Məhkəmə qərarları › İş №2(022)-96/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-96/2025

27.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-96/2025 27.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mitzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsində çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, **********71 reyester nömrəli və **********70 reyester nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarışla mülkiyyətlərində olan torpaq sahəsinin sərhəd mərzləri müəyyən edilməklə, cavabdehin mülkiyyətlərində olan torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq islahatı keçirilən zaman iddiaçıya ailəsi ilə birlikdə ümumi birgə mülkiyyətlərinə Biləsuvar rayonu Ağalıkənd kəndinin ərazisində 1.320836 ha və 0.525372 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Onlar uzun illərdir ki, həmin torpaq sahəsini əkib becərirlər. Artıq bir müddətdir ki, mülkiyyətlərində olan torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən zəbt edilərək onun istifadəsindədir. Əslində daha əvvəllər də onlar oxşar problemi yaşamışlar və həmin mübahisə məhkəmə predmeti olmuşdur. Həmin vaxt da cavabdeh onlara məxsus ərazidən məhkəmə qərarı əsasında çıxarılmışdır. Artıq bir müddətdir ki, cavabdeh yenidən onlara məxsus torpağı zəbt etmişdir. Cavabdeh onların xəbəri olmadan torpaq sahələri arasında sərhəddi müəyyən edən kanal da daxil olmaqla, torpaq sahəsini şumlayaraq torpaqlarını zəbt etmişdir. Bu mübahisənin sülh yolu ilə həll edilməsi üçün cavabdehlə söhbətlər aparmış və mübahisəni həll etməyə çalışmışlar. Lakin cavabdehlə hər hansı razılığa gəlmək mümkün olmamışdır. Onlar dəfələrlə DƏDRX-nə ödənişlər həyata keçirərək, torpaq sahəsinin mərzlərinin və sərhədlərinin göstərilməsinə dair müraciətlər etsələr də, cavabdehin müdaxiləsi üzündən onların torpaq sahəsinin mərzləri onlara göstərilməmişdir. Kənd icra nümayəndəliyi və kənd bələdiyyəsi də bu problemi həll edə bilməyəcəklərini bildirmişlər. Hazırda onlar hüquqlarının dövlət tərəfindən qeydə alınmasına baxmayaraq mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər. Cavabdehin onlara məxsus torpaq sahəsini zəbt etməsi nəticəsində onlar mülkiyyət hüququnu həyata keçirə bilmir, mülkiyyətində olan torpaq sahəsini əkib becərə bilmir, nəticədə oradan əldə ediləcək gəlirlərdən məhrum olmuşlar. Səbəb isə cavabdehin həmin ərazinin bir qismini zəbt etməsidir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 izahatında iddia tələbini müdafiə etdiyini, təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İddiaçı da daxil olmaqla X1 ailə üzvləri ilə birlikdə Biləsuvar rayonu Ağalıkənd kəndi ərazisində kənd təsərrüfatı təyinatlı 1.320836 ha torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi **********71) verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İddiaçı da daxil olmaqla X1 ailə üzvləri ilə birlikdə Biləsuvar rayonu Ağalıkənd kəndi ərazisində kənd təsərrüfatı təyinatlı 0.525372 ha torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi **********70) verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından (JN-597 KOD ********) görünür ki, Cavabdeh Qubanxan oğlu da daxil olmaqla X4 və onun ailə üzvlərinə Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 27 dekabr tarixli qərarına əsasən Biləsuvar rayonu Ağalıkənd kəndi ərazisində 3,83 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş 12 oktyabr 2007-ci il tarixli 47 saylı bələdiyyə torpaqlarının icarəyə verilməsinə dair müqavilədən görünür ki, Ağalıkənd bələdiyyəsinin 12 oktyabr 2007-ci il tarixli 26 saylı qərarına əsasən Biləsuvar rayonunun Ağalıkənd kəndində Cavabdeh Qubanxan oğluna 1,02 hektar torpaq sahəsi müvəqqəti istifadə üçün icarəsinə verilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2003-cü il tarixli 2 nömrəli qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququna əsasən əldə edə bilərlər. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ digər əmlaklar üzərində olduğu kimi onların mütləq və müstəsna xarakter daşıyan sahiblik, istifadə və sərəncam səlahiyyətlərini nəzərdə tutur». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına əsasən Azırbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2025-ci il tarixli 10/2120 saylı ekspert rəyində: «İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1654/2025 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında **********71 və **********70 reyestr nömrəli Çıxarışlara əsasən İddiaçı və digər ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 1,320836 ha, 0.525372 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşmə vəziyyəti müəyyən edilmişdir (mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir). İqtisadiyyat Nazirliyi yanırıda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1654/2025 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında 597 nömrə ilə Cavabdeh Qubanxan oğluna və digər ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 3,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşmə vəziyyəti müəyyən edilmişdir, (mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir). Ağalıkənd bələdiyyəsinin 12 oktyabr 2007-ci il tarixli 26 saylı qərarına əsasən Biləsuvar rayonunun Ağalıkənd kəndində Cavabdeh Qubanxan oğlunun icarəsinə verilmiş 1,02 ha torpaq sahəsinin məkan göstəricilərini əks etdirən (koordinatları) "Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması səbəbindən həmin torpaq sahəsinin sənəd üzrə yerini təyin etmək mümkün olmamışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci ii tarixli, 3-21-3-44/2-1654/2025 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında **********71 və **********70 reyestr nömrəli Çıxarışlara əsasən İddiaçı və digər ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 1,320836 ha, 0.525372 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 597 nömrə ilə Cavabdeh Qubanxan oğluna və digər ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 3,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə sənəd üzrə üstüstə düşmədiyi müəyyən edilmişdir. Ağalıkənd bələdiyyəsinin 12 oktyabr 2007- ci il tarixli 26 saylı qərarına əsasən Biləsuvar rayonunun Ağalıkənd kəndində Cavabdeh Qubanxan oğlunun icarəsinə verilmiş 1,02 ha torpaq sahəsinin məkan göstəricilərini əks etdirən (koordinatları) "torpaq sahəsinin planı və ölçüsü sənədinin olmaması səbəbindən İddiaçıların mülkiyyətinə verilmiş torpaq sahələri ilə müqayisəli tərzdə cavablandırmaq mümkün olmamışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21 -3-44/2-1654/2025 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında **********71 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı və digər ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 1,320836 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.7803 ha hissəsinin Cavabdeh faktiki istifadə kimi plana alınmış 6,3745 ha toroaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmin torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri, döngə nəqtələrinin kordinantları mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir». İş materiallarında olan ekspert rəyindən görünür ki, **********71 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı və digər ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 1,320836 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,7803 ha hissəsi Cavabdeh Qubanxan oğiunun faktiki istifadə kimi plana alınmış 6,3745 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə işin müyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğuna görə qismən təmin edilməli, iş materiallarında olan torpaq sahəsinin yerquruluşu planında göstərilən İddiaçı və ailə üzvlərinin Biləsuvar rayonu Ağalıkənd kəndində ümumi birgə mülkiyyətlərinə verilmiş 1.320836 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,7803 ha hissəsindən Cavabdeh çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (daşınmaz əmlakın reyestr nömrəsi **********71) əsasən İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Biləsuvar rayonu Ağalıkənd kəndində yerləşən 1.320836 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,7803 ha hissəsindən Cavabdeh çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar