Məhkəmə qərarları › İş №2(023)-1153/2024

Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-1153/2024

17.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-1153/2024 17.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Mən, Qazax Rayon Məhkəməsinin hakimi Mansırov Elçin Faxrəddin oğlu, iddiaçı Qazax rayon Ağköynək-Qarapapaq bələdiyyəsinin Cavabdeh və maraqlı tərəf Əmlak Məsələləri Üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Tovuz Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin zəbtdən azad edilməsi və bələdiyyə fonduna qaytarılması tələbi»nə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Qazax rayon Ağköynək-Qarapapaq bələdiyyəsi Cavabdeh zəbt etdiyi 1.40 ha torpaq sahəsinin zəbtdən azad edilərək Qazax rayon Ağköynək-Qarapapaq bələdiyyəsi fonduna təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, Cavabdeh qarşı həmin şəxsin qeydiyyatda olduğu yer üzrə kommersiya məhkəməsində iddia qaldırmaq hüququ iddiaçı Qazax rayon Ağköynək-Qarapapaq bələdiyyəsinə izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 13-15-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, tərəflərdən biri Qazax rayon Ağköynək-Qarapapaq bələdiyyəsi hüquqi şəxsdir, Cavabdeh isə Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunan çıxarışdan görünür ki, fərdi sahibkardır. Həmçinin mübahisə predmeti olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir, təyinatı üzrə istifadəsində əsas məqsəd qazanc əldə etməkdir. Göründüyü kimi cavabdeh iddia tələbində göstərildiyi kimi torpaq sahəsini zəbt etdiyi təqdirdə əsas məqsədi həmin torpaq sahəsindən gəlir əldə etmək olmuşdur. Tərəflər arasında olan mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yarandığı məlum olmuşdur. Bundan başqa, iddiaçı Qazax rayon Ağköynək-Qarapapaq bələdiyyəsi hüquqi şəxs Cavabdeh (VÖEN **********) isə sahibkarlıq fəaliyyətinin subyekti olduğundan həmin iddia ərizəsində qeyd olunan tərəflər arasındakı yaranan mübahisənin kökündə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin dayandığı məlum olur. Göründüyü kimi tərəfələr arasındakı mübahisə həm subyektlərin dairəsinə, həm də mübahisənin xarakterinə görə ümumi məhkəməyə deyil, kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Qazax rayon Ağköynək-Qarapapaq bələdiyyəsinin Cavabdeh və maraqlı tərəf Əmlak Məsələləri Üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Tovuz Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin zəbtdən azad edilməsi və bələdiyyə fonduna qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı Qazax rayon Ağköynək-Qarapapaq bələdiyyəsinə izah edilsin ki, Cavabdeh qarşı həmin şəxsin qeydiyyatda olduğu yer üzrə kommersiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar