Məhkəmə qərarları › İş №2(105)-298/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-298/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-298/2025 04.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X5 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4026/2024 nömrəli, 19 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim G.Tağızadə) iddianın qismən təmin edilməsi, Cavabdeh 245 (iki yüz qırx beş) manat pulun və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, ödənilmiş Dövlət Rüsumunun 50 manatı iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 6000 (altı min) manat pul borcunun və ödəmiş olduğu 80 (səksən) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh dəyərini hər ay 240 (iki yüz qırx) manat olmaqla, 25 ay müddətinə ödəmək şərti ilə 6000 (altı min) manat dəyərində 27 adda məişət texnikaları satmışdır. Aralarında məişət texnikalarının təhvil-təslim götürülməsi və borcun olması barəsində adlarını qeyd etdiyi şahidlərin iştirakı ilə 10 noyabr 2021-ci il tarixli təhvil-təslim müqaviləsi tərtib edilmiş və imzaları ilə təsdiq olunmuşdur. Cavabdeh şahidlərin iştirakı ilə aralarında tərtib etdikləri və imzaları ilə təsdiq etdikləri təhvil-təslim müqaviləsinə əsasən adlarını qeyd etdiyi 27 adda məişət avadanlıqlarını ondan təhvil götürmüşdür. qazan dəsti 1 komp. x 400 m = 400 manat, pərdə 15 metr x 20 m = 300 manat, pərdə 10 metr x 8 m = 80 manat, pərdə 20 metr x 6.5 m = 130 manat, pərdə 10 metr x 8 m = 80 manat, hazır pərdə 145 manat, xalça 5 ədəd x 140 m = 700 manat, süfrə 1 ədəd x 48 m = 48 manat, pərdə 20 metr x 13 m = 260 manat, qazan dəsti 1 x 260 m = 260 manat, tava dəsti 1 x 175 m = 175 manat, xalça 1 ədəd x 186 m = 186 manat, xalça 1 ədəd x 220 m = 220 manat, qazan dəsti 2 x 255 m = 510 manat, xalça 2 ədəd x 185 m = 370 manat, şamdan dəsti 2 x 90 m = 180 manat, sandıq 1 x 200 m = 200 manat, tava dəsti 4 ədəd x 50 m = 200 manat, ət çəkən 2 ədəd x 100 m = 200 manat, saat 6 ədəd x 20 m = 120 manat, pərdə 20 metr x 15 m = 300 manat, böyük qazan dəsti 1 x 400 m = 400 manat, süfrə 2 x 50 m = 100 manat, blender 1 x 100 m = 100 manat, pərdə 20 metr x 7.5 m = 150 manat, süfrə 3 ədəd x 50 m = 150 manat, süfrə 1 ədəd x 36 m = 36 manat. Aralarında olan razılaşmaya əsasən cavabdeh ondan götürmüş olduğu 27 adda məişət texnikası avadanlıqlarının 6000 manat məbləğində olan dəyərini hər ay 240 manat olmaqla 25 ay müddətində ona ödəməli idi. Lakin cavabdeh aralarında olan razılaşmanı pozaraq bu günə qədər borcunu ödəməkdən yayınır bilərəkdən ödəmir. Dəfərlərlə cavabdehin borcunu ödəməsi barəsində cavabdehə şifahi və rəsmi xəbərdarlıq etmiş, yaşadığı ünvana xəbərdarlıq məktubu göndərmişdir. Lakin cavabdeh nə onun xəbərdarlıq məktublarına cavab vermir, nə də ona olan borcunu ödəmək istəmir. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən borc müqaviləsi şifahi bağlanıla bilər. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Onunla cavabdeh arasında borcun olması təhvil-təslim müqaviləsi şəklində şahidlərin iştirakı ilə tərtib edilmişdir. Həmin müqaviləyə əsasən hazırda cavabdehin 6000 (altı min) manat pul borcu vardır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin həmin nəticəsi tamamilə əsassızdır. Belə ki, məhkəmə işə baxarkən iş üzrə ekspert rəyi əsasında araşdırılmalı olan hallara diqqət etməmiş və cavabdeh tərəfindən məhkəməyə sübut vastəsi kimi təqdim edilən qəbzləri və cavabdehin əlyazma kimi təqdim etdiyini sübut kimi qəbul etmişdir. Halbuki, məhkəmə mübahisəli ödənişlərin həll edilməsilə əlaqədar məsələ qaldırmalı, mübahisəli ödəniş qəbzlərini dəqiqləşdirilməsini aparmalı idi. Məhkəmə mübahisəli qəbzlərə dair baza məlumatı almadan işi tam, hərtərəfli və obyektiv araşdırmadan iddia tələbinin qismən təmin edilməsi barədə əsassız qərar çıxarmışdır. Birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, cavabdehin təqdim etdiyi qəbzlər və əlyazma ilə ödəmiş hesab etmiş, iddiaçı isə onları qəbul etməmişdir. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, işə tez-tələsik baxılaraq qərar verilmişdir. Qeyd olunan faktları məhkəmə nəzərə almamışdır. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən bir sıra maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Cavadeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş və cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetirilmişdir. Belə olduğu halda iddiaçı əsas pul vəsaiti ilə bərabər zərərin əvəzini tələb etmək hüququna malik olur. Lakin birinci instansiya məhkəməsi bu halları araşdırmadan cavabdehin təqdim etdiyi əlyazma saxta sənədlərə əsaslanaraq ziddiyətli qətnamə çıxarmışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar araşdırılmamışdır. Belə ki, məhkəmə Cavabdeh məhkəməyə təqdim etdiyi əlyazmanı (ödəniş siyahısı) əsas götürərək nəticəyə gəlmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən məhkəmənin gələcəyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar tam, obyektiv və hərtərəfli araşdırılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan hallar düzgün müəyyən edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübut nəticədə qətnamə qeyri-mötəbər, zidiyyətli, aid olmayan sübutlarla təsdiq edilərək qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin qərəzli hərəkətlərinin olub-olmamasını araşdırmamış, göstərilənlərlə bağlı xüsusatı tam və obyektiv araşdırmamış, bununla da məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, bu isə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə nəticələnmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni hazırki mübahisə üzrə cavabdehin varlanmış şəxs, iddiaçının isə məhrum olan olması, cavabdehin varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini iddiaçıya qaytarmalı olması ilə əsaslandırmış, gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 135.1, 135.2, 385.1, 442, 445, 1091, 1092.1, maddələrinə istinad etmişdir. İddiaçı bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirərək onun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi iddia tələbinə maddi hüquqi normalarını düzgün tətbiq etməmişdir. İşdən görünür ki, iddia tələbinin predmetini tərəflər arasında bağlanmış xidməti müqavilə əsasında öhdəliyin yerinə yetirilməməsi təşkil edir. Lakin tərəflər arasında yaranmış mübahisəni həll edən birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinə istinad etmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X6rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X3 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (Mülki Prosessual Məcəllənin 386-cı maddəsi). Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (MPM-nin 385.1.1-ci maddəsi). İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirdikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə tapşırıq müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən 27 adda məişət texnikası avadanlıqlarının 6000 manat məbləğində olan dəyərini hər ay 240 manat olmaqla 25 ay müddətində ödəməlidir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 777-ci maddəsi təşkil edir. Göründüyü kimi cavabdeh tapşırıq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vicdanla həyata keçirməmiş və nəticədə iddiaçının Mülki Məcəllənin 777, 779.1, 385.1, 386.1, 425-ci maddələrinin tələbləri baxımından tələb hüququ yaranmışdır. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, 6000 (altı min) manat məbləğindən ödənişlər nəzərə alınmaqla, cavabdehdən 2000 (iki min) manat tələb etdiyini qeyd etmişdir. Cavabdeh isə buna etiraz edərək, ona tapşırıq nəticəsi olaraq əmlakın satışından əldə etdiyi pulun dəyərini ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etdiyi halda cavabdeh bunu təkzib edən tutarlı sübut məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh 2000 (iki min) manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan vaxtlarda Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə tələb 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2., 385.1.1.., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat alınaraq İddiaçı verilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar