Məhkəmə qərarları › İş №2(022)-44/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-44/2025

05.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-44/2025 05.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X7 məhkəmə-iclas katibliyi, iddiaçı X4, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı “gələcəkdə məcburi pay almaq hüququndan məhrum edilmə tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: X9 08 dekabr 1966-cı ildə X5 ilə nikaha daxil olmuş, nikahları Biləsuvar Rayon Qeydiyyat şöbəsində 76 nömrəli aktla dövlət qeydiyyatına alınmışdır. Birgə nikahlarından 08 avqust 1971-ci ildə Fərqanə, 03 oktybar 1973-cü ildə Elçin, 19 may 1976-cı ildə Rəsul, xx xxxxxx 1978-ci ildə Dürdanə, xx xxxxxxxx 1981-ci ildə Vüsalə adlı uşaqları doğulmuşdur. Ailə daxili münasibətləri həmişə normal olmuş və heç bir narazılıq olmamışdır. İddiaçının əri X5 02 mart 2022-ci ildə ölmüşdür. O, ömrünün sonuna kimi Biləsuvar rayonunun məktəblərində müəllim işləmiş, ailəni maddi baxımdan kifayət qədər təmin etmiş və uşaqların tərbiyəsinə, onlara qayğı göstərməsinə və sağlam ruhda böyüməsinə xidmət göstərmişdir. Yaşadığı və rəsmi qeydiyyatda olduğu ünvan 1 ünvanında xüsusi mülkiyyət hüququ ilə fərdi yaşayış evi və 0,2 ha torpaq sahəsi vardır. Uşaqlarının hamısının valideyn olaraq onlara qarşı münasibətləri yaxşı olmuş və narazılıqlar olmamışdır. Lakin 19 may 1976-cı il tarixdə anadan olmuş oğlu Cavabdeh gözləmədikləri halda atasının sağlığında atasına və anasına qarşı çıxaraq bütün münasibətləri pozmuş və valideynlərinə sanki düşmən gözü ilə baxmışdır. Halbuki, ona və arvadı X1 və 3 uşağına qarşı normal münasibətləri olmuş və mülkiyyətlərində olan torpaq sahəsində yaşayış evi ilə təmin etmişdirlər. Valideyn olaraq vəzifələrini yerinə yetirməklərinə baxmayaraq Rəsul və arvadı Fətəliyeva Gülnar dəstəyi ilə atasını, anasını qardaş və bacılarını mütəmadi olaraq söymüş, təhqir etmiş və dava-dalaş salmışdır. Onu intizama dəvət etdikdə bildirmişdir ki, ailə həyatı qurmuş bacıları, qardaşları, onların uşaqları, Cavabdeh valideynlərinin evinə, yəni ata ocağına gəlməsinlər. Cavabdeh hazırda mülkiyyətdə olan evə, torpaq sahəsinə gələcəkdə təkbaşına sahiblik etmək və bütün daşınmaz əmlakı ələ keçirmək niyyətindədir və bunu da açıq şəkildə bildirir. Doğma oğlu, olduğuna baxmayaraq bütün valideyn övlad münasibətlərini ən kobud şəkildə pozmuşdur. Cavabdehin atası X2 vəfatından sonra, yəni 2022-ci ildən daha da onun anasına və qardaş-bacılarına qarşı münasibətləri kəskinləşmişdir. Onun bu qanunsuz hərəkətləri və davranışları barədə Biləsuvar Rayon Polis Şöbəsinə, Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciətlər edilmişdir. Biləsuvar Rayon Məhkəməsində araşdırmalar aparılmışdır. Lakin heç bir müsbət nəticə əldə edilməmiş və Cavabdeh qanunsuz hərəkətlərini davam etdirməkdədir. İddiaçının tələbi: İddiaçı X9 Cavabdeh oğluna qarşı “ləyaqətsiz vərəsə hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 may 1976-cı ildə anadan olmuş Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 05 dekabr 2024-cü il tarixli məhkəmə iclasında iddiaçı X4 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı X4 Cavabdeh qarşı “gələcəkdə məcburi pay almaq hüququndan məhrum edilmə tələbi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh 16 noyabr 2024-cü il tarixdə iddia ərizəsinə yazılı etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əlaqələndirir ki. guya cavabdeh atasının sağlığında və onun ölümündən sonra da qardaş və bacılarını döyür, söyür, təhqir edir, onların övladlarını döyür, öz doğma anasını söyür, təhqir edir, bütün mülkə yiyələnmək istəyir. Cavabdeh olaraq bildirir ki, iddiaçının ona qarşı yazdığı iddia ərizəsi yalan və böhtandır, əsassızdır. Belə ki, o, ailəlidir, üç azyaşlı övlad atasıdır, fərdi əməklə məşğul olub ailəsini dolandırır. Onun qardaşı Elçin və bacıları Fərqanə, Vüsalə, Dürdanə atasının sağlığında ailə qurublar və Bakı şəhərində yaşayırlar. O isə həmişə hər iki valideyini ilə birlikdə yaşayıb və onların qayğısını çəkib. Atası 2022-ci ildə öləndə də övlad olaraq yas məclisini cavabdeh yola verib, kənd ictimaiyyəti ona baş sağlığı veriblər. Qardaşı və bacıları Bakı şəhərindən yas məclisinə gəliblər və çıxıb gediblər. O, heç vaxt atasının bir sözünü iki etməmiş, üzünə ağ olmamış, anasına qarşı təhqiredici ifadələr işlətməmişdir. Bunu ətraflarında yaşayan onlarla qonşular da təsdiqləyə bilərlər. O, heç vaxt mülk iddiasında olmamış, mülk tələbi ilə bağlı heç bir müraciəti də yoxdur. Son iki ilə yaxın bir müddətdir ki, Bakı şəhərində yaşayan ailəli olan bacısı Vüsalə həyat yoldaşı Tələt adlı şəxslə gəlib anasını öyrədiblər ki, buranı sataq, onu də aparaq Bakı şəhərində onlarla yaşasın. Anasına deyirlər ki, buranı istəyən çoxdur, buranın pulu ilə Bakıda yaxşı bir həyət evi ala bilərlər. Yaşadıqları həyətdə üç ev vardır, evin birini cavabdeh tikmiş, ailəsi ilə yaşayır, digər iki yaşayış evlərini atası tikmişdir. O bu mülkün satılmasına etiraz etdiyinə görə yeznəsi və bacısı vəkil tutaraq onu ləyaqətsiz vərəsə hesab etdirməklə evi satmaq istəyirlər. Bakıda yaşayan bacısı Bakıdan Biləsuvara gəlir və Biləsuvardan 102 xidmətinə zəng vurur ki, cavabdeh anasını döyür, onları döyür. Polis dəfələrlə araşdırma aparıb və məlum olub ki, cavabdeh nə anasını, nə də bacısını döyməyib. Göstərilənləri nəzərə alaraq, İddiaçı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı X9 və onun vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şahid qismində çıxış edən İddiaçı qızı X6 izahatında bildirdi ki, o, hal-hazırda ailəlidir, lakin anası xəstə olduğu üçün tez-tez anasına baxmaq üçün yanına gəlir. Ata evlərində olan həyətə daxil olan zaman qardaşı Cavabdeh onun üstünə hücum edir, döyür, söyür, təhqir edir. X15 Nazirliyinin 102 xidmətinə zəng edib məlumat verib. Atası ağır xəstə olduğu üçün onu Bakıya böyük qardaşı Elçinin yanına aparmış və ataları Bakıda ölmüşdüe. Onlar atalarını Biləsuvar rayonuna gətirib burada dəfn eləmişdirlət. Bütün bu olanlardan Cavabdeh xəbəri belə yox idi. Çünki, Rəsulun məqsədi valideynlərinin ölümünü gözləyib ailə olaraq bacı-qardaşlarını o həyətə buraxmamaq və əmlaka təkbaşına sahiblənməkdir. Bunun üçün də cavabdeh öz doğma valideynlərinə olmazın zülmlər verirdi və analarına zülm etməkdədə davam edir. Şahid qismində çıxış edən İddiaçı qızı Şahid2 izahatında bildirdi ki, özü Cəlilabad şəhərində yaşayır, ailəlidir, məktəbdə müəllimə işləyir. Anası xəstə olduğu üçün, hər həftənin şənbə-bazar günləri anasına qayğı göstərmək üçün Biləsuvar şəhərinə anasının yanına gəlir. Lakin hər dəfə gəldiyində qardaşı Rəsul tərəfindən təhqirlərə məruz qalır, döyülür, söyülür. İş o yerə çatmışdır ki, qardaşı Rəsul onu anasına baxmağa gəldiyi zaman ölümlə təhdid etmişdir. Şahid qismində çıxış edən İddiaçı qızı Şahid3 izahatında bildird ki, ailəlidir, Bakı şəhərində yaşayır. X3 xəstədir və baxıma ehtiyacı var. Onun da övlad olaraq borcudur ki, valideyninə diqqət, qayğı göstərsin. Hər dəfə anasının yanına gələndə qardaşı Rəsul tərəfindən təhqirlərə mərzu qalır. Dəfələrlə qardaşı onu döyüb. Ona deyir ki, “götür ananı apar burdan bu əmlak hamısı mənimdir”. 05 fevral 2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: 08 dekabr 1966-cı il tarixli 76 nömrəli akt qeydinin surətindən görünür ki, X5 və X12 həmin tarixdə nikaha daxil olmuş və bu nikah Biləsuvar rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. “Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi” tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Biləsuvar rayonu, Bəydili kəndində yerləşən 124 kvadratmetr sahəsi olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. 22 fevral 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, ünvan 2 ünvanında yaşayan X6 12 fevral 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq Bəydili kəndi, M.Hüseyn küçəsində yaşayan anası Kübra Mirzəyevanın qardaşı Rəsul tərəfindən bıçaqla hədələnməsini və gəlinləri, Gülnar tərəfindən evdə münaqişə etməsini bildirmişdir. Biləsuvar rayonu Bəydili kənd sakini X9 12 fevral 2021-ci il tarixdə Biləsuvar Rayon Polis Şöbəsinə müraciət edərək oğlu Rəsul tərəfindən bıçaqla hədələnməsini bildirmişdir. Qərara əsasən cinayət hadisəsi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. 20 avqust 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, Biləsuvar rayonu Bəydili kəndində yaşayan X6 10 avqust 2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq qardaşı Rəsul tərəfindən döyülməsini və bıçaqla hədələndiyini bildirmişdir. Qərara əsasən cinayət hadisəsi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Biləsuvar Rayon Polis Şöbəsinin 15 aprel 2024-cü il tarixli arayışından görünür ki, X10 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” xidmət-zəng mərkəzinə və Biləsuvar Rayon Polis Şöbəsinə müraciət edərək dayısı Cavabdeh anasını, onu və bacısını incidərək münaqişə yaratmasından narazı olduğunu bildirmişdir. Biləsuvar Rayon Polis Şöbəsinin 24 mart 2024-cü il tarixli raportundan görünür ki, X10 həmin tarixdə saat 13:45-də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” xidməti mərkəzinə zəng etmiş və qeyd olunan ünvanda münaqişə olmasını bildirmişdir. Həmin müraciətlə bağlı Cavabdeh izahatından görünür ki, o, göstərilən ünvanda münaqişənin baş verdiyini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında baxış keçirilmiş CD disk formatlı səs yazılarından Cavabdeh arvadı tərəfindən iddiaçı və onun qızılarının təhqir edilməsi müəyyən olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1134.1-ci maddəsinin tələbinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1144-cü maddəsinə əsasən vərəsəlik hüququndan məhrum edilmiş şəxsin payı vərəsəliyə çağırılmış qalan vərəsələrə keçir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür; 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir; 1159.1.1-ci maddəsinin tələbinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir; 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər; 1203-cü maddəsinə görə məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, məcburi pay almaq hüququndan məhrumetmə tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1203-cü maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh iddiaçı X4 oğludur və onun qanun üzrə vərəsə kimi mirasda məcburi payı vardır. Məhkəmə mülki işin faktiki halları və hüquq normalarının tələbləri baxımından qiymət verərək qeyd edir ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Göründüyü kimi, adıçəkilən normada vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi pay almaq hüququ olan şəxslərin dairəsi konkret olaraq müəyyən edilmişdir. Qeyd edilməlidir ki, vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir və müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Habelə vərəsəlik hüququnun mövcud olduğu ölkələrin hüquq sistemləri bu hüquq institutunun iki fərqli prinsip (fərdilik və ailə-təminat) üzərində qurulmasını nəzərdə tutur. Fərdilik prinsipi mülkiyyətçinin mənafeyini üstün tutur və vərəsəliyin tam olaraq miras qoyanın iradəsindən asılı olduğunu nəzərdə tutur. Bu prinsip fərdin yaşadığı dövrdə, eləcə də ölümündən sonra mülkiyyətinin (əmlak nemətlərinin) aqibətini müəyyən etmək səlahiyyətinə malik olmasını ehtiva edir. Beləliklə, mülkiyyət hüququnun əsas şərtləri təmin olunmuş olur. Bu prinsipin mənasına görə fərd üçün mülkiyyəti üzərində tam sərəncam vermək imkanı yaradılmadıqda o, sadəcə əmlakın istifadəçisinə çevrilə bilər və yaşadığı dövrdə əmlakı çoxaltmaq və keyfiyyətcə yeniləşdirmək səyləri olmaz. Ailətəminat prinsipi isə vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Bu prinsipə əsasən yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə, miras qoyanın iradəsindən asılı olmayaraq mirasdan məcburi pay ayrılır. Təbii ki, mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malikdir. Bununla belə, mülkiyyətçi övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Ailə münasibətləri bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan verilən qərarından qorunmuş olur. Hər bir kəs yaşadığı dövrdə əmlak əldə edə, ondan istifadə edə və onun barəsində istədiyi kimi sərəncam verə bilər. Lakin bu əmlak üzərində şəxsin mülkiyyət hüququ onun vəfatından sonra bitir və o, hər hansı bir subyekt kimi hüquq münasibətlərində iştirak etmir. Belə olan halda, ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. Beləliklə, vəsiyyət azadlığını məhdudlaşdıran mirasda məcburi pay hüququ ailə maraqlarının qorunmasına xidmət edir. Azərbaycan Respublikası mülki qanunvericiliyində vərəsəlik hüquq institutu göründüyü kimi, adıçəkilən prinsiplərin vəhdəti əsasında yaradılmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyi vərəsəlik hüququ sahəsində müqavilə azadlığı və şəxsin mülkiyyət hüququnun bütün şərtlərinin təmin olunması baxımından Mülki Məcəllənin 1203-cü maddəsində vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda miras qoyan tərəfindən hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə məcburi pay almaq hüququndan məhrumetmənin mümkünlüyünü nəzərdə tutmuşdur. Ailə və əmlak hüquq normalarının xüsusiyyətlərini özündə əks etdirən vərəsəlik hüquq institutu öz inkişaf yolunu hələ Roma hüququndan başlamış, vəsiyyət azadlığı qanun əsasında vərəsəlik hüquq institutunda mövcud olan məhdudiyyətlərlə yanaşı mülkiyyət üzərində sərəncam azadlığı və müqavilə azadlığı ilə bərabər inkişaf etmişdir. Roman-alman hüquq sisteminə üstünlük verən ölkələrinin əksəriyyətinin qanunvericiliyində üzrlü səbəblərin mövcudluğu halında miras qoyanın məcburi pay almaq hüququndan məhrumetmə kimi səlahiyyəti müəyyən edilmişdir. Həmin ölkələrin bəzilərində (Almaniya və s.) məhrumetmə üçün ciddi əsasların olması tələb olunur. Diqqətə çatdırılmalıdır ki, Almaniya Mülki Nizamnaməsində müəyyən olunan qaydaya əsasən miras qoyan özündən sonra gələnləri (yəni yaxın qohumlarını) miras əmlakdan aşağıdakı hallardan biri mövcud olduqda məhrum edə bilər: əgər varis miras qoyanın, onun ərinin (arvadının) və ya digər varisin həyatına qəsd edərsə; vərəsə qəsdən miras qoyana və yaxud onun ərinə (arvadına) münasibətdə sərt rəftar edərsə (bu o halda qəbul olunur ki, vərəsə miras qoyan şəxsin nəslinin nümayəndəsi olsun); vərəsə miras qoyana və yaxud onun ərinə (arvadına) münasibətdə cinayətdə və yaxud hər hansı digər hüquqa zidd əməldə təqsirli sayılarsa; vərəsə miras qoyanın saxlanılması ilə əlaqədar qanunla onun üzərinə qoyulmuş vəzifələrini kobudcasına pozarsa; vərəsə miras qoyanın iradəsinə zidd olaraq şərəfsiz və əxlaqsız həyat sürərsə. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində vərəsəlik hüquq institutu, daha dəqiq desək, vərəsəlikdə məcburi pay hüququ Roman-alman hüquq sisteminə daxil olan ölkələrin qanunvericiliyinə uyğun tənzimlənir. Vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar göründüyü kimi, Mülki Məcəllənin 1137-ci maddəsində göstərilmişdir. Adıçəkilən maddədə qeyd edilmişdir ki, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Beləcə, adıçəkilən norma miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli qərarına əsasən vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, 1137-ci maddədə qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında belə qərara gəlinmişdir ki, Mülki Məcəllənin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir. Məhkəmə qeyd edir ki, mülki işin faktiki hallarına qanunvericiliyin tələbləri baxımından lazımi hüquqi qiymət vermək üçün “nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir” ifadəsinin həmişə düzgün anlaşılması vacibdir. Belə ki, orada istifadə olunan “nəinki” və “həmçinin” sözləri tabesizlik bağlayıcıları (iştirak növü) olmaqla, sözləri, cümlələri, mətnləri və abzasları bir-birinə bağlamaq, onlar arasında qramatik əlaqə yaratmaq, habelə həmcins üzvləri və mürəkkəb tabesiz cümlələrin tərkib hissələrini bir-birinə bağlamaq funksiyası daşıyır. Beləliklə məhkəmə hesab edir ki, digər iştirak bağlayıcıları (həm, həm də, həm də ki, o cümlədən, o sıradan, hətta, habelə, -da², eləcə) kimi adıçəkilən bağlayıcılar da hazrkı mətndə eyni informasiya yükü daşımaqla “həm miras qoyanın son iradəsinə qarşı, həm də miras qoyana qarşı yönələn halları” özündə əks etdirir. Məhkəmə “miras qoyana qarşı yönələn hallar” üzrə qeyd edir ki, işdə olan sübutlarla (22 fevral 2021-ci il tarixli və 20 avqust 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarlar, Biləsuvar Rayon Polis Şöbəsinin 15 aprel 2024-cü il tarixli arayışı, Biləsuvar Rayon Polis Şöbəsinin 24 mart 2024-cü il tarixli raportu və digər sənədlər) ilə müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında müxtəlif dövrlərdə mübahisə və münaqişə baş vermiş və tərəflər arasındakı eyni münasibət hazırda da davam edir. Beləliklə, məhkəmə baş verənləri Cavabdeh tərəfindən iddiaçı X8 münasibətdə qəsdən sərt rəftar edilməsini vərəsənin miras qoyana qarşı yönələn hallar kimi qiymətləndirir. Bunlar isə hazırkı halda Roman-alman hüquq sistemində miras qoyanın özündən sonra gələnləri miras əmlakdan məhrum etməsi əsaslarındandır. Beləliklə, məhkəmə işə baxılması zamanı müəyyən edilmiş hallara və qanunvericiliyin yuxarıda göstərilən imperativ normalarına əsasən hesab edir ki, Cavabdeh iddiaçı X8 məxsus əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsi üçün qanuni əsaslar mövcuddur. Məhkəmə qeyd etməlidir ki, ailə anlayışı hüquqi bağlar və nəticələr yaradan, ailə dəyərləri ilə bağlı münasibətləri ehtiva edən birliyi ifadə edir. Burada ailə dəyərləri dedikdə, qarşılıqlı qayğı, insanların mənsub olduqları ailəyə hörmət və ehtiram göstərməsi kimi mənəvi və əxlaqi münasibətlərin qorunması nəzərdə tutulur. Ailə hüquq münasibətləri ailə qanunvericiliyinin predmeti olmaqla, məzmununu ailə üzvlərinin qarşılıqlı hüquq və öhdəlikləri təşkil edir və bu münasibətlər müəyyən hüquqi faktların baş verməsi ilə (nikaha daxil olma, doğulma və s.) yaranır. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən iddiaçı X8 qarşı ailə dəyərlərini heçə sayan, iddiaçıya qarşı qayğısızlıq və hörmətsizlikdə ifadə olunan mənəvi və əxlaqi münasibətlər tamamilə pozulmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Azəbaycan Respublikasının Mülki Məcəlləsinin 1203-cü maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Beləliklə məhkəmə yekun nəticəyə gələrək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı X8 məxsus əmlakdan gələcəkdə məcburi pay almaq hüququndan məhrum edilməli, məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qətnamə mirasın açıldığı andan qüvvədə olmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı X4 iddia ərizəsi təmin edilsin. Cavabdeh iddiaçı X8 məxsus əmlakdan gələcəkdə məcburi pay almaq hüququndan məhrum edilsin. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qətnamə mirasın açıldığı andan qüvvədə olsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar