Məhkəmə qərarları › İş №2(022)-618/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-618/2024

04.07.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-618/2024 04.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mitrzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi vəkil X4, cavabdeh Biləsuvar rayon Xırmandalı kənd C.Məhərrəmov adına 1 saylı tam orta məktəbin nümayəndəsi X3 iştirakları ilə, İddiaçının cavabdeh Biləsuvar rayon Xırmandalı kənd C.Məhərrəmov adına 1 saylı tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Biləsuvar rayon Xırmandalı kənd C.Məhərrəmov adına 1 saylı tam orta məktəbə qarşı iddia ərizəsi ilə müraciət edərək, Biləsuvar rayon Xırmandalı kənd C.Məhərrəmov adına 1 saylı tam orta məktəbinin onun işdən çıxarılmasına dair xx.xx.2024-cü il tarixli 18 saylı əmrinin ləğv edilməsi və onun həmin məktəbdə məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o xeyli vaxtdır ki, Biləsuvar rayonu Xırmandalı kənd C.Məhərrəmov adına 1 saylı tam orta məktəbində müəlim vəzifəsində işləyir. xx.xx.2015-ci il tarixdən həmin məktəbdə müəllim kimi işləməklə bərabər, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı müavini vəzifəsinə təyin edilmişdir. Cari ilin fevral ayında məktəb direktoru tərəfindən təzyiqlərə məruz qaldığından məcburiyyət qarşısında xx.xx.2024-cü il tarixdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdirinin adına işdən azad olunma tarixi göstərilməyən bir ərizə yazıb göndərmişdir. xx.xx.2024-cü il tarixdə isə yenidən regional idarəyə məktubla müraciət etmiş və əvvəlki ərizəsini etibarsız hesab etmələrini xahiş etmişdir. Həmin ərizədə bildirmişdir ki, ərizə işəgötürən məktəb direktoruna yazılmadığı üçün onu həmin ərizə ilə işdən azad edə bilməzlər. Əmək qanunvericiliyinə görə ərizədə işdən azad olunma tarixi göstərilməyibsə işçi ərizənin verildiyi tarixdən bir ay sonra işdən azad edilə bilər (AR ƏM-in 69-cu maddəsi). Əslində o, birinci ərizəsini verməklə fikirləşmişdir ki, ərizənin verilməsindən sonra işəgötürən problemlə maraqlanacaq. Amma sonradan ona məlum oldu ki, işəgötürən onu müəllim vəzifəsində saxlamaqla, onunla bağlanılmış əmək müqaviləsinə birtərəfli qaydada onun öz ərizəsinə əsasən dəyişiklik edərək onu məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifəsindən azad etmişdir. O, direktordan əmrdən çıxarışı istəsə də, işəgötürən bu sənədi ona verməmişdir. İşdən qanunsuz çıxarıldığına görə X8 Xidmətinə müraciət etmişdir. Bundan sonra məktəb direktoru əmrdən çıxarışı ona poçt vasitəsilə göndərmişdir.Həmin vaxt ona bəlli olmuşdur ki, işəgötürən onu tarix müəllimi vəzifəsində saxlamaqla, xx.xx.2024-cü il tarixli 18 sayiı əmrlə AR ƏM-in 70-ci maddəsinin «ç» bəndi ilə "əmək müqaviləsi üzrə əmək funksiyasını və vəzifə öhdəliklərini yerinə yetirmədiyi" əsası ilə xx.xx.2024-cü il tarixdən onunla bağlanılmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsini ləğv edərək, məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsindən azad etmişdir. O, bu hadisələrdən sonra e-sosial.gov.az portalı vasitəsilə barəsində olan əmək müqavilələri barədə məlumata baxdıqda görmüşdür ki, direktor əvvəlcə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsini ləğv etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə yenidən onun əmək müqaviləsinə xitam verilmişdir. Ehtimal edir ki, işəgötürən bir dəfə onu ərizəsinə əsasən işdən azad edərək, bu barədə ƏƏSMN-in elektron sisteminə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumat daxil etmiş, sonra isə qanunsuzluğa yol verdiyini anlayaraq, tələsik yenidən elektron sistemə əmək müqaviləsinə xitam verilməsinə dair məlumat daxil etmişdir. Başa düşülən budur ki, birinci dəfə onu AR ƏM-in 69-cu maddəsinə əsaslanaraq, ikinci dəfə isə AR ƏM-in 70-ci maddəsinin "ç" bəndinə əsaslanaraq işdən azad etmişdir.Hesab edir ki, işəgötürən onu qanunsuz olaraq işdən azad etmişdir. Əvvəla, onu iki gün ərzində iki dəfə işdən çıxarması məktəb direktorunun ona qarşı qərəzindən xəbər verir. Belə ki, o HİK-nin özünə yaxın üzvlərinin iştirakı ilə iclasın keçirilməsinə dair iclas protokolu tərtib etdirmişdir. Həmin iclasda əlehyinə səs verən X5 direktorun doğma qardaşıdır.Belə ki, həmkarlar ittifaqının iclasında əleyhinə səsləndirilən fikirlər ümumi və formal xarakterli fikirlərdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb etməlidir. Əgər o, hansısa qanun pozuntusuna yol vermişdirsə, bu halda işəgötürən ondan izahat almalı idi. Bu günə qədər işəgötürən ondan izahat almamışdır. Əmrdən çıxarışda əmrin verilməsinə əsas olaraq l4.09.2023-cü il tarixli 1 saylı Pedaqoji Şura iclasının 3 saylı qərarına, məktəb üzrə xx.xx.2023-cü il tarixli 71 saylı əmrə, xx.xx.2023-cü il tarixli 76 saylı əmrə, xx.xx.2023-cü il tarixli 82 saylı əmrə, xx.xx.2023-cü il tarixli 85 saylı əmrə, xx.xx.2023-cü il tarixli 86 saylı əmrə istinad edir. Halbuki bu əmək qanunvericiliyinin tələblərinə ziddir. O, artıq ikinci aydır ki, işdən çıxarılmışdır. İşə bərpa ilə bağlı cavabdehi mediasiya prosesinə dəvət etsə də, o mediasiyada iştirak etməmişdir. O, işdən çıxarıldıqdan sonra X8nə də müraciət etmişdir Həmin məsələ ilə əlaqədar xidmətin Şirvan- Salyan regional şöbəsinə dəvət edilmiş və orada da izahat vermişdir. Oradan aparılmış araşdırmanın nəticəsi barədə bu günə qədər ona rəsmi cavab verilməmişdir. Dəfələrlə əlaqə saxlayaraq əmək müfəttişliyinin gəldiyi qərarı istəmiş, amma ona bəlli olmayan səbəblərdən həmin araşdırmanın nəticəsi barədə ona məlumat verilməmişdir. İddiaçı və onun nümayəndəsi vəkil X9 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini xahiş etmişlər. Cavabdeh Biləsuvar rayon Xırmandalı kənd C.Məhərrəmov adına 1 saylı tam orta məktəbin direktoru X6 məhkəmə iclasında izahatında göstərmişdir ki, məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı təsdiq edilmiş Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar 2023-2024-cü tədris ilinin birinci yarımili ərzində gördüyü işlər barədə Pedaqoji Şuraya və məktəb rəhbərliyinə hesabat təqdim etməmiş, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq yarımillik hesabatı təqdim etməkdən imtina etmişdir. İddiaçı həmçinin yarımil ərzində məktəbdə tərbiyə işinin təşkilində və ona rəhbərlikdə ciddi nöqsanlara yol vermişdir. Belə ki, bu müddət ərzində Fəaliyyət Planında nəzərdə tutulmuş təhsilalanların milli-mənəvi, əxlaqi dəyərlər zəminində formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyə olunmasına dair tədbirləri həyata keçirməmiş, həmin tədbirlərin protokollarını tərtib etməmiş, rəhbərlik tərəfindən təsdiqinə verməmişdir. İddiaçı eyni zamanda yarım il ərzində sinif rəhbərlərinin fəaliyyətinə nəzarəti həyata keçirməmiş, sinif rəhbərlərinin qarşılıqlı işinin təşkilini təmin etməmişdir. Məktəbdə bu müddət ərzində heç bir şagird özünüidarəetmə orqanı yaradılmamışdır. Şagirdlərin hüquq və vəzifələri, şagird davranış qaydaları onlara izah olunmamışdır. İddiaçı tərəfindən şagirdlərin dərsdənkənar rejiminin, ev tapşırıqları, həmçinin asudə vaxtının səmərəli təşkili ilə bağlı heç bir tədbirlər həyata keçirilməmiş, həmçinin bununla bağlı məktəb rəhbərliyinə hər hansı təklif və ya təqdimat verilməmişdir. Bununla yanaşı İddiaçı problemli (çətin tərbiyə olunan, uğursuz ailələrdən gələn, valideyn himayəsindən məhrum, ev tapşırıqlarını icra etməyən, davranışında pozuntu olan, küçə həyatına məruz qalan, kriminal həyata meyilli) şagirdlərlə işin təşkili zamanı səhlənkarlığa və məsuliyyətsizliyə yol vermiş, bu sahədə heç bir tədbir icra etməmiş, hər hansı fəaliyyət həyata keçirməmişdir. Şagirdlərin dərsə davamiyyətinə gündəlik nəzarəti zəif təşkil etmiş, dərsdən yayınan, gündəlik dərs məşğələlərində iştirak etməyən şagirdləri müəyyənləşdirməmiş, onların davamiyyətinin təmin olunması üçün heç bir əməli iş həyata keçirməmiş, rəhbərliyə bu barədə hər hansı təqdimat verməmişdir. Həmçinin İddiaçı tərəfindən şagirdlərin tərbiyə işinin təşkilində uşaq birliyi təşkilatının rəhbəri və kitabxana müdiri ilə heç bir qarşılıqlı fəaliyyət həyata keşirilməmişdir.İddiaçı məktəb üzrə xx.xx.2023cü il tarixli 71 saylı, xx.xx.2023-cü il tarixli 76 saylı, xx.xx.2023-cü il tarixli 82 saylı, xx.xx.2023-cü il tarixli 85 saylı, xx.xx.2023-cü il tarixli 86 saylı əmrlə üzərinə qoyulan vəzifə öhdəliyini icra etməmişdir.Odur ki, iddia əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəfləri dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar rayon Xırmandalı kənd C.Məhərrəmov adına 1 saylı tam orta məktəbi üzrə xx.xx.2024-cü il tarixli 18 nömrəli əmrdən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cı maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsi üzrə əmək funksiyasını və vəzifə öhdəliklərini yerinə yetirmədiyinə görə, məktəb üzrə xx.xx.2015-ci il tarixli 43 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmiş, tutduğu vəzifədən- məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı vəzifəsindən azad edilmiş və ixtisası üzrə məktəbdə tarix müəllimi kimi saxlanılmışdır. İş materiallarında olan Biləsuvar rayon Xırmandalı kənd 1 saylı tam orta məktəbin xx.xx.2015-ci il tarixli 43 saylı əmrindən görünür ki, İddiaçı məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasının MŞL/MT014/2024-00457 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Biləsuvar rayon Xırmandalı kənd C.Məhərrəmov adına 1 saylı tam orta məktəbin nümayəndəsi ilkin mediasiyya sessiaysının saatı və yeri barəsində əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmış, o, ilkin mediasiya sessiaysında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. «Əsas Qanun»un 35-ci maddəsinin İ hissəsində təsbit edilmişdir ki, əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin İİ hissəsində göstərilir ki, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Həmin maddənin Vİİİ hissəsində göstərilir ki, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; Əmək Məcəlləsinin 70-ci maddəsində işəgörürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsasları göstərilmişdir: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşin müəyyən edilmiş hallarından görünür ki, Biləsuvar rayon Xırmandalı kənd C.Məhərrəmov adına 1 saylı tam orta məktəbi üzrə xx.xx.2024-cü il tarixli 18 nömrəli əmrdən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsi üzrə əmək funksiyasını və vəzifə öhdəliklərini yerinə yetirmədiyinə görə, məktəb üzrə xx.xx.2015-ci il tarixli 43 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmiş, tutduğu vəzifədən- məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı vəzifəsindən azad edilmişdir. Biləsuvar rayon Xırmandalı kənd C.Məhərrəmov adına 1 saylı tam orta məktəbi üzrə xx.xx.2024-cü il tarixli 18 nömrəli əmrdən çıxarışdan görünür ki, işəgötürən öz əmrini məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı təsdiq edilmiş Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar 2023- 2024-cü tədris ilinin birinci yarımili ərzində gördüyü işlər barədə Pedaqoji Şuraya və məktəb rəhbərliyinə hesabat təqdim etməməsi, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq yarımillik hesabatı təqdim etməkdən imtina etməsi, İddiaçı həmçinin yarımil ərzində məktəbdə tərbiyə işinin təşkilində və ona rəhbərlikdə ciddi nöqsanlara yol verməsi, habelə bu müddət ərzində Fəaliyyət Planında nəzərdə tutulmuş təhsilalanların millimənəvi, əxlaqi dəyərlər zəminində formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyə olunmasına dair tədbirləri həyata keçirməməsi, həmin tədbirlərin protokollarını tərtib etməməsi, eyni zamanda yarım il ərzində sinif rəhbərlərinin fəaliyyətinə nəzarəti həyata keçirməməsi, sinif rəhbərlərinin qarşılıqlı işinin təşkilini təmin etməməsi və s. ilə əsaslandırmışdır. İş materiallarından və ona əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh olaraq Xırmandalı kənd C.Məhərrəmov adına 1 saylı tam orta məktəbi uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı keçən müddət ərzində əmək funksiyasının icra icrası zamanı qeyd olunan nöqsanlara yol verməsini sadalasa da, həmin nöqsanların baş veməsinə və işəgötürən tərəfindən görülmüş tədbirlərə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbuki, cavabdehin nümayəndəsi məhkəmə iclasında İddiaçı yol verdiyi nöqsanların məktəb pedoqoji şurasında müzakirə edildiyini, sonuncuya dəfələrlə xəbərdarlıq edildiyini göstərmiş, lakin İddiaçı qeyd olunan nöqsanlarla bağlı izahatı alınmamış, işəgötürən tərəfindən hər hansı bir tədbir görülməmişdir. Bundan əlavə, işəgötürən tərəfindən uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə iclasında İddiaçı izahatında cavabdehin etirazının əsassız olduğunu, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı olaraq əmək funksiyasının icrası zamanı hər hansı nöqsana yol vermədiyini göstərmişdir. İddiaçı tərəfindən təqdim edilmiş «Biləsuvar rayon MKS-nin Xırmandalı kənd kitabxanasının X17 Əliyevin 100 illiyi ilə əlaqədar X10 Evi və Ceyhun Məhərrəmov adına 1 saylı tam orta məktəblə birgə keçirdiyi tədbirə» dair, «11 X7 günü ilə əlaqədar «Erkən yaşda evliliyə yox» deyək tədbirinin keçirilməsinə» dair, «Biləsuvar rayon Xırmandalı kənd kitabxanasının X10 Evi və Xırmandalı kənd Ceyhun Məhərrəmov adına 1 saylı tam orta məktəblə birgə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar «X16-Milli Sərvətimizdir» başlığı altında tədbirə» dair, «xx.xx.2024-cü il tarixdə C.Məhərrəmov adına Xırmandalı kənd 1 saylı tam orta məktəbdə Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbirə» dair, «Biləsuvar rayon MKS-nin Xırmandalı kənd kitabxanasının 20 yanvar Hüzn Günü ilə əlaqədar X10 evi və Ceyhun Məhərrəmov adına 1 saylı tam orta məktəblə birgə keçirdiyi tədbirə dair», « C.Məhərrəmov adına Xırmandalı kənd 1 saylı tam orta məktəbdə Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününün qeyd edilməsinə dair» fotoşəkillərdən görünür ki, Əsədov X1 Planında nəzərdə tutulmuş təhsilalanların milli-mənəvi, əxlaqi dəyərlər zəminində formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyə olunmasına dair tədbirlər keçirmişdir. Bundan əlavə, İddiaçı sədrliyi ilə həmin tədbirlərin keçirilməsinə dair protokollar tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Xırmandalı kənd C.Məhərrəmov adına 1 saylı tam orta məktəbinin həmkarlar təşkilatının məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı işdən azad edilməsinə razılıq verilməsi ilə bağlı iclası keçirilmiş, lakin həmin iclasda İddiaçı iştirakı təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X11 Filialının 17 may 2024-cü il tarixli 37 saylı arayışında Xırmandalı kənd 1 saylı tam orta məktəbin Həmkarlar Təşkilatı tərəfindən İddiaçı adına heç bir məktubun daxil olmadığı göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə MPM-in 88-ci maddəsinin tələblərinə uyğun sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq belə hesab edir ki, iddia təmin olunmalı, Biləsuvar rayonu Xırmandalı kənd C.Məhərrəmov adına 1 saylı tam orta məktəbinin 29 fevral 2024-cü il tarixli 18 saylı əmri ləğv edilməli, Əsədov X2 rayon Xırmandalı kənd C.Məhərrəmov adına 1 saylı tam orta məktəbdə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı vəzifəsinə bərpa edilməli, məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Biləsuvar rayonu Xırmandalı kənd C.Məhərrəmov adına 1 saylı tam orta məktəbinin 29 fevral 2024-cü il tarixli 18 saylı əmri ləğv edilsin. Əsədov X2 rayon Xırmandalı kənd C.Məhərrəmov adına 1 saylı tam orta məktəbdə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı vəzifəsinə bərpa edilsin. Məcburi işburaxmaya görə əmək haqqı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar