Məhkəmə qərarları › İş №2(023)-253/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-253/2023

04.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-253/2023 04.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X8 adlı azyaşlı uşaqları ilə birlikdə Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları Qazax rayonu, Ağköynək kəndində yerləşən evə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 02 fevral 2009-cu il tarixdə rəsmi olaraq evlənmişlər. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X8 adlı üç uşaqları doğulmuşdur. Cavabdehlə evləndikləri ilk vaxtdan münasibətləri normal olsa da, sonradan aralarında olan münasibət pisləşmişdir. Buna səbəb cavabdehin gününü içki içməsi, günlərlə evə gəlməməsi olmuşdur. Sonuncu dəfə evdə olan mübahisə zəminində qaynanası və qaynı onu gecə vaxtı ev paltarında evdən qovmuşlar. O Cavabdeh1 ilə evlənərkən cavabdehlərin hazırda yaşadığı Qazax rayonu, Ağköynək kəndində yerləşən evə gəlin köçmüşdür və uşaqları da həmin evdə dünyaya gəlmişdir. Qazax rayon məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(023)-199/2022 saylı qətnaməsi ilə Cavabdeh1 ilə aralarında olan nikah pozulmuş, xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X8 adlı uşaqları onun himayəsinə verilmişdir. Artıq bir ildən çoxdur ki, atası evindədir və iki uşağı ilə orada yaşamağı onlar üçün narahatçılıq yaradır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, iddiaçının mübahisəli evdən istifadə hüququnun yaranmadığını bildirdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərdi ki, İddiaçı onun keçmiş gəlini olmuşdur və hazırda iddiaçının oğlu ilə aralarında olan nikah pozulmuşdur. İddiaçı onun ailə üzvü deyil və ailə üzvü hesab olunmur. Ən əsası da, iddiaçının köçmək istədiyi ev hüquqların dövlət qeydiyyatı haqqında ********** qeydiyyat nömrəli çıxarışla onun mülkiyyətindədir. O, mülkiyyətçi olaraq İddiaçı onun evinə köçürülməsinə qəti şəkildə etiraz edir. İddiaçının mübahisəli evdən istifadə hüququ yoxdur. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan 07 aprel 2003-cü il tarixli müqavilədən görünür ki, X1 rayon DTİ və MHQİ-nin verdiyi xx.xx.2003-cü il tarixli 62 nömrəli qeydiyyat vəsiqəsinə və xx.xx.2003cü il tarixli 41 nömrəl arayışa əsasən özünə məxsus olan Qazax rayonunun Ağköynək kəndində yerləşən ümumi sahəsi 159 kv.metr, yaşayış sahəsi 113,8 kv.metr, köməkçi sahəsi 45,3 kv.metr, torpaq sahəsi 800 kv.metr, 1989-cu ildə tikilmiş dörd otaqdan ibarət yaşayış evini qardaşı Cavabdeh1 bağışlamışdır. İş materiallarında olan 09 mart 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 24 avqust 2016-cı ildə vəfat etmiş X2 vərəsəsi Qazax rayon, Ağköynək kəndində yaşayan arvadı Cavabdeh2dır və o, miras əmlakdan tam hissələrdə irs almalıdır. İş materiallarında olan Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, Qazax rayonu, Ağköynək kəndində yerləşən 211,8 kv.m fərdi yaşayış evi və altındakı torpaq sahəsi xx.xx.2017-ci il tarixdən Cavabdeh2 xüsusi mülkiyyətlərindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş X15 Texniki Pasportun surətindən görünür ki, Qazax rayonu, Ağköynək kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdə 501-2/895 inventar nömrə ilə Cavabdeh2 adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında arayışlardan görünür ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh1 ilə İddiaçı nikahı xx.xx.2022-ci il tarixdə pozulmuşdur, bu barədə 113 saylı akt qeydi tərtib olunmuşdur. Nikah pozulduiqdan sonra arvada Xuduyeva soyadı verilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 ilə 02 fevral 2009-cu il tarixdə nikaha daxil olmuş və İddiaçı cavabdehlərin yaşadığı Qazax rayonu, Ağköynək kəndində yerləşən evə gəlin kimi köçərək orada yaşamışdır. Tərəflər arasında ailə münasibətləri baş tutmadığından onlar ayrılmışlar və nikahları məhkəmənin qətnaməsi əsasında pozulmuşdur. Hazırda cavabdehlər tərəfindən iddiaçının uşaqları ilə birlikdə mübahisəli evdə yaşamasına maneçilik törədildiyindən, iddiaçı uşaqları ilə birlikdə həmin evdən istifadə hüququnun olmasına isnad edərək, qeyd olunan evə köçürülməsini tələb edir. Məhkəmə qeyd edir ki, İddiaçı mübahisəli evə köçürülməsi ilə bağlı mübahisə həll edilərkən, ilk öncə onun həmin evdən istifadə hüququnun olub-olmadığı müəyyən edilməlidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30cu maddəsinin müddəaları tətbiq edilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 02 fevral 2009-cu ildə cavabdehlərdən Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və qaynatası – X3 məxsus yaşayış sahəsinə köçərək orada yaşamışdır. X4 24 avqust 2016-cı ildə vəfat etmişdir. Bundan sonra həmin yaşayış sahəsinə dair mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə Cavabdeh2 adına qeydə alınmışdır. İddiaçının həmin yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı mübahisə Mülki Məcəllənin 228.1, 228.2-ci maddələri və hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından İddiaçı yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh2 münasibətdə onun ailə üzvü hesab olunmur. Belə ki, mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü hesab olunmadığından, ona məxsus yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunurdu. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Belə müqavilə bağlanmadığına görə, iddiaçının yaşayış sahəsindən istifadə hüququ da əmələ gəlməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı himayəsində olan azyaşlı uşaqları (məhkəmə qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü Dəniz və xx.xx.2016-cı il təvəllüdlü Vəli adlı uşaqlar onun yanında saxlanılmışdır) ilə birlikdə Cavabdeh2 məxsus yaşayış sahəsindən istifadə hüququnun tanınması və həmin evə köçürülməsi ilə bağlı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar