Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1419/2023 11.12.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı Maqomed Dzhafarovun (İddiaçı) nümayəndəsi Nümayəndə, Cavabdeh və onun Vəkil oğlunun iştirakları ilə, İddiaçı Maqomed Dzhafarovun (İddiaçı) Cavabdeh qarşı qeyri-yaşayış binasından çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə, 11 dekabr 2023-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Maqomed Dzhafarovun (İddiaçı) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax rayonu Ağköynək kəndində yerləşən və xüsusi mülkiyyətində olan qeyri yaşayış binasından Cavabdeh və qeyrilərinin məcburi qaydada çıxarılaraq, qeyri-yaşayış binasının zəbtdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Maqomed Dzhafarovun (İddiaçı) iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayonu Ağköynək kəndində yerləşən və xüsusi mülkiyyətində olan qeyri yaşayış binasından Cavabdeh, azyaşlı uşaqları və ona məxsus əmlakları ilə birlikdə məcburi qaydada çıxarılaraq, qeyri-yaşayış binasının zəbtdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qazax rayonu, Ağköynək kəndində yerləşən 75,80 kvadratmetr qeyri-yaşayış binasının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞdə xx.xx.2023-cü il tarixdə rəsmi qeydiyyata aldıraraq tam pay mülkiyyət hüququ əldə etmişdir. Cavabdeh keçmiş həyat yoldaşıdır. Cavabdeh sözü gedən qeyri-yaşayış binasına yerləşmiş və həmin binadan çıxmır. Dəfələrlə məhkəmədən kənar Cavabdeh binanı tərk etməsini təklif etsədə, sonuncu qanunsuz olaraq mülkiyyətindən qanunsuz olaraq istifadə edərək onun mülkiyyət hüququnu məhdudlaşdırır. Qazax Rayon Məhkəməsinin 12 fevral 2007-ci il tarixli qətnaməsinə əsasən Cavabdehlər X1 və İddiaçı evə köçürülmə tələbinə dair iddiası təmin edilmiş və nəticədə Sevic Cəfərova anası X2 mülkiyyətində olan Qazax rayonu, Ağköynək kəndində yerləşən evə köçürülmüşdür. Buna baxmayaraq hazırki iş üzrə cavabdeh mülkiyyətində olan qeyri-yaşayış binasına qanunsuz olaraq daxil olmuş, israr və tələblərinə baxmayaraq qeyri-yaşayış binasından təyinatı üzrə düzgün istifadə etməyərək qanunsuz olaraq orada yaşamaqdadır. Məhkəmə iclasında iddiaçı Maqomed Dzhafarovun (İddiaçı) nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, sözügedən qeyri-yaşayış binası sovxoz binası olub, əmlak payı kimi mərhum anasına verilmişdir. Həmin qeyri-yaşayış binasını anası iddiaçıya bağışlamışdır və qeyri-yaşayış binasına dair xx.xx.2023-cü il tarixdə DƏDRX-dən çıxarış almışdır. Qazax Rayon Məhkəməsinin 12 fevral 2007-ci il tarixli qətnaməsinə əsasən Sevic Cəfərova anası X2 mülkiyyətində olan Qazax rayonu, Ağköynək kəndində yerləşən evə köçürülmüşdür. Buna baxmayaraq hazırki iş üzrə cavabdeh iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasına qanunsuz olaraq daxil olmuş, israr və tələblərinə baxmayaraq qanunsuz olaraq orada yaşamaqdadır. Nümayəndəsi olduğu şəxslə cavabdeh arasında heç bir razılıq və saziş olmamışdır. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçı onun keçmiş əridir. İddiaçı ilə nikahları pozulduqdan sonra o Qazax Rayon Məhkəməsinin 12 fevral 2007-ci il tarixli qətnaməsinə əsasən evə köçürülmüşdür və ona X2 mülkiyyətində olan Qazax rayonu, Ağköynək kəndində yerləşən evinə köçürülmüşdür. Daha sonra iddiaçı ilə razlığa əsasən həmin evə köçürülmüşdür. Ona məxsus bütün əşyalar həmin evdə yerləşir. Həmin vaxtdan hal-hazıradək həmin evdə yaşayır. Həmin evdə onun adına qaz və işıq sayğacı quraşdırılmışdır. Onun başqa yerdə yaşamağa yeri yoxdur. Odur ki, iddianı əsassız hesab edərək təmin olumamasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Vəkil iddianı qəbul etməmiş və iddianı əsassız hesab edərək təmin olumamasını xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Qazax rayonu Ağköynək kəndində yerləşən qeyri-yaşayış binası İddiaçı mülkiyyətindədir və daşınmaz əmlak üzərində hüquq xx.xx.2023-cü il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportun surətindən görünür ki, Qazax rayonu Ağköynək kəndində yerləşən qeyri-yaşayış binası xx.xx.2016-cı il tarixdə 501-2/585 inventar nömrə ilə İddiaçı adına qeydə alınmışdır. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahı xx.xx.2007-ci il tarixdə pozulmuşdur, bu barədə 93 saylı akt qeydi tərtib olunmuşdur. Nikah pozulduqdan sonra arvada Hacalıyeva soyadı verilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, sözügedən qeyri-yaşayış binası mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İndiyə qədər cavabehlə mülkiyyətçi arasında sözügedən mənzildən istifadə hüququnun yaranması ilə bağlı heç bir razılaşma olmamışdır. Cavabdeh bu günədək sözügedən qeyri-yaşayış binasında yaşamağa davam edir. İddiaçı bu səbəbdən mülkiyyət hüququ ilə ona məxsus olan qeyri-yaşayış binası üzərində olan mülkiyyət hüquqlarından istifadə edə bilmir. Odur ki, iddiaçı mübahisəli qeyriyaşayış binasının mülkiyyətçisi olduğundan o, öz əmlakı olan həmin qeyri-yaşayış binasından cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehin iddiaçıya məxsus qeyri-yaşayış binasında olması iddiaçının qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, Qazax rayonu Ağköynək kəndində yerləşən qeyri-yaşayış binasına hansı bir hüququ mövcud olmayan cavabdehin həmin qeyri-yaşayış binasında yaşaması və sözügedən qeyri yaşayış binasının təyinatı yaşayış üçün nəzərədə tutulmadığından iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan, iddia tələbi təmin edilməli, Cavabdeh və qeyriləri iddiaçının mülkiyyətində olan Qazax rayonu Ağköynək kəndində yerləşən qeyri-yaşayış binasından məcburi qaydada çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh, azyaşlı uşaqları və ona məxsus əmlakları ilə birlikdə Qazax rayonu Ağköynək kəndində yerləşən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasından çıxarılsın. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1419/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1419/2023
11.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver