Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-2182/2025 27.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Qəhrəmanova Mehin Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi vəkili Vəkil iştirakı ilə, İddiaçı «Qazax Rayon Mərkəzi X1rşı «işə bərpa və əmək müqaviləsinin 5 il müddətinə uzadılması və məcburi iş buraxma müddəti əmək haqqının ödənilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Qazax Rayon Mərkəzi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Qazax rayon Mərkəzi Xəstəxanası "X12 tərəfindən 18 noyabr 2025-ci il tarixli 18-1- 151/3-12389/2025-saylı verilmiş əmrinin ləğv edilməsini, işə bərpa olunmağı əmək müqavilənin daha 5 ( beş il) müddətinə uzadılmasını və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o əmək fəaliyyətinə 1983-cü ildən Səhiyyə təşkilatında olmaqla başlamış və hazırda 42 ildir ki, bu sahədə cərrah kimi fəaliyyət göstərmişdir. Bu müddət ərzində 30.000 ( otuz minə) yaxın bütün növ əməliyyatlarda iştirak etmiş və yaxşı nəticələr göstərmişdir. İşlədiyi zamanı əmək funkasiyanı vicdanla yerinə yetirmiş və gördüyü işlər keyfiyyətli və ahəngdar olmuşdur. İşlədiyi dövrdə hər ay üçün 50-60 əməliyyatlar etmiş və cavabdeh təşkilat olan "Qazax rayon X4 Huquqi Şəxsə 140-150 ( yüz qırx yüz əlli min) manat gəlir vermişdir. Bundan başqa cavabdeh təşkilatda həkim çatışmazlığı mövcuddur. Hazırda məhkəməyə iddia tələbi ondan ibarətdir ki, heç bir nöqsanı və əmək pozuntu olmadan onunla pensiya yaşından sonra artırılmış əmək müqaviləsi 18 noyabr 2025-ci il tarixli 18-1-51/3- 12389/2025-saylı əmrlə heç bir əsas olmadan əmək müqaviləmə xitam verilmişdir Hansı ki, onun cərrah kimi, işləməyi barədə 19 noyabr 2013-cü il tarixində həkimlərin sertiflikasiyasından keçmiş Azərbaycan Respublikası ərazisində umumi cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir və nəhayət xx.xx.2024-cü ildə həmin iczayə yəni sertifikasiya yenilənərək daha 5 il müddətinə bunun vaxtı uzadılmışdır. Belə ki, işlədiyi müddətdə bir çox sertifikatları və rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. Hazırda cavabdeh təşkilatda 70 nəfər təqaüdçü işləyir onların ən cavanı və aktivi odur, amma buna baxmvaraq onun əmək müqavilənə əsassız olaraq xitam verilmişdir. Hazrda əmrin ləğv olunaraq əmək müqaviləsinin 5 il müddətinə uzadılması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi zərurəti yaranmışdır. Ona görədə hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O işə bərpa barədə Qazax rayon Mediyasiya təşkilatına müraciət etmiş və heç bir müsbət nəticə əldə edə bilməmişdir. Belə bir məsuliyyətli işdə yəni cərrah işində onun öz Xalqına Dövlətinə xidmət göstərməyi zərurəti vardır. O hələdə özünü gümrah hiss edir və işini yenədə keyfiyyətlə görəcəyinə əmindir. Amma cavabdeh təşkilatı onu nə üçün əsassız işdən azad edib bu ona hələdə məlum deyildir.Ona görədə hesab edir ki, belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, həkim-cərrah üzrə hazırda zərurət olmadığından və İddiaçı əmək müqaviləsinin müddəti başa çatdığından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda xəstəxanada digər ixtisas sahələri üzrə həkim çatışmazlığı yarandığından həmin sahələr üzrə həkimlərlə əmək müqavilələri bağlanmışdır. Lakin hazırda cərrah ixtisası üzrə həkimə ehtiyac olmadığından əmək müqaviləsinə qanunla müəyyən edilmiş qaydada xitam verilmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, bildirdi ki, o uzun müddətdir ki, Qazax Rayon X4 Hüquqi Şəxsində həkim cərrah kimi işləyir. O işlədiyi müddətdə çoxsaylı əməliyyatlar aparmışdır. Hazırda xəstəxanada yaşı altmış beş yaşını keçmiş həkimlər fəailiyyət göstərir. Lakin onun uzun müddətli təcrübəsinin olması, öz peşəsində yüksək nəticə göstərməsinə baxmayaraq onunla bağlanmış müqavilə uzadılmamış və xitam verilmişdir. Hesab edir ki, onunla bağlanmış əmək müqaviləsi uzadılmalı idi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək göstərdi ki, İddiaçı ilə Qazax Rayon X4 Hüquqi Şəxsi arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndinə əsasən xitam verilmişdir. İşin faktiki hallarından da görünür ki, İddiaçı əmək müqaviləsi ilə işləmiş və müqavilənin müddəti bitdiyindən əmək müqaviləsinə xitam verilməklə, son haqq-hesab ödənilmişdir. Lakin onlar hesab edir ki, İddiaçı ilə Qazax Rayon X4 Hüquqi Şəxsi arasında olan əmək müqaviləsi uzadılmalıdır. Belə ki, İddiaçı uzun illərdir ki, cərrah işləyir və öz peşəsində yüksək nailiyyətlər əldə etmişdir. Bundan başqa Qazax Rayon X4 Hüquqi Şəxsində yaşı 65 olan işçilərin sayı çoxdur. Eyni zamanda onlarda olan məlumata görə hazırda Qazax Rayon X4 Hüquqi Şəxsində həkim çatışmazlığı vardır. Qeyd edilənlərə əsasən İddiaçı uzun müddətli iş təcrübəsinin olması və həkim çatışmazlılığını olmasını nəzərə alaraq iddianın təmin edilməsini xahiş etdi. Qazax Rayon X4 Hüquqi Şəxsinin nümayəndəsi X7 məhkəməyə ərizə ünvanlayaraq onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçını və onun nümayəndəsini (vəkilini) dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "X13” Qazax Rayon Mərkəzi Xəstəxanası" X9 «əmək müqaviləsinə xitam verilməsi barədə» xx.xx.2025-ci il tarixli, 18-1-51/3-1-2389/2025 saylı əmrinin surətindən görünür ki, Əsas: AR ƏM-nin 68.2. “b” - əmək müqaviləsinin müddətinin qurtarması” maddəsinə əsasən Qazax Rayon X4 hüquqi şəxsin İ Cərrahiyyə şöbəsinin həkim-ümumi cərrahı İddiaçı ilə bağlanmış xxxxxxx000100 nömrəli Əmək müqaviləsinə xx.xx.2025-ci il talrixindən xitam verilmiş, B N.Abbasəliyevin son haqq-hesabı, əmək kitabçası və həmin əmrin sürəti ƏM-nin 83 maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilsməsi əmr edilmişdir. İşdə olan «Praktik tibbi və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixində həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikası ərazisində ümumi cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İşdə olan «Praktik tibbi və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində həkimlərin sertifikasiyasından keçmiş və ona Azrəbaycan Respublikası ərazisində ümumi cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının fəxri fərmanın surətindən görünür ki, İddiaçı həkim İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhədinin Mühafizəsi və Müdafiəsi kimi şərəfli peşənin yerinə yetirilməsində Sərhədçilərə göstərdiyi tibbi dəstəyə və 18 avqust Azərbaycan Sərhəd Mühafizəsinin 105-ci ildönümü münasibəti ilə təltif edilmişdir. İşdə olan « Azərbaycan Tibbi Universiteti sertifikatının surətindən görünür ki, Həqiqətən Əməkdar elm xadimi, Tibb elmləri doktoru, Professor H.A. Sultanovun 90 illik yubileyinə həsr olunmuş "Koloproktologiyanın aktual problemləri" Beynəlxalq elmi-praktik konfransında iştirak etmiş və 5 DTT balı qazanmışdır. İşdə olan 16 DTT-nın sertifikatının surətindən görünür ki, İddiaçı həqiqətən, Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə Elm və Tədris Tədbirlərinin Akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunmuş İİİ Cərrahİ xəstəliklər kafedrasının 100 İlliyinə həsr olunmuş “X2 X10 Üsullar" mövzusunda Beynəlxalq Elmi-Praktiki konfransında iştirak etmiş və 16 D-TT balı qazanmışdır. (16-17 dekabr 2022-ci il) İşdə olan Azərbaycan-TerkiyyəHepato-X3-Təcrübi Konfransının, “Təbabətin aktual problemləri” Beybalxalq elmi praktiki konqresinin (3-6 may 2013), Azərbaycan Tibbi Universitetinin xx.xx.2022-ci il tarixli sertifikatlarının surətlərindən görünür ki, İddiaçı müxtəlif tarixlərdə sertifikat verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2022-ci il, xx.xx.2023cü il, tarixli fəxri fərmanların surətindən görünür ki, İddiaçı müxtəlif tarixlərdə fəxri fərmanlarla təltif təltif edilmişdir. İşdə olan «Qazax Rayon X4 Hüquqi Şəxsin 65 yaşından yuxarı əmək müqaviləsi bağlanan həkim mütəxəssislərin xx.xx.2026-cı il üçün siyahının surətindən görünür ki, ümumi yaşı 65 yaşı keçmiş şəxslərin sayı 61 nəfərdir. İşdə olan Qazax Rayon X4 Hüquqi Şəxsinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, xəstəxanada əmək müqaviləsi əsasında çalışan işçilərin ümumi sayı 1110 nəfərdir. İşdə olan «Qazax Rayon X4 Hüquqi Şəxsinin etiraz ərizəsindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Bu sahə üzrə zərurət yaranmadığından əlavə əmək müqaviləsinin uzadılmasına ehtiyac duyulmamışdır. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X13in tabeliyindəki müəssisələrə ünvanladığı 22 iyul 1322-ci il tarixli “Kadr məsələlərinin tənzimlənməsi haqqında” məktubunda 65 yaşına çatmış həkimlərin çalışma müddətinin uzadılması ilə bağlı kəskin zərurət yaranarsa onunla əmək müqaviləsinin bağlanması üçün müraciət edilə bilər. Hal hazırda Qazax RMX PHŞ də 12 həkim ümumi cərrah fəaliyyət göstərir. İddiaçı həkim İddiaçı Maliyyə şöbəsi ərəfindən son haqq hesab ödənilmişdir. İş materiallarında olan İlkin mediasiya sessiayası barədə bildirişin surətindən və xx.xx.2025-ci il tarixli MŞQ/1-00609 nömrəli mediasiya arayışından görünür ki, İddiaçı «Qazax Rayon X4 Hüquqi Şəxsi ilə aralarında olan əmək mübahisəsinin həlli ilə əlaqədar mediasiya təşkilatına müraciət etmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı «Qazax Rayon X4 Hüquqi Şəxsində cərrah həkim vəzifəsinə təyin olunmuşdur. «Qazax Rayon X4 Hüquqi Şəxsinəin xx.xx.2025-ci il tarixli, 18-1-51/3-1-2389/2025 nömrəli «əmək müqaviləsinə xitam verilməsi barədə» əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarmasına görə xitam verilmiş, İddiaçı son haqq-hesabı verilmişdir. İddiaçı «Qazax Rayon Mərkəzi X1rşı «işə bərpa və əmək müqaviləsinin 5 il müddətinə uzadılması və məcburi iş buraxma müddəti əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməmiş, etirazın əsası kimi bildirmişdir ki, hazırda həkim cərrah vəzifəsinə ehtiyac olmadığından, İddiaçı ilə əmək müqaviləsinin müddəti uzadılmamış və son yaş həddinə çatdığına görə qanuni əsaslarla xitam verilmişdir. Bundan başqa mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qazax Rayon Mərkəzi Xəstəxanasında əmək müqaviləsi əsasında ümumilkdə 1110 nəfər işçi çalışır. Əmək qanunvericiliyinin tələbi baxımından bu sayın 2 faizi, təxminən 22 nəfər təşkil edə bilər. Halbuki faktiki olaraq müəssisədə 65 yaşı tamam olmuş və əmək müqaviləsi uzadılmış işçilərin sayı 61 nəfərdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əasasən Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 10-1-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi: 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65dir. 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. 10-1.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. 10-1.4. Bu Qanunun 10-1.2-ci və 10-1.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz. 10-1.5. Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır. 10-1.6. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir. 10-1.7. Bu Məcəllənin 10-1.2-ci və ya 10-1.3-cü maddələrinə əsasən çalışma müddətinin uzadılması işəgötürənin əmri (qərarı, sərəncamı) ilə rəsmiləşdirilir. Bu halda, işçinin əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilməsinə və uzadılan müddətə müddətli əmək müqaviləsinin bağlanılmasına yol verilmir Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlama məcbur edə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digər isə işçidir. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 68-ci maddəsinə görə əmək müqaviləsinə xitam verilməsinin əsasları:
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsinin «e» bəndinə görə dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 73-cü maddəsinin 1 və 2-ci hissələrinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündən, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. «Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 aprel 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq, əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ-İV hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati təlabatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi əmək qanunvericiliyinin vəzifələri və prinsipləri sırasında təsbit edilib. Əmək münasibətləri dedikdə - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə Əmək Məcəlləsinin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). Nəzərə alınmalıdır ki, əmək hüququ – işçi ilə işəgötürən arasında heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir. İlk növbədə əmək müqaviləsi üzrə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl etməklə onların qarşılıqlı razılıq əsasında dövlət büdcəsən maliyyələşən müəssisələrdə 65 yaşına çatmış işçilərin həmin müəssisədə çalışma müddətinin işəgötürən tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadılmasının mümkünlüyünü və bu müddət qurtardıqdan sonra ona xitam verilməsini tənzimləyən Əmək Məcəlləsinin 10-1.1, 10-1.2-ci maddələri, habelə 70-ci maddəsinin «e» bəndi ilə, həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndi və 73-cü maddəsinin 1-ci hissəsi əlaqəli şəkildə şərh edilməlidir. Məlum olduğu kimi Əmək Məcəlləsinin 10-1-ci maddəsi «Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli Qanunu ilə Əmək Məcəlləsinə əlavə edilmişdir və həmin norma dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddinə həsr olunub. Sözügedən normada, habelə Əmək Məcəlləsinin 10-1.2-ci maddəsində göstərilir ki, dövlət büdcəsindən maliyyələşən müəssəsilərdə çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Həmçinin normanın qeyd hissəsində göstərilir ki, burada «müvafiq dövlət orqanının rəhbəri»nin səlahiyyətlərini müvafiq sahə üzrə mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və nizamnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən müəssisənin fəaliyyətinə rəhbərlik edən müvafiq vəzifəli şəxs həyata keçirir. Göründüyü kimi Əmək Məcəlləsinin 10-1-ci maddəsində hər hansı müddətli əmək müqaviləsinin bağlanmasından deyil, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddinə çatmış işçinin həmin müəssisədə çalışma müddətinin işəgötürən tərəfindən hər dəfə 1 ildən çox olmayaraq 5 ilədək uzadıla bilməsindən bəhs olunur, yəni həmin norma əslində işçi ilə yeni müddətli əmək müqaviləsinin bağlanmasını və ya onun uzadılmasını deyil, müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddətinin işəgötürən tərəfindən hər dəfə 1 ildən çox olmayaraq, 5 ilədək uzadıla bilməsinin mümkünlüyünü tənzimləyir. Başqa sözlə Əmək Məcəlləsinin 10- 1-ci maddəsi həmin Məcəlləyə sonradan əlavə edilmiş xüsusi bir normadır və bu norma dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddətini müəyyən edir. Yəni Əmək Məcəlləsinin 10-1.2-ci maddəsində nəzərdə tutulan «hər dəfə 5 ilədək uzadıla bilən müddət» üçün işçi ilə işəgötürən arasında yeni müddətli əmək müqaviləsinin bağlanması tələb olunmur və işəgötürən sadəcə olaraq əmək müqaviləsi üzrə müəssisədə çalışan işçinin 65 yaşına çatmasını nəzərə alaraq, onun müəssisədə çalışma müddətini 1 ildən çox olmayaraq, uzada və ya uzatmaya bilər. Digər tərəfdən Əmək Məcəlləsinin 10-1.1-ci maddəsi dövlət büdcəsindən maliyyələşən müəssisələrdə son çalışma müddətini qəti olaraq 65 yaş müəyyən edib. Həmin Məcəllənin 10-1.2-ci maddəsi isə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə işçinin çalışma müddətinin hər dəfə 1 ildən çox olmayaraq, 5 ilədək uzadıla bilməsini işəgötürənin vəzifəsi deyil, hüququ kimi müəyyən edib. Yəni sözügedən norma müvafiq sahə üzrə mərkəzi icra hakimiyyəti orqanının rəhbərinə, habelə nizamnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən müəssisənin fəaliyyətinə rəhbərlik edən müvafiq vəzifəli şəxsə, 65 yaşına çatmış işçinin həmin müəssisədə çalışma müddətini hər dəfə 1 ildən çox olmayaraq, bütövlükdə 5 ilədək uzatmaq hüququ verir. Göründüyü kimi sözügedən normada dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçinin həmin müəssisədə çalışma müddətinin uzadılması zamanı «hər dəfə 1 ildən çox olmayaraq» söz birləşməsindən istifadə olunur, yəni qanunverici işəgötürənə bu haqqı tanıyarkən onun üzərinə həm də 65 yaşına çatmış işçinin öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə yerinə yetirmək iqtidarında olub-olmadığını yoxlamaq öhdəliyi qoyur. Əmək Məcəlləsinin 10-1.2-ci maddəsində dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddətinin hər dəfə 1 ilədək, 5 ildən artıq olmamaqla uzadılması üçün konkret meyarlar müəyyən edilməsə də, belə meyarlara işçinin tam əmək qabiliyyətinə, dərin nəzəri biliyə, böyük iş və həyat təcrübəsinə malik olması, əmək funksiyasını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməsi, həmin müəssisədə və tutduğu vəzifədə uzun illər qüsursuz işləməsi, mədəni, əxlaqi keyfiyyətləri və sair aid edilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1-ci maddəsinə əsasən işəgötürən 65 yaşı tamam olmuş işçi ilə əmək müqaviləsinin müddətini uzatmaq hüququna malikdir, lakin bu işəgötürən üçün mütləq vəzifə müəyyən etmir. Qanunvericilik işəgötürəni belə əmək münasibətlərini davam etdirməyə məcbur etmir. İddiaçının cavabdeh təşkilatda 65 yaşdan yuxarı işçilərin sayının çox olmasına istinadı da iddianın təmin edilməsi üçün əsas deyil. Belə ki, mümkün kvota pozuntusu işəgötürənin konkret bir işçi ilə əmək müqaviləsini uzatmaq öhdəliyi yaratmır. Hüququn ümumi prinsiplərinə görə bir hüquq pozuntusunun mövcudluğu digər hüquq pozuntusunun törədilməsinə haqq qazandırmır, eyni zamanda iddiaçı üçün əlavə və fərdi hüquq yaratmır. Beləliklə, məhkəmənin qənaəti ondan ibarətdir ki, Qazax Rayon X4 Hüquqi Şəxsi İddiaçı ilə əmək müqaviləsinin müddətini uzatmaqdan imtina edərkən, qüvvədə olan qanunvericliyin tələblərini pozmamış və qəbul etdiyi əmr qanuni olmuşdur. Qeyd edilməlidir ki, əmək müqaviləsinin uzadılmaması qanunun verdiyi səlahiyyətlər çərçivəsində həyata keçirilmişdir və mübahisələndirilən əmrin ləğvi üçün hüquqi əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq və iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı «Qazax Rayon Mərkəzi X1rşı «işə bərpa və əmək müqaviləsinin 5 il müddətinə uzadılması və məcburi iş buraxma müddəti əmək haqqının ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı «Qazax Rayon Mərkəzi X1rşı «işə bərpa və əmək müqaviləsinin 5 il müddətinə uzadılması və məcburi iş buraxma müddəti əmək haqqının ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Elçin Mansırov