Məhkəmə qərarları › İş №2(024)-750/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-750/2025

19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-750/2025 19.01.2026 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, İddia tələbinin dəlilləri: m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 2.000 manat pulun və ödənilmiş 40 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 03 iyul 2024-cü il tarixdə «Mercedes A 160» minik markalı avtomobili almağa dair aralarında razılaşmışlar. Avtomobilin mülkiyyətçisi Cavabdeh olsa da, sözü gedən avtomobil baş etibarnamə əsasında Cavabdeh sərəncamında və istifadəsində mülkiyyətində olmuşdur. O, 03 iyul 2024-cü il tarixdə «Mercedes A 160» minik markalı, «az ** KK ***» dövlət qeydiyyat nişanlı avtomobili almağa dair razılaşmış və nəticədə Sumqayıt şəhər 4 saylı Notariat ofisində müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən satıcı əsas alqı-satqı müqaviləsini bağlamağı 18 ay müddətinə həyata keçirilməsi üçün öhdəlik götürür alıcı isə bu müddətə razı olduğunu bildirir. Avtomobilin qiyməti 7.200 manat təşkil edir. Həmin pulu o 18 ay ərzində hər ay 400 manat olmaqla cavabdehə ödəməli idi. Pulu tam ödədikdən sonra Cavabdeh avtomobili onun mülkiyyətinə verəcəkdir. Buna dair müqaviləni bağlamışlar. Əvvəlcə şifahi şəkildə aralarında razılaşdıqlarına görə 02 iyul 2024-cü il tarixdə Cavabdeh ona sürmək üçün etibarnamə vermişdir. Sabahsi gün isə müqaviləni rəsmiləşdirmişlər. Avtomobilin alınması zamanı cavabdeh bildirmişdir ki, avtomobildə yalnız xırda nasazlıqlar vardır. O, Cavabdeh əvvəlcə 1.600 manat ödəmişdir. Daha sonra isə 200 manat kart hesabina göndərmişdir. Lakin avtomobili istifadə etdikdən sonra çox saylı texniki problemlər üzə çıxmışdır. Avtomobilin nasazlıqlarının aradan qaldırılması üçün 700 manat əlavə təmir xərclərini ödəmişdir. O, Cavabdeh ilə əlaqə saxlayaraq, avtomobilin tamamilə yararsız vəziyyətdə olduğuna dair irad bildirmişdir. Cavabdeh avtomobili geri qəbul etməyi və ona əvvəl ödədiyi puldan ilk öncə 500 manat verib, qalanını isə hissə-hissə geri qaytaracağını vəd etmişdir. Razilaşmaya əsasən, o avtomobili geri qaytarmış, Cavabdeh isə ona yalnız 200 manat məbləğində pul qaytarmış və 300 manat avtomobilin cəriməsini ödəmişdir. Ümümi olaraq Cavabdeh ona olan 2.500 manat borc məbləğindən, cəmi 500 manat pul qaytarmışdır. Qalan məbləği yəni 2.000 manat pulu isə «hissə-hissə ödəyəcəyini» bildirmişdir. Lakin bu günə qədər vədinə əməl etməmiş və əksinə sonradan ona müraciətləri zamanı «avtomobili başqasına satdığını və pulu qaytarmayacağını» demiş, «gedib hara müraciət edirsə etməsini, pulu qaytarmayacağını» bildirmişdir. Qeyd olunanlara əlaqədar olaraq, onun ödədiyi pul vəsaitinin Cavabdeh tərəfindən əsassız olaraq mənimsənildiyini hesab edir. Cavabdeh ona olan borcunu qaytamaq istəmir, o cavabdehdən 2.000 manat pulunu almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərmişdir ki, o Mətindən avtomobil almış və evə gətirmişdir. Mətinə ilkin ödəniş olaraq 1.500 manatı əlbə-əl, 300 manat da kart hesabına göndərməklə 1.800 manat pul vermişdir. Lakin avtomobil nasaz olmuşdur. İyirmi gün ərzində avtomobili saxlamış, görmüşdür ki, avtomobil nasazdır. Bundan sonra Mətinə zəng etmiş, Mətin gəlib avtomobili götürəcəyini və onun pulunu qaytaracağını demişdir. Mətin avtomobili götürən zaman kart nömrəsini ona verməsini və pulu onun kart hesabına göndərəcəyini demişdir. Lakin avtomobili apardıqdan sonra bildirmişdir ki, ona pul verməyəcəkdir. Çünki avtomobil onun evində iyirmi gün qalmışdır. Zəng edib xahiş etsələr də, Mətin pulu qaytarmayacağını bildirmişdir. Avtomobilin texniki pasportu da onun əlindədir. Mətin saxta texniki pasport düzəltdirib avtomobili satıb. Sənədlər hamısı ondadır. Cavabdehin kartına 300 manat göndərmiş, 1.500 manat əlbə-əl vermişlər. 200 manat da sükanı nasaz olduğu üçün xərcləmiş, cəmi 2.000 manat təşkil etmişdir. Avtomobil heç bir ay onun qapısında qalmayıb. Cavabdeh onu aldadır ki, gəlib avtomobili götürəcək, pulunu da verəcək. Sonra cavabdeh gəlib avtomobili götürür və deyir ki, pulu kart hesabına göndərəcək. Getdikdən sonra deyir ki, ona nə pul nə də maşın verəcək. Cavabdeh ona 300 manat cəriməyə çıxmaqla və 200 manatı kart hesabına göndərməklə ona cəmi 500 manat pul qaytarmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirəm. Cavabdeh iddia tələbini qəbul etməyərək iddia ilə bağlı izahatında göstərmişdir ki, iddiaçının verdiyi məlumat tamamilə yanlışdır. İddiaçı ilə onun arasında heç bir söz danışığı olmamışdır. O, danışmış, iddiaçı 1.500 manat ilkin ödəniş etmiş, 18 ay müddətinə isə 7.200 manatı aylıq olaraq hissə-hissə verməli idi. Bir ayın tamamında ayın dördü o iddiaçıya məlumat vermiş və kart nömrəsi vermişdir ki, pulu kart hesabına göndərsin. İddiaçı isə ona məlumat vermişdir ki, o avtomobilə pul xərcləmişdir və ona pul ödəməyəcəkdir. İlkin olaraq iddiaçıdan 1.500 manat pul almışdır və bir ayın tamamında ödəniş etmədiyinə görə 500 manatı geri qaytarmış və avtomobili götürmüşdür.1.500 manatdan 500 manatını iddiaçıya qaytarmışdır. İddiaçı özü razılaşmışdır ki, aralarında olan söhbət qurtarmışdır. İddiaçı avtomobili idarə etdiyi vaxt 300 manat cərimə olunub. Cəriməni çıxmış və 200 manatı qaytarmışdır. Yəni 500 manatı geri qaytarmışdır. İddiaçı tərəf demişdir ki, avtomobilin bu cür problemləri var, o da humanistilik edib 500 manatı qaytarmışdır. 1.000 manata gəldikdə isə bir ay avtomobilsiz qalmış, əlavə xərcləri olmuş, onun avtomobili iddiaçıda olduğu üçün 1.000 manatı ona qaytarmamışdır. Ən ucuz avtomobil «renta car» şirkəti bir günlüyə 60-70 manata avtomobili kirayəyə verir. İddianı qəbul etmir. İşin halları: Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış Sumqayıt şəhər 4 saylı Notariat ofisində təsdiq olunmuş 03 iyul 2024-cü il tarixli ilkin müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh Azərbaycan Respublikası D.İ.Nin BDYPİ Qİİ tərəfindən 10 may 2011-ci il tarixdə verilmiş AB 570675 seriya №li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən X2 məxsus olan buraxılış ili 2002-ci Ban nömrəsi WDB1681332J804112, «az ** KK ***» dövlət qeydiyyat nişanlı «Mercedes A-160 minik» markalı avtomobili 7.200 manata satmağı və əsas (alqı-satqı) müqaviləsini bağlamağı öhdəsinə götürmüş, satıcı əsas alqı-satqı müqaviləsi bağlamağı 18 ay müddətinə həyata keçirməyi öz öhdəsinə götürmüş, alıcı İddiaçı 18 ay müddətinə hissə-hissə ödəniş vasitəsi ilə pulu ödəməyi öz öhdəsinə götürmüş, satıcı bununla razılaşmış, alıcı avtomobilin alqı-satqısı ilə razılaşdırılmış 7.200 manat pulu 18 ay ərzində hər ay 400 manat olmaqla ödəməyi, qalıq pulu tam ödədikdən sonra satıcı əsas alqı-satqı müqaviləsini bağlamağı öz öhdəsinə götürmüşdür. AB № 570675 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Mercedes A 160» minik markalı, «az ** KK ***» dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir. ƏN-Vİİİ 053587 №li etibarnamədən görünür ki, «Mercedes A 160» minik markalı, «az ** KK ***» dövlət qeydiyyat nişanlı, Ban nömrəsi WDB1681332J804112, istehsal tarixi 2002-ci il olan avtomobilin mülkiyyətçisi X3 tərəfindən həmin avtomobili idarə etmək İddiaçı etibar edilmişdir. Məhkəmənin mövqeyi: Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında Sumqayıt şəhər 4 saylı Notariat ofisində 03 iyul 2024-cü il tarixli ilkin müqavilə bağlanmış, müqavilənin şərtlərinə əsasən Cavabdeh Azərbaycan Respublikası D.İ.N-in B.D.Y.P.İ-in Qİİ tərəfindən 10 may 2011-ci il tarixdə verilmiş AB 570675 seriya №li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən X2 məxsus olan buraxılış ili 2002-ci Ban nömrəsi WDB1681332J804112, «az ** KK ***» dövlət qeydiyyat nişanlı «Mercedes A-160» markalı avtomobili 7.200 manata satmağı və əsas (alqı-satqı) müqaviləsini bağlamağı öhdəsinə götürmüş, satıcı əsas alqı-satqı müqaviləsi bağlamağı 18 ay müddətinə həyata keçirməyi öz öhdəsinə götürmüş, alıcı İddiaçı 18 ay müddətinə hissə-hissə ödəniş vasitəsi ilə pulu ödəməyi öz öhdəsinə götürmüş, satıcı bununla razılaşmış, alıcı avtomobilin alqı-satqısı ilə razılaşdırılmış 7.200 manat pulu 18 ay ərzində hər ay 400 manat olmaqla ödəməyi, qalıq pulu tam ödədikdən sonra satıcı əsas alqı-satqı müqaviləsini bağlamağı öz öhdəsinə götürmüşdür. Lakin ilkin müqavilənin şərtləri pozulmuş, iddiaçı avtomobili cavabdehdən təhvil aldıqdan sonra bir aydan az müddətdə Cavabdeh müraciət edərək avtomobilin nasaz olduğunu bildirmiş, cavabdeh avtomobili geri götürmüş, 300 manat cəriməni ödəməklə və 200 manat iddiaçıya qaytarmaqla ümumilikdə iddiaçıya 500 manat pul qaytarmışdır. Bu halı hər iki tərəf etiraf edir və işin mübahisəsiz halıdır. İddiaçı iddia ərizəsində cavabdehə avtomobilin dəyərindən əvvəlcə 1.600 manat ödədiyini, daha sonra isə 200 manat kart hesabına göndərdiyini göstərmişdir. Lakin məhkəmə iclasında verdiyi izahatında cavabdehə əlbə-əl 1.500 manat, kart hesabına 300 manat ödədiyini, avtomobilin sükan sistemi nasaz olduğu üçün 200 manat təmirə xərclədiyini bildirmişdir. Cavabdeh iddiaçıdan ilkin ödəniş olaraq ümumilikdə 1.500 manat aldığını, avtomobili geri götürərkən 300 manat cəriməni ödəməklə və 200 manatı iddiaçıya qaytarmaqla 500 manat ödədiyini, qalan 1.000 manat pulu isə bir ay avtomobilsiz qaldığı, əlavə xərcləri olduğu üçün 1.000 manatı qaytarmadığını bildirmişdir. İddiaçı avtomobilin nasazlığına görə 700 manat əlavə təmir xərclərini ödədiyini göstərsə də, bununla bağlı məhkəməyə əsaslı və mötəbər sübut təqdim etməmişdir. Lakin iddiaçı tərəfindən avtomobilin sükan sisteminin təmirinə 200 manat xərc çəkilməsi işin faktiki halları, tərəflərin izahatları ilə müəyyən olunmuşdur. Avtomobil cavabdehə qaytarıldığı üçün həmin xərc də cavabdehdən tutulmalıdır. Beləliklə Cavabdeh 1.300 manat məbləğində borclu olması işin faktiki halları və cavabdehin qismən etirafedici izahatı ilə birbaşa sübuta yetirilmişdir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 6.6-cı bəndində qeyd edilmişdir ki, iddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıb-azaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıb-razılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir. Cavabdehin iddiaçıya borclu olması barədə qismən etirafını təkzib edən heç bir hal və şübhə məhkəmə tərəfindən müəyyən olunmamış və məhkəmə onun etirafının tam səmimi olması qənaətindədir. Məhkəmə ilkin müqaviləni və cavabdehin qismən etirafedici izahatını mötəbər sübut kimi qiymətləndirərək iddia tələbinin tam sübuta yetirilməsi qənaətinə gəlir. Tətbiq edilən hüquq Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki hüquq anlamında öhdəliyi başqa hüquq sahələrinə aid olan hüquq münasibətləri ilə qarışdırmaq olmaz. Məsələn, vergi ödəmək borcu əmlak xarakterli olsa da dövlətlə vətəndaş arasında hakimiyyət tabeliyi prinsipinə əsaslanır və ümumi hüquq münasibətidir. Mülki hüquq mənasında öhdəlik münasibətləri isə bərabər hüquqlu tərəflər arasında yaranan xüsusi hüquq münasibətidir. Öhdəlik konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Buna görə də şərh olunan maddədə konkret subyektlər arasında, yəni kreditorla borclu arasında iqtisadi xarakterli konkret hüquq münasibətləri nəzərdə tutulmuşdur. Beləliklə, öhdəliyin predmeti pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Öhdəliyin anlayışından göründüyü kimi, onun predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların, görülmüş işlərin, göstərilmiş xidmətlərin verilməsi üzrə borclu şəxsin davranışı təşkil edir. Öhdəlik konkret şəxslərin əmlak dövriyyəsində davranışlarını müəyyənləşdirir. Bazar iqtisadiyyatı və azad sahibkarlıq şəraitində mülki dövriyyə iştirakçıları arasında xüsusilə çoxsaylı öhdəlik hüquq münasibətləri yaranır. Mülki qanunvericilikdə nəzərdə tutulan çoxsaylı öhdəliklər müəyyən göstəricilər üzrə sistemləşdirilirlər. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilələrdən əmələ gələn, müqavilədənkənar öhdəliklər və qanundan əmələ gələn öhdəliklərə ayrılırlar. Məzmununa görə öhdəliklər əmlakın mülkiyyətə və sair əşya hüququna verilməsi, əmlakın istifadəyə verilməsi, işlər görülməsi üzrə, xidmətlər göstərilməsi üzrə və s. öhdəliklərə ayrılırlar. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Həmin Məcəccənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Şərh olunan maddədə göstərildiyi kimi öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi icra edilməməsi anlaşılır. Buraya öhdəliyin tamamilə icra edilməməsi ilə yanaşı, onun vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara yol verməklə və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi də aiddir. Borclunun öz öhdəliyini icra etməsi üzrə davranışı müqavilənin və qanunvericiliyin müddəalarına, bunlar olmadıqda işgüzar adətlərə və digər, adətən irəli sürülən tələblərə tam cavab verməlidir. Əks təqdirdə öhdəlik pozulmuş olur və öhdəliyin icra edilməməsi baş verir ki, bu da ciddi hüquqi nəticələrə səbəb olur. Bunlar barədə növbəti maddələrin şərhində geniş məlumat verilir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu özünün riski daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Borclu öz öhdəliklərinin hər bir təqsir pozuntusu üçün məsuliyyət daşıyır. Öhdəliyin təqsirli pozuntusu həm hərəkət, həmdə hərəkətsizlik nəticəsində baş verə bilər. Borclunun təqsiri isə həm qərəz, həmdə ehtiyatsızlıq formasında ola bilər. Borclu qərəz və ya kobud ehtiyatsızlıq nəticəsində öhdəliyin icra edilmədiyi üçün məsuliyyət daşımalı və onu məsuliyyətdən azad etmək olmaz. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, borclu yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə, kreditor qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Mülki Məcəllənin 421-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddi-hüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Mülki Məcəllənin 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 6.6-cı bəndində qeyd olunmuşdur ki, iddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıb-azaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıb-razılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir. Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1.300 manat məbləğində əsas borc pul və iddiaçı tərəfindən ödənilmiş 40 manat dövlət rüsumunun 33 manatı tutulmalı, dövlət rüsumunun qalan 7 manat hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1.300 manat məbləğində əsas borc pul və iddiaçı tərəfindən ödənilmiş 40 manat dövlət rüsumunun 33 manatı tutulsun, dövlət rüsumunun qalan 7 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar