Məhkəmə qərarları › İş №2(022)-510/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-510/2024

02.07.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-510/2024 02.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mitrzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı və nümayəndəsi vəkil X7, cavabdeh Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbə qarşı iddia ərizəsi ilə müraciət edərək, Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbinin 15 sentyabr 2023- cü il tarixli 155 saylı əmrinin ləğv edilməsi və onun Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbində xadimə işinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək müqaviləsi əsasında Biləsuvar rayonu Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbdə xadimə işinə qəbul edilmişdir.xx.xx.2023-cü il tarixli 155 saylı əmrlə işdən azad edilmişdir. Həmin əmrdə göstərilmişdir ki, 2023/2024-cü tədris ilində məktəbdə sinif komplektlərinin sayı azalmışdır.Bu səbəbdən qanunvericiliyə uyqun olaraq məktəbdə kiçik xidmətedici (xadimənin) işçisinin ixtisarına zərurət yaranrmşdır. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” hissəsinə əsasən 2023/2024-cü tədris ilində məktəbdə sinif komplektlərinin sayının azalması nəticəsində məktəbin kiçik xidmətedici (xadimə) işçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən ləğv edilmişdir. Qeyd olunan tarixdən onu işə buraxmamışlar.O, bu əmrlə razılaşmadığı üçün adiyyatı üzrə Azərbaycan Respublikası ƏƏSM Nazirliyi yanında X5 Xidmətinin Şirvan-X9 şikayət etmişdir. Həmin şöbə tərəfindən onun şikayət ərizəsi üzrə araşdırma aparılmış və cavabdeh tərəfindən yol verilmiş qanun pozuntusu aşkar edilmişdir. Ona görə də məktəbin direktoru X3 barəsində inzibati Xətalr Məcəlləsininn 192.4 və 196.6-cı maddələrinə uyğun olaraq 11 dekabr 2023- cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə inzibati icraat başlanmışdır. İnzibati xəta haqqında işə baxılaraq Biləsuvar rayonu Günəşli kənd ümumi orta məktəbinin direktoru X3 barəsində İXM-in 192.6 və 116-cı maddələrinə uyğun olaraq 22 dekabr 2023-cü il tarixli MN0023606 mömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərar qəbul edilmiş və X3 barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə təyin edilmişdir. Cavabehin qəbul etmiş olduğu əmrin qanunsuz olması təsdiq edilmiş olsa da, onu işə bərpa etməmişdir. O, işə bərpa tələbi ilə bağlı mediyasiyaya müraciət etmişdir. Cavabdeh mediyasiyaya gəlməmişdir. Mediyasiya bu haqda ona arayış vermişdir. Belə ki, hazırda evli olmaqla üç övladı (xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2022-ci il təvəllüdlü X8) vardır. O, ailənin yeganə qazanc gətirənidir. Əri heç bir yerdə işləmir. Göründüyü kimi himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı vardır. xx.xx.2012-ci il təvəllüdlü X11 3-cü dərəcəli əlildir. Onun qardaşı X6 VƏTƏN müharibəsində xx.xx.2020- ci il tarixdə şəhid olmuşdur.Əmrdə əsas kimi orta məktəbdə uşaqların sayının azalması göstərilmişdir. Halbuki o, xadimə işləyir, onun təmizlik apardığı sahə yerindədir. Ona görə də tələbinin təmin edilməsi, Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbinin 15 sentyabr 2023- cü il tarixli 155 saylı əmrinin ləğv edilməsi və onun Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbində xadimə işinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi vəkil X14 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbin nümayəndəsi (direktoru) X3 məhkəmə iclasında izahatında göstərmişdir ki, İddiaçı əmrin ləğv edilməsi və işə bərpa ilə bağlı Biləsuvar rayonu Günəşli kənd orta məktəbinə qarşı iddiasını əsassız hesab edir. Belə ki, İddiaçı ilə əmək münasibətlərinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinin tələbinə uyğun olaraq, yəni işçilərin sayı və ya ştatları ixtisar edilməsi əsası ilə xitam verilmişdir. Artlq iddiaçı ilə əmək müqaviləsinə xitam verildiyi tarixdən səkkiz aydan çox bir müddət keçmişdir. Bu müddət ərizində iddiaçı məhkəməyə müraciət etməmiş və əmək qanunvericiliyi ilə müəyyən edilmiş müddət buraxılmışdır.İddiaçı işdən çıxarıldığı zaman bu barədə məlumatlandırılmışdır. İddiaçı işdən azad olunduqdan sonra rayonun Ağayrı kənd ümumi orta məktəbində işə qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qeyd etdiyi kimi iddiaçı ilə əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş və həmin vaxtdan səkkiz ay müddət keçmişdir.Artıq bu müddətdən sonra iddiaçının işə bərpası qeyri-mümkün olmuşdur. Belə ki, artıq səkkiz ay bundan əvvəl məktəbdə ştat vahidlərində dəyişikliklər edilmişdir. İnsan Hüquqları üzrə Avropa məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericiliklə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Ona görə də iddia müddəti buraxıldığından iş üzrə iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbi üzrə xx.xx.2023-cü il tarixli 155 nömrəli əmrdən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cı maddəsinin "b" bəndinin tələbinə uyğun olaraq, 2023/2024-cü tədris ilində məktəbdə sinif komplektlərinin sayının azalması nəticəsində məktəbin kiçik xidmətedici (xadimə) işçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(022)-42/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Sirvan-Salyan Rayon Şöbəsinin inzibati tənbeh vermə haqqında 22 dekabr 2023-cü il tarixli ******* qərarı ilə məktəbin işçisi İddiaçı əmək müqaviləsinə xitam verilərkən ƏM-nin 77, 79, 83-cü maddələrinin tələbləri pozulduğuna görə X3 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. X3 tərəfindən həmin qərardan verilmiş şikayətə baxılaraq şikayət qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Sirvan-Salyan Rayon Şöbəsinin MN 22 dekabr 2023-cü il tarixli ******* saylı qərarı dəyişdirilməklə X3 barəsində İXM-nin 192.6-cı maddəsinə əsasən 1500 (min beş yüz) manat cərimə cəzası saxlanılmışıdır. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(106)-83/2024 saylı qərarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(022)-42/2024 saylı qərarından X3 və X10 Xidmətinin Sirvan- Salyan Rayon Şöbəsinin rəisi Anar Xıdırov tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 3(022)-42/2024 saylı 02 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. «Əsas Qanun»un 35-ci maddəsinin İ hissəsində təsbit edilmişdir ki, əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin İİ hissəsində göstərilir ki, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Həmin maddənin Vİİİ hissəsində göstərilir ki, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. ƏM-nin 76-cı maddəsinin İ hissəsində göstərilir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən:

1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir. bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Azərbaycan Respublikasının Əmək Məcəllənin 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar göstərmişdir:

1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. İşin müəyyən edilmiş hallarından görünür ki, Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbdə kiçik xidmətedici (xadimə) vəzifəsində işləyən Ağayeva X2 rayonu Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbin direktoru X3 tərəfindən xx.xx.2023-cü il tarixdə işdən azad edilərkən (əmr №155) onun himayəsində 3 yaşına çatmamış uşağının ( xx.xx.2022-ci il təvəllüdlü X8) olması və eyni zamanda öhdəsində sağlamlıq imkanları məhduld olmaqla 18 yaşına çatmamış İİİ qrup əlil uşağının (xx.xx.2012-ci il təvvəllüdlü X11) olması nəzərə alınmamış və bununla da ƏM-nin 79-cu maddəsinin üç yaşınadək uşağı olan qadınlarla və öhdəsində sağlamlıq imkanları məhdud olmaqla 18 yaşınadək ailə üzvü olan işçilərlə əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunmasına dair tələblərinə əməl edilməmişdir. Bundan əlavə, işdən görünür ki, Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbdə kiçik xidmətedici (xadimə) vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilməsi zamanı müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalı olduğu halda alınmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbdə kiçik xidmətedici (xadimə) vəzifəsindən azad edildikdən iki ay sonra ona əmrin surətinin verildiyini, daha sonra pozulmuş hüquqlarının müdafiəsi üçün əmək müfəttişliyinə müraciət etdiyini, məktəb direktorunun onu qanunsuz olaraq işdən çıxardığı üçün direktorun cərimə edildiyini və məktəb direktorunun onu işə bərpa eədəcəyi vədini verdiyini, ötən müddət ərzində əlil uşağının xəstəliyinin şiddətlənməsi səbəbindən onun müalicəsi ilə məşğul olduğunu, ona görə də qanunvericiklə müəyyən edilmiş müddətdə işə bərpa tələbi ilə məhkəməyə müraciət edə bilmədiyini əsas gətirməklə buraxılımş prosessual müddətin üzürlü hesab edilməklə bərpa edilməsini xahiş etmişdir. Cavabdeh Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbin nümayəndəsi (direktoru) X3 ərizə ilə məhəkəməyə müraciət edərək İddiaçı cavabdeh Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinin iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəllənin 296-cı maddəsinə əsasən:

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və.i.a) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzürlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzürlü sayıla bilər. Məhkəmə İddiaçı ərizəsində iddia müddətinin ötürülməsi səbəblərini məhkəmə iclasında araşdıraraq belə hesab edir ki, iddiaçının məhkəməyə işə bərpa tələbi ilə bağlı vaxtında müraciət etməməsinə dair istinad etdiyi hallar üzrlü hesab edilməli və onun pozulmuş hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə işdə iştirak edən tərəfləri dinləyərək, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməli, Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbinin 15 sentyabr 2023-cü il tarixli 155 saylı əmri ləğv edilməli, Ağayeva X2 rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbində kiçik xidmətedici (xadimə) işinə bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360, 362 və ƏM-in 301-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbinin 15 sentyabr 2023-cü il tarixli 155 saylı əmri ləğv edilsin. Ağayeva X2 rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbində kiçik xidmətedici (xadimə) işinə bərpa edilsin. Məcburi iş buraxmaya görə əmək haqqı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar