Məhkəmə qərarları › İş №2(023)-547/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-547/2023

11.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-547/2023 11.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı, Cavabdeh İnqilab oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh İnqilab oğluna qarşı “yaşayış hüququnun müəyyən edilməsi, yaşayış sahəsindən istifadə qaydalarıın müəyyən edilməsi və maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh İnqilab oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax rayonu, Xanlıqlar kəndində yerləşən, cavabdehin mülkiyyətində olan evdə yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi və istifadə qaydalarına uyğun olaraq yaşadıqları otağın elektrik enerjisi və məişət qazı ilə təmin edilməsi ilə bağlı cavabdeh tərəfindən maneənin (qanunsuz hərəkətlərin) aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1985-ci il tarixdə Qazax rayonu, Xanlıqlar kəndində doğulmuşdur. Uşaqlığını mübahisəli evdə yaşamışdır, ailə qurarkən də ailə üzvlərini mübahisəli evə köçürmüşdür. Hazırda iki övladı vardır, ailəsi ilə birlikdə mübahisəli evdə yaşayır və başqa yerdə yaşamağa yeri yoxdur. Cavabdeh onun atasıdır və o, heç bir əsas göstərmədən onun yaşadığı otağın qaz xəttini kəsmiş və onun ailəsi təbii qazdan istifadə edə bilmir. Bununla da cavabdeh onun uşaqlarının normal şəraitdə yaşamasına imkan vermir. Onların yaşadığı yerə ayrıca qaz xəttinin çəkilməsi üçün texniki imkanlar vardır. Bundan başqa elektrik xətti çəkilməsinə də ehtiyac vardır. Belə ki, cavabdeh hər dəfə mübahisə olanda elektrik xəttini də kəsir. Bundan başqa kommunal xərclərin ödənilməsi ilə bağlı problemin yaşanmaması üçün və qanunsuz olaraq onun xəttinin kəsilməməsi üçün abonent kimi əlavə sayğacların qoyulmasına razıdır. Onun bu evdə ailəsi ilə normal yaşaması üçün məişət qazı və elektrik enerjisi təminatı üçün maneələr aradan qaldırılmalıdır. Bu hərəkətlərlə cavabdeh onların evdə normal yaşamalarına maelər yaratmaqda davam edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh ona və ailə üzvlərinə nəinki təbii qazdan və elektrik enerjisindən istifadə etməyə, eyni zamanda evin bağçasından və həyətdəki yardımçı tikililərdən istifadə etməyə icazə vermir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İnqilab oğlu izahatında bildirdi ki, iddiaçı onun oğludur. Mübahisə predmeti olan yaşayış evi ona məxsusdur. O həmin evin 1-ci mərtəbəsində, oğlu Taleh isə ailəsi ilə birlikdə həmin evin 2-ci mərtəbəsində qalır. Onlar 2-ci mərtəbədə yaşadıqlarına görə onun oğluna və onun ailəsinə heç bir maneçiliyi yoxdur. İddiaçının onun barəsində qeyd etdiklərini əsassız hesab edir. Əgər qazın və işığın sayğacını ayırıb, öz yaşadığı hissəyə yeni sayğaclar qoydurmaq istəyirsə buna heç bir etirazı yoxdur. Qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN 420F KOD 50100078 saylı Şəhadətnamənin surətindən görünür ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 saylı qərarı ilə Qazax rayonu Xanlıqlar kəndində 0,17 ha həyətyanı torpaq sahəsi Cavabdeh və ailə üzvləri X1, İddiaçı Fuad oğlunun və X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə doğulmuşdur, atası X4, anası X2r. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia əsassızdır. Tərəflərin izahatları və işdə olan sənədlərlə müəyyən edilir ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 saylı qərarı ilə JN 420F KOD 50100078 saylı Şəhadətnaməyə əsasən Qazax rayonu Xanlıqlar kəndində 0,17 ha həyətyanı torpaq sahəsi Cavabdeh və ailə üzvləri X1, İddiaçı Fuad oğlunun və X3 ümumi birgə mülkiyyətinə verilmişdir. İddiaçı hazırda həmin evdə yaşayış hüququnun müəyyən edilməsi, yaşayış sahəsindən istifadə qaydalarıın müəyyən edilməsi və cavabdehlər tərəfindən həmin evdən istifadəyə yaradılan maneənin aradan qaldırılmasını xahiş edir. Məhkəmə araşdırılması zamanı müəyyən edilən işin digər hallarından aydın oldu ki, iddiaçının yaşayış hüququnun müəyyən edilməsi, yaşayış sahəsindən istifadə qaydalarıın müəyyən edilməsini istədiyi Qazax rayonunun Xanlıqlar kəndində yerləşən ev özbaşına tikili olduğundan heç bir hüquq müəyyənedici sənədi yoxdur, ev (mübahisəli ev) daşınmaz əmlakın dövlət reyestrində hər hansı şəxsin, həmçinin nə iddiaçının, nə də cavabdehlərin adına qeydə alınmamışdır. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Lakin, dövlət yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Qeyd edilən Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən mübahisəli ev özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, eyni zamanda iddiaçının hazırda ailə üzvləri ilə birlikdə həmin evdə yaşamaqla evin yaşayış sahəsindən istifadə etdiyi, cavabdehin isə iddiaçının həmin evdə yaşamasına heç bir etirazının olmadığı və ona hər hansı bir maneənin törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh İnqilab oğluna qarşı “yaşayış hüququnun müəyyən edilməsi, yaşayış sahəsindən istifadə qaydalarıın müəyyən edilməsi və maneənin aradan qaldırılması” ilə bağlı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh İnqilab oğluna qarşı “yaşayış hüququnun müəyyən edilməsi, yaşayış sahəsindən istifadə qaydalarıın müəyyən edilməsi və maneənin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar