Məhkəmə qərarları › İş №2(023)-120/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-120/2024

20.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-120/2024 20.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı şəxsin geyim əşyaları ilə birlikdə mənzildən çıəxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 20 fevral 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun mülkiyyətində olan Qazax şəhəri Azadlıq küçəsi ev 97 mənzil 7-də yerləşən mənzildən şəxsi geyim əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2004-cü ildə el adəti ilə evləməklə, 03 avqust 2007-ci il tarixdə 225 nömrəli ilə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan 05 may 2007-ci il təvəllüdlü Əli adlı uşaq doğulmuşdur. Evlənərkən ünvan 1 ünvanında yerləşən cavabdehin ata evinə gəlin köçmüşdür və təxminən bir il həmin evdə yaşamışdır. Sonradan bütün ailə Bakı şəhərinə köçmüşlər və 2016-cı ilə kimi bərabər kirayədə yaşayaraq işləmişlər. Yaranmış problemlərə görə ailə münaibətləri daima pis olsada, el qınağına görə ailə kimi bərabər yaşamağa məcbur qalmışdır. 2016-cı ilin may ayında o oğlu ilə Qazax şəhərinə qayıtmışdır. Bundan sonra atası X4 özünün xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilini Qazax rayonu, Notariat Ofisində 29 iyul 2016-cı il tarixdə 4Ə-622 nömrəli “daşinmaz əmlakin bağişlanmasi müqaviləsi"-nə əsasən əvəzsiz əqd əsasında ona bağışlamışdır. Həmin müqavilə əsasında o həmin mənzili xx.xx.2016-cı il tarixdə “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış və texniki pasportla öz adına keçirib, mülkiyyət hüququnu tanıtdırmışdır. O oğlu ilə həmin mənzildə yaşamağa davam edərkən və mənzil onun mülkiyyətində olarkən 2018-ci il tarixdə cavabdeh Bakı şəhərindən qayıtmışdır. Qayıtdıqdan sonra birgə qazancları əsasında cavabdehin anası X2 adına torpaq alıb, ev tikdirmişlər. Həmin torpağı və evi cavabdeh öz adına ona görə almamışdır ki, onun payı yaranmasın. Qazax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-131/2023 saylı qətnaməsinə əsasən cavabdehlə olan nikahı pozulmuşdur. Cavabdehlə nə rəsmi, nə də qeyri-rəsmi ər-arvad münasibətləri olmamasına baxmayaraq, dəfələrlə tələb etməyinə baxmayaraq, cavabdeh öz qanunsuz hərəkətləri ilə onun mülkiyyət hüquqlarını pozmağa davam edir. Bununla bağlı məhkəmədən öncə mediasiya qaydasında müraciət etsə də, cavabdeh mediasiya prosesində də iştirak etməmişdir. Qeyd olunanlara əsasən cavabdehin onun mülkiyyətində olan Qazax şəhəri Azadlıq küçəsi ev 97 mənzil 7-də yerləşən mənzildən şəxsi geyim əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə göndərdiyi etiraz ərizəsində göstərmişdir ki, tələb onun mənzildən çıxarılması ilə əlaqədar olsa da, mübahisəyə aidiyyəti olmayan hallar da göstərilmişdir. Belə ki, birgə qazanc əsasında torpaq sahəsinin alınması və həmin torpaq sahəsində ev inşa edilməsi barədə məsələnin “yaşayış sahəsindən çıxarılma barədə” tələbə ümumiyyətlə aidiyyəti yoxdur. İddiaçının tələbini əsaslandırdığı hallardan biri ondan ibarətdir ki, onların arasında rəsmi ər-arvad münasibətinin mövcud deyildir. Buna baxmayaraq, o iddiaçının mülkiyyət hüquqlarını pozmaqda davam edir. Onunla iddiaçı arasında əvvəllər mövcud olmuş nikahın pozulması və hazırda faktiki ər-arvad münasibətində olmamaları onunla eyni (yaşayış sahəsində) yaşamalarını istisna edən hal deyildir. Keçmiş ər-arvadın eyni sahəsində yaşamaması nikahın pozulmasının yaratdığı nəticə hesab edilə bilməz, qanunvericilikdə də belə bir hal müəyyən edilməmişdir və iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, hüquqlarının pozulmasının hansı hərəkətlərdə (hərəkətsizlikdə) ifadə edildiyini qeyd etməmişdir. O ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Deməli, onun yaşayış yeri qeydiyyatda olduğu müddətdə həmin ünvanda yerləşən mənzil hesab edilir. Bu əsasla da, onun göstərilən mənzildən istifadə hüququ mövcuddur. Həmçinin mənzilə yaşayış yeri üzrə qeydiyyata alındığı tarixdən etibarən hazırkı vaxtadək göstərilən mənzildə yaşamışdır, mənzildən istifadə hüququnu mütəmadi və könüllü olaraq həyata keçirmişdir. Ailənin ehtiyaclarının qarşılanmasında və məişət məsələlərinin həllində yaxından iştirak etmişdir. Məhkəmə iclasında Cavabdeh verdiyi izahatında iddianı qəbul etdiyini, yaşamağa yeri olmadığını, evində təmir işləri getdiyini, yaxın vaxtlarda təmir olunan evinə köçəcəyini bildirərək və evi hazır olana kimi ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Qazax rayon notariat kontorunda 4Ə-622 reyestr nömrəli notariat işi üzrə xx.xx.2016-cı il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətindən görünür ki, X4 tam mülkiyyət üzrə ona məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 61,4 kv.m, yaşayış sahəsi 35,6 kv.m, yardımçı sahəsi 25,8 kv.m olan 2 otaqlı mənzili İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2016-cı il tarixdə 501-1/245 inventar nömrə ilə X1 adına qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”dan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil X1 mülkiyyətindədir və daşınmaz əmlak üzərində hüquq xx.xx.2016-cı il tarixdə dövlət reyestrində 7 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. Doğum haqqında arayışdan görünür ki, tərəflərin birgə nikahından 05 may 2007-ci il təvəllüdlü X9 doğulmuşdur. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-131/2023 saylı qətnaməsinin surətindən görünür ki, X1 Cavabdeh ilə rayon Qeydiyyat şöbəsində 03 avqust 2007-ci ildə 225 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, tərəflərin birgə nikahından 05 mat 2007-ci il təvəllüdlü X5 X1 himayəsində saxlanılması, 05 mat 2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 25 aprel 2023-cü ildən başlayaraq ayda 100 (bir yüz) manat miqdarında aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. Nikahın pozulması haqqında arayışdan görünür ki, Cavabdeh ilə X1 nikahı xx.xx.2023-cü il tarixdə pozulmuşdur, bu barədə 58 saylı akt qeydi tərtib olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respubikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). İddiaçı və cavabdeh tərəfindən işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, ünvan 2 ünvanda yerləşən mənzil birgə nikah dövründə əldə edilmiş əmlak deyil, məhz bağışlama müqaviləsi əsasında iddiaçının mülkiyyətindədir, hazırda cavabdehlə iddiaçı arasında hər hansı qohumluq münasibəti mövcud deyildir, iddiaçı ilə cavabdeh arasında mənzildən istifadə hüququnun yaranması ilə bağlı notarial qaydada təsdiqlənmiş razılaşma olmamışdır. Cavabdeh yalnız iddiaçının şifahi razılığı əsasında 2018-ci ildən həmin mənzildə yaşayır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiy Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh mənzilin mülkiyyətçisi olan iddiaçının ailə üzvü deyil, onlar arasında hər hansı qohumluq və ya ailə münasibəti mövcud deyildir. Digər tərəfdən, cavabdeh iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququna malik olmadığından Ailə Məcəllənin 30.1-ci maddəsində nəzərdə tutulan mənada iddiaçının “digər qohumları” da hesab olunmur. Belə olan halda, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinin tələbləri baxımından cavabdehin iddiaçıya məxsus mənzilə istifadə hüquqü yaranmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə riayət edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Lakin, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında mənzilə istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə də bağlanmamışdır. Müqavilə bağlanmadığına görə, cavabdehin mənzildən istifadə hüququ da əmələ gəlməmişdir. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin, mülkiyyətçiyə heç bir aidiyyəti olmayan cavabdehin mənzilə hər hansı hüquqlarının olmamasına baxmayaraq, həmin mənzildən könüllü olaraq çıxmaması iddiaçının öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Odur ki, iddiaçı cavabdehin ona məxsus mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, Qazax şəhəri, Azadlıq küçəsi ev 97, 7 saylı mənzildə hər hansı bir hüquqları mövcud olmayan cavabdehin yaşaması iddiaçının öz mülkiyyətindən dinc istifadəyə etməsinə mane olduğundan, iddia tələbi təmin edilməli, cavabdeh şəxsi geyim əşyaları ilə birlikdə iddiaçıya məxsus qeyd olunan mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh şəxsi geyim əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan Qazax şəhəri, Azadlıq küçəsi ev 97, 7 saylı mənzildən çıxarılsın. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar