Məhkəmə qərarları › İş №2(024)-487/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-487/2024

03.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-487/2024 03.09.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəməm oğlunun katibliyi, İddiaçı iştrakı ilə, İddiaçı cavabdeh Qax rayon Notariat Ofisinə qarşı «X1 və anası X7 miras qalan Qax rayonu Güllük kəndində yerləşən 3.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/6 hissəsinə vərəsəlik haqqında şəhadətnamə almaq üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilməklə uzadılması» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Qax rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək X1 və anası X7 miras qalan Qax rayonu Güllük kəndində yerləşən 3.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/6 hissəsinə vərəsəlik haqqında şəhadətnamə almaq üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilməklə uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Qax rayonu Qaxbaş kəndində yaşayır. X3 xx.xx.1997-ci il tarixdə və anası X15 xx.xx.2015-cü il tarixdə vəfat etmişdir. X1 və anası X9 Qax rayonu Güllük kəndində yerləşən 3.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. Atası və anası rəhmətə getdikdən sonra mirası vərəsələri olan uşaqları idarə edir. O, atasından və anasından qalan miras əmlakı səndləşdirmək üçün Qax rayon Notariat Ofisinə müraciət etmişdir. Orada ona prosesual müddəti ötürdüyünü və prosessual müddətin bərpası üçün məhkəməyə müraciət etməsini məsləhət görmüşlər. O, bunu bilməmiş, elə hesab etmişdir ki, atası və anası öldükdən sonra mirası öz adına rəsmiləşdirə bilər. Prosessual müddəti keçirdiyini bilməmişdir. Vərəsə olaraq daim atası və anasının qulluğunda durmuşdur. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X1 və anası X7 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, atası və anası öldükdən sonra onlardan miras qalan torpaq sahəsindən müəyyən qədər qardaşlarına ayrılmışdır. Digər vərəsələr olan qardaşları mirasın qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişlər. O, müəyyən səbəblərdən, yəni övladları Bakı şəhərində oxuduqları, onların yanında olduğu üçün həmin məhkəmələrdə iştirak edə bilməmişdir. Özü isə mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət edə bilməmişdir. Hal-hazırda torpaq sahəsindən böyük qardaşı İlham istifadə edir. Bununla bağlı aralarında heç bir narazılıq olmamış, hazırda da yoxdur. O, sadəcə olaraq miras qalmış torpaq sahəsindən öz payını götürəcəkdir. İstəyir ki, torpaq sahəsindən ona düşən pay özünün istifadəsində olsun. X2 miras əmlakdan özünün, digər qardaşı İlham isə həm özünün, həm də onun payından istifadə edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Doğum haqqında İ-ИЕ № 289746 saylı şəhadətnamədən görünür ki, xx.xx.1958-ci ildə doğulmuş Yusubova (Hüseynova) Xanzada Hacıhümmət qızının atası X13, anası isə X10r. Nikahın bağlanması haqqında И-ЖГ № 269803 nömrəli şəhadətnamədən görünür ki, X27 ilə X4 nikahları 06 iyul 1979-cu ildə Qax rayon VVAQ Şöbəsində bağlanmış, nikah bağlandıqdan sonra ərə Hüseyinov, arvada Hüseyinova soyadı verilmişdir. Ölüm haqqında AZ-İ № 682535 nömrəli şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2015-ci ildə vəfat etmişdir. Ölüm haqqında AZ-İİ № 427449 nömrəli şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1997-ci ildə vəfat etmişdir. Qax rayon İcra Hakimiyyəti Başçısının Güllük kənd İƏDÜN-nin verdiyi xx.xx.2024-cü il tarixli 265 nömrəli Arayışdan görünür ki, X11 öldüyü xx.xx.1997-ci il tarixədək Qax rayonu Güllük kəndində yaşamış, onun X16, İddiaçı və X6 ibarət vərəsələri qalmışdır. Qax rayon İcra Hakimiyyəti Başçısının Güllük kənd İƏDÜN-nin verdiyi xx.xx.2024-cü il tarixli 266 nömrəli Arayışdan görünür ki, X15 öldüyü xx.xx.2015-ci il tarixədək Qax rayonu Güllük kəndində yaşamış, onun X16, İddiaçı və X6 ibarət vərəsələri qalmışdır. Qax rayon İcra Hakimiyyəti Başçısının Qaxbaş kənd İƏDÜN-nin verdiyi xx.xx.2024-cü il tarixli 686 nömrəli Arayışdan görünür ki, İddiaçı Qax rayonu Qaxbaş kəndində qeydiyyatda olmaqla yaşayır. Qax rayon Notariat Ofisinin verdiyi 25 iyun 2024-cü il tarixli 421 və 422 nömrəli məktublardan görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdə vəfat etmiş X11 və xx.xx.2015-ci il tarixdə vəfat etmiş X7 miras qalmış əmlakın qəbul edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciəti mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürüldüyü üçün rəsmiləşdirilə bilməmiş və mirasın qəbulu üzrə buraxılmış müddətin uzadılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. JN-124, KOD 40306018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Qax rayonu Güllük kəndində yerləşən 3.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11, X17, X18, X19, X28, X20 ümumibirgə mülkiyyətinə verilmişdir. AZE № 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Qax rayonu, Güllük kəndində doğulmuş, Qax rayonu, Qaxbaş kəndində qeydiyyatdadır. "xxxx" ASC-nə məxsus xx.xx.2024-cü il tarixli 21105 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı qiymətləndirilməyən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddiaçının məhkəmə baxış iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizə verməsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Ərizədən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ilk öncə mərhum ata-anasından miras qalmış əmlaka dair (hər birinin 1/6 hissədə payından) vərəsəlik haqqında şəhadətnamə almaq üçün buraxılmış prosesual müddətin üzürlü hesab edilməklə uzadılmasını xahiş etmişdir. Lakin mülki iş üzrə təyin edilmiş hazırlıq iclaslarında Qax rayonu, Güllük kəndində yerləşən 3.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçının mərhum ata və anasının hər birindən 1/6 hissədə miras payının qalmasını, digər vərəsələrin miras paylarının ayrılaraq qəbul edilməsini və mülkiyyətlərinə verilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmiş, həmin əsaslar məhkəmə baxış iclasında yarandığı üçün məhkəmə tərəfindən iddiaçının ərizəsi qəbul olunmuşdur. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyan X11 xx.xx.1997-ci ildə vəfat etdiyindən ona münasibətdə vərəsəlik hüquq münasibəti barədə mübahisəyə həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin müddəaları tətbiq edilməlidir. Belə ki, X8 vəfat etdiyi 1997-ci ildə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; -528-ci maddəsinin tələblərinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə həmin Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. -552-ci maddəsinin 3-cü hissəsinə əsasən bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən 6 ay müddətində edilməlidir. -552-ci maddəsinin 4-cü hissəsinə əsasən yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət 3 aya qədər uzadılır. - 552-ci maddəsinin 5-ci hissəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. - 553-cü maddəsinə əsasən mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzürlü hesab edildikdə məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Bu hallarda mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib natura ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. Digər miras qoyan X15 xx.xx.2015-cü il tarixdə vəfat etdiyinə görə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə 01 sentyabr 2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin normada təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (Mülki Məcəllənin 1145 və 1146cı maddələri). Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər (Mülki Məcəllənin 1243.3 və 1245-ci maddələri). Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. İş materiallarından görünür ki, miras əmlak JN-124, KOD 40306018 nömrəli “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Qax rayonu Güllük kəndində yerləşən X11, X17, X12, X19, X23, X14 ümumbirgə mülkiyyətinə verilmiş 3.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarətdir. Birinci növbə vərəsə kimi iddiaçı mərhum valideyinlərindən qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat kontoruna müraciət etsə də, mirasın qəbulu müddətinin onun tərəfindən ötürülməsi əsasına görə ərizəsinin icrası mümkün olmamışdır. Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı). Qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Həmçinin müraciətdə qeyd olunduğu kimi, bu müddət iddia müddətlərinə də aid edilə bilməz. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Yəni iddia müddəti özünümüdafiə mahiyyətində olmaqla tələb hüquqlarına xarakterikdir və hüququn məhkəmə qaydasında realizəsi imkanı üçün nəzərdə tutulmuş müddətlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı). Məhkəmə hesab edir ki, qanun üzrə vərəsələr arasında hər hansı mirasa dair mübahisə olmadığından və mübahisənin müsbət mənada həlli iddiaçıların qanunla qorunan vərəsəlik hüquqlarının real olaraq həyata keçirilməsinə zəmin yaradacağından iddianın təmin edilməsi qanunamüvafiq olar. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, JN-124, KOD 40306018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X11, X17, X12, X19, X23, X14 ümumbirgə mülkiyyətinə verilmiş Qax rayonu Güllük kəndində yerləşən 3.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X8 və Yusifova (Seyidova) Cəvahir Vəlixan qızının hər birinin payına düşən hissəsindən ibarət miras əmlaka dair mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət İddiaçı münasibətdə uzadılmalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. JN-124, KOD 40306018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X11, X17, X12, X19, X23, X14 ümumbirgə mülkiyyətinə verilmiş Qax rayonu Güllük kəndində yerləşən 3.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X8 və Yusifova (Seyidova) Cəvahir Vəlixan qızının hər birinin payına düşən hissəsindən ibarət miras əmlaka dair mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət İddiaçı münasibətdə uzaldılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar