Məhkəmə qərarları › İş №2(024)-266/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-266/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-266/2023 26.12.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Quliyev Elçin Feyzullah oğlunun katibliyi, İddiaçı Cavabdeh2 ASC-nə, Qax rayon notariat ofisinin xüsusi notariusu X2, Qax rayonu icra və Probasiya şöbəsinə və üçüncü şəxs Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Qax rayon notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş ipoteka predmetinə tutma yönəldilməsi barədə 25 yanvar 2023-cü il tarixli icra qeydinin ləğv edilməsi və Cavabdeh2 ASC-nin iddiaçıdan tələb etdiyi 29830 manat pulun mühasibatlıq ekpsertizası keçirilməklə yenidən müəyyənləşdirilməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qax rayon notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş ipoteka predmetinə tutma yönəldilməsi barədə 25 yanvar 2023-cü il tarixli icra qeydinin ləğv edilməsi və Cavabdeh2 ASC-nin iddiaçıdan tələb etdiyi 29830 manat pulun mühasibatlıq ekpsertizası keçirilməklə yenidən müəyyənləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ASC ilə İddiaçı arasında 300 ay müddətinə, illik 8% faiz olmaqla 35.000 (otuz beş min) manat məbləğində 22 iyun 2010-cü il tarixli, 111-10/1 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Bununla bağlı olaraq bu müqavilənin təminatı olaraq götürülən kredit hesabına alınan 22 iyun 2010-cu il tarixli Alqı-satqı və İpoteka müqaviləsi ilə ünvan 1 ünvanda yerləşən 62 nömrəli mənzil ipoteka qoyulmuşdur. Tərəfindən ödənişlərin həyata keçirilməsi uzun müddət tam intizamlı şəkildə ödənilsə də, son zamanlar müəyyən maliyyə çətinliyindən müəyyən gecikmələr olmuşdur. Lakin gecikmələrə baxmayaraq ödənişinin qalan hissəsinin ödənilməsinə məsuliyyətli yanaşaraq bir-neçə dəfə banka yaxınlaşsa da hər hansı nəticə olmamışdır. Cavabdeh bankın müraciəti əsasında Qax rayon notariat ofisinin xüsusi notariusu tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi barədə 25 yanvar 2023-cü il tarixində icra qeydi verilmişdir. Həmin icra qeydi əsasında Qax rayon İcra və Probasiya şöbəsi 31 yanvar 2023-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul etmişdir. Hesab edir ki, cavabdeh bankın müraciəti əsasında verilmiş icra qeydi həm prosessul baxımdan həm də əsassız, olduğu üçün ləğv edilməlidir. İlk öncə icra qeydinin prosessual baxımdan verilməsinə nəzər yetirmək lazımdır. Belə ki, Azərbaycan Respublikasının Notariat haqqında Qanununun 76-cı maddəsinə gorə İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsinində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Göründüyü kimi mübahisənin icra qeydi əsasında aparılması üçün yeganə şərt borcun mübahisəsiz olması xarakteridir. Qanunvericilik borclunun bankın tələbinə hər hansı mübahisəsinin olmasının müəyyənləşdirilməsi üçün icra qeydi barədə müraciət etməmişdən əvvəl tələbkarın üzərinə konkret vəzifə qoymuşdur. Belə ki, Notariat haqqında Qanunun 76-cı maddəsinin 6-cı absazına görə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilməlidir. Göründüyü kimi burada icra qeydinin verilməsi üçün müvafuq müraciət edilmədən 20 gün əvvəl tələbkar müvafuq dövlət orqanın müəyyənləşdirdiyi formada bildirişi borcluya göndərməlidir. Bu maddənin mahiyyəti odur ki, borclu bu müddət ərzində hərəkət və ya hərəkətsizliyi ilə borcun mübahisəsiz olduğunu təsdiq etsin və ya borcun mübahisəli olması ilə bağlı müəyyən hüquqi hərəkətlər etsin. Lakin cavabdeh bank bu qaydaya əməl etməmiş və tərəflər arasında bağlanmış 22 iyun 2010-cü il tarixli, 111-10/1 nömrəli Kredit müqaviləsinin 7.6-cı maddəsində razılaşdırılmış ünvana çatdırmamışdır. Bu da o deməkdir ki, bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar icra qeydinin aparılması ilə bağlı ərizəyə ya əlavə edilməmişdir ya da natamam əlavə edilmişdir. Digər tərəfdən bildiyi kimi icra qeydi institutu tələbkarla yanaşı, borclunun da hüquqlarının qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim edilən sənədlər mübahisiz olduğu təsdiq edilərsə aparılır. Çünki tələbkarlarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduqda icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə həll edilməlidir. Bundan əlavə Notariat ofisi borcun ödənilməsi barədə iddiaçıya və digər əlaqədar şəxslərə yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notariat hərəkətləri etməyərək yalnız kredit müqaviləsinə əsaslanmaqla, həmin kredit müqaviləsi üzrə yoxlama aparmadan əsassız icra qeydi vermişdir. Yuxarıda qeyd edildiyi kimi icra qeydi yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edildiyi anda aparılır. Cavabdeh bank öz icra qeydi ilə bağlı ərizəsində borclunuı son qalıq borcunu 26.242 manat əsas borc, 1175 manat faiz borcu və 71 manat komissiya borcı 2343 manat cərimə borcu olmaqla, cəmi 29830 manat olaraq göstərmişdir. Bildirir ki, bankın qalıq kredit borcu ilə razı deyil. Belə ki, tərəfindən edilən ödənişlərə görə qalıq borc hazırki borcdan aşağı olmalıdır. Ən azından verilən kreditlə hazırki borcun məbləği arasında fərqə baxsa iddianın haqlı olmasını asanlıqla sübüt etmək olar. Yəni 13 il əvvəl verilən 35.000 manat kred məbləği necə olur ki hazırda qalıq cəmi borc olaraq 29830 manat olaraq müəyyən edilsin. Bu deməkdir ki, boclu 13 il ərzində cəmi 6000 manat pul ödəmişdir?! Bu qeyri-mümkündür. Göründüyü kimi bu hal mübahisəlidir və ən azından məhkəmə qaydasında mühasibatlı ekspertizasının ciddi ehtiyac olduğu aşkardır. Digər tərəfdən müqavilə predmeti olan daşınmaz əşyanın dəyəri 22 iyun 2010-cu il tarix Alqı-satqı və İpoteka müqaviləsində göstərilən dəyərdən azı iki dəfə yüksəkdir. Bu halda cavabdeh bankın tələbinin mübahisəli olmasını təsdiq edir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən Qax rayon notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş ipoteka predmetinə tutma yönəldilməsi barədə 25 yanvar 2023-cü il tarixli icra qeydinin ləğv edilməsi və Cavabdeh2 ASC-nin iddiaçıdan tələb etdiyi 29830 manat pulun mühasibatlıq ekspertizası keçirilməklə yenidən müəyyənləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış 22 iyun 2010-cü il tarixli, 111-10/1 nömrəli Kredit müqaviləsindən görünür ki, iddiaçıya 300 ay müddətinə, illik 8% faiz olmaqla 35.000 (otuz beş min) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş kredit müqaviləsinin təminatı olaraq götürülən kredit hesabına alınan 22 iyun 2010-cu il tarixli Alqı-satqı və İpoteka müqaviləsindən görünür ki, ünvan 1 ünvanda yerləşən 62 nömrəli mənzil ipoteka qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********68-05101-093023 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 62 nömrəli mənzil ipoteka ilə yüklü edilmiş, kreditin məbləği 35000 manat müəyyən edilmiş, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 107 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Qax rayon notariat ofisinin xüsusi notariusunun 25 yanvar 2023-cü il tarixli icra qeydindən görünür ki, ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən 62 nömrəli mənzilə tutma yönəldilmişdir. (öhdəliyi müəyyən edən 117-10/İ müqaviləyəə sasən müddət üçün vaxtında ödənilməmiş 26242.86 manat əsas. 1171.95 manat faiz, 71.45 manat komissiya, 2343.90 manat dəbbə borcu olmaqla, cəmi tutulmalı məbləğ 29830.16 manat təşkil edir.) İş materiallarında olan xx.xx.2023-cü il tarixli 9/6580 saylı ekspert rəyindən görünür ki,iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 22 iyun 2010-cu il tarixli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh İddiaçı Cavabdeh2 ASC-nə maliyyə arayışında qeyd edilən tarixə yəni xx.xx.2022-ci il tarixə olan borcu 26.773.01 manat təşkil edir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, X1 şəhəri, X4 küçəsi ev 5-də qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli № ********** saylı qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 ASC ilə İddiaçı arasında 300 ay müddətinə, illik 8% faiz olmaqla 35.000 (otuz beş min) manat məbləğində 22 iyun 2010-cü il tarixli, 111-10/1 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Bununla bağlı olaraq bu müqavilənin təminatı olaraq götürülən kredit hesabına alınan 22 iyun 2010-cu il tarixli Alqı-satqı və İpoteka müqaviləsi ilə ünvan 1 ünvanda yerləşən 62 nömrəli mənzil ipoteka qoyulmuşdur. Cavabdehin müraciəti əsasında Qax rayon notariat ofisinin xüsusi notariusu tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi barədə 25 yanvar 2023-cü il tarixində icra qeydi verilmişdir. İcra qeydinə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən 62 nömrəli mənzilə tutma yönəldilmişdir. (öhdəliyi müəyyən edən 117-10/İ müqaviləyəə sasən müddət üçün vaxtında ödənilməmiş 26242.86 manat əsas, 1171.95 manat faiz, 71.45 manat komissiya, 2343.90 manat dəbbə borcu olmaqla, cəmi tutulmalı məbləğ 29830.16 manat təşkil edir.) Məhkəmə tərəfindən iş üzrə qаnuni və obyektiv qətnamənin çıxаrılmаsı üçün borc (əsas və faiz) məbləği ilə bаğlı, hesablanmış hesаblаmаlаrın düzgünlüyünün xüsusi biliyə mаlik olаn mütəxəssis vаsitəsilə müəyyən edilməsi zəruridir. Onа görə də iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunaraq, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixli 9/6580 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 22 iyun 2010-cu il tarixli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh İddiaçı Cavabdeh2 ASC-nə maliyyə arayışında qeyd edilən tarixə yəni xx.xx.2022-ci il tarixə olan borcu 26.773.01 manat təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tələbində qismən haqlıdır. Notariat haqqında Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması: Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qanununun 77-ci maddəsinə əsasən İcra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkar fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 3) borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə);https://e-qanun.az/framework/107 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. Həmin Qanununu 79-cu maddəsinə əsasən İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən qismən təmin edilməli, Cavabdeh2 ASC-nin İddiaçı tələb etdiyi 29830 manat pul 26.773.01 manat məbləğində müəyyən edilməli, iddianın qalan hissəsi əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən məhkəmə, qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 ASC-nin İddiaçı tələb etdiyi 29830 manat pul 26.773.01 manat məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar