Məhkəmə qərarları › İş №2(023)-139/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-139/2024

29.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-139/2024 29.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı X1 nümayəndəsi, Vəkil Məhəmmədəli oğlunun iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ünvan 1 ünvanda yerləşən mülkün paylara uyğun olaraq, yəni 1/4 və 3/4 hissə ilə real bölgüsünün aparılması, real bölgü mümkün olmadıqda mülkün açıq hərracda satılması və satış pulunun paylara müvafiq olaraq bölgüsünün aparılması tələbinə dair mülki işə 29 noyabr 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mülkün paylara uyğun olaraq yəni 1/4 və 3/4 hissə ilə real bölgüsünün aparılması, real bölgü mümkün olmadıqda mülkün açıq hərracda satılması və satış pulunun paylara müvafiq olaraq bölgüsünün aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən mülkün 1/4 hissəsi onun, 3/4 hissəsi isə mərhum əri X3 adınadır. X5 onun mərhum əri, cavabdehlərin isə atasıdır. X5 vəfat etdikdən sonra o mülkdəki 1/3 hissə payına dair adına çıxarış almışdır. Ancaq cavabdehlər öz adlarına çıxarış almamışlar. O cavabdehlərlə mulkü öz aralarında mübahisəsiz bölmək istəmişdir. Lakin cavabdehlər buna razı olmadıqları üçün məhkəməyə müraciət edib payının real bölgüsünün aparılması, payına uyğun real bölgünün aparılması mümkün olmadıqda isə mülkün açıq hərracda satılması, pulun paylara uyğun olaraq bölgüsünün aparılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçı X1 nümayəndəsi, Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, iddiaçı mübahisəli evin paylarına münasib olaraq bölünməsi məsələsində cavabdehlərlə razılığa gələ bilmir. Bu səbəbdən də ümumi mülkiyyətdə olan evin hərrac yolu ilə satılaraq, satışdan əldə olunan pulun tərəflər arasında paylara uyğun olaraq bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq olaraq 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə ¼ hissə X1, ¾ hissə X3 (açıq saxlanılır) mülkiyyətindədir. Azərbaycan Respublikası Məhkəmə-Ekspertizası Mərkəzinin tikinti-texniki ekspertizasının 03 oktyabr 2024-cü il tarixli, 10/5786 nömrəli rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin tərəflərin 1/4 və 3/4 paylara uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 3 ünvanında yerləşən mübahisəli mənzilə tərəflərin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ¼ hissə X1 və ¾ hissədə cavabdehlərin payları müəyyən edilmişdir. İddiaçı Şəfahət Yusibovaya həmin şəhadətnamə əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmiş, nəticədə iddiaçının həmin əmlakda mülkiyyət hüququ yaranmışdır. Tərəflərin ümumi mülkiyyətdə olan əmlaka dair paylarının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə ¼ hissə və ¾ hissədə olduğu göstərilsə də, mülkiyyət hüququnu təsdiq edən sənəddə, yəni Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda tərəflərin hər birinin payı ayrılıqda göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.2-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Göstərilən qanununvericilik normasına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair mülkiyyətçilərin payları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda göstərilməsə belə, onların həmin əmlakda payları bərabər sayılır. Digər tərəfdən məhkəmə qeyd edir ki, tərəflərin hər birinin mübahisəli mənzildən istifadə hüquqları vardır. Tərəflər ümumi mülkiyyətdə olan evə sahiblik və ondan istifadə barədə razılığa gələ bilmirlər. Həmçinin paylı mülkiyyətçilər tərəfindən mülkiyyətin öz aralarında bölünməsində də razılıq əldə edilməmişdir. İş üzrə aparılmış ekspertizanın nəticələrinə görə mübahisəli mənzilin mülkiyyətçilərin payına müvafiq olaraq naturada ayrılması mümkün olmadığı müəyyən edilmişdir. Həmçinin göründüyü kimi, tərəflərin birbirilərinə paylarına mütənasib şəkildə kompensasiya vermələri mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 220-ci maddəsində deyilir ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Göstərilənlərə əsaslanaraq və toplanmış sübutlara hüququ qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, mübahisəli mənzil açıq hərracdan satılmalı və satışdan əldə olunan pul tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Belə ki, tərəflərin izahatlarından göründüyü kimi, onlar paylı mülkiyyətdə olan evə sahiblik və ondan istifadə barədə razılığa gələ bilməmiş, cavabdehlər evin iddiaçının payına düşən hissəsinə görə müvafiq əvəz ödəmək iqtidarında deyildir. Eləcə də, iddiaçı cavabdehlərin kompensasiya kimi tələb etdiyi məbləği ödəmək iqtidarında deyil. Eyni zamanda paylı mülkiyyətin mülkiyyətçilər arasında bölünməsinə də razılıq əldə edilməmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının nəticələrinə görə mübahisəli evin, tərəflərin payına müvafiq olaraq naturada ayrılması mümkün olmamışdır. Çünki, mübahisəli evin tərəflər arasında bölgüsü yalnız təcrid mənzillər şəklində aparılmalıdır, yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında yaşayış və yardımçı tikililəri və bu tikililərə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Bununla yanaşı, mübahisəli mənzilin hazırki vəziyyətini nəzərə alaraq onun mülkiyyətçilər arasında ¼ və 3/4 hissəyə təcrid mənzillər şəklində bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2,9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Məhkəmə, mübahisəli mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyidinən, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 (yüz) manat pul iddiaçı X2 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi açıq hərracdan satılsın və satışdan əldə olunmuş pul ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan paylara uyğun olaraq, X2 (1/4hissə) və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (3/4 hissə) arasında onların paylarına mütənasib surətdə bölüşdürülsün. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul X2 və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülsün. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar