Məhkəmə qərarları › İş №2(023)-876/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-876/2023

22.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-876/2023 22.08.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun heç bir Dövlətin vətəndaşlığına mənsub olmama faktının müəyyən edilməsi və Azərbaycan Respublikası Qazax rayonu Kəmərli kəndində daimi yaşama faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci il tarixdə Gürcüstan SSRİ, Rustavi şəhərində anadan olmuşdur. 1963-cü il tarixdən ailəsi ilə birlikdə Qazax rayonu Kəmərli kəndində yaşayır. 1965-ci ildə Aslan Kəmərli adına Qazax rayonu Kəmərli kənd tam orta məktəbinin İ sinfinə daxil olmuş və həmin məktəbin X sinfini bitirmişdir. 1975-ci ildə S.Ə.Dadaşov adına Kirovabad (indiki Gəncə şəhəri) Gəncə şəhər İnşaat Texnikumunun “sənaye və mülkü tikililər” ixtisasına qəbul olmuş, bitirmiş və diplom almışdır. 1977-ci ildə Kirovabad şəhərindən həqiqi hərbi xidmətə getmiş və 1979cu ildə hərbi xidmətii başa vurmuşdur. Hərbi xidmətdən sonra təhsili davam etdirərək texnikumu bitirmiş, “inşaatçı mexanik” peşəsinə yiyələnmişdir. 1981-ci il tarixdə X5 ilə ailə həyatı qurmuşdur və nikahından 3 övladı doğulmuşdur. 2006-cı ildə SSRİ vətəndaşlıq pasportunu Qazax RPŞ-yə təhvil verərək, Azərbacan Respublikasının vətəndaşı olmağı barədə şəxsiyyət vəsiqəsi almışdır və Qazax rayonu Kəmərli kəndində daimi pasport qeydiyyatına düşmüşdür. 2020-ci ildə şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdiyi üçün dəyişdirmək üçün Baş Pasport Qeydiyyat İdarəsinə müraciət etmişdir. Onlar Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli 08/A-813QV nömrəli məktubu əsasında onun Azərbaycan Respublikası Vətəndaşı sayılmadığı üçün şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun fəaliyyətsizləşdiyini və vətəndaşlığının bərpa olunması üçün AR DMX-nə müraciət etməli olduğunu bildirmişlər və sənədlərini ondan almışlar. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə etdiyi müraciətinə cavab olaraq onun 1963-cü ildən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində, hüdudları daxilində daimi yaşama faktı və heç bir Dövlətin vətəndaşlığına mənsub olmama faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra, o Azərbaycan Respublikasının DMX-nə müraciət edə bilər. Artıq iki ildir ki, heç bir əsas olmadan vətəndaşlığı əlindən alınıbdır. O, 1963-cü ildən Azərbaycan Respublikası Qazax rayonu Kəmərli kəndində daimi əsaslarla yaşamış və ilkin olaraq, şəxsiyyət vəsiqəsi alarkən ondan tələb olunan bütün sənədləri təqdim etmişdir. O, 1963-cü ildən indiyə kimi yaşadığı kəndin yas və toy mərasimlərində iştirak etmişdir. Hətta, Gürcüstan Respublikasına oğlunun və ailəsinin yanına, yas və toy mərasimlərinə və digər işləri üçün müvəqqəti gedib-gəlmişdir. Ancaq, onun daimi yaşayış yeri ailəsi ilə birlikdə Azərbaycan Respublikası, Qazax rayonu, Kəmərli kəndi olmuşdur. Qeyd olunanları nəzərə alaraq, heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, 1997-ci ildən hazıradək Azərbaycan Respublikasının ərazisində yaşaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Gəncə Regional Miqrasiya İdarəsinin nümayəndəsi X13 verdiyi izahatında göstərmişdir ki, Ərizəçi 2015-ci ilə qədər Gürcüstan vətəndaşı olub. Bu faktın dəqiqləşdirilməsi üçün Gürcüstan Konsulluğundan rəsmi arayış alınmalıdır. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Gəncə Regional Miqrasiya İdarəsinin nümayəndəsi X13 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Lakin ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, xx.xx.1954-cü ildə Qazax rayonu Kəmərli kəndində doğulmuşdur. Ərizəçi onun qohumudur. Ərizəçi xx.xx.1958-ci il tarixdə Gürcüstan SSRİ Rustavi şəhərində anadan olmuşdur. 1963-cü il tarixdən ailəsi ilə birlikdə Qazax rayonu Kəmərli kəndində yaşayır. Ərizəçi məktəbdə onunla bir məktəbdə oxumuşdur. Sonradan Kirovabad şəhər İnşaat Texnikumunu bitirmiş, Kirovabad şəhərindən də həqiqi hərbi xidmətə getmişdir. Ərizəçi 1963-cü ildən indiyə kimi yaşadığı kəndin yas və toy mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X6 ifadəsində bildirdi ki, xx.xx.1951-ci ildə Qazax rayonu Kəmərli kəndində doğulmuşdur. Ərizəçi qonşusudur, onu uşaqlıq illərindən tanıyır. Ərizəçi uzun müddətdir ailəsi ilə birlikdə Qazax rayonu, Kəmərli kəndində yaşayır. Ərizəçi indiyə kimi yaşadığı kəndin yas və toy mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, xx.xx.1955-ci ildə Qazax rayonu Kəmərli kəndində doğulmuşdur. Ərizəçi onun qohumudur. Ərizəçi Gürcüstan SSRİ, Rustavi şəhərində anadan olmuşdur. Ərizəçi uzun illərdir Qazax rayonu Kəmərli kəndində yaşayır. Burada orta məktəbi bitirmiş, həqiqi hərbi xidmətə də Azərbaycanda getmişdir. Ərizəçi 1963-cü ildən indiyə kimi yaşadığı kəndin yas və toy mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə Gürcüstan SSRİ Rustavi şəhərində doğulmuşdur, atası X8, anası X3r. İş materiallarında olan BT-1 040379 saylı diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi 1975-ci ildə X14 Texnikumuna daxil olmuş, 1980-ci ildə həmin texnikumun “sənaye və mülkü tikintiləri” ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan HZ № ******* saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Azərbaycan SSR Kirovabad şəhər Hərbi Komissarlığı tərəfindən 03 may 1977-ci ildə verilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X2 nikahı 12 yanvar 1982-ci il tarixdə Gürcüstan Respublikası Rustavi şəhər Nikah evində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 24 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Əhmədova” soyadı verilmişdir Qazax RİHB-nın Kəmərli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5-58-17-12-21/2-302/2023 saylı arayışdan məlum olur ki, Ərizəçi həqiqətən 1986-cı ildən Qazax rayonu Kəmərli kəndində yaşayır. Qazax rayon Təhsil Şöbəsinin A.Kəmərli adına Kəmərli kənd tam orta məktəbinin verdiyi xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, 1958-ci il təvəllüdlü Ərizəçi həqiqətən 1965-ci ildə A.Kəmərli adına Kəmərli kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1975-ci ildə X sinfi bitirmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən verilmiş xx.xx.2020-ci il tarixli, ******* saylı arayışdan məlum olur ki, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı deyildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan məlum olur ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli 08/A-813Qv nömrəli məktubu əsasında Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı sayılmadığı üçün onun adına olan şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu fəaliyyətsizləşdirilmişdir. Gəncə şəhərindəki Gürcüstanın Baş Konsulu Nikoloz İaşvili tərəfindən verilmiş 28 iyul 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi (Mamed Akhmedov) Gürcüstan vətəndaşı hesab edilmir. Gürcüstan Prezidentinin 2015-ci il 17 aprel tarixli 123 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının vətəndaşı kimi onun Gürcüstan vətəndaşlığına xitam verilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Həmin Qanunun 14-cü maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Göründüyü kimi bu faktın müəyyən edilməsi ərizəçinin Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməsi üçün zəruridir. Həmin faktın müəyyən edilməsi qanuna əsasən bilavasitə məhkəmənin səlahiyyətinə aid edilmişdir. Buna görə də ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada əldə edə bilməz. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, xx.xx.1958-ci il tarixdə Gürcüstan SSRİ Rustavi şəhərində doğulmuş Ərizəçi 1963-cü il tarixdən ailəsi ilə birlikdə Qazax rayonu, Kəmərli kəndinə gəlmiş, burada Qazax rayonu Kəmərli kəndində daimi olaraq indiyə qədər yaşamışdır. Bu fakt ərizəçinin izahatı, şahidlərin ifadələri, eləcə də ərizəçinin 1965-1975-ci tədris ilində Qazax rayonu Kəmərli kəndində orta məktəbə getməsi, 1975-1980-ci tədris ilində X14 Texnikumuna daxil olub, həmin texnikumu bitirməsi, Azərbaycan Respublikasında həqiqi hərbi xidmətdə olmasını təsdiq edən Kirovabad şəhər Hərbi Komissarlığı tərəfindən verilmiş hərbi bilet, eləcə də yerli icra hakimiyyəti orqanının nümayəndəsinin verdiyi arayışla öz təsdiqini tapmışdır. Ərizəçinin vətəndaşı olması ehtimal edilən ölkələrin – Azərbaycan Respublikası və Gürcüstanın səlahiyyətli orqanlarının verdiyi arayışlarla ərizəçinin bu ölkələrdən heç birinin vətəndaşı olmadığı müəyyən edilmişdir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, Ərizəçi heç bir dövlət vətəndaşlığına mənsub olmaması və 1965-ci ildən Azərbaycan Respublikasının ərazisində yaşaması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1958-ci il tarixdə Gürcüstan SSRİ, Rustavi şəhərində doğulmuş Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1965-ci ildən indiyədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar