Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-124/2023 27.04.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçı, Cavabdeh1 Yunis oğlunun iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “özünə məxsus olan 0.60 ha torpaq sahəsinin cavabdehlərin istifadəsindən alınaraq onun istifadəsinə verilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən onun istifadəsinə verilmiş 0.60 ha torpaq sahəsinin alınıb onun istifadəsinə verilməsi və ona vurulmuş 1300 manat ziyanın cavabehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Qax rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 76 saylı sərəncamı ilə ona 1.50 ha əkin sahəsi verilmişdir. Həmin əkin sahəsinin 0.60 ha hissəsi bir ərazidən, 0.80 ha hissəsi başqa ərazidən,0.10 ha hissəsi isə başqa ərazidən verilmişdir. Həmin torpaq sahələrinin plan cizgi sənədi DT və XK-nin Qax rayon şöbəsi tərəfindən işlənilmiş və ona təqdim olunmuşdur. Həmin torpaq sahələri 22 il müddətində onun istifadəsində olmuşdur. 2022-ci ilin oktyabr ayında cavabdehlər həmin torpaq sahəsinin 0.60 ha olan hissəsini zəbt edərək yonca bitkisi əkmişlər. Bundan əlavə o həmin torpaq sahəsinə hər il taxıl bitkisi əkir və iki ton taxıl əldə etmişdir. 1kq taxıl bitkisinin hazırda bazar qiyməti 55 manat təşkil edir ki, 2000 x 0.55=1100. Beləliklə cavabdehlər ona təkcə taxıl bitkisindən 1100 manat ziyan vurmuşlar. Bundan əlavə olaraq taxıl biçildikdən sonra samanı yem kimi istifadə etmək üçün bağlatmışdır. Həmin sahədən isə 100-120 bağ saman əldə etməkdə etmək mümkündür. Bir bağ samanın qiyməti isə hazırda 2 və ya 2.50 manat civarındadır. Cavabdehlər isə onu bu gəlirdən məhrum etməklə 200 manat ziyan vurmuşlar. Ümumilikdə cavabdehlər ona 1500 manat ziyan vurmuşlar. Cavahdehlər ona məxsus olan torpaq sahəsindən könüllü olaraq çıxmaq istəmirlər. Belə olan halda o məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən cavabdehlərdən onun istifadəsinə verilmiş 0.60 ha torpaq sahəsinin alınıb onun istifadəsinə verilməsi və ona vurulmuş 1300 manat ziyanın cavabehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək göstərdi ki, iddia tələbində göstərilənləri əsassız hesab edir. O iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Həmin torpaq sahəsi onun və digər Cavabdeh2 mülkiyyətindədir. İddianı qəbul etmir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək göstərdi ki, o da iddia tələbini əsassız hesab edir. Çünki mübahisəli torpaq sahəsi iddiaçıya məxsus deyildir. Həmin torpaq sahəsi onların mülkiyyətindədir. Buna dair mülkiyyəti təsdiq edən sənəd vardır. İddiaçının isə mübahisəli torpaq sahəsi ilə bağlı heç bir mülkiyyəti təsdiq edən sənədi yoxdur. İddianı qəbul etmir, rədd edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 128 saylı arayışdan görünür ki, Qax rayonu Qaşqaçay kəndində müvəqqəti məskunlaşan İddiaçı xx.xx.1999cu il tarixli 76 nömrəli sərəncamla Qax rayonunu Qaşaçay kəndi ərazisində olan 1.5 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli 2249 saylı Arayışından görünür ki, Ağdam rayonundan məcburi köçkün olan İddiaçı həqiqətən də məcburi köçkündür və hal-hazırda Qax rayonunun Qaşqaçay kəndində müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan vəsiqədən görünür ki, İddiaçı məcburi köçkündür. İş materiallarına əlavə edilmiş Reyestr nömrəsi **********89 qeydiyyat nömrəsi **********1009935, qeydiyyat tarixi xx.xx.2019-cu il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Qaşqaçay kəndində yerləşən 1.0582 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş JN-0053, KOD 40311018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Qaşqaçay kəndində yerləşən 2.34 ha torpaq sahəsi X5, X3, X6, X4, X7 və Cavabdeh1 ümumibirgə mülkiyyətinə verilmişdir. İş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə işin faktiki hallarını araşdıraraq müəyyən etmişdir ki, Qax rayonunun Qaşqaçay kəndində yerləşən mübahisəli torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair Cavabdeh2 adına Reyestr nömrəsi **********89 qeydiyyat nömrəsi **********1009935, qeydiyyat tarixi xx.xx.2019-cu il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, X1 adına JN-0053, KOD 40311018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli qərarında göstərilir ki, Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. İşin mübahisəsiz halları ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının adına olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmamış və buna dair hüquqi sənəd Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməmişdir. Bu səbəbdən də həmin tələblə bağlı iddiaçı qismində çıxış etməli şəxs İddiaçı deyildir. İddiaçı hazırki iddia tələbi ilə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi də ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qayadaya riayət edilməklə yaranır. Məhkəmə İddiaçı müvafiq subyektiv hüququnun olubolmamasını araşdıraraq qeyd edir ki, İddiaçı hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, tələbin həmin hissəsi əsassızdır. Tələbin həmin hissəsi əsassız olduğu üçün həmin tələbdən törəmə olan “1300 (bir min üç yüz) manat maddi ziyanın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” tələbi də əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınmın əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalmz məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi hallarm müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Şərh olunanlara obyektiv qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən onun istifadəsinə verilmiş 0.60 ha torpaq sahəsinin alınıb onun istifadəsinə verilməsi və ona vurulmuş 1300 manat ziyanın cavabehlərdən alınıb ona verilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. “X8” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən onun istifadəsinə verilmiş 0.60 ha torpaq sahəsinin alınıb onun istifadəsinə verilməsi və ona vurulmuş 1300 manat ziyanın cavabehlərdən alınıb ona verilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən təqdim olunduğu (alındığı) gündən 1(bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-124/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-124/2023
27.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver