Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1864/2025 11.12.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Sadıxova Günay Fauna qızının katibliyi, İddiaçı, Cavabdeh Qazax rayonu Çaylı kəndi Elşən Cəfərov adına 2 nömrəli tam orta məktəbin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Qazax rayonu Çaylı kəndi Elşən Cəfərov adına 2 nömrəli tam orta məktəbə qarşı «əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma günlərinə görə əmək haqqının ödənilməsi və ödənc ödənilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2025-ci il tarixdə Qazax rayonu Çaylı kəndi Elşən Cəfərov adına 2 nömrəli tam orta məktəbə qarşı həmin məktəbin direktoru Nümayəndə tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 89 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki işi olan gözətçi vəzifəsinə bərpa edilməsi, işdən çıxarıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən işə (vəzifəyə) bərpa ediləcəyi vaxta kimi məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanıb ödənilməsi, işdən (vəzifədən) çıxarıldığı vaxtdan, xx.xx.2025-ci il tarixdən, işə (vəzifəyə) bərpa ediləcəyi vaxta kimi məcburi buraxılmış iş günlərinə görə əmək haqqına ödəncin hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 1997-ci ildən Qazax rayonu, Elşən Cəfərov adına 2 nömrəli tam orta məktəbində gözətçi vəzifəsində işləmişdir. İşlədiyi müddətdə heç bir nöqsanı, qüsuru və barəsində inzibati tənbeh olmamışdır. Qazax rayonu, Elşən Cəfərov adına 2 nömrəli tam orta məktəbinə direktor kimi Nümayəndə təyin edildikdən sonra onun və məktəbin yeməkxanasında müqavilə ilə işləyən yoldaşının vəziyyəti çətinləşmişdir. Onlar kasıbçılıqla ailələrini dolandırmağa çalışsalar da, Nümayəndə buna məhəl qoymamışdır. Belə ki, həyat yoldaşının müqaviləsini yeniləməmiş və yeməkxananı öz qohumuna təhvil verərək müqavilə bağlatdırmışdır. Barəsində qəbul etdiyi əmri isə ona, Təhsil Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayətlərindən sonra məktubla göndərmişdir. O da həmin məktubu alıb, əmr barədə məlumat aldıqdan sonra yenidən şikayət etmiş və mediasiyaya müraciət etmişdir. İddiaçı 2025-ci ilin mart ayında əmək məzuniyyətinə çıxmışdır. Əmək məzuniyyəti dövründə Rusiya Federasiyasına getmiş, orada olduğu müddətdə xəstələndiyindən məcbur qalıb xx.xx.2025-ci il tarixdə Rostov vilayəti dövlət büdcə müəssisəsi Bataysk ş. "Mərkəzi şəhər xəstəxanası" 5 saylı poliklinika şöbəsinə müraciət etmişdir. Ona müalicə yazılaraq, "Hipertoniya xəstəliyi 2 dərəcə" diaqnozu qoyulmuş və 2 ay ərzində təyyarə ilə uçuşlar etmək əks-göstəriş kimi bildirilmişdir. Bu məlumat Xəstəxananın verdiyi çıxarışda da öz əksini tapmışdır. Müalicə olunub, Azərbaycana qayıtdıqdan sonra məktəbin direktorunun qəbulunda olarkən tibbi sənədi və tərcüməsini də təqdim etmişdir. Ancaq, məktəbin direktoru ona "41-ci ilin sənədidir” deyərək sənədi qəbul etməkdən imtina etmişdir ". Bundan sonra isə müvafiq əmri ona verməmiş və Pedaqoji Şuranın iclasına dəvət etməmişlər. Həmçinin Həmkarlar da onu dəvət edib, məsələ ilə bağlı hər hansı araşdırma aparmamış, izahatı alınmamış və sübutlarını təqdim etmək üçün şərait yaradılmamışdır. Ərizəsindən sonra ona xx.xx.2025-ci il tarixli zərflə göndərilmiş kargüzarlıq qaydasında qeydə alınmamış, heç bir imza və möhürlə təsdiq edilməmiş məktubdan və əlavə edilmiş əmrdən çıxarışdan məlum olmuşdur ki, İddiaçı barəsində 98 nömrəli, xx.xx.2025-ci il tarixli əmr qəbul edilmiş və bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 70.ç maddəsinə əsasən xitam verilmişdir. Lakin, əmək kitabçası indiyə kimi ona təqdim edilməmişdir. Əmr isə ərizəsi əsasında xx.xx.2025-ci il tarixdə 4 aydan sonra təqdim edilmişdir. Odur ki, həmin əmrin əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmaqla qəbul edildiyini, qərəzli, əsassız və uydurma əmr olduğunu hesab edir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək göstərdi ki, maddi vəziyyəti yaxşı olmadığından məzuniyyət dövründə işləmək məqsədilə Rusiyaya getmiş, xəstəliyi səbəbindən bir müddət ölkəyə qayıda bilməmişdir. May ayında Azərbaycana qayıtdıqda məktəbin direktoru ona müvafiq sənədlərini təqdim etmiş və əmək müqaviləsinə xitam vermişdir. Məzuniyyətdən sonra işə vaxtında qayıda bilməməsinin səbəbini izah etmiş və bununla bağlı sənədləri təqdim etmişdir. Lakin məktəb direktoru sənədlərin əsaslı olmadığını bildirmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Qazax rayonu Çaylı kəndi Elşən Cəfərov adına 2 nömrəli tam orta məktəbin nümayəndəsi X3 iddianı qəbul etməyərək, bildirdi ki, İddiaçı məzuniyyətdən sonra işə qayıtmadığından aprel ayında ona müvafiq bildiriş göndərilmişdir. Şəxsin özü ilə əlaqə saxlamaq qeyri-mümkün olduğu üçün iddiaçının həyat yoldaşı ilə əlaqə saxlanılmışdır. Bu vaxt məlum olmuşdur ki, İddiaçı məzuniyyəti dövründə ölkə xaricinə çıxmışdır. Onun özü isə məktəb rəhbərliyinə heç bir məlumat verməmişdir. Məktəbə 15 may 2025-ci ildə gəlmiş və izahat vermişdir. Ona mövcud vəziyyət izah edilmişdir. Həmkarlar İttifaqının iclası 12 may 2025-ci ildə keçirilmişdir. Həmin vaxt İddiaçı ölkə xaricində olduğu üçün onun iclasa dəvət edilməsi qeyri-mümkün olmuşdur. Sonda Nümayəndə iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını, cavabdehin nümayəndəsini və şahidləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, İddiaçılə uşaqlıqdan dostdur. Vüqar ona telefonla zəng edərək demişdir ki, məktəbdən bir ay müddətinə məzuniyyətə çıxmışdır, bu dövr ərzində də işləmək üçün Rusiyaya getmək istəyir. Onlar əvvəl Gürcüstana getmişlər, sonra isə qar yağıntısına görə yollar bağlandığından 2 gün orada qalmalı olmuşlar. Həmin vaxt hər ikisi xəstələnmişdir. Sonra birlikdə Rusiyaya getmişlər. Rusiyada olduğu vaxt İddiaçı təzyiqində və böyrəklərində problemlər yaranmışdır. Bununla bağlı Vüqar xəstəxanaya getmişdir və təxminən bir həftə, 10 gün müddətinə xəstəxanada qalaraq müalicə almışdır. Daha sonra isə təxminən may ayında Azərbaycana qayıtmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, İddiaçı həmkəndlisidir. Onlar keçən il, qış aylarında Rusiyaya iş məqsədilə bir yerdə getmişlər. Rusiyada olarkən Vüqar xəstələnmiş, böyrəklərində ağrılar olduğunu demişdir. Buna görə də ev sahibi Samir ilə birlikdə xəstəxanaya getmişdir. 10-12 gün xəstəxanada müalicə aldıqdan sonra evə buraxılmışdır. Xəstəliyinə görə evdə qalmış onlarla birlikdə işləyə bilməmişdir. Vəziyyəti yaxşılaşdıqdan sonra isə qayıtmışlar. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 77 nömrəli məktubdan görünür ki, Qazax rayonu Çaylı kəndi Elşən Cəfərov adına 2 nömrəli tam orta məktəbi İddiaçı məktub ünvanlanmış ki, onun əmək məzuniyyəti xx.xx.2025-ci il tarixdə başa çatmışdır. xx.xx.2025-ci il tarixdə işdə olmalıdır, lakin yazılı məlumat vermədən işə gəlməmişdir. İşə gəlməmə səbəbini 10 gün ərzində məlumat verilməsi barədə xəbərdar olmuşdur. İş materiallarında olan, Ambulator, stasionar xəstənin tibbi kartından çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə “Hipertoniya xəstəliyi 2 dər.” diaqnozu ilə ambulator qəbulda olmuşdur. Çıxarışın tövsiyələr qrafasında “pəhriz, həyat tərzinin modifikasiyası və təyyarə ilə uçuşlar 2 ay ərzində əks göstərişlər” kimi qeyd aparılmışdır. İş materiallarında olan, Qazax rayonu Çaylı kəndi Elşən Cəfərov adına 2 nömrəli tam orta məktəbin direktoru Nümayəndə tərəfindən İddiaçı ünvanlanmış cavab məktubunun surətindən görünür ki, İddiaçı barəsində işdə olmaması ilə bağlı müvafiq aktların tərtib edildiyi, onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70.Ç bəndi, yaxud həmin məcəllənin 72-ci bəndi ilə işdən azad edildiyi və ona məxsus əmək kitabcasının həyat yoldaşı X5 xx.xx.2025-ci ildə təhvil verildiyi bildirilmişdir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək əmək məzuniyyəti verilmiş, xx.xx.2025-ci il tarixdə işdə hesab edilməsi qeyd olunmuşdur. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixində işdə olmadığından və heç bir yazılı məlumat verməyərək işə davam etmədiyindən onun əmək haqqısı işə çıxacaq tarixədək dayandırılmışdır. Məktəbin gözətçisi vəzifəsi müvəqqəti olaraq məktəbin ocaqçısı X1 həvalə edilmişdir. İş materiallarında olan, 01-04 aprel 2025-ci il, 07-11 aprel 2025-ci il, 14-18 aprel 2025-ci il, 21-25 aprel 2025-ci il, 28-30 aprel 2025-ci il, 01- 02 may 2025-ci il, 05-07 may 2025-ci il, 12-16 may 2025-ci il , və 19-20 may 2025-ci il tarixli aktların surətindən görünür ki, İddiaçı həmin tarixlərdə işdə olmaması qeyd olunaraq müvafiq şəxslər tərəfindən imzalanmışdır. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli 5 nömrəli protokolun surətindən görünür ki, Azərbaycan Təhsil İşçiləri X4 iclasında İddiaçı ödənişli əmək məzuniyyətinin bitməsinə baxmayaraq, üzrlü səbəb olmadan işə çıxmadığı müzakirə olunmuş və onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli izahatın surətindən görünür ki, İddiaçı işdə olmadığı dövr üçün notarial qaydada təsdiq edilmiş müvafiq sənədlərin məktəb rəhbərliyinə təqdim edilməli olduğunu və həmin sənədlər əsassız sayılarsa Əmək münasibətlərinə xitam veriləcəyi barədə məsuliyyətini təsdiq etmişdir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli 6 nömrəli protokolun surətindən görünür ki, həmin tarixdə məktəbin gözətçisi İddiaçı barəsində intizam tədbirinin görülməsi haqqında pedaqoji şura iclası keçirilmiş və nəticədə onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanılmış xxxxxxx000200 nömrəli Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70.Ç bəndi, yaxud həmin məcəllənin 72-ci bəndinə müvafiq olaraq xitam verilmişdir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, ümumtəhsil məktəbinin əməkdaşları tərəfindən İddiaçı 27 dekabr 2024-cü il tarixdə ədəb və intizam qaydalarını pozduğu, onun sərxoş olduğunu güman etməyə imkan verən halların mövcudluğu təsdiq edilmişdir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” haqqında 114 nömrəli protokolun surətindən görünür ki, İddiaçı həmin tarixdə müayinə edilmiş və “Alkoqol sərxoşluğunun dərəcəsi” qrafasında “orta dərəcə sərxoşluq” qeydi aparılmışdır. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli əmrin surətindən görünür ki, İddiaçı daxili intizam və etik davranış qaydalarını pozduğu üçün ona “töhmət” verilmişdir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli izahatın surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü ildə sözügedən məktəbdə etik davranış qaydalarını pozduğunu qeyd edərək, bu halın bir daha təkrarlanacağı təqdirdə məsuliyyəti öz üzərinə götürməklə işdən azad edilməsinə etiraz etməyəcəyini bildirmişdir. Beləliklə mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Qazax rayonu Çaylı kəndi Elşən Cəfərov adına 2 nömrəli tam orta məktəbdə gözətçi kimi fəaliyyət göstərmişdir. İddiaçı xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək əmək məzuniyyəti verilmişdir. İddiaçının izahatı və şahidlərin də ifadələrindən aydın olur ki, İddiaçı məzuniyyəti dövründə ölkə xaricində olmuşdur. 01 aprel 2025-ci il tarixində işinə davam etməli olduğu halda bunu etməmiş, məktəb rəhbərliyinə yazılı şəkildə işə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş aktlardan da aydın olur ki, İddiaçı məzuniyyətdən sonrakı dövrdə işdə olmaması faktı məktəbin müvafiq əməkdaşları tərəfindən də təsdiq edilmişdir. İddiaçı ölkə ərazisinə qayıtdıqdan sonra məktəbə müraciət etdikdə onunla söhbət aparılmış 15 may 2025-ci ildə onun izahatı alınmışdır. İddiaçı izahatında işə gəlməməsinin səbəbləri barədə əsaslı sənədlər təqdim etməli olduğunu və bu cür sənədləri təqdim etməyəcəyi təqdirdə əmək müqaviləsinə xitam veriləcəyi barədə məsuliyyətini təsdiq etmişdir. Həmçinin tədqiq edilmiş sübutlar onu deməyə imkan verir ki, qanuna müvafiq olaraq İddiaçı işə çıxmaması ilə bağlı xx.xx.2025-ci il tarixdə Azərbaycan Təhsil İşçiləri X4 iclası keçirilmiş, çıxışlar dinlənilərək onun əmək müqaviləsinə xitam verilməsi barədə nəticəyə gəlinmişdir. Həmçinin xx.xx.2025-ci il tarixli protokol da Pedaqoji Şura iclasının keçirilməsini və sözügedən şəxsin əmək müqaviləsinə Əmək Məcəllləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə qərar qəbul edildiyini göstərir. İddiaçı "Hipertoniya xəstəliyi 2 dərəcə" diaqnozu qoyulması və 2 ay ərzində təyyarə ilə uçuşlar etməyin əks-göstəriş olmasını qeyd etməsinə münasibətdə məhkəmə qeyd edir ki, təqdim edilən tibbi sənəddə iddiaçının hipertoniyadan əziyyət çəkməsi və təyyarə ilə uçuşun tövsiyyə edilməməsi qeyd olunsada, həmin hal onun əmək qabiliyyətinin tam itirilməsini və ya hərəkət imkanlarının məhdudlaşmasını təsdiq etmir. Hipertoniya ümumi xarakterli xəstəlik olmaqla, müvafiq tibbi nəzarət və təyin edilmiş dərmanların qəbulu şəraitində təyyarə ilə uçuşu tam istisna edən hal hesab edilə bilməz. Bundan başqa iddiaçı ölkəyə qayıtmaq üçün alternativ nəqliyyat vasitələrindən istifadə imkanlarının mövcud olmamasını təsdiq edən hər hansı əsaslandırılmış sübutu təqdim etməmişdir. Bu səbəbdən göstərilən hallar işə 45 gün müddətində gəlməməni üzürlü səbəb kimi əsaslandırmır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu hissəsinə görə əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Həmin Məcəllənin 42-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsi sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 44-cü maddəsinin 1-ci və 2-ci hissələrinə görə əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin «a» bəndinə görə özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi halı işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 186-cı maddəsinin 1-ci hissəsinə görə işəgötürən və işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının ¼ -i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehlərindən birini verə bilər. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci və 2-ci hissələrinə görə bu Məcəllənin «b» və «ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarla ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 95-ci maddəsinin 1-ci hissəsinə görə iş vaxtının rejimi qaydaları – gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 89.1-ci maddəsinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 104.1-ci maddəsinə görə şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Həmin Məcəllənin 104.4-cü maddəsinə görə azyaşlı olduğuna görə, fiziki və ya psixi qüsurları üzündən faktları düzgün qavraya bilməyən və ya faktlar barədə düzgün ifadə verə bilməyən şəxslər; vəzifələrini icra etməklə əlaqədar olaraq onlara məlum olan hallar barədə - mülki işlər üzrə nümayəndələr və cinayət işləri üzrə müdafiəçilər; ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məsələlər üzrə hakim; dini etiqad ilə əlaqədar olaraq onlara məlum olan məsələlər üzrə - din xadimləri; peşə borcunu həyata keçirməklə əlaqədar onlara məlum olan hallar barədə - vəkillər; mediasiya zamanı məlum olan məlumatlar barədə - «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər şahid qismində dindirilə bilməzlər. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir.(§93) Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Qazax rayonu Çaylı kəndi Elşən Cəfərov adına 2 nömrəli tam orta məktəbə qarşı «əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma günlərinə görə əmək haqqının ödənilməsi və ödənc ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1864/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1864/2025
11.12.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver