Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-97/2025 12.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, Rəhimli Azad Elşad oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 Laçı qızı, Cavabdeh2, X13, Cavabdeh4 və Cavabdeh5 qarşı “miras əmlaklardan payın müəyyən edilməsi tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçılar qeyd edirlər ki, Biləsuvar rayonu Bağbanlar kəndində yaşayırlar. X1 və X3 olmuşdur. X2 10 iyun 2023-cü ildə, anaları X3 isə 06 noyabr 2022-ci ildə vəfat etmişdir. Ata və anaları Biləsuvar rayon Bağbanlar kəndində yaşamışlar. Bağbanlar kəndində onların vəfatından sonra 2099,53 kvadratmetr həyətyanı torpaq sahəsi qalmışdır. Buna dair torpaq sahəsinin plan və ölçüsü vardır. Həmin həyətyanı torpaq sahəsi atalarına Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli qərarı ilə verilmişdir. Bundan başqa ata və anaları adına iddiaçılar ilə ümumi birgə mülkiyyətdə 4,3568 hektar pay torpaq sahələri vardır. Valideynlərinin vəfatından sonra atalarının adına olan həyətyanı torpaq sahəsi üçün və ata və analarının adına olan əkin torpaq sahəsi üçün vərəsəlik şəhadətnaməsi almaq üçün notariat kontoruna müraciət etsələr də, bu mümkün olmamışdır. Belə ki, cavabdeh olan digər vərəsələrlə mirasın bölüşdürülməsi ilə bağlı ixtilaf olduğunda notarius vərəsəlik şəhadətnaməsi verə bilməmiş və bununla bağlı imtina vermişdir. Hazırda olarının adına olan həyətyanı torpaq sahəsində və ata və analarının adına olan əkin torpaq sahəsindən miras əmlaklarını bölüşdürə bilmirlər. İddiaçının tələbi: İddiaçılar İddiaçı1, İddiaçı2 və Nuriyev X9 rayon Bağbanlar kəndində yerləşən mərhum ataları X6 məxsus olan A ******* saylı torpaq sahəsinin plan və ölçüsünə əsasən 2099,53 hektar həyətyanı torpaq sahəsindən və Biləsuvar rayon Bağbanlar kəndində yerləşən **********44 saylı çıxarışa əsasən ümumi birgə mülkiyyətlərində olan 4,3568 hektar pay torpaq sahəsindən paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Cavabdehin etirazı: Cavabdehlər Cavabdeh1 Laçı qızı, Cavabdeh2, X13, Cavabdeh4 və Cavabdeh5 tərəfindən iddiaçıların tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında çıxış edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 Laçı qızı, Cavabdeh2, X13, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Biləsuvar rayon notariat ofisinin 02 oktyabr 2024-cü il tarixli 888 nömrəli məktubundan görünür ki hazırkı mülki iş üzrə vərəsə olan tərəflərdən bir neçəsi mirasın qəbulu ilə bağlı ərizələr versələr də, sonda aralarında mirasın bölüşdürülməsi ilə bağlı ixtilaflar yaranmış, bu səbəbdən məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. “Daşınmaz Əmlakın Kadastrı və Reyistri” publik hüquqi şəxsinin 02 may 2023cü il tarixli **********44 nömrəli çıxarışından görünür ki, Biləsuvar rayonu Bağbanlar kəndində 4.3568 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, X4 xüsusi mülkiyyətindədir. Hüquqi sahiblər: X7, X3, Cavabdeh1, İddiaçı1, Cavabdeh2, İddiaçı3, X13, Cavabdeh4, İddiaçı2 və Cavabdeh5dur. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 02 may 2023cü il tarixli BN seriyalı 003779 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” barədə sənədə əsasən Biləsuvar rayonu Bağbanlar kəndində 4.3568 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 xüsusi mülkiyyətindədir. Biləsuvar rayon Aqrar İslahatı Komissiyasının X15 kitabında uçota alınmış A seriyalı ******* seriyalı sənəddən görünür ki, Komissiyanın 24 dekabr 1997-ci il tarixli 35 saylı qərarı ilə X5 adına Biləsuvar rayonu, Bağbanlar kəndində 2099.53 kvadratmetr ölçüdə həyətyanı torpaq sahəsi verilmişdir. AZ-İİ seriyalı 365162 nömrəli 21 iyun 2023-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 06 noyabr 2022-ci il tarixdə ölmüşdür. AZ-İİ seriyalı 279141 nömrəli 15 noyabr 2022-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 10 iyul 2023-cü il tarixdə ölmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər; 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür; 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarına əsasən: Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Qarşılıqlı razılıq əsasında mirasın bölgüsü ümumi qayda olmaqla vərəsələr arasında birgə sazişə uyğun notariat və ya məhkəmənin iştirakı olmadan miras əmlakın bölüşdürülməsidir. Miras əmlakın bölgüsü barədə vərəsələr arasında mübahisə olmadığı təqdirdə qarşılıqlı razılaşma əsasında miras bölgüsü həyata keçirilir. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Mülki Məcəllənin 1291-ci və Mülki Prosessual Məcəllənin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddiaçı tərəfin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, tərəflər arasında olan mübahisə üzrə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər mübahisə predmeti olan torpaq sahələrinin mülkiyyətçisi olan X4 övladları, yəni qanun üzrə birinci növbə vərəsələridirlər. Mülki iş materiallarından da göründüyü kimi, tərəflər arasında miras əmlakının bölüşdürülməsi zamanı fikir ayrılığı yaranmış, belə olan halda isə qanunvericiliyin tələbinə əsasən məhkəmə qaydasında mübahisənin həlli zəruri olmuşdur. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına əsaəsən sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Biləsuvar rayonu Bağbanlar kəndində 4.3568 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Biləsuvar rayonu, Bağbanlar kəndində 2099.53 kvadratmetr ölçüdə həyətyanı torpaq sahəsi tərəflərin atasının mülkiyyətindədir. Mülki iş üzrə tərəflərin atası X11 06 noyabr 2022-ci il tarixdə ölmüşdür. Mübahisə predmeti ilə bağlı vərəsə olan tərəflərdən bir neçəsi mirasın qəbulu ilə bağlı notariat orqanına ərizələr versələr də, sonda aralarında mirasın bölüşdürülməsi ilə bağlı ixtilaflar yaranmış, bu səbəbdən məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 02 may 2023-cü il tarixli, **********44 qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Biləsuvar rayonu, Bağbanlar kəndində yerləşən 4.3568 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və A ******* saylı torpaq sahəsinin planı və ölçüsünə əsasən Biləsuvar rayon Bağbanlar kəndində yerləşən 2099.53 kvadrat metr həyətyanı torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı1, 1/8 hissəsinə İddiaçı2, 1/8 hissəsinə İddiaçı3, 1/8 hissəsinə Cavabdeh1, 1/8 hissəsinə Cavabdeh2, 1/8 hissəsinə X8, 1/8 hissəsinə Cavabdeh4 və 1/8 hissəsinə Cavabdeh5 payları müəyyən edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu ilə bağlı tələb olmadığından məhkəmə hesab edir ki, həmin məbləğ iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. 02 may 2023-cü il tarixli, **********44 qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Biləsuvar rayonu, Bağbanlar kəndində yerləşən 4.3568 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və A ******* saylı torpaq sahəsinin planı və ölçüsünə əsasən Biləsuvar rayon Bağbanlar kəndində yerləşən 2099.53 kvadrat metr həyətyanı torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı1, 1/8 hissəsinə İddiaçı2, 1/8 hissəsinə İddiaçı3, 1/8 hissəsinə Cavabdeh1, 1/8 hissəsinə Cavabdeh2, 1/8 hissəsinə X8, 1/8 hissəsinə Cavabdeh4 və 1/8 hissəsinə Cavabdeh5 payları müəyyən edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-97/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-97/2025
12.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver