Məhkəmə qərarları › İş №2(023)-716/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-716/2024

31.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-716/2024 31.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı3, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə 31 iyul 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3 və X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ona məxsus əmlakları ilə mülkiyyətlərində olan, Qazax rayonu Xanlıqlar kəndində yerləşən yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh1 oğlu Cavabdeh2 ilə evləndikdən bir müddətdən sonra yaşamağa evləri olmadığı üçün onların mülkiyyətində olan evə köçüb həmin evdə yaşamışlar. Cavabdehin onlara məxsus evdə yaşaması onların mülkiyyət hüquqlarını pozur. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Tovuz rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-cı il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Qazax rayonu Xanlıqlar kəndindəki ev onların ümumi birgə mülkiyyətindədir. Həmin evin mülkiyyətçisi kimi cavabdehlərə evdən çıxıb, evi boşaltmasını təklif etsələr də, bundan imtina etmişlər. Bununla da cavabdehlər dövlət tərəfindən tanınan və qorunan hüquqlarını kobud surətdə pozmuşlar. Ona görə də məcbur olub hüquqlarımızın müdafiə olunması ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşlar. İddiaçılar İddiaçı1, İddiaçı3 və X2 iddia ərizəsinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 cavabdeh qismində işə cəlb edərək, Cavabdeh2 və Cavabdeh1 azyaşlı uşaqları X3, X4, X5 və onlara məxsus əmlaklarla birlikdə mülkiyyətlərində olan Qazax rayonu Xanlıqlar kəndində yerləşən yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, cavabdehlərin onlara məxsus evdə yaşaması onların mülkiyyət hüquqlarını pozur. Belə ki, evdə tez-tez lüzumsuz dava-dalaş baş verir, gəlini Salatın onlarla yola getmir. Odur ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 azyaşlı uşaqları X3, X4, X5 və onlara məxsus əmlaklarla birlikdə mülkiyyətlərində olan Qazax rayonu Xanlıqlar kəndində yerləşən yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı3 iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, cavabdehlərin onlara məxsus evdə yaşaması onların mülkiyyət hüquqlarını pozur. Belə ki, evdə tez-tez lüzumsuz dava-dalaş baş verir, gəlini Salatın onunla yola getmir. Artıq onların bir evdə yaşaması qeyri-mümkündür. Odur ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 azyaşlı uşaqları X3, X4, X5 və onlara məxsus əmlaklarla birlikdə mülkiyyətlərində olan Qazax rayonu Xanlıqlar kəndində yerləşən yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək, verdiyi izahatında cavabdeh (arvadı) Cavabdeh1 onun valideynləri ilə yola getmədiyini, bu səbəbdən onun da Salatınla münasibətinin kəsildiyini, artıq onların bir evdə yaşamaqlarının mümkün olmadığını qeyd edərək, Qazax rayonu Xanlıqlar kəndində yerləşən yaşayış evindən çıxmağa heç bir etirazının olmadığını bildirmişdir. Cavabdeh1 məhkəməyə göndərdiyi etiraz ərizəsində və məhkəmə icalsında verdiyi izahatında göstərmişdir ki, iddia ərizəsi ilə tamamilə razı olmadığını, əsassız, cəfəng, qanunsuz hesab etdiyini, iddiaçıların iddia ərizəsində bir çox halları məhkəməyə doğru bildirmədiklərini göstərmişdir. Belə k, o X6 ilə 2015-cil ildə evlənib, rəsmi nikaha da daxil olaraq iddiaçıların evinə gəlin köçmüşdür. Həmin evdə ailə kimi yaşadığığı müddətdə onların 3 övladı olmuşdur. 29 may 2024-cü il tarixdə evdən çıxıb məhkəməyə gələn zaman əri, polis əməkdaşı və qaynatası birləşib onu döymüşlər. Ərinin onu döyməsi və fiziki şiddət göstərməsi nəticəsində onun sağ əlini şüşə kəsərək, ona az ağır xəsarət yetirilmişdir. Bu barədə hüuq-mühafizə orqanlarına şikayət etmiş və müvafiq ekspertizadan keçirilmişdir. O məhkəmədən çıxdıqdan sonra əlindəki xəsarətlə bağlı tibbi yardım göstərilməsi məqsədilə Qazax RMX PHŞ-yə müraciət etmiş və ona tibbi yardım göstərmişlər. Sonradan yaşadığı evə qayıdıb evə daxil olan zaman iddiaçılar və onların yaxın qohumları onun hüquqlarını pozaraq, onu evə buraxmamışlar. Məhkəməyə gələn zaman niyyəti yenə də evinə, ailəsinin yanına qayıtmaq olmuşdur. Onun bütün əmlakı (paltarları, cehiz-zinət əşyaları) iddiaçıların evindədir. O özü ilə yalnız məhkəməyə gəldiyinə görə şəxsiyyət vəsiqəsini və bir dəst geyimlə çıxmışdır. İddiaçıların onu evə buraxmamaq niyyətlərindən və fikirlərindən qətiyyən məlumatı olmamışdır. Məhkəmədə yekunlaşana kimi və münasibətlər düzələnə kimi atası evində yaşasın və hərşey normallaşsın. O qətiyyən evdən çıxmaq istəmir. Övladları da həmin evdə doğulmuşlar, indiyə kimi həmin evdə yaşamışlar və yaşamağa davam edirlər. Bu isə onun yaşayış hüququnu məhdudlaşdıra bilməz. Həmin evin əsaslı və cari təmir işlərinin görülməsində fəal iştirak etmisdir və onun haqqı, əziyyəti çoxdur. Qazax RİHB-nın Xanlıqlar kənd İƏD üzrə nümayəndəliyinin arayışı ilə də təsdiq edilir ki, 2015-ci ilin sentyabr ayından 2024-cü ilin may ayının 29na klimi iddiaçılara məxsus evdə yaşamışdır. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”dan görünür ki, Qazax rayonu Xanlıqlar kəndində yerləşən fərdi yaşayış evi İddiaçı1, İddiaçı3, Cavabdeh2 və X1 ümumi birgə mülkiyyətindədir və daşınmaz əmlak üzərində hüquq xx.xx.2021-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportun surətindən görünür ki, Qazax rayonu Xanlıqlar kəndində fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə 5xx-xx/1209 inventar nömrə ilə İddiaçı1 adına qeydə alınmışdır. Qazax RİHB-nın Xanlıqlar kənd İƏD-si üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 2015-ci ilin sentyabr ayından 2024-cü ilin may ayının 29-nadək Qazax rayonu Xanlıqlar kəndində İddiaçı1 məxsus fərdi yaşayış evində əri və 3 azyaşlı övladı ilə birlikdə yaşamışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh1 və ailə üzvlərinin Qazax RPŞ-də verdikləri izahatlardan və video diskdən görünür ki, artıq xeyli müddətdir ki, ailə üzvləri ziddiyətli həyat tərzi keçirirlər, onların bir yerdə yaşamaqları mümkün olmadığından Cavabdeh1 hazırda öz valideynlərinə məxsus evdə yaşayır. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, Cavabdeh1 iddiaçının oğlu Cavabdeh2lə 2015-ci ildə evlənmiş, rəsmi nikaha daxil olaraq, iddiaçıya məxsus Qazax rayonu Xanlıqlar kəndində yerləşən evə gəlin köçmüşdür. Sözügedən ev hazırda İddiaçı1, İddiaçı3, X6 və X1 ümumi birgə mülkiyyətindədir. Həmin vaxtdan indiyə qədər cavabeh Cavabdeh1 ilə mülkiyyətçi olan iddiaçılar arasında sözügedən evdən istifadə hüququnun yaranması ilə bağlı heç bir razılaşma olmamışdır. İddiaçılar mülkiyyət hüququ ilə onlara məxsus ev üzərində olan mülkiyyət hüquqlarından istifadə edə bilmədiyindən cavabdehin onlara məxsus evdən çıxarılmasını istəyirlər. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və ya qanunla qorunan mənafelərini pozmur. Məhkəmə eyni zamanda iddianın Cavabdeh1 mübahisəli yaşayış evindən çıxarılmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Məhkəmə qeyd edir ki, Cavabdeh1 iddiaçıya məxsus mənzildən çıxarılması məsələsi həll edilərkən, ilk öncə cavabdehin həmin mənzildən istifadə hüququnun olubolmaması müəyyən edilməlidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh 2015-ci ildən iddiaçının oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin vaxtdan iddiaçıya məxsus mənzilə köçərək orada yaşamışdır. Eyni zamanda tərəflər arasında mübahisəli hüquq münasibəti 01 oktyabr 2009-cu il tarixdən sonra yaranmışdır, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına əsasən bu halda mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından cavabdeh iddiaçının ailə üzvü hesab olunmur. Belə ki, mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıların ailə üzvü hesab olunmadığından, onun iddiaçılara məxsus yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçilərin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, Qazax rayonu Xanlıqlar kəndində yerləşən evin mülkiyyətçisi olan iddiaçılarla Cavabdeh1 arasında yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçılar mübahisəli evin mülkiyyətçisi olduqlarından onlar, öz mülahizələrinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdirlər. Lakin, cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin mənzildən könüllü olaraq çıxmaması nəticəsində iddiaçılar göstərilən hüquqlarını həyata keçirə bilmirlər. Odur ki, iddiaçılar onlara məxsus mənzildən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçıların iradəsinə zidd olaraq cavabdehin iddiaçıya məxsus mənzildə olması iddiaçıların mənzil üzərində mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. İddianın cavabdehlərin uşaqları və onlara məxsus əmlaklarla birlikdə yaşayış evindən çıxarılması ilə bağlı hissəsini də araşdıraraq məhkəmə hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdehlərin 3 azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlərin uşaqları azyaşlı olduğundan, onlar da valideynləri ilə birlikdə iddiaçıya məxsus yaşayış evindən çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçıların iradəsinə zidd olaraq cavabdehlərin iddiaçıya məxsus yaşayış evində yaşamaqda davam etməsi iddiaçıların yaşayış evi üzərində mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçılara məxsus yaşayış evində yaşaması iddiaçıların yaşayış evinə olan mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan, iddia təmin edilməli, cavabdehlər uşaqları və onlara məxsus əmlaklarla birlikdə iddiaçılara məxsus fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 azyaşlı uşaqları X3, X4, X5 və onlara məxsus əmlaklarla birlikdə Qazax rayonu Xanlıqlar kəndində yerləşən yaşayış evindən çıxarılsın. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar