Məhkəmə qərarları › İş №2(024)-512/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-512/2025

24.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-512/2025 24.07.2025 QAX RAYON MƏHKƏMƏSİ Qax Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı «doğumun qeyd edilmə faktının tanınması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı «doğumun qeyd edilmə faktının tanınması» barədə ərizə ilə məhkəməyə müraciət edərək 15 yanvar 1990-cı il tarixdə doğulmuş oğlu X2 doğumunun qeydə alınması faktının tanınması və onun doğum haqqında şəhadətnaməsində ata qrafikasında mərhum əri X4, ana qrafikasında isə onun adının qeyd edilməsinə dair qətnamə çıxılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o yuxarıda qeyd olunan ünvanda yaşayır. Əri X6 18 fevral 2008-ci il tarixdə vəfat etmişdir. Onların birgə nikahından 3 uşağı doğulmuşdur. Uşaqlardan birinin doğumu qeyd edilməmişdir. Belə ki, oğlu 15 yanvar 1990-cı il tarixdə Cəfər adlı övladı ev şəraitində doğulmuşdur. Maddi imkansızlıq ucbatından və oğlunun doğum haqqında tibbi kartoçkası olmadığından onun doğum haqqında şəhadətnaməsini almaq mümkün olmamışdır. X12 rayonu, Qapıçay kənd orta məktəbində təhsil almış və ona əsas təhsil haqqında şəhadətnamə verilmişdir. Hazırda oğluna şəxsiyyət vəsiqəsi ala bilmirlər. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi X7 məhkəmə baxışı iclasında ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, oğlu Cəfər Qax rayonu, Güllük knədində doğulmuşdur. Oğlu Qax rayonu, Güllük kəndində orta məktəbdə oxumuşdur. Başa düşməmiş və doğum haqqında şəhadətnamənin almamışdır. İndi də ona görə müraciət etmişdir ki, oğlunu xəstələnəndə həkimə aparır, xəstəxana qəbul etmir. Məhkəmədən ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ərizəçi onun uzaq qohumudur. Ərizəçinin oğlu Cəfər 1990-cı ildə Qax rayonu, Qapıçay kəndində ev şəraitində doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin oğlu Cəfər Qax rayonu, Qapıçay kəndində evdə doğulmuşdur. Onun atası ölmüşdür. Uşaq da qeydiyyatsız qalmışdır. Cəfər 1990-cı ildə doğulmuşdur. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZE ******** №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Qax rayonu, Qapıçay kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Qax RİHB-ın Güllük kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi 30 aprel 2025-ci il tarixli 99 №li arayışdan görünür ki, X1 rayonu, Qapıçay kəndində yaşayır. İş materiallarına əlavə edilmiş 289446 №li ölüm haqqında şəhadətnamədən görünür ki, X6 18 fevral 2008-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş 468400 №li nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X6 ilə Ərizəçi nikahları 06 iyul 1979-cu ildə 11 № ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 460774 №li əsas təhsil haqqında şəhadətnamədən görünür ki, 1990-cı ildə doğulmuş X1 rayonu, Qapıçay kənd əsas təhsil məktəbində oxumuş və 2007-ci ildə təhsilini başa vurmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs 03 may 2025-ci il tarixli arayışdan görünür ki, ərizəçi övladı X2 doğum haqqında şəhadətnamə verilməsini xahiş etmiş və bildirmişdir ki, heç vaxt doğum haqqında şəhadətnamə alınmamışdır. Müraciəti ilə bağlı bütün arxiv məlumatları axtarılmış, lakin X3 məxsus doğum haqqında akt qeydi aşkarlanmamışdır. Qax rayon Polis Şöbəsi tərəfindən 18 iyul 2025-ci il tarixli sorğuya cavabdan görünür ki, C.X.Veysalidzeyə şəxsiyyət vəsiqəsi verilməmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qax rayon bölməsi tərəfindən sorğuya cavabdan görünür ki, C.X.Veysalidze Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon Bölməsində hərbi qeydiyyatda yoxdur. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin daimi yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Yuxarıda qeyd edilənlərə əsasən müraciəti əsasında doğum haqqında akt qeydinin bərpa edilməsi Maraqlı şəxs tərəfindən mümkün deyil. Bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçinin oğlu X5 15 yanvar 1990-cı ildə Qax rayonu, Qapçay kəndində doğulmuşdur. Cəfər ev şəraitində doğulduğundan və doğumla bağlı tibbi sənədi verilmədiyindən adına doğum haqqında şəhadətnamə mövcud deyildir və bu şəhadətnamənin verilməsi üçün əsas olmuş doğum haqqında akt qeydi də arxivdə aşkar edilməmişdir. X2 doğum haqqında şəhadətnaməsi olmadığına görə ərizəçi müvafiq sənədləşmə işlərini həyata keçirə bilmir. Ərizəçi oğlunun doğum haqqında şəhadətnaməsini əldə etmək və ya doğum haqqında akt qeydinin bərpası üçün müvafiq orqanlara müraciət etmiş, lakin həmin orqanlarda bu mümkün olmamış və qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Ərizəçinin oğlunun doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün deyildir. Nəzərə almaq lazımdır ki, Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəsisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən doğumun qeyd edilmə faktını-maddə 307.2.3) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 №li Qərarının 1.2-ci bəndində təsbit edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, hazırda ərizəçinin oğlu X2 doğum haqqında şəhadətnaməsi mövcud olmasa da, onun 15 yanvar 1990-cıi ildə Qax rayonu, Qapıçay kəndində anadan olması faktı, özünün kimliyi haqda müvafiq məlumatlar ərizəçinin özünün izahatı və şahidlərin ifadəsi ilə təsdiq olunduğundan, habelə ərizəçinin oğlu X2 doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün olmadığından ərizəçinin oğlu X2 15 yanvar 1990-cı il tarixdə doğumunun qeyd edilməsi barədə hüquqi əhəmiyyəti faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-309, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsin. Ata qrafasında X6, ana qrafasında Ərizəçi qeyd olunmaqla, 15 yanvar 1990-cı il tarixdə Qax rayonu, Qapıçay kəndində X2 doğumunun qeyd edilməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizəçinin ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar