Məhkəmə qərarları › İş №2(023)-74/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-74/2023

21.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-74/2023 21.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İlk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iştirakı ilə, İlk İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpağın zəbtdən azad edilməsi tələbinə dair ilk iddiası və cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə 21 sentyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən zəbt olunmuş Qazax rayonunun Daşsalahlı kəndində yerləşən ona məxsus torpaq sahəsinin zəbtdən azad edilərək özünə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 İlk İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı torpaq sahəsinin ondan alınması halında ona vurduğu zərərin əvəzi olaraq 8500 manat məbləğində pulun, əldən çıxmış faydaya görə 1500 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 120 manat dövlət rüsumunun, ümumilikdə 10120 manat pulun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, cavabdehlər onun həmkəndlisidir. xx.xx.2022-ci il tarixdə Qazax rayonu Daşsalahlı kəndində 0,0799 ha torpaq sahəsini babasının adından vərəsəlik yolu ilə öz adına rəsmiləşdirmişdir və bu barədə ********** qeydiyyat nömrəli torpağın mülkiyyətə verilməsi barədə çıxarış almışdır. Cavabdehlər təxminən 2016-cı il tarixdən həmin torpaq sahəsini bütövlüklə zəbt edib, özləri istədiyi kimi əkib-biçirlər, onu öz torpaq sahəsinə buraxmırlar. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsini 12 noyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən bələdiyyədən almışdır və həmin vaxtdan torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. 2005-ci ildən başlayaraq orada şəxsi vəsaiti hesabına ümumilikdə 74 ədəd (23 ədəd alma, 2 ədəd armud, 9 ədəd fındıq, 5 ədəd qoz, 3 ədəd gavalı, 1 ədəd ərik, 1 ədəd əncir, 18 ədəd materiallıq qonaq, 2 ədəd heyva, 4 ədəd nar, 2 ədəd şaftalı, 1 ədəd gilas, 2 ədəd üzüm ağacları olmaqla) ağacları əkib-becərmişdir. İndiyədək hgəmin ağacların əkilib-becərilməsinə, onlara qulluq olunmasına, torpağın münbitliyinin və digər faydalı xassələrinin qorunmasına, bərpa edilməsinə və bu kimi tədbirlərin görülməsinə ümumilikdə 8500 manatdan çox xərc çəkmişdir. Həmin torpaq sahəsində onun tərəfindən salınmış bağa 20 ilə yaxın müddət ərzində kifayət qədər əmək sərf olunmuşdur. Ərazidə olan ağacların hər biri yüksək məhsuldarlığa qadirdir və ağacların bəhər verdiyi məhsulların satışından gəlir əldə etmək olur. Hazırda cavabdeh həmin torpaq sahəsinin onun olduğunu iddia edir, hansı ki, torpaq sahəsini vicdanlı alıcı olaraq Bələdiyyədən satın almışdır. Qeyd edilənlərə əsasən, ilk iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə göndərdikləri ərizədə məhkəmə iclasında iştirak edə bilməyəcəklərini qeyd edərək, işə onların iştirakı olmadan baxılaraq qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə olunan xx.xx.2022-ci il tarixli, A 778136 saylİ torpaq sahəsinin planı və ölçüsünə dair sənədin surətindən görünür ki, Qazax rayonunun Daşsalahlı kəndində yerləşən 0,07995 ha həyətyanı torpaq sahəsi JN-2310A saylı xx.xx.2004-cü il tarixli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 4Ə-323. xx.xx.2022., ƏMDK-nin yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi, 741651 xx.xx.2022 Daşınmaz Əmlakın Dövlət Reyestrində torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı adına qeydə alınmışdır. Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışın surətindən görünür ki, Qazax rayonu, Daşsalahlı kəndində yerləşən 0,0799 ha həyətyanı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Qazax rayon Daşsalahlı bələdiyyəsinin 12 noyabr 2005-ci il tarixli 15 nömrəli qərarından görünür ki, DT və XK-nın Qazax rayon şöbəsinin hazırladığı sənədlərə əsasən Daşsalahlı bələdiyyəsinin ehtiyyat torpaq fondunun torpaqlarından Cavabdeh1 fərdi yaşayış evinin tikilməsi məqsədi ilə 0,10 ha torpaq sahəsi mülkiyyətinə verilməsi qərara alınmışdır. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Qazax rayonunun Daşsalahlı bələdiyyəsinin 12 noyabr 2005-ci il tarixli 15 nömrəli qərarı ilə bələdiyyə ərazisində 0,10 ha torpaq sahəsinin Cavabdeh1 satılması qərara alınmışdır. Cavabdeh1 tərəfindən “Kapital Bank”a 120 manat rüsum ödənilmişdir. “PAKİ GROUP MMC” Müstəqil Qiymətləndiricinin xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Qazax rayonu Daşsalahlı kəndi ərazisində yerləşən bağda 72 ədəd ağac (alma, armud, qoz, gavalı, qovaq, heyva, nar, 1 ədəd gilas, üzüm və s.) ağacların əkilməsi, becərilməsi, kübrə verilməsi və ümumilikdə qulluq edilməsi 8500 manat məbləğində qiymətləndirilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Qazax rayonunun Daşsalahlı kəndində yerləşən 0,0799 ha həyətyanı torpaq sahəsinin koordinatları CPS aləti vasitəsi ilə müəyyən edildi. Cavabdeh1 istifadə etdiyi və Azərbaycan Respublikası Qazax rayonunun Daşsalahlı bələdiyyəsinin 12 noyabr 2005-ci il tarixli 15 nömrəli qərarına əsasən Cavabdeh1 məxsus fərdi yaşayış evinin tikintisi məqsədi ilə mülkiyyətinə satılmış 0,10 hektar torpaq sahəsinə aid olduğunu iddia etdiyi torpaq sahəsinin 0,0799 hektarı, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla üst-üstə düşür. Azərbaycan Respublikası Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2870 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-3/2- 900/2023 saylı mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyətində olan, Qazax rayonunun Daşsalahlı kəndində yerləşən 0,0799 ha həyətyanı torpaq sahəsinin koordinatları CPS aləti vasitəsi ilə müəyyən edilmişdir. Cavabdeh1 faktiki istifadə etdiyi Cavabdeh1 məxsus fərdi yaşayış evinin tikintisi məqsədi ilə mülkiyyətinə satılmış 0,10 hektar torpaq sahəsinə aid olduğunu iddia etdiyi torpaq sahəsinin 0,0799 hektarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla üst-üstə düşdüyü müəyyən edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, A 778136 saylİ xx.xx.2022-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında ilk İddiaçı Qazax rayonunun Daşsalahlı kəndində yerləşən 0,07995 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qazax rayonu, Daşsalahlı kəndində yerləşən 0,0799 ha həyətyanı torpaq sahəsi xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Cavabdeh1 faktiki istifadə etdiyi, fərdi yaşayış evinin tikintisi məqsədi ilə mülkiyyətinə satılmış 0,10 hektar torpaq sahəsinin 0,0799 hektarı Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla üst-üstə düşür. Azərbaycan Respublikası MPM–in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, ilk iddiaçının tələbi mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi ilə bağlı olduğundan həmin münasibətlərə mülki və torpaq qanunvericiliyinin torpağa mülkiyyət hüququ ilə bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. Məhkəmə bununla bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Kostitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Kostitutsiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-si maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə baxışı zamanı xüsusi bilik tətbiqinə ehtiyac olduğu üçün iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunub-olunmamasını müəyyən etmək üçün mütəxəssis və ekspert rəyləri alınmış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssis rəyinə və Azərbaycan Respublikası Məhkəmə- Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən Cavabdeh1 faktiki istifadə etdiyi, fərdi yaşayış evinin tikintisi məqsədi ilə mülkiyyətinə satılmış 0,10 hektar torpaq sahəsinin 0,0799 hektarı Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilməli, Qazax rayonunun Daşsalahlı kəndində yerləşən A 778136 saylı xx.xx.2022-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında ilk İddiaçı verilmiş 0,07995 ha torpaq sahəsi Cavabdeh1 zəbtindən azad edilməlidir. Məhkəmə ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı torpaq sahəsinin ondan alınması halında vurulmuş zərərin əvəzi olaraq 8500 manat məbləğində pulun tutulub cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 ödənilməsinə dair qarşılıqlı iddia tələbi ilə bağlı və tərəflərin arasında olan torpaq mübahisəsi ilə əlaqədar qeyd edir ki, iş üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı torpaq sahəsini iddiaçı tərəfdən satın alması və ya icarəyə götürməsi barədə ərizəni məhkəmə iclasında mübahisələndirməmişlər. Tərəflərin arasında mübahisəli torpaq sahəsində ağac əkilməsi ilə əlaqədar heç bir qarşılıqlı razılaşma olmamışdır. Bundan əlavə cavabdeh qarşılıqlı iddia ərizəsində torpaq sahəsini bələdiyyədən 2005-ci ildə aldığını iddia etmiş və torpaq sahəsini bələdiyyədən alkması ilə bağlı sənədləri iddia ərizəsinə əlavə etmişdir. Lakin torpaq sahəsi ölçülən zaman mütəxəssis və ekspert rəylərindən görünür ki, torpaq sahəsinin 0,0799 hektarı cavabdehlər tərəfindən zəbt olunmuşdur. İddiaçı uzun müddət mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməmiş, cavabdeh isə 2005-ci ildən zəbt olunmuş torpaq sahəsinə müxtəlif növlü ağaclar əkərək hər il mənfəət götürmüşdür. Belə olan halda cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ziyanla bağlı ona qanunsuz olaraq torpaq sahəsini satmış Bələdiyyədən tələb etmək hüququ yaranmamışdır. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddiaya cavab verməli olan şəxs deyildir. Həmçinin cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 təqdim etdiyi “PAKİ GROUP MMC” Müstəqil Qiymətləndiricinin xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyini məhkəmə sübut növü kimi qəbul etmir və bu baxımdan hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia təmin edilsin. Qazax rayonunun Daşsalahlı kəndində yerləşən A 778136 saylı xx.xx.2022-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında İddiaçı verilmiş 0,07995 ha torpaq sahəsi Cavabdeh1 zəbtindən azad edilsin. Qarşılıqlı iddia təmin edilməsin. İddiaçı 100 (bir yüz) manat məbləğində ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar