Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-209/2024 29.05.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “özünün və iki azyaşlı övladının gəlin köçdüyü evdə yaşamaq hüququnun tanınması və həmin evə köçürülməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2019-cu il tarixdə doğulmuş X4 ilə birlikdə gəlin köçdüyü ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamaq hüquqlarının tanınması və həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məlumat verilmiş, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlə nikahlarını xx.xx.2014cü il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində rəsmi qeyd etdirməklə evlənmişdir. Birgə nikahdan onların xx.xx.2015-ci il tarixdə Murad və xx.xx.2019-cu il tarixdə isə Əminə adlı uşaqları dünyaya gəlmişdir. Evləndiyi zaman o cavabdehin mərhum anası X1 ünvan 2 ünvanında yerləşən evinə gəlin köçmüşdür. Hazırkı vaxtadək orada yaşamış və iki uşaq dünyaya gətirmişdir. Cavabdehlə xasiyyətləri uyğun gəlməmiş və faktiki olaraq ayrılmışlar. Hazırda cavabdeh ona və azyaşlı övladlarına həmin evdə yaşamalarına şərait yaratmır. Evdə olan əşyaları satıb içkiyə verir. Belə olan halda o valideyinlərinin yaşadığı Qax rayonu S.Vurğun küçəsində yerləşən Peşə məktəbinin yataqxanasına müvəqqəti olaraq yerləşmişdir. Yaşamağa başqa evi yoxdur. Bu səbəbdən o məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən birgə nikahdan xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2019-cu il tarixdə doğulmuş X4 ilə birlikdə gəlin köçdüyü ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamaq hüquqlarının tanınması və həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan 27 dekabr 2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan 30 yanvar 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X5 xx.xx.2015-ci, X4 isə xx.xx.2019-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax şəhəri, N.Hikmət küçəsi, ev 36-da qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Qax şəhəri, N.Hikmət küçəsi, ev 36-da qeydiyyatdadır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər nikahlarını xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində rəsmi qeyd etdirməklə evlənmişdir. Birgə nikahdan tərəflərin xx.xx.2015-ci il tarixdə Murad və xx.xx.2019-cu il tarixdə isə Əminə adlı uşaqları dünyaya gəlmişdir. İddiaçı cavabdehlə evləndikdən sonra cavabdehin mərhum anası X1 ünvan 2 ünvanında yerləşən evə gəlin köçmüşdür. Cavabdehlə xasiyyətləri uyğun gəlməmiş və faktiki olaraq ayrılmışlar. İddiaçı hazırda gəlin köçdüyü birgə nikahdan xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2019cu il tarixdə doğulmuş X4 ilə birlikdə gəlin köçdüyü ünvan 1 ünvanında yerləşən mənzildə yaşamaq hüququnun tanınması və həmin evə köçürülmələrini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toхunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyanın 8-ci maddəsinə görə hər kəs öz şəхsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baхılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıхarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Х.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tariхli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoхlanılmasına dair» 11 iyul 2014-cü il tariхi qərarında qeyd etmişdir ki, məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tariхdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə iclası zamanı işin araşdırılan halları, o cümlədən iddiaçının izahatı ilə müəyyən olunmuşdur ki, İddiaçı Cavabdehla ailə həyatı qurduqdan sonra, yəni 28 noyabr 2014-cü ildə cavabdehin anası ilə birlikdə yaşadığı ünvan 3 ünvanında yerləşən evə gəlin köçmüş və 2023-cü ilin sonunadək tərəflər mübahisə predmeti olan evdə təsərrüfatı birgə idarə etməklə birlikdə yaşamışlar. Hal-hazırda iş üzrə iddiaçı azyaşlı övladları ilə birlikdə öz valideynlərinin yanında yaşayır. Məhkəmə mübahisə ilə bağlı qeyd edir ki, mübahisəli yaşayış evi хüsusi mülkiyyət hüququ əsasında cavabdehin və ya digər şəхsin adına qeydə alınmadığı və ev dövlət mənzil fonduna aid olmadığı üçün mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadığından, mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci və Mülki-Prosessual Məcəllənin 13.4-cü maddələrinə əsasən qanunun analogiyası üzrə anoloji münasibətləri tənzimləyən hüquq normalarına, tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 01 oktyabr 2009-cu il tariхdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəalarına əsasən həll edilməlidir. 01 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Eyni Məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Beləliklə, şərh olunan maddi hüquq normalarının tələblərini işin faktiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, İddiaçı 2014-cü ildə Cavabdehla ailə həyatı qurduqdan sonra cavabdeh və onun ailə üzvləri tərəfindən mübahisəli yaşayış evinə köçürüldüyündən və onlarla birlikdə həmin evdə yaşayaraq 2023cü ilin sonuna qədər birgə təsərrüfat apardığından cavabdehlərin ailə üzvü sayılır, onun cavabdehin ailə üzvləri tərkibindən çıхmasına baхmayaraq cavabdeh və onun ailə üzvləri ilə yanaşı mübahisəli evdən bərabər istifadə etmək hüququ vardır və iddiaçı hal-hazırda azyaşlı uşaqları ilə birlikdə cavabdehin istifadəsində olan evə köçürülməli, iddianın yaşayış sahəsindən istifadə hüququnun tanınmasına dair hissəsi isə mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, eyni zamanda bu hüquq gələcəkdə fərdi yaşayış evinə dair mülkiyyət hüququ əldə edən şəхsin hüquqlarını məhdudlaşdıracağından və iddiaçının mübahisəli evdən cavabdehlə bərabər istifadə hüququ olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baхdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Cavabdeh ilə birgə nikahdan xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2019-cu il tarixdə doğulmuş X4 ilə birlikdə gəlin köçdüyü qaynanası X2 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməli, iddianın qalan hissəsi rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahdan xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2019-cu il tarixdə doğulmuş X4 ilə birlikdə gəlin köçdüyü qaynanası X2 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-209/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-209/2024
29.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver