Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-75/2025 11.03.2026 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyeva Ayişə Məcid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «mərhum atasından miras qalmış daşınmaz əmlakın qanun üzrə vərəsəlik üzrə pay hüququnun müəyyən edilməsi, mirasdan payların naturada ayrılması və həmin paylara uyğun olaraq ona aid hissənin verilməsi» tələbinə dair mülki açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı «mərhum atasından miras qalmış daşınmaz əmlakın qanun üzrə vərəsəlik üzrə pay hüququnun müəyyən edilməsi, mirasdan payların naturada ayrılması və həmin paylara uyğun olaraq ona aid hissənin verilməsi» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, mərhum atası Qadaşov İsmayıl Babaş oğlundan miras qalmış torpağa mülkiyyət hüququna dair JN 0492 nömrəli Dövlət Aktına əsasən 0.94 ha torpaq sahəsindən qanuni vərəsə olaraq ona aid pay hissəsinin müəyyən edilməsi və ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum anası X7 01 dekabr 1997-ci il tarixdə, mərhum atası Qadaşov İsmayıl Babaş oğlu isə 23 dekabr 1998-ci il tarixdə vəfat etmişlər. Mərhum atasının sağlığında onun mülkiyyətində torpağa mülkiyyət hüququna dair JN-0492 kod nömrəsi 40310005 olan Dövlət Aktına əsasən 0.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Qeyd olunan 0.94 ha torpaq sahəsi iki konturda yerləşir. Belə ki, 0.84 ha hissəsi Qax rayonu, Əmircan kəndinin ərazisində, digər 0.10 ha hissəsi isə rayonun Tərməçi adlanan ərazisində yerləşir. Qeyd olunan miras əmlakın bölgüsündə cavabdehlə razılıq əldə edilməsi mümkün olmamışdır. Bildirir ki, mərhum valideynərinin yeddi övladı olmuşdur. X1 1987-ci il tarixdə, Qadaşov Babaş İsmayıl oğlu 1999-cu il tarixdə, X11 2015-ci il tarixdə, X9 isə 2019-cu il tarixdə vəfat etmişlər. Yuxarıda qeyd olunan daşınmaz əmlakın bölgüsü ilə bağlı sağ qalan vərəsələrdən yalnız cavabdehlə razılaşmaları mümkün olmamışdır. Bununla bağlı qeyd olunan torpaq sahəsinin ona aid olan hissəsinin naturada ayrılaraq verilməsinə və mülkiyyət hüququnun tanınmasına ehtiyac olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsində qeyd edilir ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Göstərdiklərini nəzərə alaraq məhkəmədən mərhum atası Qadaşov İsmayıl Babaş oğlundan miras qalmış torpağa mülkiyyət hüququna dair JN 0492 nömrəli Dövlət Aktına əsasən 0.94 ha torpaq sahəsindən qanuni vərəsə olaraq ona aid pay hissəsinin müəyyən edilməsi və ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh torpağın 9 payından da istifadə edir. Torpaq sahəsindən 20 ildir, yəni 1992-ci ildən istifadə olunur. İndi həmin torpaqdan 1 pay tələb edir deyə cavabdeh torpaqdan istifadəni dayandırımışdır. İddiaçı torpağı sənədləşdirə bilər. Doqquz pay torpaqdan bir paydan ötrü torpağın sənədini o almalıdırmı?. Cavabdeh torpağa əziyyətini çəkib və bəhrəsini götürüb. Bir ilin gəliri ilə cavabdeh torpağa sənəd ala bilər. Mübahisəni məhkəmədən kənarda həll edə bilərdilər. O, bildirmişdir ki, özünə düşən payını istəyir, başqasının payını istəmir. Cavabdeh imtina etmiş, miras əmlakın özünün olduğunu bildirmişdir. 7 nəfərin payı cavabdehdədir. 1986-cı ildə Aqrar İslahat keçirilən zaman atasına kolxoz tərəfindən verilmiş əmlak payı olmuşdur. Bir-iki il özü əkmiş, gücü çatmadığı üçün icarəyə vermişdir. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahat verərək göstərmişdir ki, iddiaçıya torpaq sahəsindən pay vermək istəmiş, lakin iddiaçı gəlməmişdir. Notariusda mübahisəni iki dəfə həll etmək istəmiş, lakin qarşı tərəf gəlməmişdir. Torpaq sahəsini icarəyə vermişdir. Torpaq sahəsi ata payıdır. Ailədə yeddi övlad olmuşlar. Mirasdan iddiaçıya düşən payı verir. Lakin torpaq sahəsinə Çıxarış almaq lazımdır. İşin halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: JN-0492, KOD 40310005 №li torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, 0.94 ha həyətyanı təyinatlı torpaq sahəsi Qadaşov İsmayıl Babaş oğlunun mülkiyyətindədir. Qax rayonu, Qeydiyyat şöbəsinin verdiyi 08 may 2025-ci il tarixli № 05/09/S/057666- 25 №li arayışdan görünür ki, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid 08 may 2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir. Qadaşov İsmayıl Babaş oğlu XX.XX.1924-cü ildə doğulmuş, xx.xx.1998-ci ildə ölmüş, onun arvadı X3 (xx.xx.1928) (Vəfat edib.-xx.xx.1997), Qadaşov Babaş İsmayıl oğlu (xx.xx.1948) (Vəfat edib.-xx.xx.1999), X4 (xx.xx.1949) (Vəfat edib.-xx.xx.1950), X11 (xx.xx.1951) (Vəfat edib.-xx.xx.2015), X9 (xx.xx.1952) (Vəfat edib.-xx.xx.2019), X5 (xx.xx.1954) (Vəfat edib.-xx.xx.1987) X6 (xx.xx.1956), İddiaçı (xx.xx.1960). Qax RİHB-in Qax şəhər İƏDS-i üzrə nümayəndəsinin verdiyi 21 oktyyabr 2024-cü il tarxli 1879 №li arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda təsərrüfat başçısı Cavabdeh, onun arvadı X18, oğlu Qadaşov İsmayıl Fizuli oğlu, gəlini X19, nəvələri X10 və X12 vardır. Qax rayon Notariat ofisinin 12 oktyabr 2025-ci il tarixli 819 №li məktubundan görünür ki, 23 dekabr 1998-ci ildə ölmüş mərhum atası Qadaşov İsmayıl Babaş oğlundan qalmış mirasın qəbul edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Qax rayon notariat ofisinə ünvanlanmış müraciətinizə cavab olaraq bildirir ki, vərəsələr Mülki Məcəllənin 1246-ci maddəsinə əsasən mirası 6 ay ərzində qəbul etməli və ya Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq mirası faktiki qəbul etməlidir. Odur ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinin tələbinə uyğun olaraq mirasın qəbulu üzrə buraxılmış müddətin uzadılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 25 dekabr 2023-cü il tarixli №3-16-5/8-69- 338/2023 №li arayışdan görünür ki, Qadaşova İsmayıl Babaş oğlu 23 dekabr 1998-ci ildə ölmüşdür. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 25 dekabr 2023-cü il tarixli №3-16-5/8-69- 339/2023 №li arayışdan görünür ki, X3 01 dekabr 1997-ci ildə ölmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 12 saylı Şəki Ərazi idarəsinin 23 iyun 2025-ci il tarixli 3-21-3-39/2-2368/2025 №li mütəxəssis rəyindən görünür ki, iddiaçı və onun qardaşının iştirakı ilə naturada GPS aləti vasitəsi ilə ölçülən məhkəmə predmeti olan torpaq sahəsi faktiki olaraq 7577.5236 kv.m dir. Həmin torpaq sahəsinin döngə nöqtələri və koordinatları, tərtib olunmuş yerquruluşu planında göstərilmişdir. Qax rayon Məhkəməsinin təqdim etdiyi Qax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışa əsasən 1/9 paya uyğun gələn 842 kv.m torpaq sahələrinin döngə nöqtələrinin koordinatları müəyyən edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2025-ci il tarixli məlumatından görünür ki, 2(024)-75/2025 №-li iş üzrə 05 fevral 2025-ci il tarixli qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin (bundan sonra - Xidmət) mütəxəssisləri cəlb olunmaqla Mərkəzin ekspertlərinə tapşırılmışdır. Məlumdur ki, Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi»in 4.0.7-ci bəndinə əsasən xidmət öz vəzifələrini yerinə yetirmək üçün fəaliyyət istiqamətləri üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq hüquqlarına malikdir. Bundan əlavə «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.38-ci bəndinə əsasən məhkəmələr tərəfindən təyin edilən ekspertizanın aparılması ilə bağlı ödənişli əsaslarla daşınmaz əmlakın yerində müayinə olunması və mütəxəssis rəyinin verilməsi qurumun vəzifəsi olaraq müəyyən olunmuşdur. Həmçinin, nəzərə alınmalıdır ki, «Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında» Qanunun 6-cı maddəsinə görə dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 60-cı maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər. Qeyd olunan normativ sənədlərin tələblərindən aydın olur ki, xidmət dövlət orqanı kimi rəy vermək səlahiyyətinə malikdir və həmin rəylər dövlət orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən qərar qəbul edilməsi üçün əsas hesab oluna bilər. Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən GPS naviqasiya sistemi vasitəsilə ölçü işləri apardıqdan sonra, xəritə materialları və elektron baza məlumatlarına əsasən mütəxəssis rəyi tərtib edilir. Belə olan şəraitdə məhkəmə ekspertinin tədqiqata, o cümlədən yerli baxışda iştiraka cəlb edilməsi formal xarakter daşıyır və Mərkəzdə elektron baza məlumatları olmadığına görə ekspert özünün xüsusi bilikləri əsasında hər hansı bir tədqiqat aparmır. Göstərilənlərə əsasən, «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə və «Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində» ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın 3.2-ci bəndinə görə qərardad icra edilmədən iş materialları geri qaytarılır. Məhkəmənin mövqeyi: Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının məhkəmə iclasında verdiyi izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, JN-0492, KOD 40310005 №li torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.94 ha həyətyanı təyinatlı torpaq sahəsi Qadaşov İsmayıl Babaş oğlunun mülkiyyətindədir. Qadaşov İsmayıl Babaş oğlu XX.XX.1924-cü ildə doğulmuş, 23 dekabr 1998-ci ildə ölmüş, onun arvadı X3 (xx.xx.1928) (Vəfat edib.-xx.xx.1997), Qadaşov Babaş İsmayıl oğlu (xx.xx.1948) (Vəfat edib.xx.xx.1999), X4 (xx.xx.1949) (Vəfat edib.-xx.xx.1950), X11 (xx.xx.1951) (Vəfat edib.xx.xx.2015), X9 (xx.xx.1952) (Vəfat edib.-xx.xx.2019), X5 (xx.xx.1954) (Vəfat edib.xx.xx.1987) X6 (xx.xx.1956), İddiaçı (xx.xx.1960). Qadaşov İsmayıl Babaş oğlu 23 dekabr 1998-ci ildə ölmüşdür. İddiaçı miras əmlakı qəbul etmək üçün 23 dekabr 1998-ci ildə ölmüş mərhum atası Qadaşov İsmayıl Babaş oğlundan qalmış mirasın qəbul edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Qax rayon Notariat ofisinə müraciət etmiş, lakin notarius tərəfindən ona Mülki Məcəllənin 1248.1-ci maddəsinin tələbinə uyğun olaraq mirasın qəbulu üzrə buraxılmış müddətin uzadılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzimləyir və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq, bu hüququn həyata keçirilməsinə təminat verir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddənin şərhinə görə vərəsələr dedikdə ölmüş şəxsin əmlaknın qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi anlaşılır. Vərəsəlik münasibətəlrinin yaranmasında əsas kimi miras qoyanın vəsiyyəti, qanunla nəzərdə tutulmuş əsaslardan laha üstün qüvvəyə malikdir. Qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vəsiyyətnamə miras əmlakının hamsını əhatə etməzsə və ya vəsiyyətnamə qismən etirasız sayılarsa, miras əmlakın vəsiyyətnamə ilə əhatə edilməmiş, hissəsinə və ya vəsiyyətnamənin etibarsız saylımış hissəsində nəzərdə tutulmuş miras əmlaka qanun üzrə vərəsəlik qüvvədə olur. Mülki Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Mülki qanunvericilikdə vərəsənin mirasın qəbulundan imtina hüququ nəzərdə tutulmuşdur. Şərh olunan maddəyə əsasən, miras əmlakın dövlətə keçməsi üçün miras qoyanın vərəsələrinin hamısının mirasın qəbulundan imtina etməsi tələb olunur. Vərəsələrdən yalnız biri mirası qəbul edərsə, miras əmlakı onun mülkiyyətinə keçir və əmlakın dövlətə keçməsi baş vermir. Mülki Məcəllənin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi vərəsəlik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda: vərəsənin əmlaka sahibliyə və onun idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Mülki Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair16 oktyabr 2020-ci il tarixli Qərarından görünür ki, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Məhkəmə hesab edir ki, 0.94 ha həyətyanı təyinatlı torpaq sahəsinə dair mərhum Qadaşov İsmayıl Babaş oğlunun adına JN-0492, KOD 40310005 №li torpağa mülkiyyət hüququna dair Dövlət Aktı mövcud olsa da, həmin torpaq sahəsi mərhumun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. JN-0492, KOD 40310005 №li torpağa mülkiyyət Dövlət Aktı mərhum İ.B.Qadaşovun adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi üçün əsasdır. Lakin iddiaçı tərəfindən 0.94 ha həyətyanı təyinatlı torpaq sahəsinə dair mərhum Qadaşov İsmayıl Babaş oğlunun adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış alınaraq məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbinin «Qadaşov İsmayıl Babaş oğlundan miras qalmış torpağa mülkiyyət hüququna dair JN 0492 nömrəli Dövlət Aktına əsasən 0.94 ha torpaq sahəsindən qanuni vərəsə olaraq ona aid pay hissəsinin müəyyən edilməsi»nə dair hissəsi əsassızdır. Miras əmlak üzərində payın müəyyən olunması mümkün olmadığı üçün onun paya uyğun naturada ayrılması da mümkün deyildir. Bu səbəbdən də törəmə tələb olan «mirasdan payların naturada ayrılması»na dair hissəsi də əsassızdır. Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Ümumiyyətlə mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213-cü maddəsinin İ, İİ, İV, V hissələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) birgə mülkiyyətdə olan əmlakdan (əşyadan) payların ayrılması onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) birgə mülkiyyətin mülkiyyətçisi ümumi əmlaka birgə sahiblik və istifadə hüququna malikdir. Birgə mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və birgə mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının əvvəl ideal, sonra isə naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1)ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2)pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Həmçinin qeyd olunan torpaq sahəsi üzərində hüquqlar dövlət reyestrində qeydiyyata alınmadığı üçün iddiaçının həmin əmlakla bağlı iddia qaldırmaq üçün subyektiv hüququ da mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Tətbiq edilən hüquq Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddədən görünür ki, mülkiyyət hüququ əşya hüquqları əsas və aparıcı sahədir. Mülkiyyət hüququ yalnız həmin əşyanın mülyyətçisinə mənsub ola bilər. Sözü gedən Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.4-ci maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı «mərhum atası Qadaşov İsmayıl Babaş oğlundan miras qalmış torpağa mülkiyyət hüququna dair JN0492 nömrəli Dövlət Aktına əsasən 0.94 ha torpaq sahəsindən qanuni vərəsə olaraq ona aid pay hissəsinin müəyyən edilməsi və ona verilməsinə dair» iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №2(024)-75/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-75/2025
11.03.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver