Məhkəmə qərarları › İş №2(023)-640/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-640/2023

30.05.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-640/2023 30.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı, Cavabdeh Qazax şəhər “S.Əfəndiyev” adına 1 saylı tam orta məktəbin direktoru X1 iştirakları ilə, İddiaçı cavabdeh Qazax şəhər 1 saylı tam orta məktəbinə qarşı “əmrin etibarsız hesab edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Qazax şəhər 1 saylı tam orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax şəhər 1 saylı tam orta məktəbinin 21 fevral 2023-cü il tarixli, 35 nömrəli əmrini etibarsız hesab edərək, onun işə bərpa edilməsi və buraxılmış iş günlərinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1-ci Qarabağ müharibəsi veteranı olaraq 01 sentyabr 1998-ci il tarixdən Qazax şəhər 1 saylı orta məktəbə ibtidai hazırlıq və dərs müəllimi təyin edilmişdir. Bununla bağlı həmin müəssisənin 53 nömrəli, 01 sentyabr 1998-ci il tarixli əmrində də göstərilmişdir və onunla əmək müqaviləsi bağlanmışdır. Qazax şəhər 1 saylı tam orta məktəbin 21 fevral 2023-cü il tarixli, 35 nömrəli əmri ilə işdən azad edilmişdir. Əmrdə işdən azad olunmasının əsası kimi 70-ci maddənin “e” bəndinə istinad edilmişdir. Həmin əmrdə İddiaçı məktəbin hərbi rəhbəri çalışmanın yaş həddinə çatdığına görə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddənin “e” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən ləğv edilmişdir. Onunla bağlanmış müqavilənin ləğv edilməsi barədə 21 fevral 2023-cü il tarixli, 35 nömrəli əmr verilərkən Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdur. Əmrdə onun vəzifəsi (peşəsi) düzgün göstərilməmiş, eləcə də əmri məktəbin direktoru deyil, onun vəzifəsini icra edən şəxs imzaladığı halda vəzifə direktor göstərilmiş, ad, soyad və atasının adı tam göstərilməmiş və əmrin verilməsinə əsas olan rəsmi sənəd göstərilməmiş, onun yerinə Əmək Məcəlləsinin maddəsi qeyd edilmişdir. Hansı ki, yaşının tamam olduğunu təsdiq edən sənədə istinad edilməliydi. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, o, uzun illər Qazax şəhər 1 saylı orta məktəbdə ibtidai hazırlıq və dərs müəllimi işləmişdir. xx.xx.2023-cü il tarixdə onunla heç bir söhbət aparılmadan qanunsuz olaraq onu Əmək Məcəlləsinin 70-ci maddənin “e” bəndinə əsasən işdən çıxartmışlar. Hesab edir ki, qanunsuz olaraq işdən azad olunmuşdur. İşdən azad olunma əmrində və əmək kitabçasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi qeyd edilmişdir. Bununla onun hüquqları kobud şəkildə pozulmuşdur. Onun işdən azad edilməsinə heç bir əsas yox, ancaq müdriyyətin ona qarşı qərəzli mövqeyindən başqa bir məna kəsb edə bilməz. Hal-hazırda o öz əvvəlki iş yerinə bərpa olunmaq istəyir. Hesab edir ki, tam əsassız və qanunsuz olaraq işdən azad edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Qazax şəhər “S.Əfəndiyev” adına 1 saylı tam orta məktəbin direktoru X5 verdiyi izahatında göstərmişdir ki, İddiaçı Qazax şəhər “S.Əfəndiyev” adına 1 saylı orta məktəbdə hərbi rəhbər işləmişdir. 21 fevral 2023-cü ildə İddiaçı 65 yaşı tamam olduğu üçün Qazax şəhər “S.Əfəndiyev” adına 1 saylı tam orta məktəbinin xx.xx.2023-cü il tarixli, 35 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı iddia etdiyi kimi işdən çıxarılmamış, çalışmanın yaş həddinə görə əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, iddia tələbi əsssızdır. Belə ki, əmək müqaviləsinin bağlanması ilə bağlı elektron portaldan çıxarılmış əmək müqaviləsi bildirişində, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron portaldan çıxarılmış əmək müqaviləsi bildirişindən və elektron portaldan çıxarılmış Qazax şəhər «S.Əfəndiyev» adına 1 saylı tam orta məktəbin İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə “35” saylı, xx.xx.2023-cü il tarixli əmrindən çıxarışda iddiaçının qeyd etdiyi hallar öz əksini tapmamışdır. Qeyd etmək istəyir ki, iddiaçı əmək müqaviləsinə xitam verildiyi barədə məlumat aldıqdan sonra əmrin surətinin ona təqdim olunmasını tələb etmiş, əmrin surəti ona təqdim edilərkən müəyyən texniki səhvlərə yol verilmişdir. Ona görə də, iddia tələbinin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə edilmiş Qazax şəhər 1 nömrəli tam orta məktəbi üzrə 21 fevral 2023-cü il tarixli 35 saylı əmrin surətindən görünür ki, X2- məktəbin hərbi rəhbəri çalışmanın yaş həddinə çatdığına görə onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən ləğv edilsin. İddiaçı 26 təqvim günü axırıncı haqq-hesab hesablansın. Əsas: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 maddəsinin “e” bəndi. Məktəbin direktoru /imza/ Qocayeva Rəna. İş materiallarına əlavə edilmiş Qazax şəhər «S.Əfəndiyev» adına 1 saylı tam orta məktəbin əmr kitabından 21 fevral 2023-cü il tarixli 35 nömrəli “əmək müqaviləsinin ləğvi hjaqqında” əmrin surətindən görünür ki, İddiaçı - məktəbin hərbi rəhbəri - çalışmanın yaş həddinə çatdığına görə onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən ləğv edilsin. İddiaçı 26 təqvim günü axırıncı haqq-hesab hesablansın. Əsas: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 maddəsinin “e” bəndi. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı elektron portaldan çıxarılmış əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən Qazax şəhər «S.Əfəndiyev» adına 1 saylı tam orta məktəbinin direktoru X3 ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı Qazax şəhər «S.Əfəndiyev» adına 1 saylı tam orta məktəbinə hərbi rəhbər vəzifəsi üzrə işə götürülmüş, onun aylıq əmək haqqının məbləği 569,33 manat təşkil edir. Bildiriş xx.xx.2022-ci ildə imzalanmışdır. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron portaldan çıxarılmış əmək müqaviləsi bildirişindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixdə 35 saylı əmrlə İddiaçı 70.“e” – dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş xx.xx.2023-cü ildə imzalanmışdır. İş materiallarında olan Qazax şəhər «S.Əfəndiyev» adına 1 saylı tam orta məktəbin əmək müqaviləsinin ləğvi haqqında xx.xx.2023-cü il tarixli “35” nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı - məktəbin hərbi rəhbəri – çalışmanın nyaş həddinə çatdığına görə onunla bağlanmış əmək müqaviləsi “Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən ləğv edilsin. İddiaçı 26 təqvim günü axırıncı haqq-hesab hesablansın. Əsas: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin “e” bəndi. İş materiallarında olan elektron portaldan çıxarılmış Qazax şəhər «S.Əfəndiyev» adına 1 saylı tam orta məktəbin İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə “35” saylı, xx.xx.2023-cü il tarixli əmrindən çıxarışdan görünür ki, məktəbin hərbi rəhbəri vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 nömrəli maddəsinin “e” – dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda” bəndinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2023-cü il tarixdən xitam verilsin. İşçinin xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 26 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilsin. İşçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilsin. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 07 mart 2023-cü il tarixli 3-29/3-1-315K/2023 saylı vəzifəyə təyin edilmə barədə əmrindən görünür ki, X5 07 mart 2023-cü il tarixdən bir il müddətinə Qazax şəhər «S.Əfəndiyev» adına 1 saylı tam orta məktəbinə direktor vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan İddiaçı adına tərtib olunmuş M/V №023505 saylı Vəsiqənin surətindən görünür ki, vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı Qazax şəhər «S.Əfəndiyev» adına 1 saylı tam orta məktəbində hərbi rəhbər işləmişdir. İddiaçı xx.xx.2023-cü ildə 65 yaşı tamam olmuşdur. İddiaçı 65 yaşı tamam olduğu üçün Qazax şəhər «S.Əfəndiyev» adına 1 saylı tam orta məktəbinin xx.xx.2023-cü il tarixli, 35 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndiniə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı həmin əmri qanunsuz hesab etdiyi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçının tələbi əmrin etibarsız sayılması, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi ilə bağlı olduğundan həmin münasibətlərə əmək qanunvericiliyinin müvafiq normaları tətbiq olunmalıdır. Məhkəmə iddiaçının əmrin etibarsız sayılması, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 10-1.1-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır. Göründüyü kimi, Qazax şəhər «S.Əfəndiyev» adına 1 saylı tam orta məktəbin xx.xx.2023-cü il tarixli, 35 saylı əmri ilə İddiaçı çalışmanın yaş həddinə çatdığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə istinad edərək, onun hüquqlarının kobud şəkildə pozulduğunu, həmin əmrin qanunsuz olduğunu və bu baxımdan etibarsız hesab edilməli olduğunu qeyd etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar əmrin etibarsızlığı üçün əsas deyildir. Belə ki, iddiaçı iddiasının əsası kimi əmrdə onun vəzifəsinin (peşəsinin) düzgün göstərilmədiyini, eləcə də əmri məktəbin direktoru deyil, onun vəzifəsini icra edən şəxsin imzaladığı halda vəzifəsinin direktor göstərildiyini, ad, soyad və atasının adının tam göstərilmədiyini və əmrin verilməsinə əsas olan rəsmi sənədin göstərilmədiyini, onun yerinə Əmək Məcəlləsinin maddəsinin qeyd olunduğunu göstərilmiş, yaşının tamam olduğunu təsdiq edən sənədə istinad edilməmişdir. Lakin iş materiallarına əlavə edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı elektron portaldan çıxarılmış əmək müqaviləsi bildirişində, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron portaldan çıxarılmış əmək müqaviləsi bildirişində və elektron portaldan çıxarılmış Qazax şəhər «S.Əfəndiyev» adına 1 saylı tam orta məktəbin İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə “35” saylı, xx.xx.2023-cü il tarixli əmrindən çıxarışda iddiaçının qeyd etdiyi hallar öz əksini tapmamışdır. Belə ki, iş materiallarında olan elektron portaldan çıxarılmış Qazax şəhər «S.Əfəndiyev» adına 1 saylı tam orta məktəbin İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə direktor əvəzi X3 tərəfindən verilmiş “35” saylı, xx.xx.2023-cü il tarixli əmrindən çıxarışdan görünür ki, məktəbin hərbi rəhbəri - vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 nömrəli maddəsinin “e” – dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda” bəndinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2023-cü il tarixdən xitam verilsin. İşçinin xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 26 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilsin. İşçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Qazax şəhər 1 saylı tam orta məktəbinə qarşı “əmrin etibarsız hesab edilməsi və işə bərpa” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh Qazax şəhər 1 saylı tam orta məktəbinə qarşı “əmrin etibarsız hesab edilməsi və işə bərpa” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar