Məhkəmə qərarları › İş №2(023)-1429/2025

Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-1429/2025

14.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-1429/2025 14.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Qazax Rayon Məhkəməsinin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi ilə, Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm akt qeydinin etibarsız sayılaraq ləğv edilməsi barədə” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun adına tərtib olunmuş xx.xx.1994-cü ildə Qazax rayonu Kəmərli kənd İƏD-də 11 saylı ölüm haqqında akt qeydi etibarsız sayılaraq ləğv edilməsi və qətnamənin icrasının Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Ərizəçi ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarının 6.1-ci bəndində göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin Qərarın 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Ərizəyə əlavə olunmuş sənədlərdən də görünür ki, ərizəçi xx xxxxxxxx 1992-ci il tarixdə Qazax rayonu Kəmərli kəndində doğulmuş Ərizəçi barəsində xx.xx.1994-cü il tarixdə Qazax rayonu Kəmərli kənd İƏD-si tərəfindən tərtib edilmiş 11 saylı ölüm haqqında akt qeydinin etibarsız sayılaraq ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Bu baxımdan, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsinə Qazax Rayon Məhkəməsində baxıla bilməz. Beləliklə məhkəmə hesab edir ki, Ərizəçi ölüm haqqında akt qeydinin etibarsız sayılaraq ləğv edilməsi tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, ərizəçiyə həmin tələb üzrə aidiyyəti üzrə qeydiyyat orqanının imtinasından inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Eyni zamanda hesab edirəm ki, hazırki ərizənin icraata qəbulundan imtina edildiyinə görə ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixdə Qazax Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onun özünə qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm haqqında akt qeydi etibarsız sayılaraq ləğv edilməsi” tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçi hazırkı iddia tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüquqlarının olması izah olunur. "xxxx" ASC K0100965 nömrəli terminalı vasitəsilə xx.xx.2025-ci il tarixli 4148 nömrəli mədaxil qəbzinə əsasən Qazax Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul X1 tərəfindən Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar