Məhkəmə qərarları › İş №2(023)-873/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-873/2025

30.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-873/2025 30.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətəçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «daşınar əmlakın qanunsuz sahibliktən geri alınması» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan VAZ 2106 minik markalı, **-BD-*** dövlət nömrə nişanlı, 2005-ci il buraxlışlı, qırmızı rəngli, hazırda Qazax şəhəri Azərbaycan küçəsi 38 nömrəli evin həyətində saxlanılan avtomobilin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, **-BD-*** dövlət nöməli nişanlı VAZ" 2106 minik markalı, 2005 il buraxılışlı, qırmzı rəgli avtomobilin dəyərini ödəyərək almışdır. Avtomobilin nəqliyyat vasitəsinin şəhadətnaməsi onun adınadır. 2022-ci ildə ”N” saylı hərbi hissədə Baş gizir vəzifəsində işləyən xx.xx.1982 il təvəllüdlü oğlu X2 avtomobili sürmək üçün 2016-cı ilin dekabırında etibarnamə ilə vermişdir. xx.xx.1982 il təvəllüdlü oğlu X3 xx.xx.2024-cü ildə yaşadığı Qazax şəhəri Azərbaycan küçəsi 38 nömrəli evdə öldürülmüşdür. Oğlu qətl edildikdən sonra, yəni xx.xx.2024 il tarixdə ona avtomobili idarə etmək üçün notarial qaydada verdiyi etibarnaməni ləğv etdirmişdir. Lakin onun keçmiş arvadı X1 avtomobili ələ keçirərək ona qaytarmaqdan imtina edir. Ona gərə də 3 dəfə Azərbaycan Respublikası DİN-in “102" xidmətinə müraciət etmişdir. Bir neçə dəfə Qazax RPİ-in DYPŞ-nə şifahi müraciətlər etmiş,lakin Polis əməkdaşları mülkiyyətində olan həmin avtomobili məhkəmə qərarı olacağı təqdirdə ona qaytarılacağını bildirlər. Odur ki, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, həmin avtomobili onun əri almışdır. Hazırda onun yaşadığı evinin həyətindədir. Mərhum həyat yoldaşı hərbi qulluqçu olmuş, dövlətdən ev almaq üçün adına heç bir əmlak olmamışdır. Bu səbəbdən də, avtomobili alarkən qaynatasının adına qeyd etdirmişdir. Həmin avtomobil onun uşaqlarının haqqıdır. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, avtomobil öz pul vəsaiti hesabına alımış və həmin avtomobili etibarnamə əsasında oğluna vermişdir. Oğluna avtomobili yalnız sürmək üçün vermişdir. Hətta oğlunun sağlığındada etibarnaməni ləğv etdirdiyi olmuşdur. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan elektron cıxarışdan görünür ki, İddiaçı mülkiyyətində VAZ 2106 minik markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobili vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutlar təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu zəruridir: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Buna görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «A.Şoşanovun şikayəti üzrə» 11 fevral 2015- ci il tarixli və «F.Şirinovun şikayəti üzrə» 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. «Van de Huk Niderlanda qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, «İnsan hüquqlarının və azadlıqları haqqında» Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Mülki Prossesual qanununvericiliyin tələbinə əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə bağlı olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi mülki qanunvericilikdə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşsə də, əmlakın cavabdehdə olması cavabdeh tərəfindən etiraf edilmiş, bununla da iddiaçı sübutetmə yükündən azad edilmiş, lakin sonradan cavabdeh əmlakın onun əri tərəfindən alınmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan VAZ 2106 minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı mülkiyyətində olan VAZ 2106 minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar