Məhkəmə qərarları › İş №2(022)-489/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-489/2023

22.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-489/2023 22.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi vəkil X6, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və və X18 qarşı Biləsuvar rayonunun Ağayrı kəndində yerləşən evdən və torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Orucova X17 Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh, onun arvadı X14 Biləsuvar rayonunun Ağayrı kəndində yerləşən və mülkiyyətinə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsindən və həmin sahənin üzərində inşaat kərpicindən tikilmiş 1 (bir) otaqlı yaşayış evindən, həmin yaşayış evinə bitişik çiy kərpicdən tikilmiş təsərrüfat tikilisindən, əldamından və digər tikililərdən çıxarılmasına, eləcə də qanunsuz hərəkətlərinə birdəfəlik son qoymaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddiasını müdafiə edərək göstərmişdir ki, Cavabdeh onun doğma dayısıdır. Ata-anası Cəlilabad rayonunun Üçtəpə kəndində yaşasalar da o, uşaq yaşlarından xalası X3 yanında, yəni Biləsuvar rayonunun Ağayrı kəndində yaşamış, orta məktəbi də həmin kənddə bitirmişdir. Xalası Şüşəxanım onu öz evinin və həyətanı torpaq sahəsinin qeydiyyatına salmış, onun mülkiyyətinə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsinə dair JN-173 F (kod ********) Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə onun da adı vardır. Lakin Şəhadətnamədə o, X2 göstərilmiş, bu səhv Cəlilabad rayon məhkəməsinin xx/xx-2020-ci il tarixli 2-(073)-2025/2020 nömrəli qətnaməsi ilə öz həllini tapmış, Şəhadətnamənin digər mülkiyyətçi ilə yanaşı ona - yəni, İddiaçı qızma məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. Beləliklə də o, xalası Şüşəxanım vəfat edən günə qədər (xx.xx.2019- cu il tarixə kimi) onunla birgə yaşamış, mülkiyyətində olan təsərrüfatı birgə idarə etmiş, tikililəri birgə tikmişlər. Xalasının ölümündən sonra təsərrüfatı təkbaşına idarə etmişdir. Xalası Şüşəxanımın vəfatından bir müddət sonra hazırki iş üzrə cavabdeh olan 15-20 il bundan əvvəl təsərrüfatdan ayrılan dayısı Cavabdeh "bu torpaq, ev mənimdir" deyə onu zorla evdən çıxararaq qovmuşdur. O, 102 xidmətinə müraciət etmiş, gəlib evin və torpağın sənədlərinə baxmışlar, Möhübbətə xəbərdarlıq etmişlər ki, bu ev sənin deyil, sənin heç bir sənədin yoxdur, bura Çinarəyə məxsusdur, sən Biləsuvar rayon məhkəməsinin 31 may 2005-ci il tarixli qətnaməsi ilə evdən çıxarılmısan, hətta həmin məhkəmənin 27 iyun 2005-ci il tarixli əlavə qətnaməsi ilə sən, arvadın və uşaqların ilə birlikdə evdən və həyətdən çıxarılmısan. Lakin onlar gedəndən sonra Möhübbət yenə də onu evinə buraxmamışdır. Sonuncu dəfə evinə getmək istəmiş, Möhübbət əlinə balta götürüb ona küçə söyüşləri verərək üstünə hücum etmiş, onu öldürməklə hədələmişdir. Hazırda o, 3 yaşlı uşağı ilə ayrı-ayrı evlərdə qalır. Möhübbətin onu evə buraxmamasının əsas səbəblərindən biri də budur ki, o, mərhum xalası Şüşəxanımla qərəzli olmuş, Şüşəxanımı döydüyünə görə Biləsuvar rayon məhkəməsinin xx/xx-2001-ci il tarixli 1-99 nömrəli hökmü ilə cəzalanmış və 2 ildən sonra Möhübbət yenə Şüşəxanımı döyüb xəsarət yetirdiyinə görə AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, Biləsuvar rayon məhkəməsinin xx/xx-2003-cü il tarixli 1-96 nömrəli hökmü ilə cəzalandırılaraq məhkumluq həyatı yaşamışdır. Bundan əlavə, dəfələrlə Möhübbət məhkəmədə xalası Şüşəxanıma qarşı iddia qaldıraraq miras əmlakının bölünməsini tələb etmiş, onun iddiası Cəlilabad rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-17 nömrəli qətnaməsi ilə tələbi əsassız olduğundan rədd edilmiş, Apellyasiya məhkəməsinin MİÜMKnm xx/xx-2004-cü il tarixli MK-3395/2004 nömrəli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilməmişdir. Xalası vəfat etməzdən əvvəl sənədləri ona vermiş və demişdir ki, "məndən sonra Möhübbət səni çox incidəcək, səni də mənim kimi evdən qovmağa çalışacaq, mənə gücü çatmadı, ona görə də bu sənədləri saxla".Möhübbət mərhum xalasına qarşı o qədər qəddar idi ki, hətta xalası basdırılandan sonra onun qəbrinin ətrafına tökdükləri betonu və qəbrin üstündə olan torpağı traktor vasitəsi ilə dağıdıb götürmüş, qəbri təhqir etmişdir. Hazırda Möhübbət xalasının başına gətirən qanunsuz hərəkətlərini onun da başına gətirir. KİN-nə, kənd Bələdiyyəsinə, 8 saylı Cəlilabad Ərazi İdarəsinə, həmin idarənin Biləsuvar Rayon şöbəsinə müraciət etmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Möhübbətin kənddə 1 mərtəbəli üstü dəmir lövhədən ibarət təzə yaşayış evi, təxminən 20 il bundan əvvl tikdiyi əlavə 2 otaqlı alçaq daxmalı yaşayış evi, hər cür şəraiti, torpaq sahəsi vardır. Öz evini satıb onun evində yaşamaq istəyir. Odur ki, Cavabdeh, onun arvadı və digər ailə üzvləri Biləsuvar rayonunun Ağayrı kəndində yerləşən və mülkiyyətinə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsindən və həmin sahənin üzərində inşaat kərpicindən tikilmiş 1 (bir) otaqlı yaşayış evindən, həmin yaşayış evinə bitişik çiy kərpicdən tikilmiş təsərrüfat tikilisindən, əldamından və digər tikililərdən çıxarılmasına, eləcə də qanunsuz hərəkətlərinə birdəfəlik son qoymaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi vəkil X19 da iddiaçı ilə eyni məzunda ifadə verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında iddia tələbini qəbul etmədiyini bildirərək, rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar RİHB-nin Ağayrı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 09 yanvar 2023-cü il tarixli 5-39-İİ-2-20-23 saylı arayışından görünür ki, Orucova X17 rayonu Ağayrı kəndində daimi qeydiyyatdadır. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-173F kod 80805028 saylı Şəhadətnamənin surətindən görünür ki, Biləsuvar rayonu Ağayrı kənd sakini X5 və X7 Biləsuvar rayon Aqrar islahat komissiyasının 20 avqust 2001-ci il tarixli 08 saylı qərarı ilə 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şıxsi 8 saylı Cəlilabad Ərazi idarəsi tərəfindən sorğuya cavab məktubundan görünür ki, X3 adına Biləsuvar rayonu Ağayrı kəndi ərazisində yerləşən 5 nəfər ailə üzvləri ilə ümumi birgə 2.5456 ha (JN-201, Kod: ********) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. X3 adına verilmiş torpaq sahəsi hüquqi qeydiyyata alınmamışdır. Sorğuda adı qeyd edilən İddiaçı adına daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna dair JN-0201 Kod: 80805028 olan Dövlət Aktından görünür ki, Biləsuvar rayonu Ağayrı kənd sakini X5, X8, X21, X10, X16 Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 20 avqust 2001-ci il tarixli 08 saylı qərarı ilə 2.55 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı mərhum xalası X5 məxsus Biləsuvar rayonu Ağayrı kəndində 0,25 ha torpaq sahəsində yerləşən yaşayış evindən dayısı, iş üzrə Cavabdeh çıxarılması tələbini həmin ünvanda qeydiyyatda olmaqla uşaq yaşlarından Şüşəxanım Orucovanın təsərrüfatında ailə üzvü olaraq yaşaması, Torpağın mülkiyyətə verilməsinə dair JN-173F kod 80805028 saylı Şəhadətnamədə 0,25 ha torpaq sahəsinin paylı mülkiyyətçilərindən olması və həmin torpaq sahəsində Şüşəxanım Orucovanın yaşayış evinin yerində yaşayış evi tikməklə yaşaması ilə əsaslandırmışdır. Birincisi, qeyd edilməlidir ki, iddiaçı Torpağın mülkiyyətə verilməsinə dair JN-173F kod 80805028 saylı Şəhadətnaməyə əsasən Ağayrı kəndində 0,25 ha torpaq sahəsinin paylı mülkiyyətçisi olmasına baxmayaraq həmin torpaq sahəsində mübahisə olunan yaşayış evinin onun tərəfindən tikilməsi və həmin evin ona məxsus olmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Ağayrı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2015-ci il tarixli 617 saylı arayışında X3 mülkiyyətində olan 0,25 ha həyətyanı torpaq sahəsində 2008-ci ildə özü tərəfindən inşa edilmiş, uzunluğu -4,4 m, eni-5,9 m, hündürlüyü 2,4 m, divarları inşaat kərpicindən ibarət 1(bir) otaqlı yaşayış evi, yaşayış evinə bitişik uzunluğu-5,4 m, eni-5,9 m, hündürlüyü 2,1 olan divarları mişar daşı və çiy kərpicdən təsrrəfat tikilisinin olduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin sorğuya cavab məktubunda İddiaçı adına daşınmaz əmlakın aşkar edilmədiyi göstərilmişdir. Tərəflərin izahatları və iş materialları ilə müəyyən olunur ki, iş üzrə Cavabdeh mərhum X3 qardaşıdır. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, onun bacısı X11 xx.xx.2019-cu il tarixdə vəfat etdikdən sonra ona məxsus evdə yaşamaqla bacısına məxsus miras əmlakı qəbul etmişdir. Biləsuvar RİHB-nin Ağayrı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sorğuya 08 may 2023-cü il tarixli 5-39-11/2-203/2022 saylı cavab məktubunda mərhum X5 aid evdə hal-hazırda Cavabdeh və X4 yaşadıqları göstərilmişdir. Biləsuvar RİHB-nin Ağayrı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sorğuya 08 may 2023-cü il tarixli 5-39-11/2-203/2022 saylı digər cavab məktubunda göstərilmişdir: «X12 aid ev 2005-ci il tarixdə kənd sakini X1. 2006-cı ilin fevral ayında X20 mərhum bacısı X3 şikayəti əsasında həbs olunmuşdur. Həbsdə olduğu müddətdə ailə üzvləri Biləsuvar Rayon İHB-nın qəbulunda olmuşlar. İcra Hakimiyyəti ailə imkansız olduğu üçün kömək məqsədilə ailəyə həyətyanı torpaq sahəsinin verilməsini tövsiyyə etmişdir. Ağayrı bələdiyyəsi tərəfindən ailəyə 0,12 ha həyətyanı sahə (pulunu hissə-hissə ödmək şərti ilə) verilmişdir. X20 türmədə olduğu müddətdə ailəsi həmin ərazidə uzunluğu 16 m, eni 4 m, hündürlüyü 2,30 sm olan (el arasınnda tatı dam deyilir) yaşamaq üçün ev tikmişlər. 2009-cu ilin fevral ayında X20 azadlığa çıxmışıdır, noyabr ayında yenidən həbs olunaraq 2013-cü ildə azadlığa buraxılmışıdır. Həmin ildən də yuxarıda qeyd etdiyim evdə yaşamışdır. 2018-ci ildə X20 və ailə üzvlərinə aid təsərrüfatda uzunluğu 12 m, eni 9 m olan 3 otaqdan ibarət blokla ev tikilmişdir. Evin divarları və üst damı vurulmuşdur. Əlavə olaraq evdə yaşamaq üçün heç bir iş görülməmişdir. Ailə üzvlərinin dediyinə görə bu tikili X9 qızı Bakı şəhərində yaşayan X22 tərəfindən inşa olunmuşdur. Əlavə olaraq bildirmək istəyirəm tikilmiş evin və həyətyanı torpaq sahəsinin heç bir hüquqi sənədi yoxdur». İş materiallarına əlavə edilmiş Biləsuvar rayon Notariat Ofisinin 27 aprel 2023-cü il tarixli 439 saylı cavab məktubunda mərhum X3 ölümündən sonra vərəsələri tərəfindən notariat ofisinə müraciət olunmadığından vərəsəlik işinin açılmadığı və müvafiq olaraq vərəsəlik şəhadətnaməsinin verilmədiyi göstərilmişdir. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Konstitusion və maddi hüquq normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. İddia tələbindən görünür ki, iddiaçı mübahisə olunan mərhum X3 Ağayrı kəndində olan yaşayış evinin onun tərəfindən tikilməsini və həmin evin ona məxsus olmasını göstərsə də, istinad etdiyi halı təsdiq edən məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı iddia tələbi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh və X18 qarşı Biləsuvar rayonunun Ağayrı kəndində yerləşən evdən və torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası rədd edilməlidir. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, ödənilmiş 100 manat məbləğdə dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh və X18 qarşı Biləsuvar rayonunun Ağayrı kəndində yerləşən evdən və torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X34

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar