Məhkəmə qərarları › İş №2(023)-16/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-16/2025

23.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-16/2025 23.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi, Vəkil1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi, Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı evə çəkilmiş xərc tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 Roza və Aysel adlı iki azyaşlı uşaqları və bütün əşyaları ilə birlikdə Azərbaycan Respublikası DƏDRX-nin Tovuz rayon Ərazi İdarəsinin verdiyi xx.xx.2007-ci il tarixli **********55-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan, Qazax şəhəri Şamo Çobanov küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evindən çıxarılması, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DƏDRX-nin Tovuz rayon Ərazi İdarəsinin verdiyi xx.xx.2007-ci il tarixli **********55- 10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax şəhəri Şamo Çobanov küçəsində mülkiyyətində olan 0.0109 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 31.0 kvm yaşayış sahəsindən ibarət 7 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmışdır. Cavabdeh qardaşı X7 gəlinidir. Cavabdeh onun mülkiyyətində olan, Qazax şəhəri Şamo Çobanov küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evində iki azyaşlı uşağı ilə birlikdə qanunsuz olaraq yaşayır. Dəfələrlə evdən könülllü olaraq çıxmasını tələb etsədə, onun bu tələblərinə məhəl qoymamış, evdən çıxmaq istəməmişdir və bu hərəkətləri ilə onun həmin ev üzərindəki hüquqlarını pozmaqda davam etmişdir. Cavabdeh onun ailə üzvü deyil, əsassız olaraq iki azyaşlı uşağı ilə birlikdə onun evində yaşayır, cavabdeh Qazax rayonunun Daş Salahlı kəndində qeydiyyatdadır. Bundan başqa cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətində olan evdən sərbəst şəkildə istifadə edə bilmir. Hər gün ona narahtçılıq yaradır, özü yaşlı qadındır, ona sakitçilik və istrahət lazımdır, cavabdeh və uşaqları əsəblərini gərginləşdirirlər, bu səbəbdən mütəmadi olaraq halı pisləşir, evi cəmi 2 otaqdan ibarətdir, onların birlikdə bu evdə yaşamağı qeyrimümkündür. Qeyd olunanlara əsasən cavabdeh X5 Roza və Aysel adlı iki azyaşlı uşaqları və bütün əşyaları ilə birlikdə mülkiyyətində olan, Qazax şəhəri Şamo Çobanov küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evindən çıxarılması, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsmunun X4 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı evə çəkilmiş xərc tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsinin təmin olunduğu təqdirdə 12340 manat pulun və ödənilmiş 127.10 manat dövlət rüsumunun İddiaçı alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə İddiaçı onun qaynatası X7 bacısıdır. ünvan 1 ünvanında yerləşən ev İddiaçı məxsusdur. İddiaçı təxminən 2016-cı ilin sonları 2017-ci ilin əvvələrində sözügedən evi ona verərək, oradan sərbəst istifadə etməsini, eyni zamanda evə çıxarış aldıqdan sonra mübahisə predmeti olan evi ona bağışlayacağını bildirmişdir. O həmin vaxtdan ailə üzvləri ilə birlikdə İddiaçı məxsus evə köçmüşdür. O evə köçən zaman ev baxımsız və yaşamaq üçün əlverişsiz olduğundan həmin evə 12340 manat pul xərcləmişdir. Həmin evə pul xərcləməsi, təmir etdirməsi barədə İddiaçı məlumatı və razılığı olmuşdur. İddiaçı həmin evi onlara hədiyyə verəcəyi barədə vədd verdiyindən, o həmin evi təmir etdirmişdir. Lakin hazırda İddiaçı onun və azyaşlı uşaqlarının evdən çıxarılması ilə bağlı tələb vermişdir. Hesab edir ki, iddiaçı onun həmin evə çəkdiyi xərci ödəməlidir. Belə ki, İddiaçı ona yalan vəd verərək əsassız varlanmağa nail olmuşdur. Sözügedən evə çəkdiyi xərclər; İ otaq - Dam örtüyü (taxta, şifer, mismar və usta haqqı) – 500 manat, Suvaq (qum, sement və usta haqqı) – 300 manat, Qaz xətti (material və usta haqı) – 50 manat, Qapı (taxta)-250 manat, Pəncərə (plastik) – 200 manat, Elektrik (material və usta haqqı) – 50 manat, Kosmetik işlər (spatkilovka, kraska işləri) (material və usta haqqı – 200 manat, İİ otaq - Hörgü 48 kv (daş, qum, sement və usta haqqı) – 1400 manat, Döşəmə 15 kv (taxta, mismar, dolğu, lak və usta haqqı)-800 manat, Ləmpə 15 kv (taxta, fanerka, spatkilovka, emusya və usta haqqı) – 700 manat, Suvaq 42 kv (qum, sement və usta haqqı – 200 manat, Spatkilovka (emusya və usta haqı) – 200 manat, Seyf qapı – 350 manat, Pəncərə (plastik) – 200 manat, Elektrik xətti (material və usta haqqı) – 50 manat, Qaz xətti (material və usta haqqı) -50 manat, Mətbəx - Hörgü 42 kv (daş, qum, sement və usta haqqı) – 1400 manat, Dam örtüyü (taxta, şifer, mismar və usta haqqı) – 700 manat, Döşəmə (taxta, mismar, dolğu, lak və usta haqqı) – 500 manat, Ləmpə (taxta, mismar, dolğu, lak və usta haqqı) – 400 manat, Qapı (plastik) – 230 manat, Pəncərə (plastik) – 170 manat, Santexnik (material və usta haqqı) 150 manat, Elektrik xətti (material və usta haqqı) -100 manat, Qaz xətti (material və usta haqqı) – 100 manat, Boya (spakilovka, emusya və usta haqqı) – 150 manat, Kafel 60sm x 3.2m (material və usta haqqı) – 150 manat, Dəhliz - Ləmpə (taxta, lambirin, şrup və usta haqqı) – 100 manat, Pilləkən (material və usta haqqı) – 300 manat, Suvaq (spakilovka, emusya, material və usta haqqı) – 100 manat, Elektrik (material və usta haqqı) – 50 manat, Hamam-tualet - Hörgü (daş, qum, sement və usta haqqı) – 300 manat, Beton (qum, sement, stolba (dirək) və usta haqqı) – 200 manat, Suvaq (qum, sement və usta haqqı) – 150 manat, Unitaz-180 manat, Əl-üz yuyan-70 manat, Güzgü – 40 manat, Su çəni (plastik) – 150 manat, Qapı (plastik) – 100 manat, Pəncərə (plastik) – 150 manat, Qazax xətti (material və usta haqqı) – 50 manat, Su xətti (material və usta haqqı) – 100 manat, Santexnik (material və usta haqqı) – 400 manat, Elektrik xətti (material və usta haqqı) – 50 manat, Su qızdırıcı (ariston) – 200 manat, Duş (su krantı) – 100 manatdan ibarət olmuşdur. Qeyd olunanlara əsasən, ilkin iddia ərizəsinin təmin olunduğu təqdirdə 12340 manat pulun və ödənilmiş 127.10 manat dövlət rüsumunun İddiaçı alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, cavabdeh qanunsuz hərəkətləri ilə onun mülkiyyəti üzərində hüquqlarını pozmaqla yanaşı, həm də ona maddi zərər vurmuşdur. Belə ki, ona məxsus olan yaşayış evinin aylıq kirayə haqqı təxminən 150 (bir yüz əlli) manat civarındadır. Cavabdeh ailə üzvləri ilə birlikdə onun evində yaşadığı 7 il 6 aya (cəmi 90 ay) yaxın müddət ərzində ona kirayə haqqı hesabına ümumilikdə 13.500 (on üç min beş yüz) manat (90 ay x 150 manat = 13.500 manat) məbləğində maddi zərər vurmuşdur. Belə olduğıı halda hesab edir ki, iddia tələbi təmin olunmaqla yanaşı, cavabdehdən həmin məbləğdə pul da tutularaq ona verilməlidir. Odur ki, Cavabdeh Roza və Aysel adlı iki azyaşlı uşaqları və bütün əşyaları ilə birlikdə Azərbaycan Respublikası DƏDRX-nin Tovuz rayon Ərazi İdarəsinin verdiyi xx.xx.2007ci ii tarixli **********55-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan, Qazax şəhəri, Şamo Çobanov küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evindən çıxarılması, habelə Cavabdeh 13.500 (on üç min beş yüz) manat məbləğində kirayə haqqının, iddia ərizəsinin verilməsi üçün ödənilmiş cəmi 231 (iki yüz otuz bir) manat dövlət rüsmunun, ümumilikdə 13.731 (on üç min yeddi yüz otuz bir) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddianı müdafiə etmiş, qarşılıqlı iddianı qismən qəbul edərək, verdiyi izahatında göstərmişdir ki, ilk iddia üzrə Cavabdeh qardaşı Rəşidin gəlinidir. Qardaşı evin açarını ondan alarkən özü yaşayacağını bildirmişdir. Həmin vaxt sözügedən evdə kirayənişin olmuşdur. Sonradan qardaşı gəlini Ülkəri uşaqları ilə birlikdə onun evinə köçürmüşdür və 7 ildir ki, onlar ona məxsus evdə qanunsuz olaraq yaşayır. Dəfələrlə Cavabdeh evdən könülllü olaraq çıxmasını tələb etsədə, sonuncu onun bu tələblərinə məhəl qoymamış, evdən çıxmaq istəməmişdir. Cavabdeh onun evində yaşadığı müddətdə onun evində yüngül təmir işləri aparmışdır ki, buna görə ona 1185 manat ödəməyə razıdır. Məhkəmə iclasında ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi, Vəkil1 ilk iddianı müdafiə etmiş, qarşılıqlı iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, ilk iddia üzrə Cavabdeh ilk İddiaçı qardaşının gəlinidir və 7 ildir ki, qanunsuz olaraq iddiaçıya məxsus evdə qanunsuz olaraq ailə üzvləri ilə yaşayır. Bununla da mülkiyyətçinin mülkiyyət hüquqları pozulur. Bu səbəbdən iddiaçı əldən çıxmış faydanı tələb edir. İlk iddiaçı Cavabdeh həmin evdə yaşamasına razılıq verməmişdir, sonuncunu iddiaçının qardaşı onun evində yerləşdirmişdir. Dəfələrlə evdən çıxmalarını və kirayə pulu vermələrini tələb etmişdir. Bununla bağlı polis şöbəsinə də müraciət etmişdir və orada münaqişəli ailə kimi qeydə alınmışlar. Bundan başqa qarşılıqlı iddiaçı evdə aparılmış təmir işlərinə görə pul tələb edir ki, iş üzrə şahidlər evin təmirinə görə zəhmət haqqı almadıqlarını qeyd etmişlər. Odur ki, ilk iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi, Vəkil2 qarşılıqlı iddianı müdafiə edərək, ilk iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı qarşılıqlı iddianı etiraf etmişdir. Evin pəncərələrinin Cavabdeh tərəfindən qoyulması şahidlərin və ilk iddiaçının izahatı ilə müəyyən edilir. Odur ki, ilk iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəsatəti əsasında dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Ülkər həm əmisi qızı, həm də dayısı qızıdır, onun evində dayısı ilə birlikdə işləmişdir və əmək haqqı almamışdır. Evin iki otağı təmir olunmuşdur, mətbəx yenidən tikilmişdir. Materialları Mehman almışdır və evin Mehmana məxsus olmasını bildirmişlər. Evə plastlk qapı və plastlk pəncərə alınmışdır. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəsatəti əsasında dindirilmiş X14 ifadəsində bildirmişdir ki, cavabdeh onun qızıdır. O qeyd olunan evdə usta kimi işləmişdir. Ev üstü açıq olmuşdur və əlavə olaraq artırmışlar. Ona pul verilmişdir və qapı, pəncərə almışdır. 1 plastlk qapı və 1 plastik pəncərə almışdır. Evdə suvaq, qaz, elektrik işləri görmüşdür. Qızı Ülkəri həmin evə qaynanası aparmışdır. Evdə olan təmir işlərinin 90 faizini o görmüşdür. Qızı olduğu üçün gördüyü işlərə görə əmək haqqı almamışdır. Evin kimin adına olmasını bilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilk iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tovuz Rayon Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz Əmlakın Texniki Pasportun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2007-ci il tarixdə 1059 inventar nömrə ilə İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Qazax şəhəri, Şamo Çobanov küçəsində mülkiyyətində olan 0.0109 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 31.0 kvm yaşayış sahəsindən ibarət 7 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 164 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qazax RPŞ və QvŞv bölməsinin verdiyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh Qazax rayonu Daş Salahlı kəndində qeydiyyatdadır. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, atası X11, anası Cavabdeh olmaqla İddiaçı Mehmanovna 21 fevral 2012-ci ildə və X10 21 mart 2016-ci ildə doğulmuşdur. 26 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, ünvan 2 ünvanında yaşayan İddiaçı Qazax RPŞ-nə ərizə ilə müraciət edərək, Rusiya vətəndaşı olan qardaşı oğlu X6 ailəsi ilə birlikdə şəxsi mülkiyyətində olan evin bir hissəsində yaşadığını, evindən çıxmadıqlarını, Mehmanın onu öldürəcəyi ilə hədələdiyini, Mehmanı özünə məxsus evdən çıəxarmaq istədiyini bildirmişdir. İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, ünvan 2 ünvanında yaşayan İddiaçı ilə qardaşı oğlu X11 arasında gələcəkdə bu və ya digər xoşagəlməz halların baş verməməsi üçün ətraflarında profilaktiki söhbətlərin aparılması məqsədi ilə qərarın surəti Qazax RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Cavabdeh İddiaçı qardaşı X7 gəlinidir. Cavabdeh təxminən 2016-2017-ci ildən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evində iki azyaşlı uşağı ilə birlikdə qanunsuz olaraq yaşayır. Həmin vaxtdan indiyə qədər cavabdehlə mülkiyyətçi olan iddiaçı arasında sözügedən mənzildən istifadə hüququnun yaranması ilə bağlı heç bir razılaşma olmamışdır. İddiaçı mülkiyyət hüququ ilə ona məxsus ev üzərində olan mülkiyyət hüquqlarından istifadə edə bilmədiyindən cavabdehin ona məxsus evdən çıxarılmasını istəyir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya məxsus mənzildən çıxarılması məsələsi həll edilərkən, ilk öncə cavabdehin həmin mənzildən istifadə hüququnun olubolmaması müəyyən edilməlidir. İddiaçı və cavabdeh tərəfindən işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir, cavabdehlə iddiaçı arasında hər hansı qohumluq münasibəti mövcud deyildir, iddiaçı ilə cavabdeh arasında mənzildən istifadə hüququnun yaranması ilə bağlı notarial qaydada təsdiqlənmiş razılaşma olmamışdır. Cavabdeh iddiaçının razılığı olmadan təxminən 2016-2017-ci ildən həmin mənzildə ailə üzvləri ilə yaşayır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh mənzilin mülkiyyətçisi olan iddiaçının ailə üzvü deyil, onlar arasında hər hansı qohumluq və ya ailə münasibəti mövcud deyildir. Digər tərəfdən, cavabdeh iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququna malik olmadığından Ailə Məcəllənin 30.1-ci maddəsində nəzərdə tutulan mənada iddiaçının “digər qohumları” da hesab olunmur. Belə olan halda, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinin tələbləri baxımından cavabdehin iddiaçıya məxsus mənzilə istifadə hüquqları yaranmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə riayət edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Lakin, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında evdən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə də bağlanmamışdır. Müqavilə bağlanmadığına görə, cavabdehin mənzildən istifadə hüququ da əmələ gəlməmişdir. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin, mülkiyyətçiyə heç bir aidiyyəti olmayan cavabdehin evdə hər hansı hüquqlarının olmamasına baxmayaraq, həmin evdən könüllü olaraq çıxmaması iddiaçının öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Odur ki, iddiaçı cavabdehin ona məxsus mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İddianın Cavabdeh Roza və Aysel adlı iki azyaşlı uşaqları ilə birlikdə yaşayış evindən çıxarılması ilə bağlı hissəsini də araşdıraraq məhkəmə hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh himayəsində 2 azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh himayəsində olan uşaqları azyaşlı olduğundan, o himayəsində olan uşaqları ilə birlikdə iddiaçıya məxsus yaşayış evindən çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehin iddiaçıya məxsus yaşayış evində yaşamaqda davam etməsi iddiaçının yaşayış evi üzərində mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində hər hansı bir hüququ mövcud olmayan cavabdehin yaşaması iddiaçının yaşayış evinə olan mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan, iddiaçının öz mülkiyyətindən dinc istifadə etməsinə mane olduğundan, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdeh X1 və Aysel adlı iki azyaşlı uşaqları və bütün əşyaları ilə birlikdə iddiaçıya məxsus qeyd olunan evdən çıxarılmalıdır. İddianın Cavabdeh 13.500 (on üç min beş yüz) manat məbləğində kirayə haqqının alınması ilə bağlı hissəsini də araşdıraraq məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. İddiaçı onunla cavabdeh arasında kirayə hüquq münasibətlərinin olması ilə bağlı hər hansı sübut təqdim etmədiyindən, məhkəmə hesab edir ki, həmin iddianın irəli sürülməsi üçün heç bir əsas olmadığından iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə, qarşılıqlı iddia ərizəsi üzrə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməlidir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsində ünvan 1 ünvanında yerləşən evin İddiaçı məxsus olmasını, İddiaçı 2016-cı ilin sonları 2017-ci ilin əvvəllərində sözügedən evi ona verərək, sərbəst istifadə etməsini və evə çıxarış aldıqdan sonra mübahisə predmeti olan evi sonuncunun ona bağışlayacağını, həmin vaxtdan ailə üzvləri ilə birlikdə həmin evə köçdüyünü və yaşamaq üçün əlverişsiz olduğundan həmin evə 12340 manat pul xərclədiyini bildirmişdir. Lakin hazırda İddiaçı onun və azyaşlı uşaqlarının evdən çıxarılması ilə bağlı tələb irəli sürdüyündən, iddiaçının evə çəkdiyi xərci ödəməli olduğunu bildirərək, ilk iddianı qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan normalara görə ilk növbədə iddiaçı öz tələbini sübuta yetirməlidir. Lakin məhkəmə iclasında şahid qismində dindirilmiş X14 evi təmir etdiyini və xərclənən pulları bilavasitə qarşılıqlı iddiaçının əri Mehmandan aldığını göstərsədə, işin hallarına uyğun olmayan ifadə vermişdir. Şahid ifadəsində həmçinin evdə istifadə olunan bütün materialların onun tərəfindən alındığını bildirmiş və eyni zamanda evə sadəcə bir plastik qapı və bir plastik pəncərə alındığını qeyd etmişdir. Qarşılıqlı iddiaçı isə məhkəməyə təqdim edilmiş qarşılıqlı iddiasına iddianı təsdiq edən heç bir ödəniş qəbzi əlavə etməmişdir. Bundan başqa şahid onunla qarşlıqlı iddiaçı arasında təmir bərpa işləri ilə əlaqədar heç bir məbləğ almadığını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, belə olan halda iddianın dəlilini sübuta yetirmək vəzifəsi qarşılıqlı iddiaçının üzərinə düşür. Lakin qarşılıqlı iddiaçı bu dəlilini heç bir sübutla təsdiq etməmişdir. Buna baxmayaraq qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddianı ekspertin müəyyən etdiyi məbləğdə qəbul etmişdir. Azərbaycan Respublikası Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/4855 saylı rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümümi sahəsi 15,5 kv.m yaşayış otağında təmir işlərinin aparıldığı müəyyən edilir. İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümümi sahəsi 15,5 kv.m yaşayış otağında aparılmış təmir işlərinin (tikinti materialları və xidmət haqqı daxil olmaqla) dəyəri bazar qiymətlərinə uyğun olaraq 1185,0 manat məbləğində olduğu müəyyən edilir. İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0,0109 ha torpaq sahəsində əlavə yardımçı tikililərin (mətbəx tikilinin sahəsi 12,2 m2 və hamamayaqyolu tikilisinin sahəsi 3,2 m2) mövcud olduğu müəyyən edilmişdir. Lakin sahəsi 15,4 kv.m olan yaşayış otağının İddiaçı mülkiyyətində olan 0,0109 ha torpaq sahəsində inşa olunmadığı müəyyən edilir. Məhkəmə baxışı zamanı xüsusi bilik tətbiqinə ehtiyac olduğu üçün alınmış Azərbaycan Respublikası Məhkəmə-Ekspertizası Mərkəzinin ekspert rəyində göstərilir ki, İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümümi sahəsi 15,5 kv.m yaşayış otağında aparılmış təmir işlərinin (tikinti materialları və xidmət haqqı daxil olmaqla) dəyəri bazar qiymətlərinə uyğun olaraq 1185,0 manat məbləğində olduğu müəyyən edilir. İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0,0109 ha torpaq sahəsində əlavə yardımçı tikililərin (mətbəx tikilinin sahəsi 12,2 m2 və hamamayaqyolu tikilisinin sahəsi 3,2 m2) mövcud olduğu müəyyən edilmişdir. Lakin sahəsi 15,4 kv.m olan yaşayış otağının İddiaçı mülkiyyətində olan 0,0109 ha torpaq sahəsində inşa olunmadığı müəyyən edilir. Bu baxımdan məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməli, ünvan 4 ünvanında yerləşən ümümi sahəsi 15,5 kv.m yaşayış otağında aparılmış təmir işlərinə görə İddiaçı 1185,0 manat məbləğində pul alınıb Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı və Cavabdeh iş üzrə ekspertiza tədqiqatının dəyəri kimi 100 (bir yüz) manat pul müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X2 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı qarşı evə çəkilmiş xərc tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. X1 və Aysel adlı iki azyaşlı uşaqları və bütün əşyaları ilə birlikdə Azərbaycan Respublikası DƏDRX-nin Tovuz rayon Ərazi İdarəsinin verdiyi xx.xx.2007-ci il tarixli **********55-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Qazax şəhəri Şamo Çobanov küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evindən çıxarılsın. İddiaçı ünvan 4 ünvanında yerləşən ümümi sahəsi 15,5 kv.m yaşayış otağında aparılmış təmir işlərinə görə 1185,0 manat məbləğində pul alınıb Cavabdeh ödənilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. İddiaçı və Cavabdeh müştərək qaydada iş üzrə ekspertiza tədqiqatının dəyəri kimi 100 (bir yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X2 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar