Məhkəmə qərarları › İş №2(022)-425/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-425/2025

27.01.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-425/2025 27.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X1 qarşı işə bərpa tələbi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işə bərpa olunması və ona ödənilməli olan pul vəsaitinin geri ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2023-2024-cü tədris ilində Şirvan- Salyan Regional Təhsil İdarəsinin təşkil etdiiyi direktor müavinliyi müsabiqəsinin həm test, həm də müsahibə mərhələsindən uğurla keçəndən sonra məktub-göndərişlə Biləsuvar rayonu Günəşli kənd ümumi orta məktəbinə tədris (təlim-tərbiyə işləri üzrə direktor müavini) vəzifəsinə müqavilə bağlamaq üçün göndərilmişdir. 2023-cü ilin dekabr ayının 13-də cavabdeh Nərmin Nəbiyeva onunla 1 illik direktor müavini müqaviləsi bağlamışdır. Lakin, 2024-cü ilin dekabr aynın 12-də onunla bağlanılmış əmək müqaviləsinə heç bir əsas və səbəb gətirmədən, müqavilə müddətinin bitməsi adı altında, əmək məcəlləsinin 68.2.b madddəsi ilə xitam vermişdir. Belə ki, o, işlədiyi 1 illik müddətdə xəbərdarlıq, töhmət, şiddətli töhmət almamış və işini peşəkarcasına yerinə yetirmişdir. Üstəlik də o, işdən azad ediləndən sonra Günəşli kənd ümumi orta məktəbində hal-hazırda da direktor müavini vəzifəsi boşdur və məktəbə direktor müavini lazımdır. Əgər o, işini düzgün yerinə yetirmişsə və hələ də məktəbin direktor müavininə ehtiyacı varsa, o zaman cavabdeh Nərmin Nəbiyeva onu hansı əsasla işdən azad etmişdir? Axı, ora dövlət müəssisəsidir və işçilər kiminsə xoşuna gəlib-gəlməməyə görə işə götürülüb-işdən azad edilə bilməz. Şirvan-Salyan Regional Təhsil İdarəsinin təşkil etdiyi direktor müavini müsabiqəsindən keçən digər şəxslərlə müqavilələr artırılsa da, təkcə onunla artırılmadı və müqaviləyə xitam verilmişdir. Ümumiyyətlə, ölkədə müsabiqə ilə vəzifəyə gələn şəxslə əmək müqavləsinin artırılmaması çox nadir bir haldır. Əgər o, sınaq müddəti dövründə öz işini düzgün yerinə yetirmişsə, həmin dövrdən sonra müqavilə müddətinin artırılmamasının səbəbi nə idi? Üstəlik də o, onunla bağlanılmış əmək müqaviləsində yazıldığı kimi əsas işçi olmuşdur, yəni əmək müqaviləsində işin xarakterinin qarşısında "əsas" olaraq qeyd edilmişdir.O, 2024-cü ilin 13 dekabr tarixində mediasiaya müraciət etmiş və mediasiya prosesində barışıq mərhələsi 27 dekabr tarixində təşkil edilmiş, lakin cavabdeh Nərmin Nəbiyeva mediasiya prosesinə gəlməkdən imtina etmişdir.O, eyni zamanda əmək müqaviləsinə xitam verilən gün X2 Xidmətinə müraciət edərək, əmək hüquqlarımın pozulması haqqında onları məlumatlandırmışdır. Eyni zamanda işlədiyi dövrlərdə ona ödənilməli olan pul vəsaitləri ilə bağlı da X2 Xidmətinə müraciət etmişdir. Cavabdeh son haqq-hesab pullarının ödənilməsində böyük nöqsanlara yol vermişdir. Belə ki, cavabdeh Nərmin Nəbiyeva əmək məcəlləsinin 87, 144.2, 172.4, 175.1, 175.3, 176.1 və 176.2-ci maddələrinin tələbini xitam zamanı pozmuşdur və ona ödəməli olduğu 1400 manatdan daha çox məbləğdə pulu ödəməmişdir. Bildiyiniz kimi xitam prosesi təkcə əmrin verilməsi ilə yekunlaşmır və onun tərkibinə son haqq-hesab pullarının düzgün şəkildə ödənilməsi də daxildir və son haqq-hesab pulları düzgün şəkildə ödənilmədikdə xitam prosesi də nöqsanlı aparılmış sayılır. İddia ərizəsini göndərdiyi 23 yanvar 2025-ci il tarixinə kimi əmək müfəttişliyinin qərarı ona gəlib çatmasa da, müfəttişin bildirdiyinə görə cavabdeh Nərmin Nəbiyeva haqqında ona ödənilməli olan pul vəsaitlərinin geri ödənilməsi haqqında inzibati protokol tərtib ediləcək və cavabdehin xitam prosesini əmək məcəlləsinin müxtəlif maddələrini pozması ilə nöqsanlı xitamla bağlı qərar verəcəyini bildirdi. Eyni zamanda cavabdeh Nərmin Nəbiyevanın inzibati xətalar məcəlləsinin 192.4 maddəsi ilə 700 manat məbləğində cərimə edildiyini də bildirdi. Cavabdehin haqqında X2 Xidməti tərəfindən yazılmış cərimə və xitam zamanı yol verilmiş nöqsanla bağlı inzibati protokolun surətini ona gələn kimi Biləsuvar rayon məhkəməsinə göndərəcəkdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavbdehlərin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavbdehlərin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; İddia ərizəsindən görünür ki, iddiaçı tələbində işə bərpa edilməsini xahiş etsə də, tələb buna cavab verməli olan şəxsə qarşı, yəni Günəşli kənd orta məktəbinə qarşı deyil, məktəbin direktoru X1 qarşı yönəlmişdir. Bundan əlavə, iddiaçı onun işdən çıxarılması barədə əmrin ləğvi tələbini və hansı işə bərpa edilməli olduğunu göstərmədən məhkəmədən işə bərpa edilməsini xahiş etmişdir. Bundan əlavə, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehə qarşı işə bərpa tələbi ilə yanaşı ona pul vəsatinin ödənilməsi tələbini də irəli sürmüşdür. Bununla da iddiaçı cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir-neçə tələbi birləşdirmişdir. Eyni zamanda iddiaçı tələbinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməmişdir. MPM-nin 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; 152.1.7. bir və ya bir-neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; Qeyd olunanlara əsasən İddiaçı cavabdeh X1 qarşı işə bərpa tələbinə dair dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq. QƏRARAALDİ: İddiaçı cavabdeh X1 qarşı işə bərpa tələbi barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçı yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müracət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar