Məhkəmə qərarları › İş №2(022)-488/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-488/2023

16.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-488/2023 16.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, iddiaçı X2mn cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakları ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsi üzərində özbaşına inşa tikilinin sökülməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nz və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Biləsuvar rayonu, Amankənd kəndində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli Çıxarışa əsasən paylı mülkiyyətində olan həyətyanı torpaq sahəsində Cavabdeh4 tərəfindən özbaşına inşa edilmiş tikilinin Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 vəsaiti hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Biləsuvar rayonu Amankənd kəndində üzərində fərdi yaşayış evi və 0,34 ha həyətyanı torpaq sahəsi paylı mülkiyyətlərindədir. Həmin əmlaklarda onun payı 9/30 hissədən ibarətdir.Ümumi paylı mülkiyyətdə olan payların naturada ayrılması haqqında cavabdehlər Biləsuvar rayon məhkəməsinə müraciət etmişlər. Biləsuvar rayon Məhkəmənin 17 yanvar 2022-ci il tarixli 2(022)-19/2022 saylı qətnaməsinə əsasən iddia rədd edilmişdir.Cavabdehlər payların naturada ayrılmasının mümkün olmadığını bilə-bilə həmin əmlakın bir hissəsini Biləsuvar rayon Amankənd kənd sakini Cavabdeh4 satmışlar.Həmin şəxs də onun razılığını almadan özbaşına ev tikmişdir.Odur ki, Biləsuvar rayonu, Amankənd kəndində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli Çıxarışa əsasən paylı mülkiyyətində olan həyətyanı torpaq sahəsində Cavabdeh4 tərəfindən inşa edilmiş özbaşına tikilinin Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 vəsaiti hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında iddia tələbini qəbul etmədiyini, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul etmədiyini, iddia tələbinin əsassız olduğunu və buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Biləsuvar rayonu Əmənkənd kəndində 134.80 kvm fərdi yaşayış evi üçün 0,34 ha torpaq sahəsində payı-Cavabdeh1nın 9/30 hissə, Cavabdeh2 3/30 hissə, Cavabdeh3 9/30 hissə və X1 9/30 hissə payları müəyyən edilməklə, qeydiyyat nömrəsi ********** olan torpaq sahəsi verilmişdir. İşdə olan Biləsuvar rayon məhkəməsinin 17 yanvar 2022-ci il tarixli 2(022)-19/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 və Cavabdeh3 X3 qarşı ümumi mülkiyyətlərində olan ev və həyətyanı torpq sahəsindən payın naturada ayrılması tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarına əlavə edilmiş 14 mart 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsindən görünür ki, ƏMDK yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il taixdə satıcılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 verilmiş **********98-10301reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə 0,34 ha torpaq sahəsinin Cavabdeh3 0,05 ha, Cavabdeh1 0,05 ha və Cavabdeh2 0,02, cəmi 0,12 ha torpaq sahəsini Cavabdeh4 satmışlar. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Biləsuvar rayonu Əmənkənd kəndində 0,12 ha torpaq sahəsi Cavabdeh4 adına xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 145 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsi üzərində özbaşına tikilinin sökülməsi tələbinə dair iddiasının təmin olunması əsasları müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.6-ci maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.4-cü maddəsin əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh1nın, Cavabdeh2 və Cavabdeh3 ərizəsindən görünür ki, ƏMDK yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il taixdə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 verilmiş **********98-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə 0,34 ha torpaq sahəsinin onlara məxsus 0,12 ha hissəsini 4500 (dörd min beş yüz) manata satmaq istədiklərini, ona görə də torpaq sahəsində payı olan və digər mülkiyyətçilərin paynı almaqda üstünlük hüquqna malik olan X3 almasını təklif etmişlər. MPM-nin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsi üzərində özbaşına tikilinin sökülməsi tələbinə dair iddiası rədd edilməlidir. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsi üzərində Cavabdeh4 tərəfindən özbaşına inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar