Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-251/2024 06.05.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və maraqlı tərəf Maraqlı şəxsnə qarşı “Qax şəhəri, N.Nərimanov küçəsi ev 1, mənzil 10-da yerləşən mənzildən Cavabdeh1 və onun qızı Cavabdeh2 istifadə hüququna xitam verilməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qax şəhəri, N.Nərimanov küçəsi ev 1, mənzil 10-da yerləşən mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli eyni nömrəli qərardadına əsasən Cavabdeh2 yetkinlik yaşına çatmadığı üçün cavabdeh qismində iştirakına xitam verilməsi qərara alınmışdır Məhkəmə işə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin və maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, Cavabdeh1 iddianı qəbul etməmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Qax şəhəri, N.Nərimanov küçəsi ev l,mən 10 yerləşən ümumi sahəsi 54.9 kv/m mənzili var. Həmin mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur. Ona məxsus evə qeydiyyata düşən şəxslər onun keçmiş qohumlarıdır. Daha sonra gəlini Cavabdeh1 oğlu Babəkdən ayrılmış və nikahları məhkəmə yolu ilə pozulmuşdur. Lakin hazırda onlar Bakıda yaşayırlar. O, həmin şəxslərə məlumat versə də onlar ona məxsus evdən qeydiyyatdan çıxmaq istəmirlər. Ona məxsus evdə X1, Cavabdeh2 qeydiyyatdadır. Lakin onlar 1 ilə yaxındır ki, uşaqla birlikdə başqa yerdə yaşayırlar. Onlar ona məxsus evdə formal olaraq qeydiyyatdadır və onun evi ilə heç bir əlaqələri yoxdur. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax şəhəri, N.Nərimanov küçəsi ev 1, mənzil 10-da yerləşən mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq onu göstərdi ki, cavabdehlər təxminən iki ildir ki, ona məxsus evdə yaşamırlar. Cavabdeh1 cehiz əşyalarını tələb etməsi ilə bağlı qeyd edir ki, cavabdeh oğlu Babəkə qarşı məhkəmədə iddia qaldırmaqla cehiz əşyalarını tələb edə bilər. O, oğlu Babəklə cavabdehin işinə qarışmır. O cavabdeh və qızının ona məxsus evdən istifadə hüququna xitam verilməsini istəyir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək göstərdi ki, o iddiaçıya məxsus evdə iki ildir ki, yaşamır. Qızı ilə birlikdə Abşeron rayonu Xırdalan Qəsəbəsində yaşayır. Onun cehiz əşyaları cavabdehə məxsus mənzildədir. Əgər cavabdeh onun cehiz əşyalarını qaytararsa evdən istifadə hüququna xitam verilməsinə razılıq verə bilər. Əks halda iddia tələbini qəbul etmir. İş materiallarında olan qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Qax şəhəri, N.Nərimanov küçəsi ev 1, mənzil 10-da yerləşən mənzil İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 289 saylı arayışdan görünür ki, Qax şəhəri, N.Nərimanov küçəsi ev 1, mənzil 10-da yerləşən mənzil İddiaçı, X4, X1, X3 və Cavabdeh2 qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qax şəhəri, N.Nərimanov küçəsi ev 1, mənzil 10-da yerləşən mənzildən İddiaçı mülkiyyətindədir. Məhkəmə iclasında cavabdehin izahatı ilə də müəyyən edildi ki, o qızı Mehcanla birlikdə təxminən iki ildir ki, həmin evdə yaşamır. Cavabdehin və övladı Mehcanın həmin mənzildə qeydiyyatda olmasının iddiaçının evə dair hüquqlarını həyata keçirməsinə mane olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin iş materialları və iddiaçının izahatı əsasında araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, cavabdeh və onun qızı Mehcan mübahisəli mənzili xeyli müddətdir ki, tərk etmişlər. Yaranmış vəziyyətdə məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin könüllü olaraq mənzili tərk edərək uzun müddət orada deyil, məhz başqa yerdə yaşadıqlarından sözügedən mənzilə münasibətdə hüququnu itirmişdir. Məhkəmə, cavabdehin mübahisəli mənzili tərk etməməsinin səbəbləri ilə bağlı onu da xatırlatmaq istəyir ki, onun başqa bir yerdə daimi yaşayış yeri olmasa idi o, ən azından müəyyən bir müddətdən sonra əvvəlki yaşayış yerinə qayıtmalı, yaxud da buna hər hansı maneə olardısa bununla bağlı evə köçürülmə tələbi barədə iddia qaldıraraq, məhkəmə müdafiəsindən istifadə edə bilərdilər. Lakin o bu hüququndan istifadə etməməklə əslində mövcud vəziyyətlə barışdıqlarını nümayiş etdirmişlər. İş materiallarından görünür ki, Cavabdeh1 övladı Cavabdeh2 yetkinlik yaşına çatmamışdır. Mülki Məcəllənin 27.2-ci maddəsinin tələbinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Bu baxımdan da məhkəmə bu qənaətdədir ki, hazırda Cavabdeh2 anasının himayəsində olduğuna görə onun yaşayış yeri də valideyinlərinin yaşayış yeri sayılır. Cavabdeh1 həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi Cavabdeh2 da istifadə hüquqlarına xitam verilməsi anlamına gəlir. Eyni zamanda Cavabdeh1 və Cavabdeh2 sözügedən mənzildə qeydiyyatda olduqları üçün onların həmin mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Bu baxımdan da cavabdehlərin həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları namınə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. 01 yanvar 1997-ci il tarixdən qüvvəyə minmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndnə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən Sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Şərh edilən sübutları araşdırıb qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı mülkiyyətində olan Qax şəhəri, N.Nərimanov küçəsi ev 1, mənzil 10-da yerləşən mənzildən Cavabdeh1 və onun qızı Cavabdeh2 istifadə hüququna xitam verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Qax şəhəri, N.Nərimanov küçəsi ev 1, mənzil 10-da yerləşən mənzildən Cavabdeh1 və onun qızı Cavabdeh2 istifadə hüququna xitam verilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Malik Qarayev
Məhkəmə qərarları › İş №2(024)-251/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-251/2024
06.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver