Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-118/2025 18.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Cavabdeh "xxxx" Fərdi Firmasının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Fərdi Firmasına qarşı şiddətli töhmətin əsassız olması tələbinə dair mülki işə 18 aprel 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Fərdi Firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona verilən şiddətli töhmətin əsassız olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ildən "xxxx" X5 şöbəsinə işə qəbul edilmişdir. Sentyabr ayında işdən çıxması barədə ərizə ilə müraciət etmişdir, lakin onun ərizəsini qəbul etməmişlər. Təkrar olaraq 2024-cü ilin avqust ayında işdən çıxması barədə ərizə ilə müraciət etmiş, səbəb olaraq digər dövlət qulluğuna işə getməsini bildirmişdir, lakin yenə də ərizəsini qəbul etməmişlər və rəhbərlik tərəfindən ona qarşı qərəzli hərəkətlər başlamışdır. Belə ki, 12 noyabr tarixdə ona izahat yazdırılaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. 8-9 noyabr qeyri-iş günü olduğu üçün fabrikə Çin Xalq Respublikasından gələn parça nümunələrini guya vaxtında rəhbərliyə vermədiyini əsas gətirərək ona qeyri-qanuni şiddətli töhmət verilmişdir. Ona verilən şiddətli töhmətlə razı olmadığını və qərəzli olduqlarını bildirmişdir. Odur ki, ona verilən şiddətli töhmətin əsassız olduğu barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Çin Xalq Respublikasından gələn parça nümunələrini qeyri-iş günü olduğu üçün təqdim edə bilməmişdir. Ona verilən töhmətin əsassız olduğunu və töhmətin götürülməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Fərdi Firmasının nümayəndəsi Nümayəndə işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxmağı xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. "xxxx" HOLDİNG Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçının fəaliyyətinə diqqət artırılarkən müəyyən yeyintilər aşkar edilmişdir ki, bu məqsədlə şikayət ünvanlanmış və Qazax rayon Prokurorluğunun qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan məhkəmə nəzarəti qaydasında Qazax Rayon Məhkəməsinə müraciət edilmiş və Qazax Rayon Məhkəməsinin 6(023)-2/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə şikayət təmin edilmiş, X9 nümayəndəsi və vəkili X7 müraciəti əsasında toplanılmış material üzrə Qazax rayon prokurorunun köməkçisi İİİ dərəcəli hüquqşünas X8 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 29 dekabr 2024-cü il tarixli qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilmişdir. Həmin qərardan protest verilmiş və Gəncə Apellyasiya Məhkəməsi protesti təmin etməmiş, Qazax Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. İş üzrə halhazırda Qazax rayon Prokurorluğunda araşdırma aparılır. Hesab edirlər ki, işçinin qanunsuz əməllərinə görə işəgötürən tərəfindən tətbiq edilmiş intizam tədbiri əmək qanunvericiliyinin tələblərinə uyğundur. Göstərilənlərə əsasən İddiaçı cavabdeh "xxxx" Fərdi Firmasına qarşı iddiasının rədd edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Fərdi Firmasının nümayəndəsi Nümayəndə iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçıya ədalətli şəkildə intizam tənbehi, yəni şiddətli töhmət verilmişdir. Belə ki, iddiaçı müəssənin satınalma şöbəsində mütəxəssis vəzifəsində işləyir. O vəzifə funksiyasını yerinə yetirmədiyinə görə sonuncuya xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Belə ki, İddiaçı Çin Xalq Respublikasından gələn parçaların Firmaya daxil olmasından və anbara yığılmasından xəbərdar olmasına baxmayaraq müəssisə rəhbərliyinə bu barədə heç bir məlumat verməmişdir. Sonradan müəssisə rəhbərliyi araşdırma apardıqddan sonra parçaların gətirildiyini və kataloqda olan parçalardan iki adda parçanın siyahidan çıxarıldığını və bunun İddiaçı göstərişi ilə olduğunu müəyyən etmişdir. Həm parçaların bir neçə gün ərzində gətirilməsindən müəssisə rəhbərliyinin xəbərdar edilməməsi və iki adda parçanın siyahıdan çıxarılması Firmanın fəaliyyətinə mühüm zərər vurmuşdur. Bununla bağlı araşdırma aparılmışdır və iddiaçı verdiyi izahatlarında qeyd olunan halları etiraf etmişdir. İddiaçı işində olan səhlənkarlığa görə xx.xx.2024-cü il tarixdə də töhmət elan edilmişdir. Lakin sonuncu həmin cəzadan müsbət nəticə çıxarmayaraq fəaliyyətində yol verdiyi yeni nöqsanlar aşkar olunmuşdur və ona görə də "xxxx" Fərdi Firmasının rəhbərliyi tərəfindən xx.xx.2024-cü il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. İddiaçı fəaliyyətində aşkar edilmiş nöqsanların üzrlü səbəbdən olmasını, yəni malların firmaya daxil olduğu gün qeyri-iş günü olması səbəbindən rəhbərliyə məlumat verməməsi ilə əlaqələndirmişdir. Bu da həqiqətə uyğun deyildir. Belə ki, qeyd olunan hallar iddiaçının fəaliyyətində təkrarən aşkar olunmuşdur. Hazırda İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" Fərdi Firmasına satınalma mütəxəssisi vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" Fərdi Firmasına satınalma rəhbər müavini vəzifəsinə keçirilmişdir. İddiaçı 03 iyun 2024-cü il tarixli izahatlarından görünür ki, xx.xx.2024-cü il tarixdə ona Firmaya gələn mallar üçün yer hazırlanması tapşırılmışdır və o yük boşalacaq ərazini hazır edərək, satınalma şöbəsinə məlumat vermişdir. Malın alınaraq fabrik ərazisinə çatdırılması satınalma şöbəsinin vəzifə borcudur, qalan məsələlər satınalma şöbəsinə cavabdehlik məsuliyyəti vermir. "xxxx" Fərdi Firmasının xx.xx.2024-cü il tarixli 138 saylı əmrindən görünür ki, əmək funksiyasını tam yerinə yetirmədiyinə görə Satınalma şöbəsinin rəhbəri vəzifələrini icra edən İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” və “b” bəndinə əsasən töhmət elan edilmişdir. İddiaçı 11 noyabr 2024-cü il tarixli izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə elektron daşıyıcıdan sənədi təsisçiyə təqdim edərkən sənədin üzərində dəyişiklik etmiş və iki adda məhsulun adını sənəddən çıxardaraq, məhsulun üzərinə etiketlə yapışdıraraq təqdim etmişdir. Etdiyi əməli qəbul edir. Rəhbərliyin əvvəllər göstərmiş olduğu şəkildə etiketlə təqdim etmişdir. Sənədi kserokopiya etməsi aşkardır. "xxxx" Fərdi Firmasının xx.xx.2024-cü il tarixli 279 saylı əmrindən görünür ki, vəzifə funksiyalarının icrasına məsuliyyətsiz, səhlənkar, vicdansız yanaşdığına, eyni zamanda müəssisənin İdarə Heyətinin rəhbərinə bilərəkdən səhv məlumat verdiyinə görə Satınalma şöbəsinin rəhbər müavini İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. "xxxx" Fərdi Firmasının “satınalma şöbəsinin fəaliyyətinin təftiş edilməsi haqqında” 16 noyabr 2024-cü il tarixli 01 saylı AKT-dan görünür ki, həqiqətən Satınalma şöbəsinin rəhbər müavini İddiaçı qərarı ilə xx.xx.2024-cü il tarixdə, 10720748 № li qaimə ilə, İsparta (Türkiyə Respublikası)-Ağstafa marşrutu üzrə, DSP materialının daşınması üçün "xxxx" MMC-yə 6035 manat (altı min otuz beş manat) vəsait ödəniləcəkdir. Amma həmin daşınma üçün digər daşıyıcı şirkət olan “Yavuz Yaylı” 5950 manat (beş min doqquz yüz əlli manat) qiymət təklif verilməsinə baxmayaraq, Satınalma şöbəsinin rəhbər müavini İddiaçı tərəfindən, səriştəsizlik, məsuliyyətsizlik edilərək seçilməmişdir. Digər daşınmada isə həqiqətən Satınalma şöbəsinin rəhbər müavini İddiaçı qərarı ilə xx.xx.2024-cü il tarixli, MT2***-*******4 № li qaimə ilə, Egida Lipetsk (Rusiya Federasiyası)-Ağstafa marşrutu üzrə, Süngər materialının daşınması üçün Güven (Zirve) Logistik şirkətinə 3740 (üç min yeddi yüz qırx) manat ödənilmişdir. Amma həmin daşınma üzrə fiziki şəxs olan Hüseynov Yadigar tərəfindən 3400 (üç min dörd yüz manat) manat qiymət təklif verilməsinə baxmayaraq, Satınalma şöbəsinin rəhbər müavini İddiaçı tərəfindən seçilməmişdir. Satınalma şöbəsinin rəhbər müavini İddiaçı öz ifadəsində Hüseynov Yadigar adlı fiziki şəxsin qiymət artırdığını (3910 manat (üç min doqquz yüz on manat) irəli sürmüşdür. Bunu isə hər hansı bir platformada izah edə bilməyəcəyini bildirmiş və sadəcə mobil telefonla danışdığını qeyd etmişdir. Amma aparılan araşdırmalar nəticəsində, komissiya iştirakçılarının və İddiaçı hüzurunda fiziki şəxs olan Hüseynov Yadigar ilə mobil telefonla əlaqə saxlanılmış, o isə öz növbəsində İddiaçı təkzib etmiş və tərəfindən hər hansı bir qiymət artımı olmadığını bildirmişdir. X3 verdiyi 20 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə onunla “X15” arasında sonuncunun Rusiya Federasiyasından satın aldığı hər növ yükləri ona məxus tırlarla X10 Azərbaycan Respublikası Qazax rayonu, Ağköynək kəndində yerləşən fabrikinə daşınmasını təmin etmək məqsədilə FLM-SFF/24-01 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə bağlanmamışdan qabaq Saloglu X6 rəhbərinin müavini İddiaçı bəzi məslələri müzakirə etmək üçün onu görüşə dəvət etmişdir. Görüş zamanı Sahib ona Rusiya Federasiyasının Lipetsk şəhərindən 1 (bir) TİR yükü Salogluya neçəyə gətirə biləcəyini soruşmuş, o da 3230 manat demişdir. Bundan sonra Sahib ona Salogluda həmin manşuruta görə 3400 manat xərc yazdıracağını, ona 3230 manat verəcəyini və artıq qalan 170 manat pulun ona çatacağını bildirmiş və o razılaşmışdır. Bundan sonra Salogluya gətyirdiyi hər bir yükün pulundan Sahibin ona verdiyi karta (4169 7388 0991 5154 kapitalbank) öz adına olan kartdan və ya million vasitəsilə 170 manat köçürtmüşdür. Onun Saloglu firması ilə arasında olan ödəmələr yalnız bank vasitəsilə ilə köçürmə yolu ilə olmuşdur. Bu müqavilə üzrə o 43 tır gətirmişdir və həmin xidmətə görə Saloglu onun bank hesabına toplam 166.005 manat pul köçürtmüşdür. O həmin puldan 43 tıra görə Sahibə müxtəlif yolla (Sahibin kartına öz kartından, özü və ya yaxın qohumlarının vasitəsilə million terminallarından) toplam 7310 manat pul vermişdir. İddiaçı 21 noyabr 2024-cü il tarixli izahatından görünür ki, onun vəzifəsi satınalma əməliyyatlarının həyata keçirilməsinə nəzarət, ödəmələrin planlaşdırılması və alınan malların lojistik təminatı məsələləridir. Lipetsk şəhərində Egida Firmasından olan yükü gətirilməsi ilə bağlı Güvən lojistikə rəsmi müraciət edilmişdir. 2200 ABŞ dolları məbləğində qaimə ilə yük fabrikə gətirilmişdir və rəsmi şəkildə ödəniş edilmişdir. Səbəb isə rəhbərliyin Yadigar Hüseynovun lojistik yükdaşımadan uzaqlaşdırılmasını deməsi və YMF təcili ehtiyac olduğundan malın təcili olaraq, sadəcə birdəfəlik ziyanla gətirilməsi olmuşdur. Qiymət məsələsinin isə noyabr ayının əvvəllərində Yadigar Hüseynovun müqaviləyə əsasən malın həmin qiymətə gətirilməsinin sərf etmədiyi və qiyməti qaldıracağına əsasən olmuşdur. Malın təcili lazım olması səbəbilə 200 USD bahasına mal gətirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X1 İddiaçı ünvanladığı 14 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, X9 rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin "Əmək və Məşğulluq altsisteminə baxış zamanı xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verildiyi məlum olmuşdur. Araşdırma zamanı X9 rəhbərliyi tərəfindən təqdim edilmiş 26 nömrəli 05 dekabr 2024-cü il tarixli məktubda işdən çıxma ilə bağlı müəssisəyə heç bir yazılı ərizə ilə müraciət edilmədiyi, xx.xx.2024-cü il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət verildiyi, xx.xx.2024-cü il tarixdə isə təqsirli hərəkətlər nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulması əsas gətirilərək əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək 70-ci maddəsinin "ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verildiyi, müəssisəyə maddi ziyan vurulması ilə bağlı hüququi qiymət verilməsi üçün X9 rəhbərliyi tərəfindən Qazax Rayon Prokurorluğuna müraciət edildiyi və hazırda Qazax Rayon Prokurorluğunda istintaq prosesinin davam etdiyi qeyd edilmişdir. Təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilən zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinin (İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır) tələbləri pozulmuşdur. Bu səbəbdən də X9 direktoru X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsinə əsasən xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərtri olaraq tətbiq edilməsi haqqında Qərar (X9 direktoru X4 barəsində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müəyyən olunmuşdur. Bu müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir) qəbul edilmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(023)-13/2025 saylı qərarından görünür ki, şikayət təmin edilmiş, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Qazax-Tovuz regional şöbəsi tərəfindən qəbul edilmiş 27 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(104)-163/2025 saylı qərardan görünür ki, X11 Xidmətinin Hüquq idarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(023)-13/2025 saylı qərarı ləğv edilmiş, X2 şikayəti təmin olunmamış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X1 27 dekabr 2024-cü il tarixli MN 00206339 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 118-C-24 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, "xxxx" Fərdi Firmasının müraciəti əsasında toplanmış 118-C-24 nömrəli materialda cinayət hadisəsi olmadığından Azərbaycan CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. "xxxx" Fərdi Firmasının xx.xx.2024-cü il tarixli 279 saylı əmrindən görünür ki, "xxxx" X6 şöbəsinin rəhbər müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndini rəhbər tutaraq (təqsirli hərəkətləri(hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması), Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmiş, İddiaçı istifadə etmədiyi əmək məzuniyyəti günlərinin hesabına xx.xx.2023-xx.xx.2024-cü il üçün 51 (əlli bir) gün pul əvəzi ödənilməsi əmr edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, "xxxx" X6 şöbəsinin rəhbəri vəzifələrini icra edən İddiaçı "xxxx" Fərdi Firmasının xx.xx.2024-cü il tarixli 138 saylı əmri əmək funksiyasını tam yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” və “b” bəndinə əsasən töhmət verilmişdir. Bundan sonra vəzifə funksiyalarının icrasına məsuliyyətsiz, səhlənkar, vicdansız yanaşdığına, eyni zamanda müəssisənin İdarə Heyətinin rəhbərinə bilərəkdən səhv məlumat verdiyinə görə "xxxx" X6 rəhbər müavini vəzifəsində işləyən İddiaçı xx.xx.2024-cü il tarixli 279 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Aparılan araşdırma zamanı "xxxx" X6 rəhbər müavini vəzifəsində işləyən İddiaçı əmək funksiyasını yerinə yetirməməsi halları müəyyən edildiyindən "xxxx" Fərdi Firmasının xx.xx.2024-cü il tarixli 279 saylı əmri ilə "xxxx" X6 şöbəsinin rəhbər müavini ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndini rəhbər tutaraq (təqsirli hərəkətləri(hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması), Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İddiaçı "xxxx" Fərdi Firmasının onun barəsində verdiyi şiddətli töhmət əmrini qanunsuz və əsassız hesab etdiyi üçün həmin əmrin ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəm iddia tələbinin hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçının tələbi verilmiş intizam tənbehinin verilməsinə dair işəgötürən tərəfindən verilmiş əmrin ləğvi ilə bağlı olduğundan, həmin münasibətlərə əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissənin “b” bəndinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verə bilər. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsinin izahatı, həmçinin iş materialları ilə müəyyən edilmşdir ki, "xxxx" X6 rəhbər müavini vəzifəsində işləyən İddiaçı "xxxx" Fərdi Firmasının xx.xx.2024-cü il tarixli 138 saylı əmri əmək funksiyasını tam yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2ci hissəsinin “a” və “b” bəndinə əsasən töhmət verilmişdir. Bundan sonra vəzifə funksiyalarının icrasına məsuliyyətsiz, səhlənkar, vicdansız yanaşdığına, eyni zamanda müəssisənin İdarə Heyətinin rəhbərinə bilərəkdən səhv məlumat verdiyinə görə "xxxx" X6 rəhbər müavini vəzifəsində işləyən İddiaçı xx.xx.2024-cü il tarixli 279 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Məhkəmə baxışı zamanı iddiaçı tərəf nöqsanlara yol verilməməsini təsdiqləyəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iddiaçı həm iddia ərizəsində, həm də məhkəmə hazırlıq iclasında yol verilmiş bəzi nöqsanların onun vəzifə səlahiyyətlərinə aid olmamasını, digər nöqsanların isə qeyri-iş gününə təsadüf etdiyi üçün baş verdiyini qeyd etsə də, məhkəmə hesab edir ki, həmin hal iddiaçıya intizam tənbehinin verilməsinin qanunsuz və əsassız olmasını təsdiqləyən əsas deyildir və həmin hal yalnız işəgötürən tərəfindən işçinin gələcək fəaliyyətində nəzərə alına bilən haldır. Qeyd edilənlər baxımından məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233 -ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı «Saloğlu” Fərdi Firmasına qarşı ona verilən şiddətli töhmətin əsassız olması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-118/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-118/2025
18.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver