Məhkəmə qərarları › İş №2(024)-138/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-138/2024

12.02.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-138/2024 12.02.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi, Vəkil iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “əmək qanunvericiliyinin pozulması nəticəsində hüquqlarının bərpası və dəymiş zərərin ödənilməsi tələbi”nə dair mülki işə Qax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onunla bağlanmış əmək müqaviləsinə düzəliş olunmaqla (və ya yeni əmək müqaviləsi bağlanması yolu ilə) laborant ştat vahidi üzrə rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, Cavabdeh məhkəmə iclasına gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi, Vəkil gəlmişdir. Məhkəmə işə cavabdehin etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o ali təhsilli ibtidai sinif müəlliməsidir. 1990-1993-cü illərdə Qax rayonu Qum kəndində müəllimə işləmiş və 1993-cü ildə ailə vəziyyəti ilə əlaqədar olaraq yaşayış yerini dəyişmək məcburiyyətində qalmışdır. 2009-cu ildə yenidən məktəbdə müəllim işləmək üçün direktora müraciət etmiş, lakin Güllər müəllimə ona israrla köhnə iş yerinə qayıda bilməyəcəyini demişdir. Buna baxmayaraq o 2009-cu ildən 2014-cü ilə qədər hər yerə müraciət etmişdir ki, onu müəllim kimi işə götürsünlər. Ancaq ona heç bir yerdən müsbət cavab gəlməmişdir. Bundan başqa Güllər müəllim onunla şəxsi-qərəzliyə keçmişdir. O, kəndə qayıtdıqdan sonra uşaqlarını həmin məktəbə qoymuşdur. O, maarif şöbəsinə şikayət etdiyində Qax rayon təhsil idarəsində inspektor vəzifəsində çalışan Hacıxan müəllim onu aldadaraq müəllim kimi işlə təmin edəcəyini bildirdi. Lakin heç bir dəyişiklik olmadı. Bu işlərin belə dövr etməsinin səbəbkarı da Güllər müəllimdir. Daha sonra Hacıxan müəllim Qəbələ şəhərində onu nazirlə görüşərək istəməsini təklif etmişdi, lakin onun işlə təmin olunduğunu bildirərək İlham və Mamed müəllim nazirə şikayətə getməsinə imkan verməmişlər. O, iş dalınca gəzdiyi zamanlarda da Güllər müəllim onu daima izləmiş və bu baş verənlər bir ali təhsilli müəllimin başına gələn oyundur. Onun ailə vəziyyəti çətin olduğu üçün xadiməlikdən başqa hansı iş olursa olsun işləmək istədiyini bildirməsinə baxmayaraq, Güllər müəllim onu oyuna gətirərək bu vəziyyətə qoymuşdur. Onun 2023-cü ilin sentyabrın 15-dən etibarən səhhəti ağırlaşaraq təzyiq və şəkəri düşmür. Çünki işdə Güllər müəllim onun üstünə çox gələrək bütün məktəbin müəllimlərini və texniki işçilərini ona qarşı pis münasibətə sövq edib. Onları da işdən çıxartmaq qorxusuyla onu pisləməsi üçün hədələyir. 09 oktyabr 2014-cü il tarixli 15 nömrəli əmr ilə Zakir Müslimov adına Qax rayonu Qum kənd tam orta məktəbində laborant vəzifəsində işləməyə başlamışdır. Lakin texniki səhv ucbatından və ya hər hansı digər səbəbdən həmin dövrdən bu günədək əmək müqaviləsində işlədiyi vəzifə xadimə kimi qeyd edilmişdir. Bununla bağlı əmək müqaviləsinə düzəliş edilməsi ilə bağlı məktəbin direktoru Cavabdeh dəfələrlə müraciət etmiş və hər dəfə ona bildirilmişdir ki, heç bir problem yoxdur, düzəliş olunacaqdır. Son dəfə yazılı qaydada da tərəfindən müraciət edilmiş, lakin həmin müraciətə də tutarlı heç bir cavab verilməmişdir. 2014-cü ildən hazıradək faktiki olaraq laborant qismində işləmiş, yəni ki, laborantin vəzifə təlimatlarında qeyd olunan vəzifələrini 10 il ərzində icra etmişdir. Qeyd olunan Əmək Müqaviləsində göstərilən xadimənin funksiyalarını heç vaxt icra etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Yəni ki, faktiki olaraq 10 il müddətində laborant vəzifəsinin icrası ilə bağlı işində heç bir qüsur olmamış və işinin icrası ilə bağlı heç bir manelər törədilməmişdir. Vəzifəsinin icrasına başladıqdan 10 il sonra ona məlum olmayan səbəbdən xadimə işini icra etmək tələbini əsassız və qanunsuz hesab edir. 2023-cü ilin sentyabr ayından etibarən, yəni ki, yeni məktəb binası istifadəyə veriləndən sonra direktor onu laboratoriya işi əvəzinə tələb edir ki, əlinə süpürgə alaraq bütün məktəb ərazisini süpürsün. Laborant vəzifəsinə isə keçməyə görə ondan ödəniş yəni rüşvət tələb etmişdir, əks halda bütün ərazini ona süpürtdürəcəyini bildirmişdir. O isə pul vermək təklifndən imtina etdikdən sonra ona qarşı bu prinsipial münasibət başlandı. Hətta keçən il, məktəbin həyətində, idarənin yanında üstünə hücum çəkərək qışqıraraq ondan maaş kartını tələb etmişdir ki, maaşını ona versin. O, bu təklifini rədd etmiş və hüquqlarının pozulmasına şərait yaratmamışdır. Baş vermiş hadisələrdən sonra onu bir bəhanə ilə məktəbə çağırdılar. Məktəbə gəldikdə isə direktorun iclas təyin etdiyini və demək olar bütün müəllimlərin iclasda iştirak etdiyini görmüşdür. Direktor və bəzi müəllimlər onu təhqir etməyə, insan ləyaqətini alçaldan sözlərdən istifadə etməklə onun şəxsiyyətini alçaltmağa çalışdılar. İclasın nəticəsi olaraq isə ona töhmət verilmişdir. Bu hala dözə bilməyərək o polis orqanının 102 çağrı mərkəzinə zəng edərək direktordan və müəllimlərdən şikayət etmişdir. Kəndin sahə rəisi pozulmuş hüquqlarımın təmin olunmasına şərait yaratmayaraq ərizəni geri götürməsini xahiş etmiş, o da humanistlik göstərərək şikayət ərizəsini geri götürmüşdür. Bundan sonra direktor əsassız verilmiş töhməti ləğv etmiş, lakin ona qarşı olan münasibəti dəyişməyərək qalmışdır. Nəticədə isə yeni məktəb binası tikildikdən sonra bu hallar təkrarlanmağa başlamışdır. İşlədiyi 10 il müddətində o xadimənin heç bir işini yerinə yetirməmiş və direktor Güllər xanım da ondan heç vaxt tələb etməmişdir. Çünki birbaşa iş fəaliyyəti laboratoriya ilə bağlı olmuşdur. 10 il müddəti çox uzun müddətdir və əgər öz vəzifələri yerinə yetirilmirdirsə hansı səbəbdən buna göz yumulurdu? Orta təhsil məktəbinin vəzifəli şəxsi olaraq bu cür pozuntuya yol verilməsi qayda-qanunlara uyğundurmu?! Qeyd etmək istəyir ki, laboratoriyada gördüyü iş ilə bağlı bu uzun müddət ərzində heç vaxt nöqsanı olmayıb və işinin icrası ilə bağlı heç bir manelər törədilməmiş və heç bir xəbərdarlıq və ya digər cəza tədbiri ona qarşı tətbiq edilməmişdir. Bu hal özü-özlüyündə bir daha sübut edir ki, vaxtı ilə hər hansı səbəbdən düzgün rəsmiləşdirilməni təmin etməyən direktor özü bilirdi ki, faktiki olaraq o laborant vəzifəsini icra etmişdir. Bu faktı sübutuna dair 10 il müddətində şahidlik edə biləcək işləyən işçilərlə yanaşı müxtəlif sənədlərdə jurnallarda çəkdiyi imzalarda mövcuddur. Elm və Təhsil Nazirliyinin Şəki- Zaqatala Regional İdarəsinə etdiyi şikayət də demək olar ki, heç bir nəticə verməyib, yalnız müqavilə üzrə xadimə vəzifəsinin əks olunduğuna istinad etmişdilər. Eyni zamanda Əmək Müfəttişliyi İdarəsinə və Elm və Təhsil Nazirliyinə də bu məsələnin həlli üçün müraciət etmişdir. Heç bir obyektiv araşdırma aparılmadan, yalnız direktorun sözlərinə və müqaviləyə istinad edərək qərarın verilməsini düzgün hesab etmir. Verdiyi şikayətlərdən sonra direktor barəsində tədbir görərək xəbərdarlıq edilməsi barədə əmr çıxarıb və bildiriş göndərərək daha ciddi tədbirlərin görülməsi barədə məlumat verib. Bu hadisələr onu bir insan, vətəndaş kimi hüquqlarının pozulmasına gətirib çıxarmaqla yanaşı, sağlamlığına da ciddi təsir göstərib, odur ki, hazırda sağlamlığımla bağlı müalicə alır, əsəb sistemim tamamilə pozulub və bu hal davam edəcəyi vəziyyətdə sağlamlığımla bağlı daha böyük problemlər yaşanacaqdır. Hesab edir ki bu məsələyə ciddi yanaşılmalıdır, məktəbdə qeyd olunan bütün özbaşınalıq və korrupsiya halları ətraflı araşdırılmalı, vəzifəli şəxs kimi direktor barəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülərək onun hüquqları bərpa edilməlidir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh onunla bağlanmış əmək müqaviləsinə düzəliş olunmaqla (və ya yeni əmək müqaviləsi bağlanması yolu ilə) laborant ştat vahidi üzrə rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq onu da göstərdi ki, o, 1993-cü ilə qədər Qum kənd tam orta məktəbində müəllim işləmiş, həmin ili yaşayış yerinin dəyişməsi ilə əlaqədar işdən çıxmış, Bakı şəhərinə getmişdir. 2009-cü ildə kəndə geri qaytmış və işə bərpa edilməsini xahiş etmişdir. Həmin vaxtı direktora demişdir ki, o işdən çıxmaq üçün ərizə verməmişdir. O müəllimdir və ona heç olmazsa iki saat da olsa dərs vermələrini xahiş etmişdir. Cavabında isə ona hara istəsə getmələrini, heç Qax zonasında da iş olmadığını bildirmişlər. O, isə ehtiyacının olduğunu, uşaqlarının körpə olduğunu bildirərək nə üçün iş vermədiklərini demişdir. Sonra uşaqlar məktəbə getmişlər. 2014-cü ildə getmədiyi yer qalmamışdır. Xadiməlikdən başqa hansı iş olursa işləyəcəyini demişdir. Çünki uşağı ödənişli təhsil müəssisəsinə düşmüşdür. Pula ehtiyacı vardır. O 2014-cü ildən məktəbdə xadimə vəzifəsinə işə düzəlmiş, direktor ona hələki xadimə işində işləməyini və gələcəkdə laborant işinə düzəldəcəyini demişdir. O məktəbdə biologiya və kimya üzrə laborant vəzifəsində işləmişdir. Xadimə ştatını düz-qoş edən insan laborant ştatını nə üçün etməmişdir. Bakıdan ona ştat açdırmışdır. Məktəbdə kimya bilologiya laborantı ştatı olmuş, orada işləyən işçini işdən azad etmişlər. Məktəbə laboratoriya ləvazimatları da gəlmişdir. Nə üçün laborant ştatı açdırmırlar. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi, Vəkil izahat verərək göstərdi ki, İddiaçı 2014-cü ildə Qum kənd orta məktəbinə xadimə işinə qəbul olunması barədə ərizə yazmışdır. İddiaçı özü də etiraf edir ki, həmin ərizəni özü yazmışdır. İddiaçı ali təhsilli müəllimdir. Xadimə ilə laborantın da nə olduğunu çox yaxşı bilir. Eyni zamanda məktəb direktorlarının müəllim və laborant ştatlarına işçi götürməyə səlahiyyətləri yoxdur. Məhkəmə necə xadimə kimi işə götürülmə ilə bağlı müqaviləni dəyişdirərək laborant kimi götürülmə ilə əvəz edə bilər? Bu həm nəzəri həm də praktiki cəhətdən mümkün deyildir. İddianı qəbul etmir və təmin edilməsinə etiraz edir. İşə əlavə edilmiş İddiaçı məhkəməyə təqdim etdiyi 12 sentyabvr 2014-cü il tarixli ərizəsindən görünür ki, o 15 sentyabr 2014-cü il tarixdən Qum kənd orta məktəbində xidmətçi vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli əmrdən çıxarışdan (əmr № 15) görünür ki, İddiaçı 15 sentyabr 2014-cü il tarixdən Qum kənd tam orta məktəbində xadimə vəzifəsinə təyin edilmişdir. İşdə olan əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü ildə yaşayış yerini dəyişdiyinə görə müəllimə vəzifəsindən azad edilmiş, xx.xx.2014-cü il tarixdə həmin məktəbdə xadimə vəzifəsinə qəbul olunmuşdur. İşdə olan Əmək Müqaviləsindən (Kontraktı) görünür ki, İddiaçı Qum kənd tam orta məktəbində xadimə vəzifəsinə müddətsiz əmək müqaviləsi bağlanmaqla qəbul edilmişdir. İşdə olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax rayonu Qum kəndində yaşayır. İşdə olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Qax rayonu Qum kəndində yaşayır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixli əmrə əsasən İddiaçı 15 sentyabr 2014-cü il tarixdən Qum kənd tam orta məktəbində xadimə vəzifəsinə təyin edilmiş, onunla məktəb direktoru Cavabdeh arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır. İddiaçı hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi məhkəmədə iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. İşin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı tərəfindən onun laborant vəzifəsinə keçirilməsi barədə məhkəməyə sübut təqdim edilməmiş, bu hal məhkəmə tərəfindən müəyyən edilməmiş və bu barədə əmək müqaviləsi bağlanmamışdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı öz iddia tələbinin əsası kimi xadimə kimi işə qəbul edilsə də, laborant kimi fəaliyyət göstərməsinə istinad etmiş, Qum kənd tam orta məktəbin direktoru Cavabdeh ona qərəzli münasibəti ilə laborant işinə qəbul edilmədiyini bildirmişdir. Lakin işin faktiki halları, tərəflərin izahatları və cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi sübutlardan görünür ki, İddiaçı Qum kənd tam orta məktəbində xadimə vəzifəsinə qəbul edilməsi barədə ərizə ilə müraciət etmiş, onun xadimə ştatına qəbul edilməsi barədə əmr imzalanmış və işəgötürənlə aralarında əmək müqaviləsi bağlanmışdır. Onun Qum kənd tam orta məktəbində işə qəbul edilməsi barədə əmrdə və əmək müqaviləsində peşəsi xadimə kimi qeyd olunmuşdur. İddiaçının laborant ştatına laborant vəzifəsinə qəbul edilməsi barədə heç bir sübut təqdim edilməmişdir. «Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 59 nömrəli qərarı ilə Nümunəvi ştatda göstərilən laborant vəzifəsi əsas və orta ümumtəhsil məktəblərində, liseylərdə və gimnaziyalarda avadanlıqla təchiz edilmiş fizika və kimya kabinetləri olduqda tətbiq edilməsi nəzərdə tutulmuşdır. İddiaçı məktəbə laboratoriya ləvazimatlarının gətirilməsinə baxmayaraq nə üçün laborant ştatının açılmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23-cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu hissəsinə görə əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Həmin Məcəllənin 42-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsi sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 44-cü maddəsinin 1-ci və 2-ci hissələrinə görə əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 89.1-ci maddəsinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir.(§93) Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institutunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı “Cavabdeh onunla bağlanmış əmək müqaviləsinə düzəliş olunmaqla (və ya yeni əmək müqaviləsi bağlanması yolu ilə) laborant ştat vahidi üzrə rəsmiləşdirilməsi tələbi”nə dair iddiası əsasız olduğundan rədd edilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar