Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1015/2024 04.09.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 16 sentyabr 2018-ci il təvəllüdlü X5 və 19 sentyabr 2020-ci il təvəllüdlü X6 ilə cavabdehin yaşadığı (istifadə etdiyi) Qazax rayonu, Xanlıqlar kəndində yerləşən evə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh el adəti ilə 17 iyul 2017-ci il tarixdə evlənərək, 20 sentyabr 2018-ci il tarixdə 312 nömrə ilə Qazax Rayon Qeydiyyat Şöbəsində nikahlarını rəsmiləşdirmişlər. O, evlənən zaman Qazax rayonu Xanlıqlar kəndində yerləşən cavabdehin və ailə üzvlərinin yaşadıqları evə gəlin köçmüş və onu evdən çıxarmışlar. Birgə nikahlarından anadan olmuş 16 sentyabr 2018-ci il təvəllüdlü X5 və 19 sentyabr 2020-ci il təvəllüdlü X6 həmin evdə doğulmuşlar və onların da həmin evdə yaşayış hüquqları yaranmışdır.O, və övladları həmin evdə daimi pasport qeydiyyatındadırlar.Ancaq cavabdeh onların yaşayış hüquqlarını pozmuşdur.Hesab edir ki, o, və 16 sentyabr 2018-ci il təvəllüdlü X5 və 19 sentyabr 2020-ci il təvəllüdlü X6 cavabdehin yaşadığı (istifadə etdiyi) Qazax rayonu, Xanlıqlar kəndində yerləşən evə köçürülməlidirlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddianı qəbul etmədiyini, iddiaçının köçmək istədiyi fərdi yaşayış evi onun nənə babasından mərhum atasına, atasından isə anasına miras qalmışdır. İddiaçıya məxsusu hər hansı bir əşya əmlak həmin evdə yoxdur. O, özü həmin evdə yaşamır. Evləndiyi vaxtdan onun yaşayış sahəsi olmadığı üçün kirayədə yaşayır. Həmin vaxtdan da Rusiya Federasiyasında yaşayır. Qazax rayonu Xanlıqlar kəndindəki ev ilə heç bir əlaqəsi yoxdur. Sözü gedən ev onun istifadəsində və sərəncamında deyil. Qeyd olunanları nəzərə alaraq xahiş edir ki, o iddiaya cavab verməli şəxs olmadığından, heç bir subyektiv hüququ olmayan iddiaya dair mülki işin məhkəmə iclaslarını onun iştirakı olmadan keçirib iddianın təmin olunmaması barədə qətnamə qəbul edilsin. Məhkəmə, iş üzrə iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə doğulmuş X5 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə doğulmuş X6 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı xx.xx.2018-ci il tarixdə bağlanmış, bu barədə 312 saylı akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada isə İsmayılova soyadı verilmişdir. JN–562F KOD 50100078 nömrəli Torpağa mülkiyyətə verilməsinə dair Dövlət Aktının surətindən görünür ki, Qazax rayonu, Xanlıqlar kəndində yerləşən 0,21 hektar həyətyanı torpaq sahəsi X1, X2, X3, X4 və Cavabdeh mülkiyyətinə verilmişdir. Belə ki, iş materillarına əlavə olunmuş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh adına hər-hansı əmlakın olub-olmamasını aşkar etmək mümkün olmamışdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 20 sentyabr 2018-ci il tarixdə faktiki ailə münasibətləri qurmuş və cavabdehin ailəsi ilə birlikdə yaşadıqları Xanlıqlar kəndində yerləşən evə gəlin kimi köçərək orada yaşamışdır. Onların birgə yaşayışlarından 16 sentyabr 2018-ci il təvəllüdlü X5 və 19 sentyabr 2020-ci il təvəllüdlü X6 anadan olmuşdur. Tərəflər arasında ailə münasibətləri baş tutmadığından onlar ayrılmışlar və nikahları məhkəmənin qətnaməsi əsasında pozulmuşdur. Hazırda cavabdeh tərəfindən iddiaçıya uşaqları ilə birlikdə mübahisəli evdə yaşamasına maneçilik törədildiyindən, iddiaçı uşaqları ilə birlikdə həmin evdən istifadə hüququnun olmasına istinad edərək, qeyd olunan evə köçürülməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 noyabr 2018-ci il tarixli qərarında mənzilə köçürülmə tələbinə dair iddialara baxılması zamanı tətbiq edilməli olan normalarla bağlı hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. ... yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 66.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarına əsasən Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Göründüyü kimi AR Konstitusiya Məhkəməsinin Plenumu mənzil hüququnun əsası kimi aşağıdakı halların müəyyən edilməsini şərtləndirir: - Köçürülmənin tələb edildiyi yaşayış sahəsi mülki qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak hesab edilirmi? - Yaşayış sahəsi Mənzil Məcəlləsinin 12.1-12.3-cü maddələrinin tələblərinə cavab verirmi? - Mülki və mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq mənzil hüququ yaranmışdırmı? Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.3-cü maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 180.1 və 180.2-ci maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 16-cı maddəsinə əsasən yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Hazırkı iş üzrə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olduğu, heç bir hüquq müəyyənedici sənədi olmadığı və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən mülki dövriyyənin predmeti olmadığı mübahisəsiz olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci, Mənzil Məcəlləsinin 16-cı maddələrinə və AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu cür tikililər yaşayış sahəsi hesab edilmədiyindən həmin tikiliyə köçürülmə tələbi də təmin oluna bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, hətta mübahisəli evin hüquq müəyyənedici sənədləri olsa və cavabdeh evin mülkiyyətçisi olsa idi belə, iddiaçı onun ailə üzvü sayılmadığından, onun həmin evə köçürülməsi üçün hüquqi əsas olmayacaqdı. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1015/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1015/2024
04.09.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver