Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-929/2024 10.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmrin ləğv edilməsi" tələbinə dair iddiası üzrə mülki işə Biləsuvar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı fiziki şəxs Cavabdeh məxsus "Aran” marketdə adminstrator-inzibatçı vəzifəsində işləyib. Cavabdeh 27 may 2024-cü il tarixli əmri ilə iddiaçını Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmişdir. Cavabdeh 27 may 2024-cü il tarixli əmrində iddiaçının işdən azad edilməsinə əsas olaraq işəgötürənə maddi ziyan vurmaqla öz əmək vəzifələrini kobud pozaraq, işəgötürənə məxsus cəmi 55311.80 manat məbləğində ərzaq və qeyri-ərzaq mallarını mənimsədiyini göstərmişdir. İddiaçı hesab edir ki, onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinə dair 27 may 2024-cü il tarixli əmr qanunsuzdur. Belə ki, iddiaçı işəgötürənə məxsus ərzaq və yaxud da qeyri-ərzaq məhsullarını mənimsəməmişdir. Marketdə müşahidə kameralarının çəkilişlərinə nəzarət edən işçilər və mühafizə xidməti vardır. Necə ola bilər ki, iddiaçı 13 yanvar 2023 - 12 aprel 2024-cü illərdə nə az, nə çox düz 55311 manat 80 qəpik dəyərində ərzaq və qeyri-ərzaq məhsullarini mənimsəsin amma bu marketdə işləyən onlarla işçinin gözündən yayınsın. İnsanın gözündən nəyisə yayındırmaq olsa da kamera görüntülərindən yayınmaq mümkün deyil. Maraqlıdır ki, işəgötürən iddiaçıdan başqa da bir işçini eyni məbləğdə mənimsəmədə ittiham edir. Cavabdehin 27 may 2024-cü il tarixli 271 sayı əmrindən çıxarışdan görünür ki, əmrin verilməsinə əsas Azərbaycan Respublikasınin Əmək Məcəlləsi olmuşdur. Halbuki belə bir əmrin verilməsi üçün izahatların alınması, üzləşmə aktlarının mövcudluğu, maliyyə arayışı və sair səndələr əmrə əlavə olunmalı idi ki, maddi ziyanın mövcudluğuna dair dəlillər olsun. Qeyd edilənlər onu göstərir ki, iddiaçı işdən qanunsuz çıxarılmışdır və onun əmək hüquqları pozulmuşdur. Ədalətin bərpa edilməsi üçün isə əmrin ləğv edilməsi və iddiaçının işə bərpa olunmasına dair məhkəmə qətnaməsinin çıxarılması xahiş edilmişdir. İddiaçının tələbi: Cavabdeh tərəfindən imzalanmış 27 may 2024-cü il tarixli 271 sayı əmrinin ləğv edilməsi, iddiaçının "Aran” marketdə adminstrator-inzibatçı vəzifəsinə işə bərpa olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmənin 10 oktyabr 2024-cü il tarixli baxış iclasında İddiaçı iddia tələbini dəqiqləşdirərək məhkəmədən yalnız 27 may 2024-cü il tarixli 271 sayı əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin yazılı etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmənin 05 avqust 2024-cü il tarixli hazırlıq iclasında iddianı qəbul etmədiyini bildirmişdir. Həmçinin, Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 10 oktyabr 2024-cü il tarixli vəsatətə əsasən məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, işəgötürənə maddi ziyan vurulması ilə əlaqədar zərərin həcminin müəyyən edilməsi üçün ekspertizanın keçirilməsi zəruridir. Biləsuvar Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli qərardadı ilə ekspertizanın təyin edilməsi barədə vəsatət məhkəmənin hazırlıq iclasında nəzərdə tutulduğu halda, cavabdeh tərəfindən işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdıqdan sonra müvafiq vəsatətlə məhkəməyə müraciət edilməsi əsası ilə təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Əmək kitabçasının surətinə əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 27 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh tərəfindən imzalanmış 27 may 2024-cü il tarixli 271 nömrəli əmrə əsasən İddiaçı – “Aran” marketdə adminstrator-inzibatçı vəzifəsində işlədiyi dövrdə maddi məsul şəxs olaraq öz təqsirli hərəkətləri ilə işəgötürənə maddi zərər vurmaqla öz əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Belə ki, o, 13 noyabr 2023-cü il tarixdən 12 aprel 2024-cü il tarixinə kimi göstərilən vəzifədə işlədiyi dövr ərzində işəgötürənə məxsus 55311.80 manat məbləğində ərzaq və qeyri-ərzaq mallarını mənimsəmişdir. Göstərilənlərə əsasən 27 may 2024-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Lənkəran 1 saylı Mediasiya Təşkilatının 02 iyul 2024-cü il tarixli MŞL/MT014/2024- 00891 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışına əsasən, İddiaçı Cavabdeh qarşı əmək mübahisəsi ilə bağlı tələbinə dair 02 iyul 2024-cü il tarixdə saat 12:00-da nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh tərəf iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Şirvan-Salyan regional şöbəsinin 07 avqust 2024-cü il tarixli məktubundan görünür ki, araşdırma zamanı toplanmış yazılı izahatlarda İddiaçı əmək müqaviləsinə fiziki şəxs Cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq xitam verildiyi, işəgötürən tərəfindən son haqq-hesabın ödənilmədiyi göstərilmişdir. Tərəflərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən İddiaçılə fiziki şəxs Cavabdeh arasında 02 sentyabr 2020-ci il tarixində əmək müqaviləsinin bağlandığı, həmin əmək müqaviləsinə 27 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildildiyi məlum olmuşdur. 2021-ci il 03 iyul tarixdə fiziki şəxs Cavabdeh ilə İddiaçı arasında "Tam maddi məsuliyyət haqqında fərdi müqavilə” bağlanılmışdır. Bununla yanaşı, əmək haqqı üzrə bank çıxarışına əsasən işdən çıxan gün (xx.xx.2024-cü il) İddiaçı son haqq-hesabın ödənilməməsi halı aşkar edilmisdir. Sözügedən hüquq pozuntularına yol verməklə, fiziki səxs Cavabdeh Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 192.4-cü (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) və 192.6-cl maddələrində (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Bu səbəbdən, fiziki şəxs Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4.-cü və 192.6-cı maddələrinə əsasən 12 iyul 2024-cü il tarixli inzibati xəta haqqinda protokol tərtib edilmiş, inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; 125-ci maddəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-ci maddəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın: 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; 71-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun;
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; 84-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 186-cı maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.3-ü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 05 iyul 2011-ci il tarixli Qərarı: “Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, əmrin ləğv edilməsi tələblərinin qanuni əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında əmək müqaviləsinə əsaslanan əmək münasibətləri mövcud olmuş və həmin münasibətlərə 27 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən cavabdehin 271 nömrəli əmri ilə xitam verilmişdir. Hazırda iddiaçı sözügedən əmrin ləğv edilməsini xahiş edir və iddiasını işlədiyi müddətdə üzərinə düşən əmək funksiyalarını vicdanla yerinə yetirməsi, cavabdeh tərəfindən sözügedən əmrin verilməsinə əsas verən hər hansı halın (əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinin) baş verməməsini göstərmişdir. Cavabdehin nümayəndəsi isə iddiaya etiraz edərək, İddiaçı “Aran” marketdə adminstrator-inzibatçı vəzifəsində işlədiyi dövrdə maddi məsul şəxs olaraq öz təqsirli hərəkətləri ilə işəgötürənə maddi zərər vurmaqla öz əmək vəzifələrini kobud şəkildə pozmasını, 13 noyabr 2023-cü il tarixdən 12 aprel 2024-cü il tarixinə kimi göstərilən vəzifədə işlədiyi dövr ərzində işəgötürənə məxsus cəmi 55311.80 manat məbləğində ərzaq və qeyri-ərzaq mallarını mənimsəməsini göstərərək iddianın rədd olunmasını xahiş edir. Məhkəmə araşdırması zamanı İddiaçı onun barəsində verilmiş əmrin qanunsuz olduğunu qeyd etmiş, belə bir əmrin verilməsi üçün izahatların alınması, üzləşmə aktlarının mövcudluğu, maliyyə arayışı və sair sənədlərin əmrə əlavə olunmadığını, ümumiyyətlə adıçəkilən sənədlərin tərtibi üçün heç bir tədbir görülmədiyini, işdən qanunsuz çıxarıldığını və onun əmək hüquqlarının pozulmasına yol verilərək işçi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyini bildirmişdir. İddiaçı tərəfindən irəli sürülmüş bu dəlilə münasibətdə cavabdeh tərəf heç bir sübut təqdim etməyərək, hazırda mənimsəmə faktının müəyyən edilməsi ilə bağlı Biləsuvar Rayon Prokurorluğuna müraciət olunduğunu və araşdırmanın davam etdiyini göstərmişdir. Biləsuvar Rayon Prokurorluğunda aparılan araşdırmaya münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25 mart 2004-cü il tarixli Qərarına əsasən: ibtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının audit yoxlaması nəticəsində əmək funksiyalarının icrası ilə əlaqədar pozuntulara yol verməsinin müəyyən olunmasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməsinin müəyyən edilməsi üçün, ilk olaraq işəgötürənin həmin intizam tənbeh tədbirini tətbiq edərkən özünün Əmək Məcəlləsinin tələblərinə riayət edibetməməsi araşdırılmalıdır. Mübahisəsizdir ki, əmək münasibətlərinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi özü-özlüyündə işçi üçün ağır məhrumiyyətlərə səbəb olur. Belə ki, bunun nəticəsində o, işini, ümid etdiyi gəliri itirir. Bu tədbirin isə Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi əsası ilə tətbiq edilməsi işçiyə ən ağır məhrumiyyətlər yaradır, o, gələcəkdə başqa iş tapmaqda da çətinlik çəkir. Bu səbəbdən tətbiq olunan maddi hüquq normasının işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması hazırki halda xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan məhkəmə qeyd edir ki, həmin tənbehin tətbiqinin qanunauyğunluğunun yoxlanılması daha geniş hüquqi araşdırma tələb edir. Məhkəmə işçinin işdən azad edilməsi zamanı işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün kifayət qədər əsaslar mövcud olmamışdır. İşəgötürən əmək qanunvericiliyinə riayət etməməklə, həmçinin işçi tərəfindən yol verilmiş intizam pozuntusunu müəyyən edilmiş əsaslar çərçivəsində qiymətləndirməməklə əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. Belə ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Göründüyü kimi əmək qanunvericiliyində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinin şərtləri müəyyən olunmuşdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilmiş 13 noyabr 2023-cü il tarixdən 12 aprel 2024-cü il tarixinə kimi iddiaçının göstərilən vəzifədə işlədiyi dövr ərzində işəgötürənə məxsus 55311.80 manat məbləğində ərzaq və qeyri-ərzaq mallarınının mənimsəməsi və bunun nəticəsində işəgötürənə hər hansı formada ziyan dəyməsi sübutlarla təsdiq olunmur. Cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsini yalnız maddi ziyanın vurulması ilə əlaqələndirmişdir ki, bununla bağlı məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi iki hissədən (1. işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və 2. bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması) ibarət olmaqla bir birindən “yaxud” bağlayıcısı ilə ayrılır. Cavabdehin işçinin yol verdiyi pozuntular nəticəsində müəssisəyə maddi ziyan vurması dəlili bunun üçün kifayət qədər əsaslar olduğu və tətbiqinə əmək qanunvericiliyinin imperativ tələbləri baxımından yol verildiyi təqdirdə 70-ci maddənin “ç” bəndinin ikinci hissəsi ilə, yəni bu Məcəllənin 72-ci maddəsində sadalanan (təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) hallarda əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə həmin maddənin tətbiqi üçün əsas ola bilərdi ki, hazırkı halda əmək qanunvericiliyinin aşağıda göstərilən tələblərinin işəgötürən tərəfindən pozulması həmin hissənin də iddiaçıya münasibətdə tətbiqini istisna edir. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən iddiaçının vurduğu zərərin məhz onun tərəfindən törədilməsinin sübut edilməməsi cavabdehin qanunvericiliyin qeyd olunan tələblərinə əməl etməyərək qanunsuz olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi ilə xitam verilməsi ilə nəticələnmişdir. Belə ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair 2024-cü il 27 may tarixli 271 saylı əmrdən çıxarışda "İddiaçı tərəfindən 13 noyabr 2023-cü il tarixdən 12 aprel 2024-cü il tarixinədək olan dövrdə mənimsəmə edilərək mülkiyyətçiyə maddi ziyan vurulduğu” göstərilmiş və bu hal əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsinə səbəb olmuş hallar, hüquqi faktlar işəgötürən Cavabdeh tərəfindən hər hansı yetərli sübutla əsaslandırılmamışdır. Belə ki, işlədiyi dövrdə İddiaçılə tam maddi məsuliyyət müqaviləsi bağlanılsa da, İddiaçı vəzifə öhdəliklərindən irəli gələn intizam hüquqpozmasını, habelə işəgötürənin qanunla qorunan mənafelərinə ziyan vurmuş olduğunu müəyyən etməyə əsas verən hər hansi sənəd (sübut) məhkəməyə təqdim edilməmiş, İddiaçı təqsirli olması sübuta yetirilməmişdir. Həmçinin, intizam pozuntusu aşkara çıxarıldığı gündən (xx.xx.2024) yəni 15 aprel 2024-cü il tarixdən bir aydan artıq vaxt keçdikdən sonra İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən "İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir". Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi haqqında Cavabdeh imzaladığı 27 may 2024-cü il tarixli, 271 nömrəli əmri ləğv edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun: 9.1.2-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün qiymətləndirilməyən iddialar üçün nəzərdə tutulmuş 100 manat məbləğində dövlət rüsumu tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında Cavabdeh 27 may 2024-cü il tarixli, 271 nömrəli əmri ləğv edilsin. Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM: Mədinə Rəsulova