Məhkəmə qərarları › İş №2(023)-58/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-58/2024

06.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-58/2024 06.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki işə 06 fevral 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun himayəsində olan yetkinlik yaşına çatmayan 17 yanvar 2006-cı il təvəllüdlü X4 və 14 sentyabr 2010-cu il təvəllüdlü X3 ilə birlikdə cavabdehin istifadəsində olan ünvan 1 ünvanında yerləşən yaşayış evinin yardımçı sahələrindən (hamam, tualet və s.) də istifadələri mümkün hesab edilməklə həmin evə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X5 ilə 2005-ci ildə evlənərək, ünvan 1 ünvanına gəlin köçmüşdür. Cavabdehlə birgə nikahdan 17 yanvar 2006-cı il tarixdə X4 və 14 sentyabr 2010-cu il tarixdə X3 anadan olmuşdur. Elşad Qocayevlə nikahı məhkəmə qaydasında pozulmuş və 2021-ci il tarixdə qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. Elşad Qocayev cəzaçəkmə müəsissəsində azadlıqdan məhrum etmə cəzası çəkir. İş üzrə cavabdeh Elşad Qocayevin bacısıdır. Cavabdeh müxtəlif bəhanələrlə onu sözügedən evdən uzaqlaşdırmağa çalışır. Evin mülkiyyət sənədi olmadığından mübahisə predmeti olan mənzilə qeydiyyata düşməmiş, lakin buna baxmayaraq evləndiyi ilk gündən o və yetkinlik yaşına çatmayan uşaqları onunla həmin evdə yaşayırlar. Cavabdeh 2023-cü ilin əvvəllərində cəzaçəkmə müəssisəsindən çıxmışdır. Həmin tarixdən cavabdeh tərəfindən evdə müxtəlif münaqişələr yaranaraq istifadə hüququ məhdudlaşdırılır. Ona görə də, məhkəmə qərarı ilə orada istifadə hüququnu müəyyən elətdirmək məcburiyyətindədir. Qeyd edilənlərin nəzərə alınaraq, onun himayəsində olan yetkinlik yaşına çatmayan 17 yanvar 2006-cı il təvəllüdlü X4 və 14 sentyabr 2010-cu il təvəllüdlü X3 ilə birlikdə cavabdehin istifadəsində olan ünvan 1 ünvanında yerləşən yaşayış evinin yardımçı sahələrindən (hamam, tualet və s.) də istifadələri mümkün hesab edilməklə həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə göndərdiyi ərizədə iddianı müdafiə edərək, bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə göndərdiyi ərizədə iddianı qəbul etmiş və göstərmişdir ki, iddiaçı onun qardaşı Elşad Qocayevlə rəsmi nikahda olmuş, lakin sonradan məhkəmə qətnaməsinə əsasən boşanmışdır. Mübahisəli evin mülkiyyətçisi onun nənəsi olmuşdur. Nənəsi vəfat etdikdən sonra Elşad Qocayev, Yalçın Qocayev və o (cavabdeh) həmin evin vərəsələridir. İddiaçı və yetkinlik yaşına çatmayan uşaqları həmin evdə yaşayırlar. Əslində İddiaçı mübahisəli evdə onun yaşamasına imkan yaratmır. O mübahisə predmeti olan evdə iddiaçının yaşamağına və sərbəst istifadəsinə heç bir maneə yaratmır. Odur ki, bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan materialları nəzərdən keçirərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 ilə X2 nikahı xx.xx.2021-ci il tarixdə pozulmuşdur, bu barədə 44 saylı akt qeydi tərtib olunmuşdur. Nikah pozulduiqdan sonra arvada Azadova soyadı verilmişdir. Doğum haqqında arayışlardan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 atası X5, anası İddiaçıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 15 saylı Tovuz Ərazi İdarəsində dövlət reyestrində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə əlaqədar qeyd etməyi vacib hesab edir ki, iddiaçının tələbi Cavabdeh istifadəsində olan fərdi yaşayış evinə köçürülmə ilə bağlı olduğundan tərəflərin arasında yaranan münasibətlərə mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə ilə bağlı normalar tətbiq edilməlidir. Göründüyü kimi tərəflər arasında münasibətlər 2005-ci ildə yaranmış və mübahisəli fərdi yaşayış evi mülkiyyətdə olmamışdır. Azərbaycan Respublikasının 08 iyul 1982-ci il tarixli qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən mənzil fonduna dövlət mənzil fondu, ictimai mənzil fondu, mənzil-tikinti kooperativləri fondu və fərdi mənzil fondu daxildir. Fərdi yaşayış evinin mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri 1982-ci il redaksiyalı Azərbaycan Respublikasının Mənzil Məcəllənin 123-cü maddəsi ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdir. Bu məcəllənin 53-cü maddəsinə göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarının köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri, icarədarın arvadı(əri), onların uşaqları və valideynləri, həmçinin icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsindən yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Göründüyü kimi, tərəflərin izahatlarından, həmçinin iş materiallarından məlum olur ki, İddiaçı 2005-ci ildə ünvan 3 ünvanında yerləşən evdə ailə üzvü kimi yaşamışdır. Mübahisəli ev fərdi mənzil fonduna aid evdir. Mübahisəli mənzil fərdi mənzil fonduna aid olduğu üçün, tərəflər arasında münasibətlər 2005-ci ildə yarandığından mənzildən istifadə ilə bağlı münasibətlərə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 54-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisəli mənzil fərdi mənzil fonduna aid olduğundan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 54-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçının həmin mənzildən istifadə hüququ yaranmışdır. Bu baxımdan iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı himayəsində olan yetkinlik yaşına çatmayan 17 yanvar 2006-cı il təvəllüdlü X4 və 14 sentyabr 2010-cu il təvəllüdlü X3 ilə birlikdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yardımçı sahələrindən (hamam, tualet və s.) istifadəsi müəyyən edilməklə evə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı himayəsində olan yetkinlik yaşına çatmayan 17 yanvar 2006-cı il təvəllüdlü X4 və 14 sentyabr 2010-cu il təvəllüdlü X3 ilə birlikdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yardımçı sahələrindən (hamam, tualet və s.) istifadəsi müəyyən edilməklə evə köçürülsün. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar