Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-731/2024 10.10.2024 QAX RAYON MƏHKƏMƏSİ (iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə) Mən, Qax Rayon Məhkəməsinin hakimi Kərimov Taleh Etibar oğlu, Ərizəçi maraqlı tərəf Qax rayon notariat ofisinə qarşı «qohumluq faktının müəyyən edilməsi» tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: Ərizəçi maraqlı tərəf Qax rayon notariat ofisinə qarşı «qohumluq faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək X9 özünün bibisi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri Mülki Prosessual Qanunvericiliyin tələbləri baxımından hüquqi qiymətləndirərək hesab edirəm ki, ərizənin qəbulundan imtina edilməli və ərizəyə əlavə edilmiş sənədlər ərizəçiyə rəsmi qaydada verilməlidir. Belə ki, ərizədən görünür ki, tələb qohumluq faktının müəyyən olunmasından ibarətdir və ərizəçinin məhkəməyə müraciət etməsinin səbəbi isə vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardır. Ərizəçinin mərhum bibisi sağlığında yaşadığı evi ərizəçiyə bağışlamış, həmçinin bibisinə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi də miras qalmış, X9 1ci və 2-ci növbə vərəsələri qalmadığı üçün miras əmlakı öz adına sənədləşdirmək istəmişdir. Lakin atasının və bibisinin doğum haqqında şəhadətnamələrində atalarının soyadlarında uyğunsuzluq olduğu üçün qanun üzrə vərəsəlik haqqında şəhadətnamə alınması mümkün olmamışdır. X1 doğum haqqında şəhadətnaməsində atası X2, bibisi X6 doğum haqqında arayışında isə atası X4 qeyd edilmişdir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2019-cu il 12 aprel tarixli 3 nömrəli qərarının 1.7-ci bəndində göstərilmişdir ki, Məhkəmə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən ilk növbədə məhkəmə tərəfindən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını yoxlayır. Həmin Qərarın 2.2-ci bəndinə əsasən əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Mülki Prosessual Məcəllənin 153.2-ci maddəsində iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina əsasları qeyd olunmuşdur. Qeyd olunan Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 153.4-cü maddəsində göstərilmişdir ki, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsində qeyd olunmuşdur ki, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə dövlət rüsumu geri qaytarılır. Ərizəçi tərəfindən Azərbaycan Beynəlxalq Bankı ASC-nin Qax filialı vasitəsilə xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu özünə geri qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 149, 151, 153, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı m: Ərizəçi maraqlı tərəf Qax rayon notariat ofisinə qarşı «qohumluq faktının müəyyən edilməsi» tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə rəsmi qaydada verilsin. Ərizəçi vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərin aradan qaldırılması üçün Qax rayon Qeydiyyat şöbəsinə müraciət etmək hüqunun olması izah edilsin. Ərizənin verilməsi üçün Azərbaycan Beynəlxalq Bankı ASC-nin Qax filialı vasitəsilə xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Taleh Kərimov
Məhkəmə qərarları › İş №2(024)-731/2024
Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-731/2024
10.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver