Məhkəmə qərarları › İş №2(023)-484/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-484/2023

06.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-484/2023 06.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən istifadə hüququna xitam verilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus ünvan 1 ünvanında yerləşən evdən yaşayış və istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qazax rayon məhkəməsinin 06 iyun 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə Cavabdeh1 və Cavabdeh3 aid hissədə icraata xitam verilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 qardaşı X4, Cavabdeh2 isə onun keçmiş həyat yoldaşı olmuşdur. Cavabdeh3 isə tanımadığı şəxsdir. ünvan 1-də olan evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, **********32-05101-093002 reyestr nömrəli çıxarışa əsasən öz adına rəsmiləşdirmişdir. Artıq o həmin evin mülkiyyətçisidir. Cavabdehlər bir neçə ildən çoxdur ki, onlardan ayrılıb və onlarla yaşamır. Cavabdeh3 isə onların evini ümumiyyətlə tanımır. Cavabdehlərin onun evində qeydiyyatda qalması onun hüquqlarını pozur. Cavabdehlərin qeydiyyatdan çıxması ilə əlaqədar Gəncə İnzibati məhkəməsinə müraciət etmiş, ona bildirmişlər ki, əvvəlcə cavabdehlərin yaşayış hüququna xitam verilməsi barədə yerli məhkəməyə müraciət etməlidir. Cavabdehlərin onun evində qeydiyyatda olması ona bir çox maneələr və əlavə xərclər yaradır. Belə ki, cavabdehlər onun evində yaşamadığı halda onun adına əlavə kommunal xərclər yazılır. Bu da onun büdcəsinə müəyyən zərər vurur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh2 ilə xx.xx.2006-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evləmişlər. Birgə nikahlarından bir övladları doğulmuşdur. Aralarında yaranmış narazılıqlara görə cavabdehlə ayrılmışlar, Qazax rayon məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli 2(023)-1057/2020 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur və həmin vaxtdan iddiaçı ona məxsus evdən çıxıb getmişdir. Digər Cavabdeh1 onun qardaşı arvadı olmuşdur. Cavabdeh1 ona məxsus evdə ümumiyyətlə yaşamamışdır, sadəcə həmin evə qeydiyyata düşmüşdür, lakin heç bir zaman o evdə yaşamamışdır. Digər Cavabdeh3 isə ümumiyyətlə tanımır. Cavabdeh3 hansı yolla və nə vaxt ona məxsus evə qeydiyyata düşməsindən xəbəri yoxdur. Odur ki, qeyd olunanları nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəməyə göndərdiyi ərizədə iddianı qəbul etmədiyini, işə onun iştirakı olmadan baxılaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəməyə göndərdiyi ərizədə iddianı qəbul etdiyini, həmin ünvandan qeydiyyatdan çıxmağa etiraz etmədiyini bildirərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci və 185.5-ci maddələrinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2011-ci il tarixli Bağışlama müqaviləsindən görünür ki, X2 Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi 1830B qeydiyyat nömrəsi, xx.xx.2005-ci il tarixli inventar işi 3733 olan qeydiyyat vəsiqəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Tovuz Ərazi İdarəsinin 705 saylı, xx.xx.2011-ci il tarixli arayışına əsasən tikildiyi il 1976, mərtəbəliyi 5, mərtəbəsi 5, yaşayış otaqlarının sayı 2, yaşayış sahəsi 31,2 kv.m, yardımçı sahəsi 22 kv.m-dən ibarət olan Qazax şəhəri, N.Nərimanov yaşayış massivi 1/24 mərtəbəli ünvanda yerləşən mənzili oğlu İddiaçı bağışlamışdır. İş materiallarında olan iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MA №0227863 saylı Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda olan mənzil xüsusi mülkiyyət hüququ xx.xx.2011ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz Əmlakın Texniki Pasportun surətindən görünür ki, ünvan 3 ünvanda olan mənzil xx.xx.2011-ci il tarixdə 501-1/3444 inventar nömrə ilə İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)- 922/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Qazax rayon məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli 2(023)-1057/2020 nömrəli qətnaməsi qismən, tərəflər arasında olan nikah pozulduğundan (boşanmadan) sonra, tərəflərin birgə nikahından 30 iyun 2008-ci il tarixdə doğulmuş X3 anası Cavabdeh2 himayəsində saxlanılması hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsi, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış nikah pozulduqdan sonra onların birgə nikahından anadan olmuş 30 iyun 2008-ci il təvəllüdlü X3 atası İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarında olan Qazax RİH başçısının Qazax Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5-58-13-17/2-90 nömrəli arayışdan görünür ki, həqiqətən xx.xx.1973-cü il təvəllüdlü İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. Qazax rayon məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qətnaməsinə və tərtib edilmiş akta əsasən keçmiş həyat yoldaşı Cavabdeh2 nikahları pozulduqdan sonra həmin ünvanda yaşamır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh2 İddiaçı ilə 2006-cı ildə nikaha daxil olaraq, ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından bir uşaqları doğulmuşdur. Onlar ailə qurduqları dövrdə ünvan 3 ünvanda yaşamışlar. Sözügedən mənzil xx.xx.2011-ci il tarixli Bağışlama müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. Tərəflərin arasında olan nikah Qazax rayon məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı ilə cavabdeh arasında olan ailə münasibətləri pozulduğundan onların ailə kimi birlikdə yaşamaları mümkün olmamış, nikahları pozulmuş və birgə nikahdan doğulmuş uşaq atanın (iddiaçının) yanında saxlanılmışdır. Cavabdeh2 mübahisəli evdən getmiş və hazırda başqa ünvanda yaşayır. Cavabdeh qeyd olunan mənzildən köçsə də, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Digər tərəfdən məhkəmə qeyd edir ki, Cavabdeh2 mənzilin mülkiyyətçisi olan İddiaçı (iddiaçı) keçmiş arvadı olmaqla, nikah pozulmamışdan əvvəl həmin evdə yaşadıqları dövrdə onun həmin evdən istifadə hüququ yaranmışdı. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Lakin, onlar arasında olan nikah qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə pozulduğundan, cavabdehin həmin mənzildən istifadə hüququ saxlanılmır. Belə ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Beləliklə məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi əsasında İddiaçı ilə Cavabdeh2 arasında nikah pozulduğundan, cavabdehin sözügedən mənzildən istifadə hüququ nikah pozulduqdan sonra saxlanılmadığından, iddia təmin edilməli, Cavabdeh2 iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 Qazax şəhəri, N.Nərimanov massivi ünvanda 1 saylı binada yerləşən 24 saylı mənzildən istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar