Məhkəmə qərarları › İş №2(023)-277/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-277/2023

16.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-277/2023 16.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 18 mart 2013-cü il tarixdə anadan olmuş Ayşən və 21 iyul 2015-ci il tarixdə anadan olmuş Fatma adlı uşaqların Qazax şəhərində doğulması faktının qeyd edilərək, ata qrafasında atasının X8 və ana qrafasında anasının Ərizəçi olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X8 ilə 2006-cı ildə el adəti ilə evlənməklə, xx.xx.2016-cı ildə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə evliliklərindən beş övladları doğulmuşdur. Onlardan 18 mart 2013-cü il tarixdə anadan olmuş Ayşən və 21 iyul 2015-ci il tarixdə anadan olmuş Fatma adlı uşaqlar ev şəraitində doğulduğundan onlara doğum haqqında şəhadətnamə almamışdır. Hazırda qızlarına doğum haqqında şəhadətnamə almaq üçün Qazax rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin müvafiq tibbi sənədləri təqdim edə bilmədiyinə görə şəhadətnamənin verilməsi mümkün olmamışdır. O qızlarına doğum haqqında şəhadətnamə almaq istəyir. Qazax rayon Qeydiyyat Şöbəsi isə ona doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 18 mart 2013-cü il tarixdə və 21 iyul 2015-ci il tarixdə Qazax şəhərində ev şəraitində qız uşaqları doğması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi ərizəni müdafiə etdi və ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş maraqlı şəxs Qazax rayon Qeydiyyat şöbəsi məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxsin müraciətini nəzərə alaraq, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilən Qazax rayon X3 Sveta Rüstəm qızına ünvanladığı 05/70- 646/4 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ona doğumun qeydə alınması tibbi şəhadətnamə ilə və ya məhkəmənin qətnaməsi əsasında qeydə alındığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X8 ilə Ərizəçi nikahı 25 aprel 2016-cı il tarixdə Qazax rayon Qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 151 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Kamalova soyadı verilmişdir. İş materiallarında olan arayışdan görünür ki, Ərizəçi 18 mart 2013-cü ildə doğulmuş qız uşağının müəyyən edilməsi məqsədilə 25 noyabr 2022-ci il tarixədək “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğumu haqqında akt qeydi aşkar olunmadı. İş materiallarında olan arayışdan görünür ki, Ərizəçi 21 iyul 2015-ci ildə doğulmuş qız uşağının müəyyən edilməsi məqsədilə 25 noyabr 2022-ci il tarixədək “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğumu haqqında akt qeydi aşkar olunmadı. İş materiallarında olan Azərbaycan Respublikası İTS üzrə Dövlət Agentliyi TƏBİB PHŞ-in Qazax RMX PHŞ-in verdiyi 22 dekabr 2022-ci il tarixli 250 və 251 saylı arayışlardan görünür ki, X4 və X5 anadan olması barədə Qazax RMX-da heç bir sənəd aşkar olunmamışdır. İş materiallarında olan Qazax RİHB-nin Qazax şəhər İƏD üzrə nümayəndəliyində tərtib olunmuş aktdan görünür ki, ünvan 2 ünvanında yaşayan ana Ərizəçi ev şəraitində 18 mart 2013cü il tarixdə Ayşən və 21 iyul 2015-ci il tarixdə Fatma adlı sağlam qız uşaqları dünyaya gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, xx.xx.1958-ci ildə Qazax şəhərində doğulmuşdur. Ərizəçi onun qardaşının gəlinidir. 18 mart 2013-cü il tarixdə və 21 iyul 2015-ci il tarixdə Ərizəçi sağlam qız uşaqları dünyaya gəlmişdir. Uşaqların hər ikisinin doğumunu o qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, xx.xx.1980-ci ildə Qazax rayonunda doğulmuşdur. Ərizəçi yaxın qohumudur. 18 mart 2013-cü il tarixdə və 21 iyul 2015-ci il tarixdə Ərizəçi sağlam qız uşaqları dünyaya gəlmişdir. Uşaqların hər ikisinin doğumunda iştirak etmişdir, onları çimizdirib bələmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Belə ki, ərizəçinin izahatı, şahid ifadələri və digər iş materialları ilə Ərizəçi 18 mart 2013-cü il tarixdə və 21 iyul 2015-ci il tarixdə Qazax şəhərində ev şəraitində qız uşaqları doğulması faktı tam sübuta yetirilir. Mülki işin materiallarından da görünür ki, Ərizəçi doğum haqqında şəhadətnamə almaq üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğumun qeydə alınması üçün lazım olan sənədlər təqdim olunmadığına görə doğumun qeydə alınmasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi 18 mart 2013-cü il tarixdə və 21 iyul 2015-ci il tarixdə Qazax şəhərində ev şəraitində qız uşaqları doğması faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin həmin uşaqların doğumunun qeydə alınmasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi Ərizəçi 18 mart 2013-cü il tarixdə və 21 iyul 2015-ci il tarixdə ev şəraitində doğulmuş qız uşaqlarının doğumunun qeydə alınmasından və doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi 18 mart 2013-cü il tarixdə və 21 iyul 2015-ci il tarixdə Qazax şəhərində ev şəraitində qız uşaqları doğması faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin həmin uşaqların doğumunun qeydə alınmasından imtina etməsi nəticəsində ərizəçi uşaqlarına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, Ərizəçi 18 mart 2013-cü il tarixdə və 21 iyul 2015-ci il tarixdə Qazax şəhərində ev şəraitində qız uşaqları doğması faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, verilmiş ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi 18 mart 2013-cü il tarixdə və 21 iyul 2015-ci il tarixdə Qazax şəhərində ev şəraitində qız uşaqları doğması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar