləsuvar Su X1 İdarəsinə qarşı “işə bərpa” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya iddia tələbinin yönəldiyi hüquqi şəxs qismində cavabdeh “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tabeliyində X5 Xidməti” publik hüquqi şəxsinin müəyyən olunaraq məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-408/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-408/2025
02.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver