Məhkəmə qərarları › İş №2(022)-79/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-79/2024

11.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-79/2024 11.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi İddiaçı və onun nümayəndəsi vəkil X4, Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh X5 qarşı birgəyaşayış dövründə tikilmiş yaşayış evinə, naves və santexniki qurğulara çəkilmiş xərclərin ödənilməsi tələbinə dair iddiasına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Biləsuvar şəhər H.Əliyev prospekti, Biləsuvar-Bəhrəmtəpə yolunun sağ hissəsində, bələdiyyə tərəfindən onlara satılmış 0,06 hektar həyətyanı torpaq sahəsində payının müəyyən edilməklə, həmin həyətdə cavabdehlə birgəyaşayış illərində tikdiyi birmərtəbəli yaşayış evi, naves və santexniki qurğulara çəkilmiş 33.425 (otuz üç min dörd yüz iyirmi beş) manat məbləğində xərcin yarı dəyəri olan 16.712 (on altı min yeddi yüz on iki) manat pulun cavabdehdən alnıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək bildirmişdir ki, Biləsuvar şəhəri, H.Əliyev prospekti, Biləsuvar Bəhrəmtəpə yolunun sağ hissəsində, bələdiyyə tərəfindən onlara satılmış 0,06 hektar həyətyanı torpaq sahəsində Cavabdeh ilə birgəyaşayış illərində tikdiyi birmərtəbəli yaşayış evi, naves və santexnik qurğularına çəkdikləri xərc 33.425 manat qiymətləndirilməklə onun payı olan 16.712 manat pulun və hüquqi yardıma görə vəkilə ödədiyi 200 manat pul vəsaitinin cavabdehdən alınıb ona verilməsinə dair iddia qaldırmışdır.Cavabdehlə 2003-cü ildə faktiki nikah münasibətinə girməklə evlənmişlər. Rəsmi nikahları isə 2004-cü ildə qeydə alınmışdır. 2021-ci ilin mart ayına kimi ər-arvad kimi birgə yaşamaqla təsərrüfatı birgə idarə etmişlər.2005-cı ildə Biləsuvar şəhəri, H.Əliyev prospekti, Biləsuvar Bəhrəmtəpə yolunun sağ hissəsində Biləsuvar bələdiyyəsindən 0,06 hektar həyətyanı torpaq sahəsi almışlar. 2005-ci ildə evlərinin fundament betonunu tökmüşlər. Maddi vəziyyətləri yaxşı olmadığından bır müddət evin tikintisini dayandırmışlar və Bakıda yaşamışlar. 2009-cu ildə Biləsuvar şəhərində həyətyanı torpaqlarında fəhlə briqadası tutub evlərinin tikintisi üçün çiy kərpic kəsdirmişlər. Kərpiclər quruduqdan sonra evlərinin döşəməyə qədər hissəsini mişar daşı almaqla tikmişlər. Döşəmədən yuxarı isə ciy kərpicdən tikilmişdir. 2009- cu ildə evlərinin 1 otaq, koridor və mətbəxini yaşamaq üçün hazır vəziyyətə gətirərək orada yaşamağa başlamışlar. Həmin evdə övladlarına kiçik toy mərasimi də keşirmişdir. 2015-ci ilə kimi 3 otaq, bir zal, koridor və mətbəx yaşayış üçün tam yararlı vəziyyətə gətirilmişdir. Komfort təmir etdirə bilməmişlər. Həyətin çəpərini mişar daşından hördürmüşlər. Dəmir darvaza qoydurmuşlar. Həyətdə mişar daşından hamam, tualet, su hovuzu tikmişlər. Bundan başqa həyətdə mişar daşı və çiy kərpicdən təsərrüfat damı tikmişlər.2021-ci ildə cavabdehlə münasibətləri pozulduğundan Biləsuvar rayon məhkəməsinin 2(022)-454/2021 saylı 10 mart 2021-ci il tarixli qətnaməsi ilə boşanmışlar. Həmin tarixdən bir müddət sonra o, həmin evdə yaşamır. Odur ki, Biləsuvar şəhəri, H.Əliyev prospekti, Biləsuvar Bəhrəmtəpə yolunun sağ hissəsində, bələdiyyə tərəfindən onlara satılmış 0,06 hektar həyətyanı torpaq sahəsində cavabdehlə birgəyaşayış illərində tikdikləri birmərtəbəli yaşayış evi, naves və santexnik qurğularına çəkdikləri xərcin 33.425 manat məbləğində qiymətləndirilməklə, onun payı olan 16.712 manat pulun və hüquqi yardıma görə vəkilə ödədiyi 200 manat pul vəsaitinin Cavabdeh alnaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi vəkil X8 da iddiaçı ilə eyni məzmunda ifadə verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında göstərmişdir ki, İddiaçı ilə 2004-cü il tarixdə nikaha girməklə evlənmişlər.2005-ci il tarixdə o, RF-nin Tümen vilayətinin Nijni-Vortovski şəhərinə işləməyə getmişdir.2005-ci ilin sonunda Azərbaycana gəlmişlər.2005-ci ildə bələdiyyə ilə alqı-satqı müqaviləsi bağlayaraq, 0,06 ha torpaq sahəsi almışdır. 2007-ci il tarixdə həmin torpaqda yaşayış evinin bünövrəsini tökmüşlər. 2009-cu ildə həmin evin divarını hörmüşlər. Ev həmin vəziyətdə qalmışdır.Daha sonra evin pəncərələrini salmışlar.Sonra pulu olmadığı üçün evin tikintisini dayandırmışdır.Sonra evin bir otağını düzəldib orada yaşamışlar.Daha sonra RF-na getmişdir. 2018-ci ildən 2021-ci ilə kimi RF-da olarkən nikahları məhkəmə tərəfindən pozulmuşdur. 2021-ci ildə nikah pozulduqdan sonra evin tavanını vurmuşdur. Odur ki, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin 2(022)-45/2021 saylı 10 mart 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan 24 may 2004-cü il tarixdə Biləsuvar RİHB-nın Biləsuvar rayonu İsmətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 18 nömrə ilə qeydy alınmış nikah pozulmuşdur. İş materiallarında olan Biləsuvar Bələdiyyəsinin 28 sentyabr 2005-ci il tarixli 13 saylı iclas protokolndan Çıxarışdan görünür ki, Cavabdeh fərdi yaşayış evinin tikintisi üçün Biləsuvar-Bəhrəmtəpə yolunun sağ hissəsində yerləşən perspektiv inkişaf üçün ayrılmış ərazidən alqı-satqı yolu ilə 0,06 ha həyətyanı topaq sahəsinin mülkiyyətinə verilməsi qərara alınmışdır. İş materiallarında olan torpağın alqı-satqısına dair 04 sentyabr 2005-ci il tarixli aktdan görünür ki, Biləsuvar Bələdiyyəsinin 28 sentyabr 2005-ci il tarixli 13 saylı iclas qərarına əsasən Cavabdeh bələdiyyə ərazisindən 0,06 ha torpaq sahəsi satılmışdır. İş materiallarında olan ilkin mediasiya sessiyasının MŞL/MT014/2023-00523 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X6 ilkin mediasiya sessiaysının saatı və yeri barəsində əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır. Lakin, o, ilkin mediasiya sessiaysında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Belə ki, iş materiallarında olan əmlakın qiymətləndirilməsi barədə "xxxx" MMC-nin rəyində Cavabdeh məxsus birmərtəbəli yaşayış evinin ümumi dəyəri 39296.0 manat qiymətləndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1 və 2-ci hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarında göstərilmişdir: «Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Biləsuvar Bələdiyyəsinin 28 sentyabr 2005-ci il tarixli 13 saylı iclas qərarına və torpağın alqı-satqısına dair 04 sentyabr 2005-ci il tarixli akta əsasən Cavabdeh fərdi yaşayış evinin tikintisi üçün Biləsuvar-Bəhrəmtəpə yolunun sağ hissəsində yerləşən perspektiv inkişaf üçün ayrılmış ərazidən alqı-satqı yolu ilə 0,06 ha həyətyanı topaq sahəsi satılmışdır. Həmin torpaq sahəsində Əskərov X3 Günel Məcid qızı ilə rəsmi nikahda olduqları dövrdə ər-arvadın vəsaiti hesabına yaşayış evi inşa etməklə həmin evdə 2021-ci il tarixədək yaşamış və ümumi təsərrüfat aparmışlar. Lakin həmin torpaq sahəsi və onun üzərində inşa edilmiş yaşayış evi daşınmaz əmlakın dövlət reyesrində qeydə alınmasa da, daşınmaz əmlak üzərində Cavabdeh gözlənilən mülkiyyət hüququnu ehtiva edir. Ona görə də həmin torpaq sahəsində Cavabdeh ilə İddiaçı rəsmi nikahda olduqları dövrdə yaşayış evinin onların birgə vəsati hesabına tikilməsi qənaətinə gəlməyə əsas verir. Hazırda iddiaçının mübahisə olunan evdə yaşamaması, ona görə də həmin yaşayış evinə və digər tikililərə çəkilmiş xərclərin yarısını tələb etməkdə haqlı olduğunu göstərir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2024-cü il tarixli 3-16-16/2-10/1321 saylı ekspert rəyində rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Biləsuvar şəhəri, Heydər Əliyev prospekti, Biləsuvar-Bəhrəmtəpə yolunun sağ hissəsində, bələdiyyə tərəfindən Cavabdeh satılmış 0,06 hektar həyətyanı torpaq sahəsində inşa edilmiş birmərtəbəli yaşayış evi, naves və santexnik qurğularınin 2021-ci il tarixə tikinti materiallarının orta bazar qiyməti nəzərə alınmaqla təmir-tikintisinə sərf olunmuş ümumi xərclərin dəyərini müəyyən etmək mümkün olmadığı, Biləsuvar şəhəri, Heydər Əliyev prospekti, Biləsuvar-Bəhrəmtəpə yolunun sağ hissəsində, bələdiyyə tərəfindən X1 0,06 hektar həyətyanı torpaq sahəsində inşa edilmiş birmərtəbəli yaşayış evi, naves və santexnik qurğularında yerinə yetirilmiş tikinti-təmir işlərinin mövcud bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 29736,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə iş materiallarında olan sübutlara yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə əsasən hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli, Biləsuvar şəhəri, H.Əliyev prospekti, Biləsuvar-Bəhrəmtəpə yolunun sağ hissəsində, bələdiyyə tərəfindən Cavabdeh satılmış 0,06 hektar həyətyanı torpaq sahəsində tikilmiş birmərtəbəli yaşayış evi, naves və santexnik qurğularına çəkilmiş 29736,0 (iyirmi doqquz min yeddi yüz otuz altı) manat məbləğində xərcin yarısı, yəni 14.868 (on dörd min səkkiz yüz altmış səkkiz) manat pul Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə belə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş 191 manat məbləğdə dövlət rüsumunun 100 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Biləsuvar şəhəri, H.Əliyev prospekti, Biləsuvar-Bəhrəmtəpə yolunun sağ hissəsində, bələdiyyə tərəfindən Cavabdeh satılmış 0,06 hektar həyətyanı torpaq sahəsində tikilmiş birmərtəbəli yaşayış evi, naves və santexnik qurğularına çəkilmiş 29736,0 (iyirmi doqquz min yeddi yüz otuz altı) manat məbləğində xərcin yarısı, yəni 14.868 (on dörd min səkkiz yüz altmış səkkiz) manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddiaçı X7 tərəfindən ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 100 (yüz) manat, vəkilin hüquqi xidmətinə görə ödənilmiş 100 (yüz) manat Cavabdeh tutularaq X2 xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar