Məhkəmə qərarları › İş №2(023)-127/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-127/2024

30.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-127/2024 30.01.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair mülki işə 30 yanvar 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə 10 avqust 2010-cu il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 30 sentyabr 2010-cu il təvəllüdlü X5, 18 oktyabr 2012-ci il təvəllüdlü X6 və 05 aprel 2018ci il təvəllüdlü X3 onun yanında saxlanılması və yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 660 manat alimentin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehlə 10 avqust 2010-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Birgə nikahdan 30 sentyabr 2010-cu il təvəllüdlü Elfan, 18 oktyabr 2012-ci il təvəllüdlü Elcan və 05 aprel 2018-ci il təvəllüdlü Murad adlı uşaqları doğulmuşdur. Həmin uşaqlar hazırda onun yanındadır. Evləndikləri ilk vaxtlarda münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuşdur. Bu səbəbdən ayrılmışlar. Cavabdehlə olan nikahları formal xarakter daşıyır və nikahın pozulmasını təkid edir. Bundan sonra barışıb birlikdə yaşamaqları mümkün deyildir. Hazırda heç bir yerdə işləmədiyinə görə uşaqlarının ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Cavabdeh isə ayrıldıqları vaxtdan uşaqları ilə maraqlanmır, nə də uşaqların saxlanılmasında iştirak etmir. Qeyd olunanlara əsasən, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəməyə göndərdiyi ərizədə iddiaçı ilə aralarında olan nikahın pozulmasına və uşaqların iddiaçının himayəsində qalmasına etiraz etmədiyini, alimentlə bağlı isə aldığı məvacibin yarısını uşaqların saxlanması üçün ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 nikahı 10 avqust 2010-cu il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Nağıyeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, tərəflərin birgə nikahından 30 sentyabr 2010-cu ildə X5, 18 oktyabr 2012-ci ildə X6 və 05 aprel 2018-ci ildə X7 doğulmuşdur. Məhkəmə iclasında iddia ərizəsindən, eləcə də iddiaçının izahatından aydın olur ki, tərəflər uzun müddətdir ayrı-ayrılıqda yaşayırlar, birgə təsərrüfat aparmırlar. Onların barışması qeyri-mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə hesab edir ki, tərəflər ayrı-ayrı yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq onlar biri-digəri qarşısında nikahdan irəli gələn ər-arvadın birbirini saxlamaq, onun qayğısına qalmaq kimi vəzifələrin daşıyıcıları deyildirlər. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq zahiri görünüş cəhətdən mövcud olan tərəflərin nikahlarının mövcud olmaqda davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə yaşamaları və onların ailələrinin saxlanması qeyri-mümkün olduğundan və hazırda tərəflər nikahın pozulmasını təkid etdiyindən, tərəflərin nikahları pozulmalıdır. Bununla yanaşı, Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığının müəyyən edilməsi, nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Məhkəmə hesab edir ki, uşaqların faktiki olaraq ananın yanında olmasını, uşaqların azyaşlı olmaqla, ana qayğısına daha çox ehtiyaclarının olmasını, uşaqların ananın himayəsində qalmasına tərəflərin arasında mübahisə olmadığını nəzərə alınaraq, nikah pozulduqdan sonra faktiki vəziyyətə uyğun olaraq Elfan, Elcan və Murad adlı uşaqlar anasının (iddiaçı) yanında saxlanılmalıdır. Digər tərəfdən, Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən, uşaq üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə, yetkinlik yaşına çatmamış uşaqların təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin də uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı ilə Qazax rayon İHB-nın Çaylı kənd üzrə nümayəndəliyində 10 avqust 2010-cu il tarixdə 07 nömrə ilə bağlanmış nikah pozulmalı, 30 sentyabr 2010-cu il təvəllüdlü X5, 18 oktyabr 2012-ci il təvəllüdlü X6 və 05 aprel 2018-ci il təvəllüdlü X7 İddiaçı himayəsinə verilməli, tərəflərin maddi və ailə vəziyyətləri nəzərə alınaraq 30 sentyabr 2010-cu il təvəllüdlü X5, 18 oktyabr 2012-ci il təvəllüdlü X6 və 05 aprel 2018-ci il təvəllüdlü X7 adlı uşaqlar yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti cavabdehin aliment tələbi ilə bağlı məhkəməyə müraciət etdiyi andan hesablanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, cavabdeh aliment tələbi barədə ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən ərizənin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan əlavə, məhkəmə hesab edir ki, tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddialarda həmin Məcələnin 8.1.1-ci maddəsində iddia qiyməti 1.000 manatadək olduqda 30 manat ödənilməlidir. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi ödənilməlidir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına və aliment tutulması barəsində iddia ərizələri verilərkən iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, illik tutulacaq alimentin məbləği 7200 manat məbləğində təşkil etdiyindən 30+62 manat, cəmi 92 (doxsan iki) manat məbləğində dövlət rüsumu iddiaçı Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ilə 10 avqust 2010-cu il tarixdə Qazax rayon İHB-nın Çaylı kənd üzrə nümayəndəliyində 07 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah qeydi pozulsun. 30 sentyabr 2010-cu il təvəllüdlü X5, 18 oktyabr 2012-ci il təvəllüdlü X6 və 05 aprel 2018-ci il təvəllüdlü X1 Nuridə Məmmədqulu qızının yanında saxlanılsın. Cavabdeh 30 sentyabr 2010-cu il təvəllüdlü X5, 18 oktyabr 2012-ci il təvəllüdlü X6 və 05 aprel 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 22 noyabr 2023-cü il tarixdən başlayaraq, hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 92 (doxsan iki) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar