Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-745/2024 14.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızının sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, ərizəçi İddiaçı, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı kolxozda işləməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: Ərizəçi İddiaçı hazırda Biləsuvar rayonu, Əliabad kəndində qeydiyyatda olmaqla yaşayır. 1978-1982-ci illərdə Telman adına kolxozda kolxozçu kimi işləmişdir. Buna dair Biləsuvar rayon Dövlət arxivi idarəsinin 31 avqust 2023-cü il tarixli 3-48-10RA/2-23 saylı arayışı vardır.Həmin illər kolxoz tərəfindən İddiaçı adına əmək kitabçası tərtib olunmamışdır. 1990-1998-ci illərdə kəndlərindəki H.Cavid adına kolxozda işləmişdir. 1990, 1991, 1992, 1993, 1994-cü illərə aid sənədlər kolxozun inzibati binasında yanğın zamanı yanmışdır. Buna dair sənəd də vardır. 1995, 1996, 1998-ci illərdə həmin kolxozda işləməyinə dair sənədlər isə arxiv idarəsinə verilmişdir. Hazırda ərizəçidən asılı olmayan səbəblərdən 1990, 1991, 1992, 1993, 1994-cü illərdə kəndlərindəki H.Cavid adına kolxozda isləməyi ilə bağlı lazımi sənədləri başqa qaydada ala bilmir və itirilmiş sənədlərin bərpası mümkün deyil. Ərizəçi İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına arxiv sənədini göndərsə də orada kəndlərindəki H.Cavid adına kolxozda 1990, 1991, 1992, 1993, 1994cü illərə aid sığorta stajı müəyyən olunmadığından pensiya məsələsi həll olunmayacaq. Ərizəçi İddiaçı hazırda ondan asılı olmayan səbəblərdən kolxozda işləməyinə dair sığorta stajının ona aid olmasını təsdiq edən lazımi sənədləri ala bilmədiyini,məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını və hazırki məsələ pensiya ilə bağlı ərizəçiyə lazım olduğunu qeyd etmişdir. Ərizəçlərin tələbi: Ərizəçi İddiaçı 1990, 1991, 1992, 1993, 1994-cü illərdə Biləsuvar rayon Əliabad kəndində fəaliyyətr göstərən H.Cavid adına kolxozda işləmə faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Maraqlı şəxsin etirazı: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə məhkəməyə yazılı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Hazırda məhkəmələr tərəfindən yuxarıda qeyd olunan qaydalara əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı ən azı iki şahidin ifadəsinə əsasən və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. Qeyd olunanları nəzərə alaraq Nümayəndə ərizənin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi İddiaçı məhkəmə iclasında bildirmişdir ki, hazırda Biləsuvar rayonu, Əliabad kəndində qeydiyyatda olmaqla yaşayır. 1978-1982-ci illərdə Telman adına kolxozda kolxozçu kimi işləmişdir. Həmin illər kolxoz tərəfindən İddiaçı adına əmək kitabçası tərtib olunmamışdır. 1990-1998-ci illərdə kəndlərindəki H.Cavid adına kolxozda işləmişdir. 1990, 1991, 1992, 1993, 1994-cü illərə aid sənədlər kolxozun inzibati binasında yanğın zamanı yanmışdır. Hazırda ondan asılı olmayan səbəblərdən 1990, 1991, 1992, 1993, 1994-cü illərdə kəndlərindəki H.Cavid adına kolxozda işləməyi ilə bağlı lazımi sənədləri başqa qaydada ala bilmir və itirilmiş sənədlərin bərpası mümkün deyil. Həmçinin, ərizəçinin əri də həmin illərdə eyni adlı H.Cavid adına kolxozda işləmiş, onun sənədləri də yuxarıda göstərilən kolxozda baş vermiş yanğın nəticəsində yanmışdır. Lakin əri onkoloji xəstə olduğundan və yatağa bağlı müalicəsi davam etdiyindən məhkəmə iclasında iştirak edə bilmir. Belə bir xəstəlik olmasaydı ərizəçinin əri də şahid kimi iştirak edərək bu faktları təsdiq edə bilərdi. Sonda, İddiaçı ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Qasımova X5 Rayon Məhkəməsinə 07 iyun 2024-cü il tarixdə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı məhkəməyə ünvanladığı xahişi əsassızdır. Belə ki, “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə görə, müəyyən səbəblərə görə iş stajını təsdiq edən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir, lakin məhkəmə qərarına əsasən iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələrini sübut edən sənədləri təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrləri (işə daxil olma və işdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. Sonda, Nümayəndə ərizənin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X7 göstərdi ki, o, ərizəçini həmkəndlisi və keçmiş iş yoldaşı kimi tanıyır. O və ərizəçi həmyaşıd olduqlarına görə, eyni vaxtda, 1990- 1994-cü illərdə ərizəçi İddiaçı ilə birgə Əliabad kəndində fəaliyyət göstərən H.Cavid adına kolxozda işlədiyini bildirmiş, bu faktı təsdiq edən özünə məxsus olan əmək kitabçısını məhkəməyə təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X2 şahid X3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, 1990-1994-cü illərdə Biləsuvar rayonu Əliabad kəndində fəaliyyət göstərmiş H.Cavid adına kolxozda işlədiyini təsdiq edərək özünə məxsus olan əmək kitabçısını məhkəməyə təqdim etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1964-cü il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində doğulmuşdur. Biləsuvar Rayon Dövlət Arxivi tərəfindən verilmiş 31 avqust 2023-cü il tarixli, 3-48- 10RA/2-231-2023 saylı arayışdan görünür ki, İddiaçı 1978-1982-ci illərdə Puşkin rayonu Telman adına kolxozda və 1995, 1996, 1998-ci illərdə Biləsuvar rayon Hüseyn Cavid adına kolxozda işləmişdir. Həmin sənəddə Hüsey Cavid adına kolxozun 1990-1994-cü illərə aid arxiv sənədləri Biləsuvar rayon Dövlət Arxivinə verilməmişdir. X4 ******* nömrəli əmək kitabçasına əsasən 1991-1995-ci illərdə Biləsuvar rayon H.Cavid adına kolxozda baytar-feldşer və kolxoz üzvü vəsifəsində işləmişdir. X1 əmək kitabçasına əsasən 1990-1996-cı illərdə Biləsuvar rayon H.Cavid adına kolxozda inşaat briqadiri vəzifəsində işləmişdir. Azərbaycan Respublikası FHN DYMX-nin Biləsuvar rayon Dövlət yanğından mühafizə hissəsi tərəfindən verilmiş 3-18-168/2-Q-1-42/2024 nömrəli arayışa əsasən xx.xx.1995-ci il tarixdə rayonun Hüseyn Cavid adına kolxozun inzibati idarə binasında yanğın baş vermişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; 307.1 və 307.2.1-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının: 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir; 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, İddiaçı 1990-1994-cü illərdə Biləsuvar rayonu H.Cavid adına kolxozda işləmişdir. Məhkəmə hesab edir ki, İddiaçı 1990-1994-cü illərdə Biləsuvar rayonu H.Cavid adına kolxozda işləməsini təsdiq edən sənədləri almaq imkanı yoxdur. Belə ki, ərizəçi tərəfindən məhkəməyə təqdim edilən sənədlər əsasında müəyyən edilmişdir ki 1995-ci il tarixdə H.Cavid adına kolxozda baş verən yanğın nəticəsində hazırda İddiaçı həmin dövrdəki əmək fəaliyyəti ilə bağlı sənədlərin əldə olunması və bərpası mümkün deyil. Həmçinin iclasda şahid qismində iştirak edən iki şəxsin verdiyi izahat və məhkəməyə təqdim etdikləri əmək kitabçaları faktın təsdiq olunması üçün mötəbər sübutlar kimi məhkəmə tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının Plenum qərarının 1.1-ci bəndinə istinadən məhkəmə hesab edir ki. ərizəçi İddiaçı 1990-1994-cü illərdə Biləsuvar rayonu H.Cavid adına kolxozda işləməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, tirilmiş sənədlərin bərpasının mümkün olmaması, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmaması və hüquq haqqında mübahisə olmaması səbəblərindən həmin fakt məhkəmə tərəfindən müəyyən olunmaqla ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı 1990, 1991, 1992, 1993, 1994-cü illərdə Biləsuvar rayonunda fəaliyyət göstərmiş H.Cavid adına kolxozda işləməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-745/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-745/2024
14.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver