Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-502/2025 30.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X14 məhkəmə-iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülməklə həmin evdən yaşayış və istifadə hüququ tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı bildirir ki, Cavabdeh onun atasıdır. Təxminən 2024-cü ilin avqust ayında atası onu və ailə üzvlərini, yəni arvadını və iki azyaşlı uşaqlarını yaşadığı evdən çıxartmışdır. İddiaçı hazırda həyat yoldaşı və iki azyaşlı uşaqları ilə yaxın qohumlarına məxsus evlərdə qalır. Hətta elə vaxtlar olur ki, arvadı və azyaşlı uşaqlarını qohum evində özü isə küçələrdə qalır deyə qeyd etmişdir. İddiaçı arvadı X9 ilə ailə həyatı qurub, 24 sentyabr 2019-cu il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikah dövründə X10 və X11 adlı uşaqları doğulmuşdur. Məlumat üçün bildirir ki, cavabdeh olan atası Cavabdeh məxsus həyətyanı torpaq sahəsində özünə ayrıca ev tikmişdir. Lakin , cavabdeh nə təzə tikdiyi evə nə də ki, həyat yoldaşı X5 məxsus cehiz əmlakının yerləşdiyi digər evə onu və ailə üzvlərini qoymur. Ona və ailə üzvlərinə məxsus olan əşyalardan istifadə edə bilmirlər. İddiaçının tələbi: İddiaçı və arvadı X4, eləcə də iki azyaşlı uşaqları X10 və X11 ilə birlikdə Cavabdeh məxsus, Nərimankənd kəndində yerləşən, 1960-cı ildə çiy kərpicdən inşa edilmiş ümumi sahəsi 135 kvadratmetr olan 3 (üç) otaqdan ibarət bir mərtəbəli yaşayış evinə köçürülməklərinə, həmin evdən yaşayış və istifadə etməyinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini bildirərək iddianın təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. X3 izahatında bidirmişdir ki, İddiaçı onun kürəkənidir. Qalibin atası Cavabdeh kürəkənini və qızını uşaqları ilə ilə birlikdə yaşadıqları evdən çıxarmış, hal-hazırda onlar V.Hüseynovun evində qalırlar. X2 izahatında bidirmişdir ki, İddiaçı onun əridir. Qalibin atası Cavabdeh onu, ərini və uşaqlarını yaşadıqları evdən çıxarmış, hal-hazırda atasına məxsus evdə yaşayırlar. İş materiallarına əlavə edilmiş sənədlər: Biləsuvar Rayonu İcra Hakimiyyəti Başçısının Nərimankənd kənd inzibati ərazi üzrə nümayəndəliyinin 03 dekabr 2024-cü il tarixli, 5-39-13/2-830/2024 saylı arayışından görünür ki, İddiaçı Biləsuvar rayonu, Nərimankənd kəndində yaşayır. Ailə tərkibi: X9, X10 və X11. Biləsuvar Rayonu İcra Hakimiyyəti Başçısının Nərimankənd kənd inzibati ərazi üzrə nümayəndəliyinin 28 dekabr 2024-cü il tarixli, 5-39-13/2-872/2024 saylı arayışından görünür ki, Cavabdeh Nərimankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illər üçün 04 saylı təsərrüfat başına uçot kitabının 06 səhifəsində 256 saylı şəxsi hesabında 1960-cı ildə çiy kərpicdən inşa edilmiş ümumi sahəsi 135 kv.metr olan 3 (üç) otaqdan ibarət birmərtəbəli yaşayış evi qeydə alınmışdır. AZ-İİ 620994 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, iddiaçı İddiaçı və X9 19 sentyabr 2024-cü il tarixdə Biləsuvar Rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuşlar və bu barədə 203 nömrəli akt qeydi aparılmışdır. AZ-V 032102 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 03 oktyabr 2024-cü il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası X6r. AZ-V 032103 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 03 oktyabr 2024-cü il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası X6r. Lənkəran 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş 06 fevral 2025-ci il tarixli, MŞL/MT014/2025-00110 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, mediasiya prosesində hər iki tərəf iştirak etmiş, lakin, iddiaçı İddiaçı mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. “Torpağın mülkiyyətə verilməsi”nə dair JN 157A seriyalı 80800068 nömrəli şəhadətnamənin surətindən görünür ki, Biləsuvar rayonu Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli 30 saylı qərarı ilə 0,37 hektae ölçüdə torpaq sahsi Cavabdeh və onun ailə üzvlərinin (X7, Vəliyeva) mülkiyyətinə verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun: 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun: 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Məhkəmə iddia tələbinin, iddiaçının arvadı X4 Cavabdeh məxsus, Nərimankənd kəndində yerləşən, 1960-cı ildə çiy kərpicdən inşa edilmiş ümumi sahəsi 135 kvadratmetr olan 3 (üç) otaqdan ibarət bir mərtəbəli yaşayış evinə köçürülməklərinə, həmin evdən yaşayış və istifadə etməyinə dair qətnamə çıxarılması hissəsində qeyd edir ki, tələb bu hissədə təmin oluna bilməz. Belə ki, iddiaçı nəzərə almamışdır ki, mənzilə köçürülməsinin tələb etdiyi arvadı X9 fəaliyyət qabiliyyətlidir və mülki hüququn müstəqil subyektidir, o hazırkı tələblə özü müstəqil surətdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək iqtidarındadır. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında da qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, irəli sürülmüş tələbin iddiaçının arvadı X5 münasibətdə olan hissəsində İddiaçı subyektiv hüququnun olmadığı qənaətinə gəlindiyindən, bu tələb üzrə irəli sürülən digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də iddia tələbinin həmin hissədə təmin olunması mümkün deyildir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh oğludur. 2024-cü ilin avqust ayında atası iddiaçını və ailə üzvlərini, yəni arvadını və iki azyaşlı uşaqlarını yaşadığı evdən çıxartmışdır. İddiaçı arvadı X9 ilə ailə həyatı qurub, 24 sentyabr 2019cu il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikah dövründə X10 və X11 adlı uşaqları doğulmuşdur. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, mübahisə predmeti olan Nərimankənd kəndində yerləşən, 1960-cı ildə çiy kərpicdən inşa edilmiş ümumi sahəsi 135 kvadratmetr olan 3 (üç) otaqdan ibarət birmərtəbəli yaşayış evinə dair mülkiyyət hüquqları heç bir şəxs tərəfindən dövlət qeydiyyatına alınmamışdır. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqları malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və İddiaçı və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Onlar 2024-cü il tarixədək (iddiaçı nikaha daxil olanadək) mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə yaşamış iddiaçının həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı daimi yaşayış yeri yoxdur. Mübahisəli ev özbaşına tikilidir, cavabdehin mülkiyyətində deyil. İddiaçı həmin evin onun ata evinin olduğunu bildirərək, onun və ailə üzvlərinin (arvadı, iki azyaşlı övladının) mübahisəli evə köçürülmələrini tələb edir. Cavabdeh tərəf iddianı qəbul etmir. Evin özbaşına tikili olduğunu, iddiaçının, habelə hər hansı digər şəxsin mülkiyyətində olmadığını bildirir və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bu hal tərəflərin izahatı, şahid ifadəsi və mülki iş materialları ilə təsdiq edilir. Məhkəmə qeyd edir ki, mübahisəli yaşayış sahəsi özbaşına tikinti olduğundan orada yaşayan şəxslərin, o cümlədən iddiaçı və cavabdehin həmin tikintiyə yaşayış və istifadə hüquqları əldə etməsi istisna edilir. Bu baxımdan məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına istinadən qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edildiyi kimi, mübahisəli yaşayış sahəsinin mülkiyyət hüququ əsasında tərəflərdən hər hansı birinə məxsus olan yaşayış sahəsi olması faktı sübuta yetirilməmiş, onların mübahisəsi gedən yaşayış sahəsinə münasibətdə belə hüququnun olması müəyyən edilməmişdir. Belə olan halda isə Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd edildiyi kimi, iddiaçı müvafiq subyektiv hüquqa, yəni mübahisəli yaşayış sahəsinə istifadə hüququnun tanınması ilə bağlı iddia irəli sürmək hüququna malik olan şəxs hesab edilə bilməz. Məhkəmə iddia tələbinin İddiaçı və onun iki azyaşlı övladının mübahisəli evə köçürülməsinə aid hissəsinə hüquqi qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, evin özbaşına tikinti sayılması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada “mənzil” ifadəsindən istifadə olunur, “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın məqsədi insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. Çünki insanın yaşadığı obyektin nədən ibarət olmasından (mənzil, ev, yataqxana, özbaşına insa olunmuş tikili və s.) asılı olmayaraq onun yaşayış yerindən məhrum edilməsinin nəticələri eynidir: insan, təbiətinə görə ehtiyac duyduğu sığınacağı itirir. Məhkəmə hesab edir ki, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normada istifadə olunan “mənzil” anlayışı obyektiv amillə (yəni mənzil qanunvericiliyinin müəyyən etdiyi əlamətlərə görə) deyil, subyektiv amillə (yəni insanın obyektdən hansı məqsədlə istifadə etdiyi nəzərə alınaraq) müəyyən olunmalıdır. Əgər insan obyektdən yaşamaq məqsədilə istifadə edirsə, qeyd olunan normanın məqsədi baxımından həmin obyekt mənzil sayılır. Konstitusiyanın maddəsinə bu cür yanaşma qanunvericiliyə zidd deyil, çünki maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq var, maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq olanda isə genişləndirici şərhə yol verilir (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu, maddə 90.4). İnsanların yaşamaq məqsədilə istifadəyə etdiyi bütün obyektlərin, o cümlədən özbaşına inşa olunan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən tikililərin mənzil hesab olunması maddənin mətnindəki “mənzil” ifadəsinin genişləndirici şərhidir. İddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Bu qətnamə gələcəkdə, qanuni əsaslar olduğu halda iddiaçının həmin evdən məhrum edilməsinə və ya evin özbaşına tikili kimi sökülməsinə mane olmur. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Həmçinin məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsi müəyyən edir ki, hər bir uşağın mənzil hüququ vardır. Beləliklə məhkəmə hesab edir ki, uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları olduğundan, iddiaçının isə uşaqları ilə yaşamağa başqa yaşayış yeri olmadığından, iddiaçının və uşaqların mənafeyi üstün tutularaq iddia qismən təmin edilməli, iddiaçı və onun iki azyaşlı uşağı Biləsuvar rayonu, Nərimankənd kəndində yerləşən, 1960-cı ildə çiy kərpicdən inşa edilmiş ümumi sahəsi 135 kvadratmetr olan 3 (üç) otaqdan ibarət bir mərtəbəli yaşayış evinə köçürülməlidirlər. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu ilə bağlı tələb irəli sürülmədiyindən məhkəmə hesab edir ki, ödənilmiş məbləğ iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı və onun birgə nikahdan doğulmuş övladları 03 oktyabr 2024-cü il təvəllüdlü X12 və 03 oktyabr 2024-cü il təvəllüdlü X1 rayonu, Nərimankənd kəndində yerləşən, 1960-cı ildə çiy kərpicdən inşa edilmiş ümumi sahəsi 135 kvadratmetr olan 3 (üç) otaqdan ibarət bir mərtəbəli yaşayış evinə köçürülsün. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-502/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-502/2025
30.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver