Məhkəmə qərarları › İş №2(023)-1099/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1099/2023

21.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1099/2023 21.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə, 21 sentyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan Qazax şəhəri, M.Hüseyn küçəsi 28 saylı evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qazax şəhəri, M.Hüseyn küçəsi 28 saylı ev xüsusi mülkiyyət hüquqlan əsasında ona məxsus olmaqla bu barədə xx.xx.2022-ci il tarixdə DƏDRX-dən çıxarış verimişdir. O, həmin evi müvəqqəti olaraq bacısı Təranəyə yaşamaq üçün vermişdir və bacısı ailəsi ilə birlikdə onun mülkiyyətimdə olan evdə müvəqqəti olaraq yaşayır. Hal-hazırda evinə köçüb yaşamaq istəsə də, cavabdehlər buna imkan vermirlər və evdən çıxmaq istəmirlər. Hazırda mübahisəli ev onun mülkiyyətində olsa da, həmin evdə yaşaya bilmir. Cavabdehlərə ailə üzvləri ilə birlikdə ona məxsus evin boşaldılmasını dəfələrlə təklif etsə də, cavabdehlər evi zəbt edərək çıxmaqdan imtina etmişlər. Cavabdehlər onun qanunla qorunan hüquqlarını pozaraq, mənzil hüquqlarını məhdudlaşdırırlar. O qanunla özünə məxsus mənzildən istifadə edə bilmir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, valideynlərinə məxsus olmuş fərdi yaşayış evini anası ona bağışlamışdır və o həmin evə dair xx.xx.2022-ci il tarixdə DƏDRX-dən çıxarış almışdır. O, həmin evi müvəqqəti olaraq bacısı Təranəyə yaşamaq üçün vermişdir. Hazırda evinə köçüb yaşamaq istəyir, lakin cavabdehlər evdən çıxmaqdan imtina edirlər. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ona məxsus fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında Cavabdeh1 iddianı qəbul etməmiş və göstərmişdir ki, qeyd olunan ev onların valideynlərinə məxsus olmuşdur. Hazırda onun evi tikilib başa çatmamışdır. Yaşamağa başqa yeri olmadığı üçün müvəqqəti olaraq orada yaşayır. Odur ki, iddianı əsassız hesab edərək təmin olumamasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və daşınmaz əmlak üzərində hüquq xx.xx.2022-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə 501-1/2637 inventar nömrə ilə İddiaçı adına qeydə alınmışdır. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, sözügedən ev mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İndiyə qədər cavabehlərlə mülkiyyətçi arasında sözügedən mənzildən istifadə hüququnun yaranması ilə bağlı heç bir razılaşma olmamışdır. Cavabdehlər bu günədək sözügedən mənzildə yaşamağa davam edir. İddiaçı bu səbəbdən mülkiyyət hüququ ilə ona məxsus ev üzərində olan mülkiyyət hüquqlarından istifadə edə bilməmişdir. Odur ki, iddiaçı mübahisəli yaşayış evinin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan həmin yaşayış evindən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehin iddiaçıya məxsus mənzildə olması iddiaçının mənzil üzərində mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə hansı bir hüququ mövcud olmayan cavabdehlərin həmin mənzildə yaşaması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılsın. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar