Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-549/2025 23.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X4 məhkəmə-iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı bildirir ki, aparılan aqrar islahat əsasında ona və ailə üzvləri X1, X2, X6, X7, X3 2,362 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyətlərinə verilmişdir. Bu haqda hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin torpaq sahəsı Biləsuvar rayonu, Ağayrı kəndində kənd təsərüfatı təyinatlı torpaq sahələri ərazisində yerləşir. 2008 -ci ildə torpaq sahəsini Cavabdeh Əlipənab oğluna 5 il müddətə icarəyə vermişdir. 2013-cü ildə icarə müddəti başa çatmışdır. Cavabdeh icarəni davam etdirmək istədiyini bildirmiş, iddiaçı ilə razılaşmış və torpaq sahəsini 5 il müddətinə ona icarəyə vermişdir. Cavabdeh buna görə ona 2000 manat pul vermişdir. Həmin razılaşma vaxtlarında Cavabdeh bildirmişdir ki, ola bilsin ki, icarə başa çatmamış torpaq sahəni satın alacaq. İddiaçı da ona etirazının olmamasını bildirmişdir. Cavabdeh bildirmişdir ki, əlində vacib bir neçə işləri vardır onları qurtarsın və bu haqda söhbət edəcəkdir. 2013-cü ildən hal-hazıra kimi cavabdeh həmin torpaq sahəsindən istifadə edir, baxmayaraq ki, icarə müddəti 2018-ci ildə başa çatıb. Bu qədər müddətdə həmin torpaq sahəsi cavabdehin istifadəsində olmuş və qazanc əldə etmişdir. Dövlət tərəfindən verilən subsidiyanı hər il almışdır. İddiaçı dəfələrlə cavabdehdən torpaq sahəsini tərk etməsini tələb etsə də o, müxtəlif bəhanələrlə torpaq sahəsini tərk etməmişdir. Çox vaxt isə bu torpaq sahəsini satın almaq istədiyini bildirmişdir. Cavabdeh qanunsuz hərəkətləri ilə ona və ailə üzvlərinə zərər vurmuşdur. Nə torpaq sahəsini satın almış, nə də ki, həmin torpaq sahəsini tərk etmişdir. İddiaçının tələbi: Cavabdeh iddiaçının mülkiyyətində olan 2,362 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 100 (yüz) manat və dövlət rüsumuna görə 100 (yüz) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Biləsuvar Rayonu İcra Hakimiyyəti Başçısının Ağayrı kənd inzibati ərazi üzrə nümayəndəliyinin 14 fevral 2025-ci il tarixli, 5-39-11/2-911/2025 saylı arayışından görünür ki, Axundov X5 rayonu, Ağayrı kəndində yaşayır. “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın **********96 nömrəli, 11 dekabr 2024-cü il tarixli dövlət reyestrindən çıxarışından görünür ki, Biləsuvar rayonu, Ağayrı kəndi ərazisində yerləşən 2.362 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdur. 18 fevral 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. 18 fevral 2025-ci il tarixli, BPM**********55 nömrəli mədaxil qəbzindən görünür ki, Axundov X5 Rayon Vəli Bürosunun vəkili X9 100 (yüz) manat məbləğində ödəniş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun: 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında olan mübahisə üzrə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Biləsuvar rayonu, Ağayrı kəndi ərazisində yerləşən 2.362 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdur. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın **********96 nömrəli, 11 dekabr 2024-cü il tarixli dövlət reyestrindən çıxarışına əsasən Biləsuvar rayonu, Ağayrı kəndi ərazisində yerləşən 2.362 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüquqları əsasında İddiaçı məxsusdur. İddiaçı dəfələrlə cavabdehdən torpaq sahəsini tərk etməsini tələb etsə də o, müxtəlif bəhanələrlə torpaq sahəsini tərk etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etməsinə baxmayaraq, cavabdehin ona məxsus torpaq sahəsindən çıxmaması iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına əsaəsən sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək, eləcə də, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırki iş üzrə iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçının mülkiyyətində olan Biləsuvar rayonu, Ağayrı kəndi ərazisində yerləşən 2,362 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat, eləcə də vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Biləsuvar rayonu, Ağayrı kəndi ərazisində yerləşən 2,362 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat, eləcə də vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdehdan tutularaq İddiaçı ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-549/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-549/2025
23.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver