Məhkəmə qərarları › İş №2(022)-494/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-494/2025

24.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-494/2025 24.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı, cavabdeh Biləsuvar rayon Günəşli kənd tam orta məktəbinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Biləsuvar rayon Günəşli kənd tam orta məktəbinə qarşı işə bərpa tələbi barədə iddiasına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Biləsuvar rayon Günəşli kənd tam orta məktəbinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin xitamla bağlı verdiyi 191 saylı əmrin ləğv edilməsi və onun tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini kimi işə bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, 2023-2024-cü tədris ilində Şirvan-Salyan Regional Təhsil İdarəsinin təşkil etdiiyi direktor müavinliyi müsabiqəsinin həm test, həm də müsahibə mərhələsindən uğurla keçəndən sonra məktub-göndərişlə Biləsuvar rayonu Günəşli kənd ümumi orta məktəbinə tədris (təlimtərbiyə işləri üzrə direktor müavini) vəzifəsinə müqavilə bağlamaq üçün göndərilmişdir. 2023-cü ilin dekabr ayının 13-də cavabdeh onunla 1 il müddətinə direktor müavini vəzifəsində işləməsinə dair müqaviləsi bağlamışdır. Lakin 2024-cü ilin dekabr ayının 12-də onunla bağlanılmış əmək müqaviləsinə heç bir əsas və səbəb gətirmədən, müqavilə müddətinin bitməsi adı altında, Əmək Məcəlləsinin 68.2.b madddəsi ilə xitam vermişdir. Belə ki, o, işlədiyi 1 illik müddətdə xəbərdarlıq, töhmət, şiddətli töhmət almamış və işini peşəkarcasına yerinə yetirmişdir. Üstəlik də o, işdən azad ediləndən sonra Günəşli kənd ümumi orta məktəbində hal-hazırda da direktor müavini vəzifəsi boşdur və məktəbə direktor müavini lazımdır. Əgər o, işini düzgün yerinə yetirmişsə və hələ də məktəbin direktor müavininə ehtiyacı varsa, o zaman cavabdeh onu hansı əsasla işdən azad etmişdir? Axı, məktəb dövlət müəssisəsidir və işçilər kiminsə xoşuna gəlib-gəlməməyə görə işə götürülüb-işdən azad edilə bilməz. Şirvan-Salyan Regional Təhsil İdarəsinin təşkil etdiyi direktor müavini müsabiqəsindən keçən digər şəxslərlə müqavilələr artırılsa da, təkcə onunla artırılmamış və müqaviləyə xitam verilmişdir. Ümumiyyətlə, ölkədə müsabiqə ilə vəzifəyə gələn şəxslə əmək müqaviləsinin artırılmaması çox nadir bir haldır. Əgər o, sınaq müddəti dövründə öz işini düzgün yerinə yetirmişsə, həmin dövrdən sonra müqavilə müddətinin artırılmamasının səbəbi nə idi? Üstəlik də onunla bağlanılmış əmək müqaviləsində yazıldığı kimi əsas işçi olmuş, yəni əmək müqaviləsində işin xarakterinin qarşısında " əsas" olaraq qeyd edilmişdir. O, 2024-cü ilin 13 dekabr tarixində mediasiayaya müraciət etmiş və mediasiya prosesində barışıq mərhələsi 27 dekabr tarixində təşkil edilmiş, lakin cavabdeh mediasiya prosesinə gəlməkdən imtina etmişdir.O, eyni zamanda əmək müqaviləsinə xitam verilən gün X7 Xidmətinə müraciət edərək, əmək hüquqlarının pozulması haqqında onları məlumatlandırmışdır. Eyni zamanda işlədiyi dövrlərdə ona ödənilməli olan pul vəsaitləri ilə bağlı da X7 Xidmətinə müraciət etmişdir. Cavabdeh son haqq-hesab pullarının ödənilməsində böyük nöqsanlara yol vermişdir. Belə ki, Biləsuvar rayonu Günəşli kənd ümumi orta məktəbinin direktoru X10 Məcəlləsinin 87, 144.2, 172.4, 175.1, 175.3, 176.1 və 176.2-ci maddələrinin tələbini xitam zamanı pozmuşdur və ona ödəməli olduğu 1400 manatdan daha çox məbləğdə pulu ödəməmişdir. Belə ki, xitam prosesi təkcə əmrin verilməsi ilə yekunlaşmır və onun tərkibinə son haqqhesab pullarının düzgün şəkildə ödənilməsi də daxildir və son haqq-hesab pulları düzgün şəkildə ödənilmədikdə xitam prosesi də nöqsanlı aparılmış sayılır. İddia ərizəsini göndərdiyi 23 yanvar 2025-ci il tarixinə kimi əmək müfəttişliyinin qərarı ona gəlib çatmasa da, müfəttişin bildirdiyinə görə Biləsuvar rayon Günəşli kənd ümumi orta məktəbinin direktoru Nərmin Nəbiyeva haqqında ona ödənilməli olan pul vəsaitlərinin geri ödənilməsi haqqında inzibati protokol tərtib ediləcək və cavabdehin xitam prosesini əmək məcəlləsinin müxtəlif maddələrini pozması ilə nöqsanlı xitamla bağlı qərar verəcəyini bildirmişdir. Eyni zamanda Biləsuvar rayon Günəşli kənd ümumi orta məktəbinin direktoru X4 Xətalar Məcəlləsinin 192.4 maddəsi ilə 700 manat məbləğində cərimə edildiyini də bildirmişdir. Belə ki, o, ata və anası ilə birgə yaşayır. Həm onların maddi ehtiyaclarını ödəyir, həm də öhdəliyində 400 manata qədər məbləğdə kredit var. İşdən çıxarılandan sonra həm ailənin ehtiyaclarını, həm də kredit öhdəliklərini qarşılaya bilmir. İşdən çıxarılandan sonra psixoloji və mənəvi sarsıntılar da keçirmişdir, nevroloji olaraq özündə problemlərin olduğunu hiss etməyə başlamışdır. Sadəcə olaraq, maddi imkanı çatmadığı üçün psixoloq, yaxud nevropatoloq yanına gedə bilmir.O, təhsil sahəsində işlədiyi 6 ilə yaxın bir müddətdə Azərbaycan Təhsil İşçiləri X5 üzvü olmuşdur. İşə bərpa olunacağı halda, həm də ona ödənilməli olan pullara görə ona dəymiş həm maddi, həm də mənəvi təzminat, kompensasiya istəyinin nəzərə alınmasını istəyir.Odur ki, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Biləsuvar rayon Günəşli kənd tam orta məktəbinin nümayəndəsi X2 iddianı qəbul etmədiyini bildirməklə göstərmişdir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin 2023-cü il 13 dekabr tarixli məktubuna əsasən İddiaçı ilə əmək müqaviləsi l (bir) il müddətinə bağlanmışdır. Müqavilə bağlanarkən iddiaçı müddətli olduğunu bilmiş və l (bir) il ərzində həmin müqavilə əsasında ümumtəhsil məktəbində fəaliyyət göstərmişdir. Müqavilənin müddətli və ya müddətsiz olma məsələsi qeyd edilən l (bir) il müddətində mübahisə mövzusu olmamışdır, iddiaçının bu barədə heç bir rəsmi məlumatı, etirazı qeydə alınmamışdır. Əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələbləri gözlənilmişdi. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilərkən vətəndaşa haqqında intizam tənbehi görülüb görülməməsi şərtləndirilmir və qanunvericilikdə bu hal nəzərdə tutulmamışdır. İddiaçının ərizəsində qeyd etdiyi “sınaq müddəti” ona tətbiq olunmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 52-ci maddəsinə görə müsabiqə yolu ilə vəzifəyə təyinat alan şəxslərə sınaq müddəti tətbiq edilmir. Əlavə olaraq qeyd etmişdir ki, vətəndaş X6 Xidmətinə xitamın səhv aparılması ilə bağlı müraciət etmiş və həmin müraciətin araşdırılması zamanı qeyd edilən faktın olması aşkarlanmamışdır, iddiaçının digər müraciəti əmək haqqından tutulmanın düzgün aparılmaması ilə bağlı olmuşdur. Bu məsələyə aydınlıq gətirərək bildirmək istəyir ki, 2023-cü ilin mart ayından həmin ilin dekabr ayınadək vətəndaşa texniki səhv nəticəsində (əmək haqqının hesablanmasını həyata keçirən C1 proqramının qeyri-müəyyən şəkildə yol verdiyi yanlışlıq) 1327,04 manat artıq vəsait ödənilmişdir. Fakt aşkar olunduqdan sonra iddiaçının öz razılığı və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin tələbləri əsasında geri tutulma həyata keçirilmişdir. Geri tutulma 14 dekabr 2023-cü il tarixində verilən əmrlə həyat keçirilsə də, bu barədə müraciətin təqribən l (bir) il sonra X6 Xidmətinə edilməsi qərəz göstəricisidir. Belə ki təqribən l (bir) il müddətində iddiaçının bu barədə heç bir dövlət qurumuna müraciət etməməsi faktı da diqqətdə saxlanılmalıdır. Dərhal şikayət etməməsi razılıq əlamətidir. DƏMX əmək haqqından tutulmanın düzgün aparılmaması barədə 27 yanvar 2025-ci il tarixdə qərar qəbul etmişdir və geri ödənilməsi tələbi qoyulmuşdur. Bu barədə tərəfindən Şirvan-Salyan Regional Təhsil İdarəsinə müraciət olunmuşdur. Müraciətinə cavab olaraq tutulan vəsait geri ödənilmişdir. İddiaçı ərizəsində qeyd edir ki, psixoloji və mənəvi sarsıntı keçirmiş, nevroloji problemləri yaranmışdır. Şəxs özü hiss edəcək qədər psixoloji narahatlıq yaşayırsa, bu gözardı edilməməli və müvafiq yoxlanışlar həyata keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 57 nömrəli qərarına əsasən pedaqoji fəaliyyətlə məşğul olmağı qadağan edən xəstəliklərin siyahısı verilmişdir. Əgər həmin siyahıda olan psixoloji xəstəliklərin hər hansı birinin diaqnozu qoyularsa,- nəinki işə bərpa, ümumiyyətlə hər hansı bir təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərmə müzakirə mövzusu olmayacaqdır.Odur ki, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar RİHB-nin Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-39-8/2-55/2025 saylı arayışından görünür ki, Həmidli X3 rayonu Çaylı kəndində yaşayır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli № 206 saylı əmrin surətindən görünür ki, İddiaçı 13 dekabr 2023-cü il tarixdən 12 dekabr 2024-cü il tarixədək Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 206 saylı əmrdən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “g” bəndinə əsasən İddiaçı 1(bir) il müddətinə Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin olunması barədə müddətli əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 191 saylı əmrdən görünür ki, Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasının MŞL/MT014/2023-01787 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Biləsuvar rayon Günəşli kənd ümumi orta məktəbi ilkin mediasiyya sessiaysının saatı və yeri barəsində əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır.Lakin, o, ilkin mediasiya sessiaysında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 14-cü maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Həmin Məcəllənin 42-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: …f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; Məhkəmə iddiaçının tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı tələbində 2024-cü ilin dekabr ayının 12-də onunla bağlanılmış əmək müqaviləsinə heç bir əsas və səbəb gətirmədən, müqavilə müddətinin bitməsi adı altında, Əmək Məcəlləsinin 68.2.b madddəsi ilə xitam verildiyini, halbuki işlədiyi 1 illik müddətdə xəbərdarlıq, töhmət, şiddətli töhmət almadığını və işini peşəkarcasına yerinə yetirdiyini, habelə işdən azad ediləndən sonra Günəşli kənd ümumi orta məktəbində hal-hazırda da direktor müavini vəzifəsinin boş olduğunu və məktəbə direktor müavini lazım olduğunu, belə olan halda işini düzgün yerinə yetirmişsə və hələ də məktəbin direktor müavininə ehtiyacı varsa, o zaman cavabdehin onu hansı əsasla işdən azad etdiyini əsas gətirməklə əvvəlki işinə bərpa edilməsini xahiş etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı cavabdeh Biləsuvar rayon Günəşli kənd tam orta məktəbinə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilərkən onunla müddətli əmək müqaviləsi bağlanmış, iddiaçı əmək funksiyasını ardıcıl olaraq yerinə yetirməklə 1 il ərzində həmin əmək müqaviləsi üzrə fəaliyyət göstərmişdir. Ona görə də ƏM-nin 47-ci maddəsinin f) bəndi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını istisna etmir. MPM 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Məhkəmə yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Biləsuvar rayon Günəşli kənd tam orta məktəbinə qarşı işə bərpa tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Biləsuvar rayon Günəşli kənd tam orta məktəbinə qarşı cavabdehin 191 saylı əmrinin ləğv edilməsi və onun Günəşli kənd tam orta məktəbində tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini kimi işə bərpa olunmasına dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar